Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14941/2025 04.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Səbail rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər - X8, X5, X17, X9, X15 və X13 “yaşayış sahəsindən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdeh Səbail rayon Polis İdarəsinə qarşı (X8 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsindən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 4 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş reyestr nömrəsi **********54-10301 olan çıxarışa əsasən 1 otaq – 17.6 kv.m. X3, 1 otaq – 14.7 kv.m. X6, 2 otaq – 54,2 kv.m. X17 2 otaq – 46.7 kv.m. İddiaçı (bundan sonra – iddiaçı) paylı mülkiyyətindədir. Daxili İşlər Nazirliyinin "Yaşayış yeri üzrə qeydiyyat haqqında" xx.xx.2025-ci il tarixli, ******* №-li arayışına əsasən X9, X15 və X13 həmin fərdi yaşayış evində qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərdən X9, X15 və X7 həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçının əsaslandırması: İddiaçı cavabdeh Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən istifadəsində olan mənzildə üçüncü şəxslər X9, X22 və X7 qeydiyyat ünvanında qeydlərinin ləvğ edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbinin həcmi artırılmışdır) İddia tələbi onunla əsaslandırılmışdır ki, X9, X15 və X13 həmin evdə yaşamırlar və onlarla heç qohumluq əlaqələri yoxdur. Onlarının iddiaçının evində qeydiyyatda olmaları iddiaçının hüquqlarını pozur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Üçüncü şəxs X17 məhkəmə iclasında verdiyi izahatda iddia tələbinə etiraz etmədiyini bildirdi. Digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə hərhansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış paylı mülkiyyətçisidir və üçüncü şəxslərdən X9, X15 və X13 həmin mənzildə pasport qeydiyyatındadırlar. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı üçüncü şəxslərdən X9, X15 və X7 həmin fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmasına yönəlmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslərdən X9, X15 və X13 faktiki yaşamadığları paylı mülkiyyət hüquqi ilə iddiaçı və X8, X5, X11 məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar. Belə ki, iş materealarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə fərdi yaşayış evinin paylı müliyyətçiləri olan üçüncü şəxslərdən X5, X18 və digərləri tərəfindən tərtib edilmiş akta əsasən, üçüncü şəxslərdən X9, X15 və X13 uzun müddətdir ki sözügedən fərdi yaşayış evində yaşamırlar və harda yaşamaları barədə heç bir məlumaları yoxdur. Aktın doğruluğu 46 saylı MKİS-nin rəisi, fərdi yaşayış evinin qonşuları və paylı mülkiyyətçiləri olan üçüncü şəxslərdən X5 və X10 imzaları ilə təsdiqlənmişdir. Üçüncü şəxslərin sözügedən ünvanda yaşamamaları barədə akt fərdi yaşayış evinin paylı mülkiyyətçiləri olan üçüncü şəxslərdən X5 və X10 imzaları təsdiqləndiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi üçüncü şəxslərdən X5 və X12 iradələrinə uyğun olmuşdur. Həmçinin məhkəmə sorğusu əsasında Mənzil-Kommunal Təsərrüafatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS tərəfindən tərtib edilmiş 111 nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən, sözügedən fərdi yaşayış evində iddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Üçüncü şəxslərdən X9, X15 və X1 fərdi yaşayış evində yaşamırlar. Məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsi, 39B saylı fərdi yaşayış evinin 2 otaq - 46.7 kv.m. hissəsi İddiaçı; 1 otaq -17.6 kv.m hissəsi X3; 2 otaq - 54.2 kv.m. hissəsi X10; 1 otaq - 14.7 kv.m. hissəsi X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 4-cü hissəsinə görə, şəxs öldükdə öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, üçüncü şəxslərdən X9, X15 və X7 mübahisəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətçi kimi onapaylı mülkiyyət hüququ əsasında məxsus olan mənzildən yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. İddiaçının bu hüququ Mülki Məcəllənin 157.4-cü maddəsindən irəli gəlir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Konkret bu halda, “qanunun keyfiyyəti” ilə bağlı məsələdən söz edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcə də müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Beləliklə, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Göstərilənləri nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması həmin qanunvericilik tənzimləməsinin hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyinə dəlalət edir. Bu halda, “qanunun keyfiyyəti” ilə bağlı həmin qüsur məhkəmə təcrübəsində formalaşdırılan təfsir vasitəsilə aradan qaldırılmalıdır. Bu mənada, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər. Yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılması məsələsinə, həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır. Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Bu mənada, mülkiyyətçinin bunu istəmədiyinə baxmayaraq ona məxsus yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxsləri bu sahədə müvafiq təkmil qanunvericilik tənzimləməsi olmadığına görə qeydiyyatdan çıxara bilməməsi onun mülkiyyət hüququna edilən müdaxilənin ağlabatan və ədalətli tarazlıq həddini keçməsinə səbəb olur. Artıq yuxarıda şərh olunduğu kimi məhkəmə belə qənaətə gəlmişdir ki, bu məsələdə qüvvədə olan qanunvericilik “qanunun keyfiyyəti” ilə bağlı hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermir. Odur ki, yetərsiz qanunvericilik tənzimləmələrindən irəli gələn problemin yükünün mülkiyyətçinin üzərinə qoyulması onun hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil etmiş olardı. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qeydiyyatdan çıxarılan şəxslərin bu halda, qeydiyyatda qalmağa dair hər hansı əsaslı mənafeləri də müəyyən olunmur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən X9, X15 və X7 pasport qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-14941/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14941/2025
04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver