Məhkəmə qərarları › İş №2-1(112)-14929/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14929/2025

01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14929/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə silinmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 may 2024-cü il tarixli, **********876200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, cavabdeh ərizəçiyə noyabr 2023-cü il vergi dövrü üzə 30371,02 manat əlavə dəyər vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-ə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 168.727,89 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 5.0263 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 279.238,89 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 50.263 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixdə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 279.238,89 manat məbləğdən 110.511.00 manat az göstərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə həmin qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6332/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1870/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6332/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 21.800,87 manat, xx.xx.2024-cü il tarixdə isə 3.823,89 manat, ümumilikdə 25.624,76 manat məbləğində pul vəsaiti büdcəyə ödəniş olaraq silinmişdir. İddiaçı Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbləri pozularaq ƏDV depozit hesabından dövlət büdcəsinə silinmiş 25624,76 manat ödənişin müəssisənin bank hesabına geri qaytarılmasına göstəriş verilməsi tələbi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2 Konsaltinq” MMC-nin ƏDV depozit hesabından cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 21800.87 manat, xx.xx.2023-cü il tarixdə isə 3823.89 manat toplamda 25624 manat məbləğində büdcəyə silinmiş pul vəsaitlərnin müəssisənin bank hesabına geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, “X2 Konsalting” MMC-nin ƏDV depozit hesabından cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 21800.87 manat, xx.xx.2024-cü il tarixdə isə 3823.89 manat toplamda 25624.76 manat məbləğində silinmiş pul vəsaitlərinin müəssisənin bank hesabına və ya ƏDV depozit hesabına geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisənin ƏDV depozit hesabından cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 21800.87 manat, xx.xx.2024-cü il tarixdə isə 3823.89 manat toplamda 25624.76 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə qanunsuz olaraq silinmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsini 65-ci maddəsinə əsasən vergi orqanı tərəfindən borcların alınması, ƏDV depozit və ya bank hesablarından pulların silinməsi halı müəssisə tərəfindən məhkəməyə müraciət edildikdə hesabda pul vəsaitinin dondurulması nəzərdə tutulmuşdur. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarlar Bakı İnzibati Məhkəməsinə müraciət edilərək mübahisələndirilmişdir. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********143348 saylı, xx.xx.2022-ci il tarixli **********156590 saylı və ƏDV “Noyabr 2023” dövrü üzrə xx.xx.2024-cü il tarixli **********921800 saylı qərarların hər biri tərəflərindən mübahisələndirilmişdir. Sözügedən qərarlardan xx.xx.2020-ci il tarixli **********143348 saylı qərar üzrə məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla yekunlaşdırılmış və iddia tələbləri təmin edilmişdir. Digər qərarlar üzrə məhkəmə mübahisəsi hazırda davam etməkdədir. Həmçinin tərəflərindən Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, 2-1(112)-8503/2022 saylı işə mahiyyəti üzrə baxılıb qurtaranadək, xx.xx.2022-ci il tarixli **********156590 saylı qərarın icrasının dayandırılması, bank hesablarına qoyulmuş sərəncamların götürülməsi, müəssisənin hesablarının dondurulmasının və müəssisənin ƏDV depozit hesabına məhdudiyyətlərin qoyulmasının cavabdehə qadağa edilməsi barədə müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 15(103)-52/2024 saylı qərardada əsasən ərizələri üzrə tələbləri təmin edilmiş və xx.xx.2022-ci il tarixli, **********156590 saylı qərarın icrası dayandırılmaqla, müəssisənin hesablarının dondurulması və müəssisənin ƏDV depozit hesabına məhdudiyyətlərin qoyulması cavabdehə qadağan edilmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmamış və ƏDV depozit hesablarından məbləğlər silinmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7561/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3914/2024 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-663/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3914/2024 nömrəli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Cəmiyyətin ƏDV depozit hesabından vergi orqanı tərəfindən xx.xx.2024cü il tarixdə 21.800,87 manat, xx.xx.2024-cü il tarixdə isə 3.823,89 manat, ümumilikdə 25.624,76 manat məbləğində büdcəyə silinmiş pul vəsaitlərinin müəssisənin bank hesabına geri qaytarılması” öhdəliyinin Dövlət Vergi Xidmətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Cəmiyyətin ƏDV depozit hesabından vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 21.800,87 manat, xx.xx.2024-cü il tarixdə isə 3.823,89 manat, ümumilikdə 25.624,76 manat məbləğində büdcəyə silinmiş pul vəsaitlərinin müəssisənin bank hesabına və ya ƏDV depozit hesabına geri qaytarılması” öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-7561/2024 saylı qərardadı əsasında iddia mümkün sayılmamışdır. Həmin qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermiş və işə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 2- 1(102)-663/2025 saylı qərarı ilə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İşi yeni baxışa qaytarmış Ali Məhkəmənin əsasları aşağıdakı kimi olmuşdur: “23. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. 24. Həmçinin Vergi Məcəlləsinin 65.2.3-2-ci maddəsinə görə vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. 25. Yuxarıda göstərilən vergi müddəalarından görünür ki, vergi ödəyicisinin vergi öhdəliyi barədə bildiriş aldıqdan 30 təqvim günü müddəti keçməmiş vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilə bilməz. 26. Yuxarıda qeyd olunan normaların tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ondan tutulmuş məbləğin düzgün hesablanıb hesablanmaması deyil, həmin məbləğin Vergi Məcəlləsinin borcun tutulması ilə bağlı normalarına uyğunluğu, yəni şikayət verilməsi üçün nəzərdə tutulan 30 təqvim gününü gözləmədən vergi məbləğinin tutulmasının qanunsuzluğunun tanınması olmuşdur.”. Bildirilir ki, Ali Məhkəmədə işin faktiki hallarının araşdırılmaması səbəbindən gəlinən yekun nəticə tamamilə yanlış olmuşdur. Belə ki, Ali Məhkəmə hesab etmişdir ki, borc bildirişinin alındığı tarixdən 30 təqvim günü keçməmiş borc iddiaçının ƏDV depozit hesabından tutulmuşdur. Lakin iddiaçıya sonuncu dəfə kameral qaydada vergilər xx.xx.2024-cü il tarixində hesablanmış, bununla bağlı borc bildirişi isə xx.xx.2024-cü il tarixində iddiaçıya göndərilmiş və xx.xx.2024-cü il tarixində saat 10:14 radələrində iddiaçı bildirişlə tanış olmuşdur. Başqa sözlə Ali Məhkəmənin nəzərdə tutduğu borc bildirişi xx.xx.2024-cü il tarixində iddiaçıya təqdim olunmuşdur. İddiaçının ƏDV depozit hesabından vergi borcu isə bu tarixdən 30 təqvim günü bitdikdən sonra, yəni xx.xx.2024cü və xx.xx.2024-cü il tarixlərində tutulmuşdur. Göründüyü kimi xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 30 təqvim günü mövcuddur. Borcun tutulması isə 31-ci və 33cü təqvim günlərində baş verməklə hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Digər tərəfdən qeyd edilir ki, iddiaçı hesabından silinmiş borc məbləğinin məhz xx.xx.2024-cü il tarixində hesablanmış vergi məbləği ilə əlaqəli tutulduğunu əsaslandırmamış və buna dair sübutlar təqdim etməmişdir. Belə ki, yuxarıda təsvir edilən iddiaçının şəxsi hesab vərəqəsindən çıxarışdan göründüyü kimi həm verginin hesablandığı dövrdə, həmçinin borcların tutulması vaxtında iddiaçının dövlət büdcəsinə böyük məbləğdə vergi borcları olmuşdur. Cədvəldən göründüyü kimi iddiaçının xx.xx.2024-cü il tarixinə 70.199,90 manat. xx.xx.2024-cü il tarixə 57.399,03 manat və xx.xx.2024-cü il tarixinə 53.575,14 manat vergi borcu olmuşdur. Bildirilir ki, Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Qeyd olunan normadan göründüyü kimi vergilər üzrə yaranmış borc yaranma tarixi ardıcıllığı ilə iddiaçının hesabından tutulur. Bu baxımdan bildiririk ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixindən etibarən dövlət büdcəsinə ödənilməmiş vergi borcları olmuş və hazırkı tarixədək borclar ödənilməmiş qalmışdır. İddiaçının hesabından tutulan məbləğlər məhz Vergi Məcəlləsinin 88.1.1-ci maddəsinin tələbinə uyğun olmuşdur. Beləliklə, iddiaçı fərqli hesablama qərarlarına istinad etsə də hesabından silinmiş və iddia ərizəsində qaytarılmasını tələb etdiyi 25.624,76 manat vəsaitin məhz həmin qərarlarla əlaqəli tutulduğunu əsaslandırmamış və buna dair sübutlar təqdim etməmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə istinad olunan məhkəmə işləri arasında əlaqənin mövcudluğu sübut olunmur. Bu baxımdan qeyd edilir ki, iddiaçının hesabından tutulmuş vəsaitlər onun məhkəmədə mübahisələndirdiyi vergilərlə deyil, əvvəlki tarixlərdə özünün bəyan etdiyi və ödəmədiyi vergilərlə bağlı olmuşdur. Bunlardan əlavə iddiaçının istinad etdiyi məhkəmə işlərinin heç biri üzrə Dövlət Vergi Xidməti cavabdeh qismində iştirak etməmiş və bununla bağlı onu üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Həmçinin, ƏDV-nin depozit hesabından alınan vəsaitlərin vergi ödəyicisinin bank hesabına qaytarılmasına imkan verən və ya səlahiyyət verən hər hansı norma Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. İddia ərizəsində cavabdeh qismində göstərilmiş inzibati orqanın iddiaçının hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına yol verdiyi hallar aydın ifadə edilmədiyindən, həmin hərəkətlərə dair sübutlar təqdim edilmədiyindən və iddia ərizəsi əsassız və qanunvericiliyinin tələblərinə tam zidd olduğundan rədd edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu onun müraciətini təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İlk öncə qeyd edilir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ondan tutulmuş vergi məbləğinin Vergi Məcəlləsinin borcun tutulması ilə bağlı normalarına uyğunluğu, yəni şikayət verilməsi üçün nəzərdə tutulan 30 təqvim gününü gözləmədən vergi məbləğinin tutulmasının qanunsuzluğunun tanınmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına ya əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi, ya da vergi ödəyicisinin rəsmi müraciətinə əsasən köçürülür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. Həmin Məcəllənin 65.2.3-2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. Həmin Məcəllənin 65.2.3-3-cü maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə bu Məcəllənin 65.2.3-1 -ci maddəsinə uyğun olaraq dondurulmuş ƏDV depozit hesabından ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların alınması məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2016-cı il qərarına əsasən, pul vəsaitinin hesabdan silinməsi əsaslarını müəyyən edən Mülki Məcəllənin 964.2-ci maddəsinin məzmununa görə, müştərinin sərəncamı olmadan onun hesabından pul vəsaitinin silinməsi pul vəsaitinin silinməsi barədə məhkəmənin qərarı olduqda, qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallardan biri olduqda həyata keçirilə bilər. Beləliklə, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. Başqa sözlə, vergi ödəyicisinin vergi öhdəliyi barədə bildiriş aldıqdan 30 təqvim günü müddəti keçməmiş vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilə bilməz. Nəzərə alınmalıdır ki, bu halda vergi ödəyicisinin şikayəti dedikdə, Vergi Məcəlləsinin 62, 63 və 64-cü maddələrinə əsasən ya vergi orqanına, ya da məhkəməyə ünvanlanmış şikayət ərizəsi (iddia ərizəsi) nəzərdə tutulur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ilk öncə xx.xx.2024-cü il tarixli, **********921800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, daha sonra iddia tələbini dəqiqləşdirərək, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********876200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərar əsasında vergi orqanı tərəfindən ərizəçiyə noyabr 2023-cü il vergi dövrü üzə 30371,02 manat əlavə dəyər vergisi hesablanmışdır. Cavabdeh hazırki iddiaya verdiyi etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı hesabından silinmiş borc məbləğinin məhz xx.xx.2024-cü il tarixində hesablanmış vergi məbləği ilə əlaqəli tutulduğunu əsaslandırmamış və buna dair sübutlar təqdim etməmişdir. Eyni zamanda həm verginin hesablandığı dövrdə, həmçinin borcların tutulması vaxtında iddiaçının dövlət büdcəsinə böyük məbləğdə vergi borcları olmuşdur. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, silinmiş borc məbləğinin yaranma və silinmə əsaslarını, o cümlədən hansı qərarla əlaqədar olduğunu və ya vergi orqanının qəbul etdiyi qərarlarla əlaqəli deyil, vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə əlaqədar yarandığını sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh vergi orqanının üzərinə düşür. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən iddiaçı barədə xx.xx.2024cü il tarixdə məlumat vərəqindən (iş vər. 100) görünür ki:

1. Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. Vergi Məcəlləsinin 65.2.3, 85.4 və 88-ci maddələrinin tələblərinə uyğun olaraq ƏDV tədiyyəsi üzrə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə kimi edilmiş ödənişlər (14 087,95 manat) və azalma məbləği (56,61 manat) vergi ödəyicisi tərəfindən təqdim edilmiş (14 018,89 manat) və vergi orqanı tərəfində kameral qaydada hesablanmış ƏDV bəyannamələrinə (28,9 manat) aid olmuşdur (14 144,56-14 018,89-28,9=96,77 manat).

2. xx.xx.2024 və xx.xx.2024-cü il tarixində ƏDV tədiyyəsi üzrə ödəniş məbləği (25 624,76 manat) vergi orqanı tərəfindən 2023-cü ilin 11-ci ayı üzrə hesablanmış kameral hesablamaya (30 371,02 manat) aid olmuşdur. Əlavə olaraq bildiririk ki, yuxarıda artıq ödəmə kimi qalmış 96,77 manat da qeyd olunan kameral hesablamaya aid olmuşdur. (30371,02-96,77-25624,76=4649,49 manat)

3. xx.xx.2024 və xx.xx.2024-cü il tarixindən sonra ƏDV tədiyyəsi üzrə 954,0 ödəniş məbləği vergi orqanı tərəfindən 2023-cü ilin 11-ci ayı üzrə hesablanmış kameral hesablamaya (4 649,49 manat) aid olmuşdur. Ödəniş aid olduqdan sonra qeyd oluanan kameral hesablamadan 3695,49 manat borc məbləği şəxsi hesab vərəqəsində qalmaqdadır. Göründüyü kimi, vergi orqanı iddiaçı tərəfindən silinməsi mübahisələndirilən məbləğin 2023-cü ilin noyabr ayı üzrə hesablanmış kameral hesablamaya (30371,02 manat) aid olduğunu etiraf etmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi verməklə həmin yoxlama nəticəsində qəbul edilmiş qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilən vergi borcu üzrə cavabdeh vergi orqanı tərəfindən “X2 Konsalting” MMC-nin ƏDV depozit hesabından xx.xx.2024-cü il tarixdə 21800.87 manat və xx.xx.2024-cü il tarixdə 3823.89 manat olmaqla, cəmi 25624.76 manat məbləğində pul vəsaitlərinin silinməsi vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasnın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları, gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Beləliklə məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı “X2 Konsalting” MMC-nin ƏDV depozit hesabından cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 21800.87 manat və xx.xx.2024-cü il tarixdə 3823.89 manat, cəmi 25624.76 (iyirmi beş min altı yüz iyirmi dörd manat yetmiş altı qəpik) manat məbləğində silinmiş pul vəsaitinin müəssisənin ƏDV depozit hesabına (və ya bank hesabına) geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar