Məhkəmə qərarları › İş №2-1(112)-14891/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14891/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14891/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardara qəsəbəsi ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə müvafiq qeydiyyatın aparılması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən 1200 kv.m ibarət torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyəti Nardaran Qəsəbə üzrə Nümayəndəliyi Aparatının xx.xx.2005-ci il tarixli 02/654 saylı Qərarı ilə fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşların fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması, Nardaran bağ massivindəki 920J saylı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Mülkiyyətində olan torpaq mərzlənmiş və hasarlanmışdır.Torpaq sahəsi üçüncü şəxslərin tələb və mübahisəsindən azad ərazidir,illərdir sərəncamındadır və üçüncü şəxslərə satılmamışdır. Mövcud qanunvericiliyi və « Daşınmaz əmlakın Dövlət reyestri » Haqqında Qanunun 2-ci maddəsini və digər müddəalarını rəhbər tutaraq qeydiyyat orqanına müraciət etmiş və əmlakın rəsmi qeydiyyatının aparılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-21-3-30/2-H 04598-/2025 №-li, xx.xx.2025-cü il tarixli cavab məktubu ilə imtina verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi istinad etdiyi yanaşmalar anlaşıqlı deyil və torpaq sahəsinin qeydiyyata alınmasından imtina verilməsi üçün əsassız bir yanaşmadır. Hazırkı vəziyyətdə o, tələb olunan bütün hüquqi sənədləri qanuni olaraq hazırlayaraq müvafiq orqana təqdim etsə də, Ərazi İdarəsi tərəfindən əsassız olaraq, yəni, yuxarıda qeyd olunan Qanunun 15-ci maddəsində “Hüquqların dövlət qeydiyyatından imtina" olunmasını özündə əks etdirən müddəaların məzmumunda göstərilən heç bir əsaslar olmadan ona imtina olunmuşdur. Ərazidə onlarla yaşayış evi və torpaq sahəsinin çıxarışı vardır. Hətta məhkəmə qərarı ilə də çıxarış alan, əmlakını qeydiyyata aldıaranlar mövcuddur. Ona məxsus və bu torpaq sahəsinə bitişik 1200 kv.m dan ibarət torpaq sahəsi məhkəmə qərarı ilə mülkiyyətinə verilmişdir. Məhz bu səbəbdən qanunsuz olaraq ona imtina olunduğu üçün hüquqlarının məhkəmə müdafiəsi zərurəti yaranmşdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş və xx.xx.2025-ci il tarixli **********40 nömrəli rektubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran Qəsəbəsi üzrə Nümayəndəliyinin 02/654 nömrəli qərarından çıxarış xx.xx.2005-ci il tarixlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağ massivində yerləşir və müvafiq torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, torpaq sahəsinin ətrafındakı sahələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun sənədlərlə daşınmazı əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi ilə əvəz edilmşdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də nümayəndələri vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən verilən “Nardaran ərazisindəki 920q nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli 29202 nömrəli Müqaviləyə əsasən X2 və X4 rayonunun Nardaran ərazisində 0.12 hektar torpaq sahəsi olan 920qnömrəli bağ sahəsini İddiaçı istifadəsinə vermişdir. -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-(82)-1185/2013 nömrəli Qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstimar Birliyinin 29202 saylı, 27 aprel 2006-cı il tarixli "Bağın istifadəyə verilməsi haqqında" müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,12 hektardan ibarət 920q saylı bağ sahəsinə İddiaçı adına «Torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən A№506330 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən torpaq sahəsinin plan və ölçüsü Sabunçu rayonu, Nardaran bağ massivində İddiaçı adına Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-(82)- 1185/2013 nömrəli qərarı ilə 920q saylı bağ evi tikintisi üçün ayrılan 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib olunmuşdur. X6 kitabında xx.xx.2014-cü il tarixdə 38627 nömrəsi ilə uçota alınmışdır. -Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti Nardaran Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.2005-ci il tarixli 02/654 nömrəli “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” Qərarından Çıxarışa əsasən Bakı şəhəri, XDS İK-nin 13/713 saylı xx.xx.1989cu il tarixli qərarını rəhbər tutaraq qərara alınmışdır ki: 1-Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün torpaq fondu ayrılsın 2-Bakı Şəhəri İcra Hakimiyyətinin Baş Planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılsın: Bakı şəhəri, M.Əlizadə küçəsi, ev 18, mənzil 13-də yaşayan İddiaçı-Nardaran bağ massivində 920J saylı sahə. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-2049/2025 nömrəli məktubunda göstərilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran Qəsəbəsi İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5- 18-6/2-75/2025 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı X3 adlı şəxsin adı aşkarlanmadı. Sorğuda qeyd edilmiş məsələlər barədə Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə heç bir məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-18/2-3057/2025 nömrəli məktubunda göstərilmişdir ki, Sabunçu rayon Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hər hansı məqsədlə torpaq sahəsini ayırma səlahiyyəti olmayıb. Həmçinin sorğuda qeyd edilən sənədlər Rayon İcra Hakimiyyətində yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-454608/2025 nömrəli məktubu ilə təqdim edilən Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, BTİ və İB-nin müqaviləsi əsasında ayrılan torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.12 ha, faktiki sahəsi 0.12 ha; Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarı əsasında ayrılan torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.12 ha, faktiki sahəsi 0.138 ha təşkil edir. Torpaq sahəsi hasar daxilindədir, natamam fərdi yaşayış evi və həyət tikilisi mövcuddur. Göstərilən torpaq sahəsinin bir hissəsinə 0.12ha-ya Nardaran qəsəbəsi, 920q saylı bağ sahəsinə aid olan BTİ və İB-nin 29202 saylı müqaviləsi, məhkəmə qərarı ilə verilmiş ləğv edilmiş DTXK-nın “Torpaq sahəsinin planı və ölçüsü” vardır. Digər hissəsinə isə 0.12 ha (faktiki 0.138 ha) Bakı şəhəri, Sabunçu rayonu İH-nin Nararan qəsəbəsi üzrə nümayndəliyinin aparatının qərarı vardır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli **********40 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, təqdim edilən ənədlər surətdir. Bundan başqa, təqdim edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran Qəsəbəsi üzrə Nümayəndəliyinin 02/654 nömrəli qərarından çıxarış xx.xx.2005-ci il tarixlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1655 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibat ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasının təmin edilməsi nəzərdə tutulub. Lakin qeyd olunan məlumatlar təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağ massivində yerləşir və müvafiq torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardara qəsəbəsi ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə onun adına müvafiq qeydiyyatın aparılması və dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan Bakı şəhəri Sabunçu Rayonu Nardaran Qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2005-ci il tarixli 02/654 nömrəli Qərarının 2005-ci il tarixli olduğunu və torpaq sahəsinin bağ massivində yerləşdiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Sabunçu Rayonu Nardaran Qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2005-ci il tarixli 02/654 nömrəli Qərarından Çıxarış ilə Bakı şəhəri, Nardaran qəsəbəsində 1200 kv.m torpaq sahəsinin ayrıldığını əsas gətirərək, həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. Məhkəmə iddiaçının iddia tələbi və cavabdehin imtina əsasları ilə bağlı aşağıdakıları qeyd edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndinə əsasən (16 iyul 2025-ci il tarixli 444 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni redaksiyada verilmişdir)

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə qərarlar torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən Bakı şəhəri Sabunçu Rayonu Nardaran Qəsəbəsi üzrə Nümayəndəliyinin 02/654 nömrəli Qərarı xx.xx.2005-ci il tarixidir. 2001-ci il yanvarın 1-dən sonrakı dövrdə qəsəbə nümayəndəliklərinin torpaq ayrılması üzrə səlahiyyəti nəzərd tutulmamışdır. Həmçinin məhkəmə sorğusuna cavab olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubunda da, Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hər hansı məqsədlə torpaq sahəsi ayırma səlahiyyəti olmadığı göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanın 7-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestrinin 1 saylı Bakı İdarəsinin arxivində sözügedən qərar olmadığından, həmçinin Bakı şəhəri Sabunçu Rayonu Nardaran Qəsəbəsi üzrə Nümayəndəliyinin, Sabunçu Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna cavab məktublarında iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən Bakı şəhəri Sabunçu Rayonu Nardaran Qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2005-ci il tarixli 02/654 nömrəli Qərarının milli arxiv fondunda əsası olduğu müəyyən olunmadığından, təqdim edilmiş sənədin mötəbərliyini istisna edən hal qismində çıxış etməklə yanaşı həm də bu qərar əsasında torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınmasını istisna edir. Bundan başqa, Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (həmin dövrdə qüvvədə olmuş redaksiya). Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Başqa sözlə, torpağa əşya hüququnun mövcudluğu torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda qəbul edilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn olması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İşdən görünür ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair sənədi- torpaqayırma barədə Sabunçu Rayonu Nardaran Qəsəbəsi üzrə Nümayəndəliyinin 25..12.2005-ci il 02/654 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin naturada ayrılmasını göstərən və yerini müəyyən etməyə imkan verən yerləşmə cizgisini təqdim etməmişdir Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh orqanın mütəxəssisləri tərəfindən təqdim edilmiş torpaq sahəsinin müayinə aktından müəyyən olunur ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin qonşuluğunda (bitişik) 1200 kv.m 920q nömrəli bağ sahəsi yerləşir ki, həmin bağ torpaq sahəsi Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi tərəfindən verilən “Nardaran ərazisindəki 920q nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli 29202 nömrəli Müqavilə əsasında ayrılmış, həmin müqavilə əsasında bağ sahəsinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-(82)-1185/2013 nömrəli qərarı ilə Torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. “X6, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən X6 — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən X6na aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən X6na daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. X6nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə X6 məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. X6 məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. X6nın məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu X6na daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Beləliklə, X6nın məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Belə ki, qanun birbaşa təsbit etmişdir ki, X6nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Təqdim edilmiş elektron kadastr məlumatlarına əsasən iddia olunan torpaq sahəsi bağlar ərazisində yerləşir və torpaq sahəsinin qonşuluğunda yerləşən sahə bağlar təsərrüfatı idarəsi ilə bağlanmış müqavilələr əsasında rəsmiləşdiyi halda iddiaçı iddia olunan torpaq sahəsi ilə bağlı icra nümayəndəliyinin qərarını təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, iddiaçının mübahisələndirdiyi faktiki torpaq sahəsinə dair zəruri hüquqmüəyyənedici sənədlərinin mövcud olmaması, yeganə təqdim edilmiş sənəd olan icra nümayəndəliyinin qərarının arxiv əsasının olmadığı, eləcə də torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmaması hazırkı iddianın təmin edilməsini istisna edir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar