Məhkəmə qərarları › İş №2-1(112)-1492/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1492/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1492/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X8 və digərləri) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxslər X4 və X2, həmçinin onların nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X8 və digərləri) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan evin 05 fevral 2002-ci ildə tərtib edilmiş reyestr nömrəsi 30/300 olan Texniki pasportunda göstərilən tikinti altındakı 116 kv m. torpaq sahəsinə və evə birgə mülkiyyət kimi çıxarış vermək öhdəliyinin cavadehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşərək ünvan 2 ünvanda yerləşən özbaşına tikili evdə məskunlaşmışdır. Ermənistan qaçqınlarının məskunlaşdıqları yaşayış yerlərinin sənədləşməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli Fərmanı ilə 1988-ci illərdə Ermənistan Respublikasından qovulub çıxarılan vətəndaşların yaşadıqları tikililərin və onların altında yerləşən torpaq sahələrinin onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Ona görə də Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məslələri üzrə İctimai Komissiyası həmin Fərmanı əsas tutaraq özünün 8 saylı 24 dekabr 2001-ci il tarixli Protokolu ilə yaşadığı evə və onun altındakı torpaq sahəsinə mülkiyyətə dair qeydiyyat vəsiqəsi verilməsinə razılıq vermişdir. Həmin protokol Bakı şəhər İcra Hakimiyyəti Başçısının 800 N-li 24 dekabr 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi onun evinin sənədləşməsinə dair müraciətinə baxaraq və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanın 7-ci və 8-ci bəndlərini və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 dekabr 2001-ci il tarixli 800 saylı sərəncamını rəhbər tutaraq evinə xx.xx.2002-ci il tarixli FM seriyası 011730 nömrəli qeydiyyat vəsiqəsi vermişdir. Amma nədənsə tikinti altında olan 116 kv m. torpaq sahəsi sənədləşmədən qalmışdır. Ona görə də yuxarıda göstərilənlərə əsaslanaraq onun mülkiyyətində olan R.Axundov küçəsindəki 43 saylı evə və onun altındakı 116 kv m. torpaq sahəsinə dair birgə mülkiyyət kimi çıxarış verməsi üçün təkrarən Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh Bakı şəhər Ərazi İdarəsi özünün **********57 saylı 08 iyun 2017- ci il tarixli məktubu ilə torpağa dair çıxarış verməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən heç biri təqdim edilməmişdir. Amma cavabdeh əsassız imtina verərkən Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli Fərmanının 7-ci və 8-ci bəndlərinə müvafiq olaraq mübahisələndirilən torpaq sahəsinin üstündə olan evə dair verdiyi çıxanşı nəzərə almamışdır. Hesab edir ki, cavabdeh evinə çıxarış verərkən onun altındakı torpaq sahəsinə də evlə birlikdə çıxarış verməli idi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il qərarı ilə iddia təmin edilmiş, iddiaçının ünvan 3 ünvandakı evin 115,9 kv.m. ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixdə apellyasiya şikayəti verərək, 2-1(82)-4500/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1477/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, ərizəçilər E.Həsənov, K.Əmrəhova, Ə.Həsənzadə və İ.Həsənzadə Bakı İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli, xx.xx.2017-ci il qərarı maraqlarına toxunduğundan onların hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmalarını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli (hakim Rüstəm Kərimli) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Ərizəçilər xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(82)-4500/2017 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(103)-1325/21 nömrəli qərardadı ilə ərizəçilərin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərardadının ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1325/2021 nömrəli qərardadından narazı qalan iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1568/2021 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1325/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(82)-4500/2017 saylı Qərdadı ilə iş üzrə xx.xx.2022-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 4500/2017 saylı qərarının ləğv edilməsi, X8, X5, X3 və X2 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9936/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1492/2023 nömrəli qərardadı ilə iddiaçının “İddiaçı ünvan 4 ünvanındakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1492/2023 nömrəli qərardadı ilə icrada dönüş edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində iddiaçının Bakı şəhər Ərazi İdarəsinə poçt vasitəsi ilə ünvanlanmış ********** nömrəli, xx.xx.2017-ci il tarixli ərizəsinə cavab olaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmədiyi, həmçinin, ikinci mərtəbədə 4 saylı otağın 13,3 m2 genişləndirilməsinin aşkar edildiyi bildirilmiş və **********57 saylı, xx.xx.2017-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinin əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmin qanunun 8.0.5.-ci maddəsinə əsasən 2006-cı il iyulun - dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və həmçinin həmin qanunun 8.0.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, həmin qanununun 8.0.9.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair -hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, hamin Məcəllənin 8.0.9.1.2-ci maddəsinə əsasən isə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, həmin Məcəllənin 8.0.9.2ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri- yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul akt/, həmin qanununun 8.0.10.1-ci maddəsinin əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün isə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmin qanunun 8,0.10 2-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013- cü il yanvarın 1-dən) sonra inşa edilən tikillərə dair məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxslər və onların nümayəndəsi (vəkili) izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2017-ci il tarixli imtina məktubu; - Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 011730 nömrəli Qeydiyyat Vərəqəsinin notarial qaydada təsdiq edilmiş surəti; - xx.xx.2002-ci il tarixdə tərtib edilmiş yaşayış evinin Texniki Pasportunun surəti; - xx.xx.2017-ci il tarixdə tərtib edilmiş Fərdi yaşayış evinin eskiz layihəsinin notarial qaydada təsdiq edilmiş surəti; - Dövlət Arxivinin Bakı Filialının xx.xx.2017-ci il tarixli 2421 nömrəli məktubunun surəti; - Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 479 nömrəli xx.xx.2017ci il tarixli Sərəncamının notarial qaydada təsdiq edilmiş surəti; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7063 nömrəli Ekspert Rəyi; ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarının araşdırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu vermiş, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adı ilə bağlı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan, “Ermənistan SSR-dən gəlmiş azərbaycan milliyyətindən olan vətəndaşların qeydiyyatınıın nizam sadələşdirilməsinə dair əlavə tədbirlər haqqında” Nərimanov Rayon Xalq Deputatlar İcraedici Komitəsinin xx.xx.1989-cu il tarixli qərarında qeyd edilmişdir ki, Ermənistan Respublikasından gəlmiş azərbaycan milliyətindən olan vətəndaşların qeydiyyata alınması rayon mənzil idarələri və rayon daxili işlər idarələrinə tapşırılmışdır. Belə ki, həmin qərardan müəyyən edilir ki, Ermənistan SSR-dən gəlmiş azərbaycan milliyətindən olan vətəndaşlarla Azərbaycan Respublikasından gedən erməni milliyətindən olan vətəndaşlar yaşayış sahələrinin dəyişdirilməsi qarşılıqlı razılıq əsasında (həmin razılıq isə notarial qaydada və ya icra hakimiyyəti tərəfindən təsdiq edilir) aparılırdı. İş materiallarında olan, XDS İK-nın (indiki Nərimanov Rayon İcra Hakimiyyətinin) xx.xx.1989-cu il tarixli 11/1-q saylı qərarı ilə “İcazəsiz tikilən yaşayış sahələrini barter edən Azərbaycan milliyətinə aid olan vətəndaşlar”ın siyahısında İddiaçı adı (11 nəfər ailə üzvü ilə) birlikdə siyahıda qeyd edilmişdir. İddiaçının adı siyahıda 33-cü sıra sayı ilə qeyd olunmuşdur. İş materiallarında olan iddiaçı X6 məxsus AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində iddiaçının doğum yeri Ermənistan, Kirovakan rayonu olaraq qeyd edilmişdir. İş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli Arayışdan görünür ki, R.Axundov küçəsində yerləşən 43 saylı evdə İddiaçı 12 nəfər ailə üzvü ilə birlikdə göstərilən ünvanda qeydiyyatdadırlar. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti baçısının xx.xx.2001-ci il tarixli 800 nömrəli Sərəncamı və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyanın xx.xx.2001-ci il tarixli 08 nömrəli protokolundan çıxarışdan görünür ki, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır İş materiallarından görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına 30/300 nömrəli xx.xx.2002-ci il tarixli teniki pasport tərtib edilərək Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmişdir. Tərtib edilmiş texniki pasportda “Torpaq sahəsi üzrə eksplikasiya”da torpaq sahəsinin həqiqi ölçüsü 115,9 kv.m, tikinti altında olan sahə 115,9 kv.m göstərilmiş və “sahələrin xarakteristikasında” yaşayış sahəsinin ölçüsü 96,7 kv.m, köməkçi sahə 79,1 kv.m olmaqla ümumi sahəsi 117,8 kv.m qeyd edilmişdir. İş materiallarından görünür ki, ünvan 10 ünvanında yerləşən, yaşayış sahəsi 96,7 kv.m olan, ümumi sahəsi 175,8 kv.m torpaq sahəsindən ibarət fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ tanınmış və adına Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 011730 nömrəli xx.xx.2002-ci il tarixdə Qeydiyyat Vəsiqəsi verilərək rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, “Bakı Torpaq” Lahiyə Smeta Bürosu tərəfindən “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi”nə dair İddiaçı adına xx.xx.2017-ci il tarixdə ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin eskiz layihəsi hazırlanmış və Nərimanov Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, R.Axundov küçəsi 43 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, özünə məxsus fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud vəziyyətdə öz adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmiş, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 479 saylı sərəncamı ilə R.Axundov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı adına sənədləşdirilməsinə dair qərar verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-4500/2017 saylı qərarın icrası təmin olunaraq Bakı şəhəri, Nərimanov rayonu, Abbas Zamanov küçəsi,ev 43H ünvanına dair İddiaçı adına RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış hazırlanmışdır. İş materiallarından görünür ki, ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli Texniki pasport tərtib edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmişdir. Tərtib edilmiş Texniki Pasportda torpaq sahəsi haqqında məlumatlar olaraq- sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,01159 ha, faktiki sahə 0,01823 ha, tikinti altı sahə 0,01823 ha olaraq göstərilmişdir. İş materiallarında olan, Nərimanov Mənzil Kommunal Təsərrüfatı Birliyinin 37 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 37/291 saylı 051455 saylı Arayışdan görünür ki, R.Axundov küçəsində yerləşən 43 saylı evdə İddiaçı və 21 nəfər ailə üzvü göstərilən ünvanda qeydiyyatdadırlar. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisəli əraziyə yerli baxış keçirmiş və yerində müayinə zamanı İddiaçı və X4 istifadəsində olan yaşayış evlərinin arasında digər şəxsə məxsus ev mövcud olduğu, müəyyən edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7063 nömrəli Ekspert Rəyində qeyd edilmişdir ki, baxış zamanı İddiaçı və onun ailə üzvlərinin “A” literli fərdi yaşayış evində, X4 və onun ailə üzvlərinin isə “B” literli fərdi yaşayış evinin ikinci mərtəbəsində yaşadığı müəyyən olundu. “B” literli tikilinin birinci mərtəbəsinin giriş-çıxış qapısının açarları tərəflərin hər ikisində olsa da, faktiki vəziyyətdə yaşayış olmadığı və oraya əşyaların yığıldığı müəyyən olundu. “A” və “B” literli tikililərin arasında yerləşən tikiliyə baxış keçirmək istəsək də, həmin evdə yaşayan sakin tərəfindən şərait yaradılmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, qərardadın birinci sualları ilə bağlı qeyd olunur ki, ünvan 11 ünvanda yerləşən İddiaçı və onun ailə üzvlərinin yaşadıqları “A” literli fərdi yaşayış evinin yaşayış sahəsi 190,5 m2, yardımçı sahəsi 42,9 m2, tikinti altı sahəsi isə 140,6 m-dir. Qərardadın ikinci sualı ilə bağlı qeyd olunur ki, ünvan 11 ünvanda yerləşən X4 və onun ailə üzvlərinin yaşadıqları “B" literli fərdi yaşayış evinin ikinci mərtəbəsinin yaşayış sahəsi 30,1 m2, yardımçı sahəsi 9,5 m2-dir. Həmçinin qeyd olunur ki, X4 və onun ailə üzvlərinin ikinci mərtəbəsində yaşadıqları “B” literli fərdi yaşayış evinin tikinti altı sahəsi 41,7 m2-dir. Qərardadın üçüncü sualı ilə bağlı qeyd olunur ki, Bakı şəhəri, Nərimanov Rayonu, R.Axundov küçəsi 43 ünvanda yerləşən İddiaçı və Həsənov Eldar Həsən oğlunun yaşadıqları evlərin arasında yerləşən və ev kimi istifadə olunan tikilinin tərəflərdən heç birinə aid olmadığı müəyyən olundu. Həmçinin baxış vaxtı həmin evdə yaşayan sakin tərəfindən şərait yaradılmadığına görə müvafiq ölçü işləri aparmaq mümkün olmadı. Qərardadın dördüncü sualı ilə bağlı qeyd olunur ki, Bakı şəhəri, Nərimanov Rayonu, R.Axundov küçəsi 43 ünvanda yerləşən İddiaçı və onun ailə üzvlərinin yaşadıqları “A” literli fərdi yaşayış evinin mövcud vəziyyətinə, sahəsinə, ölçüsünə görə, iş materiallarının 39-cu səhifəsində olan Azərbaycan Respublikasının “Bakı Torpaq” Lahiyə Smeta Bürosu tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 3773 invertar nömrəli layihəyə uyğun olduğu müəyyən olundu. Qərardadın beşinci sualı rəyin təqdidqat hissəsində qeyd olunur ki, ünvan 11 ünvanda yerləşən X4 və onun ailə üzvlərinin ikinci mərtəbəlində yaşadıqları “B” literli fərdi yaşayış evinin mövcud vəziyyətinə, sahəsinə, ölçüsünə iş materiallarının 47-ci səhifəsində olan Azərbaycan Respublikasının “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən.10.2017ci il tarixdə tərtib edilmiş 3770 inventar nömrəli Layihəyə uyğun olduğu müəyyən olundu. Qərardadın altıncı sualı ilə bağlı qeyd olunur ki, ünvan 11 ünvanda yerləşən “A” (140,6 m2) və “B” (41,7 m2) literli fərdi yaşayış evlərinin tikinti altı sahələrinin 182,3 m2 olduğu müəyyən olundu. Həmçinin qeyd olunur ki, “A” və “B” literli fərdi yaşayış evlərinin arasında yerləşən tikiliyə baxış keçirmək mümkün olmadığı üçün həmin tikilinin tikinti altı sahəsini müəyyən etmək mümkün olmadı. Hazırkı mübahisə üzrə iddiaçının tələbi və hüquqi marağı ünvan 11 ünvanında olan evin xx.xx.2022-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi 30/300 olan texniki pasportda göstərilən tikinti altındakı 116 kv.m torpaq sahəsinə və üzərində mövcud olan evlə birlikdə mülkiyyət kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsinə yönəlmişdir. İddiaçı həmin tələb ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2007-ci il tarixli müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2017-ci i tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ikinci mərtəbədə 4 saylı otaq 13,3 kv.m genişləndirilmişdir. Eyni zamanda sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin idarəyə təqdim edilməməsinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı sonradan məhkəmə icraatının gedişində iddia tələbində dəqiqləşmə verərək xx.xx.2002-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi 30/300 olan qeydiyyat vəsiqəsi və texniki pasportda ümumi sahəsi 175.9 kv.m və təsdiq olunmuş eskiz layihəsindəki 135,5 kv.m tikintiyə və tikinti altında olan 220 kv.m torpaq sahəsinə birgə mülkiyyət kimi çıxarış verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İPM-in 13cü maddəsinə əsasən hüquqi yardım edilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmiş və yardım məktubunda qeyd edilmişdir ki, dəqiqləşdirilmiş iddia ərizənizdən görünür ki, “xx.xx.2002-ci ildə tərtib etdikləri reyestr nömrəsi 30/300 olan qeydiyyat vəsiqəsi və texniki pasportda ümumi sahəsi 175,9 kv.m və təsdiq olunmuş eskiz layihəsindəki 135.5 kv.m tikiliyə və tikinti altında olan 220 kv.m torpaq sahəsinə birgə mülkiyyət kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi”na dair iddia tələbi ilə məhkəməyə müraciət etmisiniz. Lakin, cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli müraciətinizə imtina məktubundan görünür ki, inzibati orqana müraciətiniz “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və evin altında yerləşdiyi torpaq sahəsinə çıxarışın verilməsi” ilə bağlı olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, iddia tələbini dəqiqləşdirmiş, İddiaçı ünvan 19 ünvanındakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Bakı şəhər 1 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu verilərək, İddiaçı, ünvan 20 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə verilməsi ilə bağlı edilmiş müraciətin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməsini tələb etmiş, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş müraciətdən görünür ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti məhz mülkiyyətində olan ünvan 20 ünvanında yerləşən fərdi yaşayış evinə və evin altında yerləşən 116 kv.m torpaq sahəsinə dair birgə mülkiyyət kimi çıxarışın verilməsi ilə bağlı olmuşdur. Belə ki, işin faktiki halları və iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti baçısının xx.xx.2001-ci il tarixli 800 nömrəli Sərəncamı və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsəlləri üzrə İctimai Komissiyanın xx.xx.2001-ci il tarixli 08 nömrəli protokoldan çıxarışdan görünür ki, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən R.Axundov küşəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına 30/300 nömrəli xx.xx.2002-ci il tarixli teniki pasport tərtib edilərək, ünvan 10 ünvanında yerləşən, yaşayış sahəsi 96,7 kv.m olan, ümumi sahəsi 175,8 kv.m ibarət fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ tanınaraq adına FM seriyalı 011730 nömrəli xx.xx.2002-ci il tarixdə Qeydiyyat Vəsiqəsi verilərək rəsmiləşdirilmişdir. Təsdiq edilmiş texniki pasportda torpaq sahəsinin həqiqi ölçüsü 115,9 kv.m, tikinti altında olan sahə 115,9 kv.m göstərilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin altında olan torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir və bu istifadə hüququ dövlət reyestrindəki qeyddə təsbit olunmuşdur. “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinin tələblərindən də göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir (maddə 10). “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanın 7-ci və 8-ci bəndlərində əvvəlki redaksiyada deyilirdi: (25 may 2006-cı il tarixli 412 nömrəli Fərmana Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdi). Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin.(bənd 7). Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşəntikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin(bənd 8). Bununla bağlı məhkəmə qeyd edir ki Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 saylı Fərmanının 7-ci və 8-ci bəndi 25 may 2006-cı il tarixli 412 nömrəli Fərmanla qüvvədən düşmüşdür. Belə ki, qeyd edilən Fərmanın 7-ci və 8-ci bəndləri sonradan qüvvədən düşsədə iddiaçı artıq mübahisəli ünvanada yerləşən tikintialtı sahəyə mülkiyyət hüququ qazandığından, Fərmanın müvafiq bəndinin qüvvədən düşməsi iddiaçının əldə etdiyi mülkiyyət hüququna təsirsizdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 68-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.24-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi iddiaçı X9 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaş olduğundan, müvafiq normativ hüquqi aktda iddiaçının yaşadığı fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, beləliklə də həmin torpaq sahəsinin onun qanuni istifadəsində olduğu məhkəmə tərəfindən müəyyən olunduğundan torpaq sahəsi və onun üzərində olan tikiliyə dair mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Məhkəmə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Topaq Məcəlləsinin müvafiq maddələrinə istinad edərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibati orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “İddiaçı ünvan 4 ünvanındakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanındakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar