Məhkəmə qərarları › İş №2-1(112)-1490/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1490/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1490/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı «fərdi yaşayış evinin qazla təchiz edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «fərdi yaşayış evinin qazla təchiz edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxx 1979-cu il tarixdə Laçın rayonnun Pircahan kəndində doğulmuşdur. 1996 – 2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Bu müddətdə Müdafiə Nazirliyinin tərkibində olan müvafiq hərbi hissələrdə zabir kimi (mayor rütbəsində) müxtəlif vəzifələrdə xidmət keçmişdir. Hal-hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsüdür, 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991 – 2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətin son 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayonnun Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X1, Tərtər və Murov Dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Ona imtiyazlı şəxs kimi Bakı ŞİH, Bakı şəhəri Suraxanı RİH və Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən 400 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin həmin ərazidə ona məxsus yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilməsi təmin edilməmişdir. Cavabdeh İB-yə və digər qurumlara yazılı və şifahi müraciət etsə də, müraciətləri müsbət həllini tapmamışdır. İddiaçı hesab edir ki, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsində yerləşən müharibə əlillinin mənzilinə qazlaşdırma aparılmalıdır. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilmədiyindən, iddiaçı müvafiq iddia tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(010)-688/2023 saylı iş üzrə 31 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3691/2023 saylı iş üzrə 14 aprel 2023-cü il tarixli qəradadı ilə Suraxanı Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və qərardadda qeyd olunmuşdur ki, iddiaya inzibati məhkəmədə baxılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 16, 60, 61, 147, 149-cu maddələrinə, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinə, İPM-in 33-cü maddəsinə əsaslanaraq məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin qaz şəbəkəsinə birləşdirib qazla təhciz edilməsi öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Qaz təchizatı haqqında» Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının 893-VİQD nömrəli 30 may 2023-cü il tarixli Qanununun 1-ci maddəsi ilə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: - (10-1) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikasının 893-VİQD nömrəli 30 may 2023-cü il tarixli Qanununun 2-ci maddəsində göstərilmişdir ki, bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar «Qaz təchizatı haqqında» Qanuna uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Qaydaların 1.7-ci bəndinə görə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası»nın 3.1-ci bəndinə görə ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tələblərə cavab verməyən, habelə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin alınması üçün sifarişçi «İnzibati icraat haqqında» Qanunun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Həmin Qaydanın 3.2-ci bəndinə görə sifarişçinin seçiminə uyğun olaraq qaz təchizatı layihəsinin hazırlanmasının qaz paylayıcısı tərəfindən həyata keçiriləcəyi hallarda sifarişçi texniki şərtlərin və qaz təchizatı layihəsinin alınması üçün bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada qaz paylayıcısına müraciət edir. Həmin Qaydanın 3.3-cü bəndinə görə texniki şərtlər sifarişçinin müraciət etdiyi tarixdən etibarən 10 gündən gec olmayaraq, bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda isə texniki şərtlər və qaz təchizatı layihəsi 30 gündən gec olmayaraq verilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, hazırda qüvvədə olan mövcud qanunvericilik normaları tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasını 1 oktyabr 2023-cü il tarixdən sonrakı dövrdə qadağan edir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan olunan məhdudiyyət 1 oktyabr 2023-cü il tarixədək inşa edilmiş tikililərə münasibətdə tətbiq olunmur. Hazırkı işin hallarına görə isə, məlum olur ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evi ilə bağlı onunla "xxxx" ASC-nin Enerji Satış Departamenti arasında 10 yanvar 2023-cü il tarixdə “elektrik enerjisinin alqısatqı müqaviləsi” bağlanmışdır. Həmçinin, Cavabdeh İB Bakı Regional Qaz İstismarı Departamentinin iş materiallarında olan SOCAR**********-560046X19900 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı ona məxsus fərdi yaşayış evinin qazla t\chizatı ilə bağlı 31 oktyabr 2022-ci il tarixdə Cavabdeh İB-yə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan xüsusatıar həm də tikilinin həmin tarixdən əvvəl inşa edilməsini təsdiqləyən sübutdur. Qeyd olunanlar belə qənaət yaradır ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evi 1 oktyabr 2023-cü il tarixdən əvvəl inşa edilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə sözügedən evin qazpaylayıcı şəbəkəyə qoşularaq qazla təchizatı Cavabdeh İB tərəfindən təmin edilməlidir. Odur ki, məhkəmə cavabdeh inzibati orqan Cavabdeh İB-nin imtinasını qanuna zidd qiymətləndirir və hesab edir ki, bu imtina hazırkı İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayılır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına görə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİ qrup əlildir. Qeyd olunan faktiki hal iş üzrə hüquqi dəyərləndirmənin predmetinə aid olmasa da, məhkəmə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həm ötən əsrin 90-cı illərində, həm də 2020-ci ilin sentyabr – noyabr aylarında döyüş əməliyyatlarında iştirak etmiş və bu döyüşlərdə xəsarət almış şəxslərə dövlət dəstəyinin davamı kimi xüsusi qrup şəxslər qismində müharibə əlilləri üçün nəzərdə tutulmuş dövlət tərəfindən güzəştləri (o cümlədən, torpaq sahəsi ayrılması, təqaüdlərin verilməsi və s. ilə bağlı) vurğulamağı zəruri hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi baxımından hər hansı qrup şəxsə qeyd olunan formada müvafiq güzəştin tətbiqi konkret müəyyən edilməsə belə, məhkəmə müharibə əlili olan şəxsin zəruri məişət ehtiyaclarının ödənilməsi baxmından ona məxsus evin qazla təchizatının təmin olunmasının zəruriliyini də nəzərə alır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsənində yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə birləşdirilərək qaz təchizatı ilə təmin edilməsi öhdəliyi Cavabdeh İB-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsənində yerləşən fərdi yaşayış evinin qazpaylayıcı şəbəkəyə birləşdirilərək qaz təchizatı ilə təmin edilməsi öhdəliyi Cavabdeh İB-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar