Məhkəmə qərarları › İş №2-1(112)-14891/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14891/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14891/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluğunun xüsusi növündə stajı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının dövlət quluğunda və dövlət qulluğunun xüsusi növündə ümumi stajı nəzərə alınaraq, ona xx.xx.2022-ci ildən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi və həmin dövrdən yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1957-ci ildə anadan olmuş və əmək fəaliyyətinə 1972-ci ilin sentyabr ayının 02-dən başlamışdır. O, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil almışdır. Bundan sonra və əvvəl də bir çox vəzifələrdə işləmişəm. İddiaçının ümumi əmək stajı 44 ildən çoxdur. Bu stajın 21 ildən artıq hissəsi dövlət qulluğu stajıdır. Lakin, iddiaçıya yaşa görə əmək pensiyası təyin ediləndə əsassız olaraq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməmiş və səbəb kimi də xüsusi dövlət qulluğu stajının dövlət qulluğu stajına aid edilməməsi göstərilmişdir. Belə ki, iddiaçı Məhkəmə Ekspertiza Mərkəzində 8 il 7 ay 19 gün qulluq edərək xüsusi rütbə daşımaqla şöbə müdiri vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, dövlət qulluqçusu və xüsusi rütbəli əxs anlayışları qanunvericilikdə fərqlidir. Xüsusi rütbəli şəxslər, yəni dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər dövlət qulluqçularından fərqli olaraq müvafiq icra hakimiyyəti orqanının əsasnaməsinə əsasən təminat xərcliyi və əlavə pul təmnatı alırlar. Həmçinin onlara rütbə də verilir. Dövlət qulluqçusu və xüsusi rütbəli şəxslər üçün əmək pensiyasının hesablanması qaydası da fərqlidir. Bu səbəbdən iddiaçının Məhkəmə Ekspertizası Mərkəzində işlədiyi 08 il 07 ay 19 günün dövlət qulluğunun ümumi növü ilə birləşdirlərək dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin 03 sentyabr 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.2024-cü ilədək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında dövlət qulluqçusu olaraq şöbə müditi vəzifəsində işləmişdir. Arayışa iddiaçının sentyabr 2022-ci ildən avqust 2024cü ilədək olan əmək haqqı cədvəli əlavə edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddiaçının müraciəti üzrə aparılmış inzibati icraat materiallarında olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2007-ci ildən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində ekspert və şöbə müdiri vəzifələrində işləmişdir. Eyni zamanda o, xx.xx.2018-ci ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında dövlət qulluğundan çalışmışdır. Azərbaycan Respublikası Ədliyyə nazirinin xx.xx.2015-ci il tarixli əmrinin surətindən görünür ki, həmin əmrlə iddiaçıya “birinci dərəcəli ədliyyə qulluqçusu” xüsusi rütbəsi verilmişdir. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmədir (1.1.1.). Dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir (1.1.2.). Dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir (1.1.3.). Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir (2.1.). Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir (2.3.). İşdən göründüyü kimi iddiaçı xx.xx.2007-ci ildən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində ekspert və şöbə müdiri, xx.xx.2018-ci ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında dövlət qulluğundan çalışmışdır. O, həmin stajın nəzərə alınaraq ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2007-ci ildən xx.xx.2015-ci ilədək dövlət qulluğunun xüsusi növündə olan stajını nəzərə almayaraq, dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün zəruri olan stajı toplamadığı üçün, ona həmin qaydada pensiya təyin etməkdən imtina etmişdir. “Dövlət qulluğu haqqında” Qanunda həmçinin göstərilmişdir ki, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (23.1.). Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur (23.2.). Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir (22.7-1.). Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir (22.7-2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”ndə göstərilmişdir ki, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti; dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifə üzrə stajorluq və sınaq müddəti; vəzifəsinin və əməkhaqqının saxlanılması şərtilə qulluqdan (xidmətdən) ayrıldığı müddət, o cümlədən əlavə təhsilə cəlb edildiyi müddət; ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət; qulluq (xidmət) keçdiyi dövlət orqanının xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldığı müddət; qulluq (xidmət) keçdiyi dövlət orqanının göndərişinə əsasən xidməti fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının və xarici dövlətlərin təhsil müəssisələrində təhsil aldığı müddət; qanuni əsas olmadan qulluqdan (xidmətdən) xaric olunmuş, sonradan isə qulluğa (xidmətə) bərpa edilmiş şəxsin xaric olunduğu gündən qulluğa (xidmətə) bərpa olunma haqqında əmrin imzalandığı günədək olan müddət; dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, hakim vəzifəsində iş müddəti (2.1.). Qeyd edilən hüquq normalarından göründüyü kimi dövlət qulluqçusunun əmək stajına onun rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti nəzərə alınır. Bu səbəbdən məhkəmə iddiaçının ədliyyə qulluqçusu kimi dövlət qulluğunun xüsusi növündə xidmət illərinin ona pensiya təyini zamanı dövlət qulluğu stajına əlavə edilməsində hər hansı maneə görmür. İddiaya etirazın dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, dövlət qulluqçularına və xüsusi rütbəli şəxslərə əmək pensiyasının hesablanması qaydalarının fərqli olması mübahisənin mahiyyətinə hər hansı təsir göstərə bilməz. Belə ki, iddiaçı dövlət qulluğunun xüsusi növündə olan stajını nəzərə alaraq ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsini xahiş edir. İşdən göründüyü kimi iddiaçıya adi qaydada xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı dövlət quluğunda və dövlət qulluğunun xüsusi növündə ümumi stajı nəzərə alınaraq, ona xx.xx.2022-ci ildən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi və həmin dövrdən yaranmış fərqin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar