Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1494/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarış verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən, iddaçının mülkiyyətində olan mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınması bu barədə texniki pasportun və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindan çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə mənzilin sahəsinə münasibətdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 16,7 kv.metr olan bir otaqlı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən bir otaqdan ibarət, yaşayış sahəsi 16.7 kv.metr olan 77 saylı mənzildə 30 oktyabr 1993-cü il tarixdən hal hazıra qədər ailə üzvlərilə yaşayır, kommunal xidmətlər haqqını, mənzil icarə haqqını vaxtı vaxtında ödəyir. Artıq 30 ilə yaxın bir müddətdirki mənzildə yaşayır, amma mənzili öz adına sənədləşdirə bilməmişdir. Mənzilin sənədləşdirilməsi ilə bağlı Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, lakin 21 aprel 2022-ci il tarixli 4/M-86-068 saylı məktubla yaşadığı mənzilin şəxsi hesab vərəqəsinin onun adına dəyişdirilməsindən və mənzil icarə müqaviləsinin iddiaçının adına bağlanmasından imtina cavabı verilmişdir. Bununla da iddiaçının konstitusion hüquqları kobud şəkildə pozulduğu hesab edilərək Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Nəsimi rayon Məhkəməsinin 2(006)-353/2023 saylı 22 fevral 2023-cü il tarixli Qətnaməsi ilə iddiası təmin edilmiş, Bakı şəhəri ünvan 3 ünvanında yerləşən 77 saylı mənzilə istifadə hüququ tanınmış, qətnamə qanunu qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi icra edilmiş və Daşınmaz Əmlak Dövlət Reyestrında 4152 nömrəli reyestr kitabının 387550 nömrəli vərəqdə qeydiyyata alınmışdır. Çıxarışda hüququ yüklü edilən şəxs olaraq “dövlət’' qeyd edilmiş və yüklülüyün növü olaraq “istifadə” qeyd edilmişdir, lakin qətnamədə qeyd edildiyi kimi iddiaçı mübahisəli mənzildə 30 ildən artıqdır ki, yaşayır və artıq mülkiyət hüququ əldə etmişdir. Mənzilin xüsusi mülkiyyətə verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin,xx.xx.2023ci il tarixli məktubla ərizəsinə imtina cavabı verilmiş, bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı hesab edir ki, cavabdehin qeyd edilən səbəblərdən müraciətinə imtina etməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki yaşayış sahəsi 16,7 kv.m, ümumi sahəsi isə 28,5 kv.m-dir, beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Məlumat üçün bildirilir ki, ünvan 4 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqları ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2023-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********23 saylı, xx.xx.2023-cü il tarixli cavab ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində və iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. -65 saylı MKİS-nin İddiaçı adına açılmış 0350 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 18A ünvanında yerləşən 77 saylı mənzilin yaşayış sahəsi 16,7 kv.m, ümumi sahəsi 28,20 kv.m-dir. Şəxsi hesab vərəqəsinin yaşayış haqqında məlumat bölməsindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdən qeydiyyatdadır və yaşayır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. -ünvan 5 Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 153 №-li arayışın surətindən görünür ki, X2 H.Seyidzadə (Cəbiyev) küçəsi, ev 18A saylı evin 77 nömrəli mənzilinin icarədarı olmuş və 1993-cü ildə qeydiyyatdan çıxmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 18A ünvanda yerləşən 77 saylı mənzil üzərində istifadə hüququ qeydiyyata alınmışdır. Mənzilin texniki pasportu tərtib edilmişdir. Müvafiq sorğu ilə cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 18A ünvanda yerləşən 77 saylı mənzilin arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 64 №-li Sərəncamı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-353/2023 №-li qətnaməsinə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.2-ci və 81.2-ci maddələrinə əsasən Nəsimi rayonu, H.Seyidzadə küçəsi 18 a №-li evin 1 otaqlı yaşayış sahəsi 16, 7 kv.m olan 77 №-li mənzilinin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi müəyyən edilmişdir. -Bakı şəhər X3 İcraiyyə Komitəsinin 201523 nömrəli, xx.xx.1983-cü il tarixli orderi ilə Bakı şəhəri, Cəbiyev küçəsi, ev 18 A, blok 6, 1-ci mərtəbə, 1 otaqlı, 16,7 kv.m sahəsi olan 77 nömrəli mənzil X1 verilmişdir. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəmənin sorğusu əsasında aşağıdakı sənədlər təqdim edilmişdir: -Bakı şəhər Nəsimi Məhkəməsinin 2(006)-353/202023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilərək, İddiaçı Bakı şəhəri ünvan 6 ünvanda yerləşən 77 saylı mənzildən istifadə hüququnun tanınması qət edilmişdir. -ünvan 5 Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 137 №-li arayışdan görünür ki, X2 ünvan 7 ünvanda yerləşən 77 saylı mənzildə yaşamış, məlum hadisələrlə bağlı 1993-cü ildən başqa yerə köçməklə qeydiyyatdan çıxmışdır. -İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydə alınan ərizənin surətindən görünür ki, iddiaçı Nəsimi rayon İcra Hakimiyyətinə müraicət edərək Nəsimi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən qeydiyyatda olduğu ünvan 8 ünvanda yerləşən 77 saylı mənzilinə dair onunla icarə müqaviləsinin bağlanılmasına sərəncam verilməsini xahiş etmişdir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilən 19 yanvar 2024-cü il tarixli cavab məktubunda Nəsimi Rayon İcra Hakimiyyətinin 64 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamına, Bakı şəhər XDS İK-nın 201523 nömrəli xx.xx.1983-cü il tarixli orderinə və ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 18A, mənzil 77-in İddiaçı adına istifadə hüququ ilə qeydiyyata alındığı və hazırda istifadəsində olduğu bildirilmiş və yuxarıda istinad olunan sənədlərin təsdiq edilmiş surəti qoşma olaraq mətuba əlavə edilmişdr. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi 2009-cu il oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının 77 saylı mənzilə dair təqdim etdiyi sənədlər qeyd olunan Qanunun 8.0.11-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi 18 A saylı evin 77 nömrəli mənzilinin icarədarı 1993-cü ildə qeydiyyatdan çıxmış, həmin mənzilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-353/2023 №-li qətnaməsi ilə İddiaçı istifadə hüquqları tanınmış və onunla həmin mənzilə dair icarə müqaviləsinin bağlanılması qət edilmişdir. İstinad olunan qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilin icarədarı 1993-cü ildə mənzili tərk etdikdən sonra balanssaxlayıcı Nəsimi MKTB-nin razılığı ilə mənzilə köçərək yaşamışdır. Qeyd olunan məhkəmə qətnaməsi ilə iddiaçının mübahisə predmeti olan mənzilə 1993-cü ildən istifadə hüququ əldə etməsi müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 64 nömrəli sərəncamına əsasən iddiaçı ilə mənzilə dair icarə müqaviləsi bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan mənzilə dair hüquqlarının 1993-cü ildən yarandığı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən işə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Bu mənada, Bakı şəhər Nəsimi RİHB-nın sərəncamı xx.xx.2009-cu il tarixdən sonrakı tarixdə (xx.xx.2023-cü il) verilmiş olsa belə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununun müddəaları tətbiq edilməklə iddiaçının mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri baxımından dövlət qeydiyyatına alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən hazırkı tələb üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ vardır. Məhkəmə qeyd olunanları, o cümlədən qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 18A, mənzil 77 üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün “qanuni gözləntisi” vardır. Bu baxımdan, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 16,7 kv.metr olan bir otaqlı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1494/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1494/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver