Məhkəmə qərarları › İş №2-1(112)-1491/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1491/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1491/2022 15.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin məxsusluğuna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsinə dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.1003-cü il tarixli 531 saylı sərəncamına əsasən mərhum həyat yoldaşım X4 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qsəbəsində yerləşən 245 bağ sahəsinə (SP- 14037) dair hüquqların X4 məxsus olması arayışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə tələb irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.1003-cü il tarixli 531 saylı sərəncamına əsasən mərhum həyat yoldaşı X4 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qsəbəsində yerləşən bağ sahəsi verilmişdi. X7 xx.xx.2014-cü il tarixdə rəhmətə gedib. Mən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə rəhbər tutaraq qeyd edilən bağ sahəsinin mərhum həyat yoldaşıma məxsus olması barədə arayışın vərəsə kimi mənə verilməsi ilə bağlı bir məktubla, eyni zamanda mərhum həyat yoldaşı X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair digər məktubla Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etdim. Hər iki müraciəti ********** nömrə ilə qeydə alınmışdır. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi mənim müraciətimi təmin etməkdən imtina etmişdir. Müraciətinə cavab olaraq vərəsələrin dairəsinin müəyyənləşdirilməsinə dair notariatdan məktubun təqdim edilmədiyi, sərəncamdan çıxarışda bağın ölçü və nömrəsinin qeyd olunmadığı, digər şəxs tərəfindən müraciət olunduğu göstərilmişdir. Qeyd olunan imtinaya aydınlıq gətirilməsi üçün cavabdeh orqanda qəbulda olarkən məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd edir ki, bağ sahəsinin yerini bilir və cavavbdeh orqan tərəfindən göndərilmiş mühəndisə bağ sahəsinin yerini göstərmişik və ölçülər həmin mühəndis tərəfindən qeyd edilmişdir. Mühəndis də gələrkən görmüşdür ki, göstərilən bağ sahəsi onların istifadəsindədir. Cavabdehin imtinasını əsassız hesab edir. Hesab edir ki, onun müraciəti əsaslıdır və həyat yoldaşını çıxarış almadan öldüyünə görə bir vərəsə kimi ona həmin bağ sahəsinə dair hüquqların həyat yoldaşıma məxsus olması barədə arayış verilməlidir.

3. İddiaçının müraciətinə cavab olaraq imtina onunla əsaslandırılmışdır ki, təqdim edilən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 saylı sərəncamdan çıxarışına dair arxiv arayışında bağ sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Bundan əlavə qeyd olunan bağ sahəsi ilə bağlı vərəsələrin dairəsini müəyyənləşdirilməsinə dair notariatdan məktub təqdim edilməmişdir. Həmçinin qeyd olunan bağ sahəsinə digər şəxs tərəfindən müraciət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, təqdim edilən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 saylı sərəncamdan çıxarışına dair arxiv arayışında bağ sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd (order və ya müqavilə) təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan bağ sahəsi ilə bağlı vərəsələrin dairəsini müəyyənləşdirilməsinə dair notariatdan məktub təqdim edilməmişdir. Həmçinin qeyd olunan bağ sahəsinə "xxxx" MMC tərəfindən müraciət olunmuşdur. Əlavə olaraq bildiririk ki, bağ sahəsinin sənəd üzrə sahəsi 0,12 hektar, faktiki sahəsi isə 0,24 hektar təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1 -ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********15 qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.4cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdındə olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. Ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir.

6. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X12 ilə X6 arasında nikah xx.xx.1976-cı ildə qeydə alınmış, nikhndan sonra arvada “Quliyeva” soyadı verilmişdir. Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən cavabdeh quruma ünanlanmış məktuba əsasən İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bağ sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış verilməsini xahiş etmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993cü il tarixli, 531 saylı sərəncamdan çıxarış: Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən Kürdəxanı ərazisidə yeni yaranmış 245 saylı Bağ-tikinti kooperativinin tərkibi təsdiq edilmişdir. Siyahı əlavə edilir: 4.40.X7 -SP-14037.

8. Məhkəmənin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 245 nömrəli BTK-nin yerləşmə (bölgü) sxemi, həmin bağ sahəsinə dair müayinə aktını, eləcə də SP 14037 qeydinin nədən ibarət olması, məzmunu və əhəmiyyəti barədə məlumatın verilməsi ilə bağlı sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 245 nömrəli BTK-nin yerləşmə (bölgü) sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Həmçinin SP 14037 qeydinin mahiyyəti barədə bildirilmişdir ki, СП 14037 qeydi vətəndaşın bağ növbəsinə götürüldüyünü göstərən sıra nömrəsi kimi qəbul edilir. Sorğu ilə əlaqədar olaraq sözügedən bağ sahəsinə dair müayinə aktının surəti məhkəməyə təqdim edilmişdir. Müayinə aktına əsasən müəyyən edilir ki, hüquqmüəyyənədici sənəd üzrə sahəsi 0,12 ha, faktiki ölçüsü 0,242 ha olmaqla göstərilən yerin sərhədləri şərtidir, göstərilən ərazi sərhədləri şərti olduğundan təxmini koordinatlar əlavə edilmişdir. Torpaq sahəsində icazəsiz tikililər yoxdur.

9. Məhkəmənin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 245 nömrəli bağ tikinti kooperativinə aid yerləşmə sxeminin və üzvlərinin siyahısının təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, 245 nömrəli ВТК nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən bağ sahələrinə dair yerləşmə sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq 245 nömrəli ВТК üzvlərinin siyahısının təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin siyahıda 40-cı sırada X3 adı qeyd olunmuşdur.

10. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən bağ sahəsinə (245 nömrəli bağ tikinti koopertivinin tərkibində, SP-14037) dair hüquqların X5 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

11. Məhkəmənin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 245 saylı bağ sahəsinə dair "xxxx" MMC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş sənədlərin təqdim edilməsi ilə bağlı müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, "xxxx" MMC tərəfindən daxil olmuş xx.xx.2017-ci il tarixli, ********** nömrəli müraciətə xx.xx.2017-ci il tarixli **********31 qeydiyyat nömrəli məktubla cavab verilmişdir. Sorğu ilə əlaqədar sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. "xxxx" MMC-yə ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün əsas olan sənədlər təqdim edilməmişdir və sözügedən ərazi bağlar massivi olub digər fiziki və hüquqi şəxslərə məxsus ərazilərdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvülük kitabçası və ya,protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktubu) təqdim edildiyi təqdirdə ərizənizə yenidən baxılacaqdır.

12. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmə qaydasında nəzərə alınmışdır.

13. İddiaçının ərizəsi əsasında iddia tələbi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1993-cü il tarixli 531 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 245 nömrəli Bağ-Tikinti Kooperativinin tərkibində SP- 14037 sıra nömrəsi ilə X5 ayrılmış sahəsi 0,12 ha olan bağ sahəsinə dair koordinatları müəyyən edilməklə mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi. Əlavə olaraq bildirdi ki, qeyd edilən torpaq sahəsi 1993-cü ildən ailənin istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə yoxdur.

15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədən iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

20. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

22. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

27. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

28. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X9rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

29. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).

30. Məhkəmə qeyd edir ki, iddiaçı ilə mərhum arasındakı nikahda haqqında şəhadətnamədə, eləcə də ölüm haqqında şəhadətnamədə mərhumun adı “Bahadir” göstərilsə də, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə adı “Bahadur” göstərilir. Bu səbəbdən həmin bağa dair hüquqmüəyyənedici sənədlərin mərhuma məxsusluğunun məhkəmə qaydasında müəyyən edilməsi, bu səbəbdən iddianın mümkün sayılmaması ifrat formallıq hesab olunmaqla subyektiv hüquq və maraqların tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsinə zərər yetirmiş olar.

31. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

32. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

33. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

34. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.

36. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

37. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

38. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

42. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

43. X16 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

44. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

45. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

46. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair icarə müqaviləsi qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgizi mövcuddur. Hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Cavabdeh qurumun Mülki Məcəllənin 176-cı maddəsinə istinad edərək torpaq sahəsinin hasarlanma və mərzçəkmə işlərinin aparılmaması səbəbindən iddiaçının hüquqlarının qeydə alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, həmin maddə torpaq mülkiyyətçiləri arasında hasarlama xərclərinin çəkilməsini tənzimləyir.

47. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamədən: 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; 2.0.3. daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir;

48. Beləliklə, məhkəmə müəyyən edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1993cü il tarixli 531 saylı sərəncamına əsasən X4 245 nömrəli ВТК-da torpaq sahəsi ayrılmış, cavabdeh tərəfindən təqdim edilmiş 245 nömrəli ВТК üzvlərinin arxiv qovluğundakı siyahısının təsdiq edilmiş siyahısında 40-cı sırada X3 adı qeyd olunmuş, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 245 nömrəli BTK-nin yerləşmə (bölgü) sxemi arxiv qovluğunda aşkar edilməmiş, həmçinin SP 14037 qeydinin mahiyyəti barədə bildirilmişdir ki, СП 14037 qeydi vətəndaşın bağ növbəsinə götürüldüyünü göstərən sıra nömrəsi kimi qəbul edilir.

49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

51. Torpaq sahəsinə dair digər şəxsin "xxxx" MMC-nin müraciəti ilə əlaqədar məhkəmə bildirir ki, elə cavabdeh qurumun özü tərəfindən müraciətə cavab olaraq bildirilmişdir ki, daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün əsas olan sənədlər təqdim edilməmiş və sözügedən ərazi bağlar massivi olub digər fiziki və hüquqi şəxslərə məxsus ərazilərdir.

52. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 33/1218 nömrəli Qərarına əsasən 1988-cil ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün ölçü vahidi 0,25 hektardan artıq olmamalı, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən vətəndaşlara ayrılan torpaq sahəsinin ölçüsü 0,12 ha təşkil edirdi. Mərhuma ayrılmış torpaq sahəsinə dair Sərəncamda qeyd edilən aktlara istinad edilmişdir.

53. İddia təmin edilərək, 0,12 ha torpaq sahəsinin koordinatları müəyyən edilməklə mərhuma məxsusluğu haqqında arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

54. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

55. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Koordinatları müəyyən edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 245 nömrəli Bağ-Tikinti Kooperativinin tərkibində SP-14037 sıra nömrəsi ilə X5 ayrılmış 0,12 ha bağ sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar