Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1493/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X2 oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (“X4 LTD” MMC) “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu "xxxx" MMC ilə onun arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli, 371 saylı müqaviliyə əsasən xx.xx.2007ci ildən onun istifadəsində olan Bakı şəhəri, Xətai rayonu Süleyman Vəzirov küçəsində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 124.6 kv.m qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüququ tanınmaqla texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə “X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatında adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Süleyman Vəzirov küçəsində inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 124.6 kv.m qeyriyaşayış sahəsi 15 ildir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdeh imtinanın əsası kimi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 215 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibinin (sifarişçisi) “X4 LTD” MMC-nin göstərildiyini qeyd edtmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli, **********216200 nömrəli çıxarışında “X4 LTD” MMC-nin “X4 LTD” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Cavabdehin imtinası əsassızdır.
4. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 215 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) “X4 LTD” MMC göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli **********216200 nömrəli çıxarışında “X4 LTD” MMC-nin “X4 LTD” Mənzil Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünküyü
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
10. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
15. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 215 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) “X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli **********216200 nömrəli çıxarışında “X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin “X4 LTD” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddələrinə əsasən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
21. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli, 371 saylı bağlanmış müqaviləyə əsasən "xxxx" MMC (Podratçı) Bakı şəhəri, Xətai rayonu Süleyman Vəzirov küçəsində inşa etdiyi 115 saylı çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində V blokunda yerləşən 124.6 kv.m qeyri yaşayış sahəsini tikib İddiaçı (Sifarişçi) təhvil verilməsini və Sifarişçi öz növbəsində onun sifarişi ilə tikilən qeyri-yaşayış sahəsini qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşlər.
22. "xxxx" MMC-nin 1661 nömrəli, xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən, xx.xx.2007-ci il tarixli, 371 saylı müqavilə üzrə 97.790 (doxsan yeddi min yeddi yüz doxsan) manat "xxxx" MMC-yə ödəniş etmişdir.
23. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 27 sentyabr 2022-ci il tarixli məktubda qeyd edilir: "xxxx" MMC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən, hüquqi şəxs "xxxx" MMC-nin hal-hazırda fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir.
24. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla 215 saylı “2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”nin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan icazənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2019-cu il tarixindən Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 1157-ci məhəllə, 1 ədəd 5 girişli, zirzəmili, 16 mərtəbəli və 4 ədəd 2 girişli, zirzəmili, 16 mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. Eyni zamanda həmin məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu Süleyman Vəzirov küçəsində inşa edilmiş 115 saylı çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində V blokunda yerləşən 124.6 kv.m qeyri yaşayış sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
IV. Məhkəmənin mövqeyi
25. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 09 mart 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu Süleyman Vəzirov küçəsində yerləşən 115 saylı çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində V blokunda yerləşən ümumi sahəsi 124.6 kv.m təşkil edən qeyri yaşayış sahəsi müqavilədə nəzərdə tutulmuş şərtlərlə iddiaçıya satılmışdır. Qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir və qalıq borcu yoxdur. xx.xx.2019-cu il tarixli, 215 saylı “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”yə əsasən qeyd olunan yaşayış binasının istismarına icazə verilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir.
26. Göründüyü kimi, iddiaçı qeyri-yaşayış sahəsini "xxxx" MMC-dən əvəzini ödəməklə almış, onun həmin qeyri-yaşayış sahəsinə görə borcu yoxdur, qeyri-yaşayış sahəsinin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən mənzilin istismarına razılıq verilmişdir.
27. Məhkəmə qeyd edir ki, iddiaçının aldığı qeyri-yaşayış sahəsinin yerləşdiyi bina istismara qəbul edildiyi, aldığı qeyri-yaşayış sahəsinə görə borcu olmadığı üçün, bununla da iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası əsassız hesab edilməlidir.
28. İş materialları ilə mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisi zamanı bütün sənədlərdə tikintini sifariş edən, yəni sifarişçi qismində “X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərildiyi müəyyən edildiyindən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edən sənəddə - Tikinti obyektinin istismarına icazədə “X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin adının yazılması təbiidir.
29. Lakin məhkəmə qeyd edir ki, tikinti obyektinin istismarına icazədə sifarişçi qismində “X4 LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin adının yazılması "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləni şübhə altına almaq üçün əsas deyildir.
30. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir.
31. Həmin Qanunda MMC tərəfindən inşa edilmiş binada yaşayış və qeyri-yaşayış sahələrinə dair daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı (çıxarışın verilməsi) nəzərdə tutulmamışdır. Hazırkı işdə iddiaçı MMC tərəfindən inşa edilmiş binada yaşayış sahəsi əldə etmiş, yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisəni tənzimləyən normativ hüquqi akt olmadığından qanunun analogiyasından istifadə edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
33. Bu əsasdan məhkəmə hesab edir ki, hazırki işlə bağlı mübahisənin həllinə aşağıdakı normalar, eyni zamanda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsi tətbiq edilməlidir.
34. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
35. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.
37. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
38. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
39. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
40. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
41. Sadalanan əsaslardan hər hansı birinin olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır.
42. Göründüyü kimi, cavabdeh inzibati orqan hüquqların dövlət qeydiyyatından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 2 ünvanında inşa edilmiş 17 D saylı çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 124,6 kv.m olan qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva