Məhkəmə qərarları › İş №2-1(112)-14907/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14907/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14907/2024 19.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 2-ci əlillik dərəcəsin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının üzərinə qoyulması, əlilliyin təyinindən əsassız imtina olunduğu müddətlərə görə hesablanmamış pensiya məbləğinin hesablanaraq iddiaçıya birdəfəlik qaydada ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 8.2-ci və 49-cu maddəsinə müvafiq olaraq, işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək (mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirə edilməsi üçün) bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəmə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, iddiaçı Cəfərov X2 şəhəri, S.Səfərov küçəsi, ev 84-dür. İş materiallarında olan İddiaçı ambulator və stasionar tibb kartasından çıxarışlardan, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2017-ci il tarixli, K/344 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşayış ünvanı Göygöl rayonunun Çaykənd kəndidir. Göründüyü kimi iş materialları ilə iddiaçının Azərbaycan Respublikasında yaşayış yerinin Göygöl rayonunun Çaykənd kəndində olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin ərazi aidiyyəti məsələsi bu kontekstdə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd olunan Qanunun 2.2-ci maddəsinə əsasən, bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin qanun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Göygöl rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir (16.8.). Hazırkı iddia üzrə iddiaçının hüquqi marağı əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Əlillik təyinatını isə mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir və Agentliyin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Əlilliyin təyin edilməsi müvafiq inzibati aktın qəbul edilməsi ilə şərtləndirildiyindən iddia “məcburetmə” növündə iddiadır. Ona görə də iddia “məcburetmə” növündə iddia, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan, iddiaçının yaşayış yeri isə Göygöl rayonu olduğundan işin aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin sonuncu cümləsinə uyğun həll edilməli və Göygöl rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğuna görə hazırkı iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə hazırkı mübahisə üzrə müvafiq prosessual hərəkətlərin ərazi aidiyyəti üzrə göndərildiyi məhkəmədə edilməsinin səmərəliliyini nəzərə alaraq hazırkı məhkəmə icraatında iddia ərizəsi üzrə formal xətaların (iddia tələbinin dəqiqləşdirilməsinin təklif edilməsi və s) aradan qaldırılmasına zərurət görmür. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar