Məhkəmə qərarları › İş №2-1(112)-1490/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1490/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1490/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X5 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X6 üçüncü şəxs qismində cəlb olunmaqla) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X6 üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına 04.05.2004-cü il tarixdə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamənin ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin üzərinə qoyulması, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ona ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına 04.05.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1490/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə» 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamına əsasən X2 razılıq ərizəsi və onun torpağa olan tələbatı nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamı ilə fərdi evin tikintisi üçün E.Əfəndiyevə ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsi qarşılıqlı razılaşma əsasında onun adına sənədləşdirilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində hər mərtəbəsi 99 kv.metr olmaqla ikimərtəbəli fərdi yaşayış evi inşa etdirərək bu günədək ailə üzvləri ilə birlikdə yaşayır. 2016-ci ildə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi barədə müraciət olunduqda torpaq sahəsinin situasiya planı və sxemi tərtib olunmadığından sənədlər icraata qəbul edilməmişdir. Qeyd olunan torpaq sahəsinin situasiya planı və sxeminin tərtib edilməsinin Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qarşısında tərəfindən tələb irəli sürülmüş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli 2-1(81)- 3492/2016 nömrəli qərarı (hakim Müseyib Bayramov) əsasında iddia təmin olunmuşdur. Həmin Qərar qanuni qüvvəyə mindikdən sonra 10 noyabr 2017-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə istifadəsinə verilmiş torpaq sahəsinin situasiya planı və sxemi tərtib olunaraq ona təqdim edilmişdir. 23 noyabr 2017-ci il tarixdə cavabdehə ərizə ilə müraciət olunaraq, ona Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsinin situasiya planı və sxemi təqdim olunmaqla həmin torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. Cavabdeh isə 13 dekabr 2017-ci il tarixli **********02 nömrəli «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına imtina edilməsi barədə» bildirişində elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli sərəncamında istinad edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı Sərəncamı əsasında digər fiziki şəxsin adına torpağın mülkiyyətə verilməsi barədə JN-12198D nömrəli şəhadətnamə verildiyi və torpaq sahəsi üzərində tikintialtı sahəsi 110 kv.metr olan ikimərtəbəli yaşayış evi və həyət tikililərinin mövcudluğunu əsas gətirərək ərizənin icrasının mümkünsüzlüyünü bildirmişdir. Qeyd olunan torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qarşısında tərəfindən tələb irəli sürülmüş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2-1(81)-1031/2018 nömrəli qərarı ilə (hakim Aygün Abdullayevə) iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamında istinad edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər fiziki şəxs - X2 adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamə verilmişdir. Bundan əlavə torpaq sahəsi üzərində tərəfindən inşa edilmiş tikintialtı sahəsi 110.0 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evi və həyətdəki tikililərə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 878/2019 nömrəli iş üzrə 16.05.2019-cu il tarixli qərarı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin 06.12.2018-ci tarixli qərarı ləğv olunmaqla iddiası rədd edilmişdir. Həmin qərarla razılaşmadığından tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2465/2019 nömrəli iş üzrə 24.07.2019-cu il tarixli qərarı ilə (sədrlik edən Zakir Quliyev, hakimlər Azər Hüseynov və Rahib Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16.05.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsi qərarında Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı Sərəncamına istinad etmiş, lakin həmin sərəncamın İcra Hakimiyyətinin 01 avqust 2000-ci il tarixli 647 saylı sərəncamı ilə qüvvədən düşməsini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2245/2019 nömrəli iş üzrə 19.09.2019-cu il tarixli qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Həmin qərarla razılaşmadığından tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-229/2020 nömrəli iş üzrə 17.03.2020-ci il tarixli qərarı ilə (sədrlik edən Sevda Hüseynova, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlov) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 19.09.2019-cu il tarixli 2-1(103)-2245/2019 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə işin hallarına münasibətdə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən E.Əfəndiyevə 04 may 2004-cü il tarixdə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198D nömrəli şəhadətnamə mübahisələndirildiyi təqdirdə, torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasının mümkünlüyünü qeyd etmişdir. İşə birinci instansiyada baxılarkən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2018-ci il tarixli 15600 nömrəli ekspert rəyi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən faktiki istifadəsində olan və naturada koordinatları müəyyən edilmiş 600 kv.metr torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X2 adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamədəki torpaq sahəsi ilə üst-üstə düşmədiyi və şəhadətnamədə göstərilən torpaq sahəsinin onun istifadəsində olan torpaq sahəsindən 3150 metr şimal istiqamətində yerləşdiyi müəyyən edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi X1 Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış torpaq sahəsini 2004-cü ildə qeydiyyata aldırmış, bu barədə ona 04.05.2004-cü il tarixdə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198D nömrəli şəhadətnamə verilmişdir. Sənədlərə Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1724 nömrəli 600 kv.metr torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 10.02.2004-cü il tarixli, RİH başçısının təsərrüfat şöbəsinin müdiri və memarı tərəfindən təsdiq edilmiş yerləşmə cizgisi əlavə edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi, X2 adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamənin verilməsi zamanı kobud qanun pozuntularına yol verilmiş, şəhadətnamənin verilməsinə əsas verən 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamın Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə faktiki olaraq qüvvədən düşməsi nəzərə alınmamışdır. 124 saylı Sərəncam Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilsə də sərəncama əlavə olunmuş yerləşmə cizgisi heç bir əsas olmadan Səbail Rayon İcra Hakimiyyəti tərəfindən deyil Badamdar qəsəbə nümayəndəsi tərəfindən 10.02.2004-cü ildə, yəni 9 ildən sonra tərtib edilmiş və həmin torpaq sahəsinin Badamdar qəsəbəsinin 3-cü massivində yerləşdiyi göstərilmişdir. Halbuki 1995-ci ildə ümumiyyətlə Badamdar qəsəbəsinin 3-cü massivində yerləşən torpaq sahələri fərdi tikintilər üçün ayrılmamışdır. 3cü massivdə yerləşən torpaq sahələri yalnız 2000-ci ildən başlayaraq fərdi tikintilər üçün ayrılmışdır. Bundan başqa şəhadətnamənin verilməsinə əsas verən sənədlərin həqiqiliyini və qeydiyyata alınıb-alınmadığını müəyyən etmək üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından müvafiq arayış və digər zəruri sənədlər alınmadan verilmişdir. Habelə təqdim olunmuş sənədlərdən göründüyü kimi «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamə ödənişli əsaslarla həyata keçirilmişdir. Bu isə bir daha yerləşmə cizgisində göstərilmiş torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamına heç bir aidiyyəti olmadığını, 1997-ci ildən sonra X6 tərəfindən əldə olunduğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə, onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Habelə cavabdeh tərəfindən təqdim olunmuş sənədlərin içərisində olan Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib olunmuş 10.02.2004-cü il tarixli yerləşmə cizgisinin guya Səbail RİH-nin 06.01.1995-ci il tarixli 124 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinə aid olması və arxiv sənədləri ilə eynilik təşkil etməsi qeyd olunmuşdur. Lakin tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 18.06.2019-cu il tarixli M- 311 nömrəli məktubuna əsasən Səbail RİH-nin arxiv fondu üzrə 06.01.1995-ci il tarixli 124 saylı sərəncamına heç bir cizgi əlavə edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi X6 aralarında olan qarşılıqlı razılaşma əsasında Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı ləğv edilərək 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə dəyişdirildikdən sonra, 2004-cü ildə yenidən onun istifadəsində olan Badamdar qəsəbəsinin 1-ci massivində yerləşən torpaq sahəsindən 3150 metr şimal istiqamətində 3-cü massivdə yerləşən digər bir torpaq sahəsi əldə edərək faktiki olaraq qüvvədən düşmüş 124 nömrəli sərəncam və aralarında açıq-aşkar uyğunsuzluq olan, biribirinin mötəbərliyini inkar edən sənədlər əsasında, habelə bütün zəruri sənədlər təqdim olunmadan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnamə əldə etmişdir. Hesab edir ki, məmurun səhlənkarlıqdan və ya bilərəkdən saxtalaşdırılmış sənədləri təqdim etmiş vətəndaşa «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə verməsi səbəbindən bütün zəruri sənədləri təqdim etmiş, vicdanlı vətəndaşın 20 il ərzində istifadəsində olan torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməsi ədalətsizdir, qanunsuz və yolverilməzdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, sözügedən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 124 sayl, 06.01.1995-ci il tarixli sərəncamı əsasında keçmiş DTXK tərəfindən X2 adına JN-12198 saylı şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxs X2 iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, «Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi barədə» 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamına əsasən X2 razılıq ərizəsi və iddiaçının torpağa olan tələbatı nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı 06 yanvar 1995-ci il tarixli Sərəncamı ilə fərdi evin tikintisi üçün E.Əfəndiyevə ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsi qarşılıqlı razılaşma əsasında iddiaçının adına sənədləşdirilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı 23 noyabr 2017-ci il tarixdə cavabdehə müraciət etmiş, müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmiş, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında yekunda iddiaçının tələbi təmin edilməmişdir. Belə ki, işdə olan qanuni qüvvəsini almış; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 229/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2245/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli, 647 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.metr torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2-1(81)- 1031/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-878/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2-1(102)-2465/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi qərarında Səbail Rayon İcra Hakimiyyətinin 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamına istinad etmiş, lakin həmin sərəncamın İcra Hakimiyyətinin 01 avqust 2000-ci il tarixli, 647 saylı sərəncamı ilə qüvvədən düşməsi nəzərə almamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2245/2019 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddia olunan torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamına əsasən Eldar Əfəndiyev tərəfindən özəlləşdirilmiş və torpağın mülkiyyətə verilməsinə dair JN-12198D saylı şəhadətnamə verilmişdir. Torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilə bilinməsi üçün sərəncamın E.Əfəndiyevə aid hissəsi ilə birlikdə həmin şəhadətnamənin də qüvvədən düşməsinin zəruri olmasına baxmayaraq, həmin şərt ödənilməmiş və mübahisənin predmetini təşkil etməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-229/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, torpaq üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən şəhadətnamə ilə rəsmiləşdirilməlidir ki, sonuncu sənəd dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq üzərində qeydə alınmış hüququ təsdiq edən hüquq müəyyənedici sənəddir. Həmin reyestrin məzmunu mübahisələndirilmədiyi halda həqiqi hesab olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Göstərilənlərə əsasən iddiaçı hazırki iddia tələbi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, X2 adına 04.05.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamənin ləğv edilməsini tələb edir. Məhkəmə araşdırması dövründə iş üzrə zərurət yarandığından JN-12198D Kod 00400016 saylı, 04 may 2004-cü il tarixli X3 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20.11.2020-ci il tarixli, **********41 saylı məktub əsasında X2 adına verilmiş JN-12198D nömrəli, Kod 00400016 olan 04.05.2004-cü il tarixli şəhadətnamənin və şəhadətnamənin verilməsinə əsas olan sənədlərin surəti göndərilmiş və məlumat üçün bildirilmişdir ki, şəhadətnamədə göstərilən torpaq sahəsi 17 saylı DNKnın 21.05.2004-cü il tarixli, 4Ə-2/354 və 4ə-2/432 saylı müqavilələrə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş JN-12198D Kod 00400016 saylı torpağın mülkiyyətə verilməsinə dair 04 may 2004-cü il tarixli şəhadətnamədən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamına əsasən Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X2 mülkiyyətinə verilmişdir. Həmin məktuba Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamı və torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. Məhkəmə araşdırması dövründə X2 adına torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamının, həmçinin “Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli Sərəncamında dəyişiklik edilməsi barədə” Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli Sərəncamının, həmin sərəncamların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialından tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı 22 oktyabr 2020-ci il tarixli, 793 saylı məktubuna əsasən Səbail RİH-nin arxiv fondu üzrə 01.08.2000-ci il tarixli, 647 saylı sərəncamının və 06.01.1995-ci il tarixli, 124 saylı sərəncamının və həmin sərəncamına əlavə edilmiş sənədin təsdiq edilmiş ksero surətləri məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamından görünür ki, Badamdar qəsəbəsində 600 kv.metr fərdi ev tikmək üçün X4 ayrılmışdır. Həmin məktuba əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli “Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə” sərəncamından görünür ki, X2 razılıq ərizəsini, İddiaçı torpağa olan tələbatını nəzərə alaraq, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X4 ayrılmış 600 kv.metr torpaq sahəsi qarşılıqlı razılıq əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamına əsasən X2 adına 04.05.2004-cü il tarixdə rəsmiləşdirilərək, bu barədə ləğv olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sonuncuya “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 12198D KOD-00400016 saylı şəhadətnamə verilmişdir. Halbuki Səbail Rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01 avqust 2000-ci il tarixli “Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamında qismən dəyişiklik edilməsi barədə” sərəncamına əsasən X2 razılıq ərizəsi, İddiaçı torpağa olan tələbatı nəzərə alınaraq, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün X4 ayrılmış 600 kv.metr torpaq sahəsi qarşılıqlı razılıq əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin sərəncamdan da göründüyü kimi X1 Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamı əsasında ona ayrılmış torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə razılıq verərək, həmin torpaq sahəsi üzərində olan hüquqlarından imtina etmişdir. Bununla da Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı sərəncamı 01 avqust 2000-ci il tarixdən X4 münasibətdə faktiki olaraq öz hüquqi qüvvəsini itirmişdir. Göründüyü kimi X9 Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsindən iddiaçının xeyrinə Səbail Rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 nömrəli sərəncamına əsasən imtina etsə də, sonradan həmin sahə üzərində 2004-cü ildə qüvvədən düşmüş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli 124 nömrəli sərəncamına əsasən 04.05.2004-cü il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD- 00400016 saylı şəhadətnamə əsasında öz mülkiyyət hüququnu qeydə aldırmışdır. Belə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən torpaq üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən şəhadətnamə ilə rəsmiləşdirilirdi. Həmin sənəd dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq üzərində qeydə alınmış hüququ təsdiq edən hüquq müəyyənedici sənəd hesab olunurdu. Həmin dövrə qüvvədə olan Azərbaycan Respublikası Torpq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Hazırda qanuni əsaslar olmadan X2 adına 04.05.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamənin mövcud olması iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsinə maneə yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu isə X6 tərəfindən gələcəkdə həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində çıxarışın əldə edə biləcəyini istisna etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı qüvvədən düşmüş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 124 saylı, 06 yanvar 1995-ci il tarixli sərəncamına əsasən X2 adına 04.05.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamənin ləğv edilməsi tələbində haqlıdır. Göstərilənlərə əsasən iddia əsaslı olduğundan təmin edilməli, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına 04.05.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına 04.05.2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198D KOD-00400016 saylı şəhadətnamə ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar