Məhkəmə qərarları › İş №2-1(112)-149/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-149/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-149/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 184/1 saylı 12 mart 2018-ci il tarixli cavab məktubunun əsassız hesab edilərək, “ümumi xəstəlikdir” bəndinin dəyişdirilərək “hərbi xidmət dövründə yaranmış xəstəlikdir” bəndinə dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPMin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəmənin icraatına verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1903/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1903/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1105/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1903/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-1903/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-506/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-1903/2020 nömrəli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə qaytarıdlıqdan sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı cavabdeh Azerbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Lakin onun müraciətinə əsasən qeyd olunub ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 184/1 saylı 12 mart 2018-ci il tarixli cavab məktubunda “Ümumi xəstəlikdir" qeyd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «cavab məktubunun əsassız hesab edilərək “ümumi xəstəlikdir” bəndinin dəyişdirilərək “hərbi xidmət dövründə yaranmış xəstəlikdir” bəndinə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» barədə iddia təmin edilməlidir. İddiaçı xx xxxxx 1993-cü il tarixində Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuşdur. xx.xx.2010-cı il tarixində, xx.xx.2014-cü il tarixinədək (0474 nömrəli əmrlə) Heydər Əliyev adına AAHM-da kursant kimi Tovuz idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. xx.xx.2014-cü il tarixindən (0474 nömrəli əmrlə) SQ TTM-də, xx.xx.2015-ci il tarixinədək hərbi təlim keçmişdir. xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək N nömrəli hərbi hissədə mexanikləşdin İmiş taqım komandiri olmuşdur. Xidmət dövrü ərzində vətənə daim sadiq olmuş, öz xidməti borcumu layiqincə yerinə yetirmiş, yeni gələn gənc Azərbaycan əsgərlərinin təlim keçməsində və vətənpərvərlik hisslərinin onlara aşılanmasında böyük xidmətlər göstərmişdir. Sözügedən illər ərzində mütəmadi olaraq hərbi həkim komissiyasından keçmiş və müayinə olunmuşam.Müdafiə Nazirliyi tərəfindən onun nəzdində fəaliyyət göstərən hərbi həkim komissiyasından keçmək bütün xidmət keçən zabit və gizirlər üçün məcburi xarakterli olmuşdur. Əlavə olaraq bildirir ki, bütün yoxlanışlar zamanı bu illər müddətində heç bir xəstəliyi aşkar edilməmiş, daima xidmətə yararlı olmuşdur. Lakin 2017-ci ilin may ayında AR, MN Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisinin xx.xx.2017-ci il tarixli 307 nömrəli göndərişi əsasında MN Mərkəzi Hərbi Poliklinikasında sonuncu yoxlanışdan keçən zaman ümumi xəstəlik səbəbindən HHK-nın hərbi xidmətə yararlılıq haqqında “Xəstəlik cədvəli”-nin 5b maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən Sıradankənar hərbi xidmətə yararlı hesab edilməmişdir. Bu səbəblə də, hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 3342 saylı 19 mart 2018-ci il tarixli cavab məktubunun (şəhadətnamənin) əsassız hesab edilərək, “Ümumi xəstəlikdir” bəndinin dəyişdirilərək “hərbi xidmət dövründə yaranmış xəstəlikdir” bəndinə dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın əsassız olduğunu bildirərək, təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1.5-ci bəndinə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 1.8-ci bəndinə əsasən Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; - 1.9-cu bəndinə əsasən vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 5.1-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarını çıxarır; - 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir; - 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim kimissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 184/1 saylı 12 mart 2018-ci il tarixli qərarında aşağıdakılar bildirilmişdir: - Anamnezi: deməsinə görə 2015-ci ilin mart ayında həyat yoldaşında Gəncə şəhər A.Səhhət adına xəstəxanada müayinə zamanı İİÇV pozitiv olmuşdur. Bununla əlaqədar olaraq İddiaçı müayinədən keçmiş və onda da İİÇV-infeksiyası aşkar edilmişdir. xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə SQ BKH-da "İnsanın İmmun çatışmazlığı virusu ilə yoluxma. Somatogen mənşəli yüngül dərəcədə ifadə olunmuş nevrotik reaksiya” diaqnozu ilə stasionar müalicə almışdır (əsas: 4274, 4823 nömrəli xəstəlik tarixlərindən çıxarış epikrizləri). xx.xx.2017-ci il tarixdə SQ BKH-da şəhadətləndirilərək “Xəstəliklər cədvəli”nin 5b maddəsinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verilmişdir (əsas: 1462 nömrəli arayış). N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. SQ BKH-ın infeksionisti ilə konsultasiya aparılmışdır. xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə SQ BKH-da: xx.xx.2018xx.xx.2018-ci il tarixədək MN Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicədə olmuşdur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: İnsanın immun çatışmazlığı virusu ilə yoluxma. Ümumi xəstəlikdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 5b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İş materiallarında olan iddiaçıya məxsus EZ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2010-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan hazırda mübahisələndirilən qərarın qəbulunu şərtləndirən hallara dair yetərli sübutlar, o cümlədən hazırkı İddiaçı münasibətdə AR NK-nın 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin məhz “ç” yarımbəndinin tətbiq olunmasının yolverilənliyini əsaslandıran sübut və dəlil təqdim etməməsi onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamışdır. Bununla da «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh inzibati orqan Əsasnamənin 7.2-ci bəndinin “e” bəndi üzrə qərar qəbul etməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci, 17-ci və 24cü maddələrinin tələbləri ilə uzlaşmır. Odur ki, məhkəmə mübahisələndirilən qərarın əsaslı olması qənaətinə gəlmir. Bu səbəbdən də cavabdehin 184/1 saylı 12 mart 2018-ci il tarixli qərarı qismən qanuna zidd sayılmalı və dəyişdirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı şəhadətləndirilməsi haqqında 184/1 saylı 12 mart 2018-ci il tarixli qərarda “Ümumi xəstəlikdir” qeydinin “hərbi xidmət dövründə yaranmış xəstəlikdir” qeydinə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 52-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin olunsun. İddiaçı şəhadətləndirilməsi haqqında 184/1 saylı 12 mart 2018-ci il tarixli qərarda “Ümumi xəstəlikdir” qeydinin “hərbi xidmət dövründə yaranmış xəstəlikdir” qeydinə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar