Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14945/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil İnstitutuna qarşı qərarın ləğv edilməsi və xx.xx.2025-ci il tarixdə keçirilən mərkəzləşdirilmiş imtahan nəticələrinin tanınması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2025-ci il tarixdə lisey və gimnaziyalara qəbul üzrə keçirilmiş mərkəzləşdirilmiş imtahanda iştirak etmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh Azərbaycan Respublikası Təhsil İnstitutu (bundan sonra cavabdeh) tərəfindən imtina cavabı verilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, “Lisey və gimnaziyalara qəbul üzrə keçirilmiş mərkəzləşdirilmiş imtahanın nəticələrinin təhlili zamanı müəyyən edilmiş uyğunsuzluqlar əsasında iddiaçı əlavə araşdırmaya cəlb olunmuş və bu araşdırmanın nəticəsi olaraq təkrar qiymətləndirmə aparılmışdır. Təkrar qiymətləndirmə zamanı komissiya tərəfindən əsas imtahanda təqdim olunan suallarla eyni və ya oxşar səviyyədə bilik və səriştələri ölçən tapşırıqlar təqdim edilmişdir. Əsas imtahanda 45 suala düzgün cavab verərək mümkün 50 baldan 50 bal toplayan şagird, təkrar qiymətləndirmə zamanı 10 sualdan yalnız 3 suala düzgün cavab verərək 30% nəticə göstərmişdir. Təqdim olunan 10 sualdan 3-ü imtahan zamanı şagirdin cavab kitabçasında yer alan, yəni əvvəlki mərhələdə doğru cavab verdiyi sualların analoqları olmuşdur. Buna baxmayaraq, şagird həmin sualların da yalnız 1-ini doğru cavablandırıb. Təkrar qiymətləndirmənin nəticələri, əsas imtahanla müqayisədə ciddi fərq təşkil etdiyindən, bu vəziyyət komissiya tərəfindən əhəmiyyətli uyğunsuzluq kimi dəyərləndirilmiş və iddiaçının imtahan nəticəsinin ləğv olunmasına qərar verilmişdir. Qərar, qəbul prosesinin şəffaflığını, obyektivliyini və digər iştirakçıların hüquqlarının qorunmasını təmin etmək məqsədilə qəbul edilmişdir.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində cavabdeh qurum Azərbaycan Respublikasının Təhsil İnstitutunun imtahanın nəticələrinin ləğv edilməsi barədə qəbul etdiyi qərarın ləğv edilməsi və xx.xx.2025-ci il tarixdə lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş imtahanda İddiaçı nəticələrinin tanınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 204 saylı orta məktəbin 4 sinif şagirdidir. Hər il ölkədə lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanlar keçirilir. 2025ci ildə keçirilən imtahanda iştirak üçün müvafiq qaydada müraciət etmişlər və imtahana buraxılış vərəqəsi əldə etmişdir. Nəticədə, övladı xx.xx.2025-ci il tarixdə lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş imtahanda iştirak etmiş və mümkün nəticəsi 50 balla qiymətləndirilmişdir. Lakin, imtahan cavabları elan olunduqdan sonra, 11 iyul 2025-ci il tarixində onlarla əlaqə saxlanılmış və imtahan nəticələrinin təhlili zamanı uyğunsuzluq aşkar olunduğunu bildirərək, övladının yenidən təkrar imtahana cəlb edilməsi bildirilmişdir. Daha sonra övladı yenidən imtahana məruz qalmış və guya ona təqdim edilən analoji suallar üzrə 30% nəticə göstərmişdir. Təkrar qiymətləndirmənin nəticəsi əsas imtahanla müqayisədə ciddi fərq təşkil etdiyindən, bu vəziyyət komissiya tərəfindən əhəmiyyətli uyğunsuzluq kimi qiymətləndirilmiş və övladının imtahan nəticəsinin ləğv edilməsinə qərar verilib. Qərarın ləğv edilməsi və məlumat almaq üçün cavabdeh quruma müraciət etsə də, onlardan aldığı xx.xx.2025-ci il tarixli cavab məktubunda yuxarıdakı xüsusatlar formal olaraq göstərilmiş, hətta bu qərarın qəbul prosesinin şəffaflığı, obyektivliyi və digər iştirakçıların hüquqlarının qorunması baxımından qəbul edilməsini bildirmişlər. Hesab edir ki, inzibati orqan tərəfindən qəbul edilmiş olan bu qərar qanunsuz və övladı barəsində əlverişsiz akt olduğundan ləğv edilməli və imtahan nəticələri bərpa olunmalıdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 270 nömrəli Qərarının 5.1.4 və 6.1.5-ci bəndlərinə əsasən lisey və gimnaziyalara istedadlı şagirdlərin qəbulu müsabiqə yolu ilə müəyyənləşdirilərək həyata keçirilir. Eyni zamanda, təhsil prosesinin səmərəli planlaşdırılması və tədrisin keyfiyyətinin idarə olunmasının daha effektiv həyata keçirilməsi məqsədilə qəbul meyarlarının mərhələli, sistemli və vahid şəkildə tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bildirilir ki, lisey və gimnaziyalara qəbul prosesi mövcud normativ-hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İmtahan nəticələrinin təhlili zamanı aşkar edilən uyğunsuzluqlar əsasında müvafiq komissiya yaradılmış və yalnız şübhəli nəticələr göstərən şagirdlər əlavə qiymətləndirməyə cəlb olunmuşdur. Bu, inzibati icraat qanunun 24-cü maddəsində nəzərdə tutulan obyektivlik prinsiplərinə tam uyğun şəkildə aparılmışdır. Qeyd edilir ki, aşkarlanmış uyğunsuzluqlar barədə məlumat ictimaiyyətə və vətəndaşlara dəfələrlə rəsmi şəkildə təqdim edilmiş, komissiyanın qərarları müvafiq qaydada elan olunmuşdur. Vətəndaşların şagirdlərin yazılı işləri ilə tanış olmuş, əlavə izahatlar onlara təqdim edilmişdir. Əlavə qiymətləndirmə yalnız nəticələrində ciddi uyğunsuzluq və ya şübhə doğuran şagirdlərə şamil edilmişdir. Bu, həm hüquqi baxımdan, həm də təşkilati baxımdan əsaslandırılmış addımdır. Belə ki, aparılan təhlillər nəticəsində bütün iştirakçıların təkrar qiymətləndirilməsi nəzərdə tutulmamış və məqsədəuyğun hesab edilməmişdir. Bildirilir ki, qəbul prosesində şagirdlərin hüquqlarının pozulması halı mövcud deyildir və təqdim olunan iradlar hüquqi baxımdan əsaslı hesab edilmir. Nəticələrin təhlili zamanı aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və obyektivliyin təmin olunması məqsədilə komissiya yaradılmışdır. Komissiyanın qərarı əsasında nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlər əlavə komissiya iclasına dəvət olunmuş və yazılı qiymətləndirmədə iştirak etmişlər. 27 iyun tarixində keçirilmiş imtahanda 45 sualdan 45-ni düzgün cavablandırmış şagird İddiaçı əlavə qiymətləndirmə zamanı əsas imtahanla eyni və ya oxşar məzmunlu 10 sualdan yalnız 3-nə düzgün cavab vermişdir. Komissiyanın qərarına əsasən, yalnız 10 sualdan minimum 5-ni düzgün cavablandıran şagirdlərin nəticələrinin bərpası nəzərdə tutulmuşdur. Bu barədə müvafiq məlumat qiymətləndirmə aparılmamışdan öncə vətəndaşlara çatdırılmışdır. Nəticə etibarilə, qeyd edilən şagirdin göstərdiyi 30%-lik nəticə imtahan balının bərpa edilməsi üçün kifayət hesab edilməmişdir. Əlavə olaraq, nəticələri ləğv edilən bütün şagirdlərin dəsti-xətti ilə yazılmış qiymətləndirmə vərəqlərinin surətləri müvafiq qaydada müraciət etmiş vətəndaşlara təqdim olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli inzibati akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlar haqqında xx.xx.2025-ci il tarixli 03 nömrəli qərarın ona aid hissədə ləğv edilməsi və xx.xx.2025-ci il tarixdə lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş imtahanda İddiaçı nəticələrinin tanınmasına nail olmaqdan ibarətdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən AZEMİS Elektron Məhkəmə sistemi vasitəsi ilə göndərilmiş inzibati icraat materiallarından görünür ki: - Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada qəbul barədə Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin Əmrinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) 2025/2026-cı tədris ili üzrə lisey və gimnaziyaların V-Vİİİ siniflərinə şagird qəbulunu mərkəzləşdirilmiş qaydada təşkil edilən imtahan əsasında həyata keçirilməsi qeyd edilmişdir. - Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini tərəfindən Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyevə ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada qəbul barədə” 5 iyun 2025-ci il tarixli 3-29/3-2-366F/2025 qeydiyyat nömrəli əmrinin 1 və 3-cü bəndinin tələblərindən irəli gələn vəzifələri icrasının təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 25, 26, 27 iyun 2025-ci il tarixlərində lisey və gimnaziyaların V, Vİ, Vİİ və Vİİİ siniflərinə qəbul imtahanları mərkəzləşdirilmiş qaydada təşkil edilmişdir. Bildiririk ki, İmtahan prosesi zamanı bir sıra imtahan mərkəzlərində bəzi şagirdlərin üzərində imtahanın doğru cavablarının aşkarlanması faktı qeydə alınmışdır. Həmçinin, imtahan nəticələrinin təhlili göstərir ki, əvvəlki illərlə müqayisədə yüksək nəticə göstərən şagirdlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunmuşdur. Bəzi iştirakçılarda hazır cavabların aşkar edilməsi və nəticələrin kəskin artımı imtahan sual kitabçalarının imtahandan əvvəl müəyyən şəxslər tərəfindən əldə olunmasına əsaslı şübhələr yaradır. Qeyd olunan halları nəzərə alaraq, qəbul prosesindəki nöqsanların hərtərəfli araşdırılması, obyektivliyin və ədalətliliyin təmin edilməsi məqsədilə xüsusi komissiyanın (siyahı əlavə olunur) yaradılmasınını məqsədəuyğun hesab edirik. - Komissiyanın yaradılması barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun xx.xx.2025-ci il tarixli Əmrinə əsasən: 1.Qəbul imtahanında baş vermiş nöqsanların araşdırılması məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılsın: sədr Fuad Qarayev -Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini; üzvlər: İbrahim Baxışlı - Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin direktoru Tural Alışov - Xüsusi istedadlı uşaqlarla iş mərkəzinin Xususı istedadlı şagirdlərlə işin təşkili şöbəsinin müdiri; Elsevər Vəliyev - Xüsusi istedadlı uşaqlarla iş mərkəzinin Xüsusi istedadlı şagirdlərlə işin təşkili şöbəsinin baş mütəxəssisi, Qorxmaz Mustafayev - Xüsusi istedadlı uşaqlarla iş mərkəzinin Xüsusi istedadlı şagirdlərlə ışın təşkili şöbəsinin baş mütəxəssisi; İsmət Ağayev - Xüsusi istedadlı uşaqlarla ış mərkəzinin Xüsusi istedadlı şagirdlərlə ışın təşkili şöbəsinin mütəxəssisi: Elnarə Mustafayeva - Xüsusi istedadlı uşaqlarla iş mərkəzinin Məzmun və qiymətləndirmə şöbəsinin mütəxəssisi
2. Komissiyaya tapşırılsın ki, baş vermiş neqativ halı araşdırsın, araşdırmanın nəticələrini təhlil etsin, obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə zəruri tədbirlər görsün. - Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlar haqqında Komissiyanın xx.xx.2025-ci il tarixli 02 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 25, 26, 27 iyun 2025-ci il tarixlərində lisey və gimnaziyaların V, Vİ, Vİİ və Vİİİ siniflərinə mərkəzləşdirilmiş qaydada təşkil olunmuş qəbul imtahanları zamanı aşkarlanan qanunauyğunsuzluq hallarının araşdırılması, obyektivliyin təmin edilməsi məqsədilə qərara alınmışdır: 1.25-27 iyun 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçirilmiş imtahanlarda şagirdlərin əldə etdikləri nəticələr onların tədris ili ərzində göstərdikləri digər akademik nailiyyətlərlə müqayisə olunaraq əhatəli şəkildə təhlil edilsin.
2. Nəticələrində ciddi uyğunsuzluq və əsaslı şübhələr aşkar edilmiş şagirdlərin 14- 18 iyul 2025-ci il tarixlərində komissiya ilə görüşləri və şagirdlərin yenidən qiymətləndirməsi təşkil edilsin; 2.1. yenidən qiymətləndirmənin keçirilməsi üçün qəbul imtahanında şagirdlərə təqdim edilmiş tapşırıqların səviyyəsinə uyğun yeni açıq tipli tapşırıqlar tərtib edilsin. İlk üç sual qəbul imtahanında şagirdə təqdim olunan sualların məzmununa kiçik dəyişiklik edilərək eynilik təşkil etsin. 2.2. yazı işlərinin yoxlanılması zamanı yekun doğru cavabla yanaşı, mexaniki xətalar da qiymətləndirilsin; 2.3. yazı işlərinin nəticələri təhlil edilərkən ilkin nəticələri ilə kəskin fərqlənməyən şagirdlərin qəbul imtahanı nəticələri bərpa edilsin və lisey seçimi prosesinə buraxılsın; 2.4. yazı işlərinin nəticələri ilə ilkin nəticələri arasında ciddi uyğunsuzluq yaranan şagirdlərin qəbul imtahanı nəticələri ləğv edilsin və lisey seçimi prosesinə buraxılmasın. - Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlar haqqında xx.xx.2025-ci il tarixli 03 nömrəli Qərara əsasən: Azərbaycan Respublikasının Təhsil institutu tərəfindən 25-27 iyun 2025-ci il tarixlərində lisey və gimnaziyaların V, Vİ, Vİİ və Vİİİ siniflərinə mərkəzləşdirilmiş qaydada təşkil olunmuş qəbul imtahanları zamanı aşkarlanan qanunauyğunsuzluq hallarının araşdırılması, obyektivliyin təmin edilməsi məqsədilə komissiya qəbul imtahanının nəticəsini əvvəlki illərin nəticələri ilə müqayisəli təhlil etmiş, eləcədə, yüksək nəticə göstərmiş şagirdlərin digər akademik nəticələri araşdırılmışdır. Təhlil yekunlarına əsasən 361 nəfər şagirdin imtahan nəticələrində uyğunsuzluq aşkar edilmiş və komissiyaya dəvət edilmişlər. 14-18 iyul 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitututunun Təhsil Texnologiyaları Mərkəzində komissiya təşkil edilmişdir. Komissiya görüşündə valideynlərlə söhbət aparılmış, daha sonra şagirdlər yenidən qiymətləndirməyə cəlb olunmuşdur. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilmişdir. Tapşırıqları yerinə yetirmək üçün şagirdlərə 25 dəqiqə zaman ayrılmışdır. Bütün qiymətləndirmə prosesi bitdikdən sonra şagirdlərin yazı işləri yoxlanmış və dəyərləndirmə aparılmışdır.
1. Qəbul imtahanı nəticəsi ilə təkrar yoxlama nəticələrində ciddi uyğunsuzluq qeydə alınmış şagirdlərin nəticələri ləğv edilsin və onlar lisey seçimi mərhələsinə buraxılmasın.
2. Qəbul imtahanı nəticəsi ilə təkrar yoxlama nəticələri kəskin fərqlənməyən şagirdlərin nəticələri bərpa edilsin. - Komissiya qərarı ilə imtahan nəticələri ləğv olunan şagirdlərin siyahısında İddiaçı adı qeyd edilmişdir. Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məktubda bildirmişdir ki, İmtahan nəticələrinin təhlili zamanı aşkar edilən uyğunsuzluqlar əsasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayevin təqdimatı ilə ARTİ-nin direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyevin əmrinə uyğun olaraq müvafiq komissiya yaradılmışdır. Komissiyanın qərarına əsasən nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlər əlavə qiymətləndirməyə cəlb olunmuşdur. Əlavə qiymətləndirmə prosesi aşağıdakı qaydalar əsasında həyata keçirilmişdir: • V sinfə qəbul üçün müraciət edən şagirdlərə 10 ədəd yazılı cavab tələb edən sual təqdim edilmişdir; • Suallardan 3-nün sual kitabçasında yer alan suallarla eyni və ya oxşar olması nəzərə alınmaqla, şagirdlərə 10 sualı cavablandırmaq üçün 25 dəqiqə vaxt verilmişdir; • Yenidən qiymətləndirmə mərhələsində hər bir sualın maksimum balı 1 bal olaraq müəyyən edilmişdir; • Cavabın üsul baxımından düzgün, lakin mexaniki və ya texniki xətalarla müşayiət olunduğu hallarda 0,5 bal ilə qiymətləndirilmişdir; • Cavabın tamamilə səhv və ya mövzudan kənar olduğu hallarda isə 0 bal verilmişdir. • Mexaniki səhvlər nəzərə alınmaqla, 10 sualdan ən azı 5-nə düzgün cavab verən şagirdlərin ilkin imtahan nəticələri bərpa edilmişdir; • 4 və daha aşağı nəticə göstərən şagirdlərin imtahan nəticələri ləğv edilmişdir.
2. Qəbul imtahanında ən yüksək nəticə göstərmiş şagirdlərə əlavə mərhələdə onların əldə etdikləri nəticələrin riyazi bilik və bacarıqları ilə uyğunluğunu müəyyənləşdirmək məqsədilə riyazi təfəkkürü ölçən suallar təqdim edilmişdir. Təqdim olunan sualların məzmunu əsas qəbul imtahanında verilən tapşırıqlarla tam uyğunluq təşkil etmiş, məktəb proqramına əsaslanmış və şagirdlərin riyazi təfəkkürünü, məntiqi düşünmə və problem həll etmə bacarıqlarını ölçməyə yönəlmişdir. Şagird İddiaçı əlavə qiymətləndirmə mərhələsində təqdim olunmuş suallara verdiyi cavablar, həmçinin həmin sualların düzgün cavabları aşağıda ətraflı şəkildə təqdim olunur.
3. Şagird İddiaçı əsas imtahanda bütün sualları doğru cavablandırsa da, əlavə qiymətləndirmə zamanı suallardan yalnız 3-nü doğru cavablandırmışdır. Əlavə qiymətləndirmə mərhələsində təqdim olunmuş suallara şagirdin verdiyi cavablar, həmçinin həmin sualların düzgün cavabları aşağıda ətraflı şəkildə təqdim olunmuşdur: 1-ci sual : doğru cavab : 57 Şagirdin cavabı : 53 qazandığı bal : 0 2-ci sual : doğru cavab : 108 Şagirdin cavabı : qazandığı bal : 0 3-cü sual : doğru cavab : 2 Şagirdin cavabı : 2 qazandığı bal : 1 4-cü sual : doğru cavab : 24 Şagirdin cavabı : 24 qazandığı bal : 1 5-ci sual : doğru cavab : 60 Şagirdin cavabı : 18 qazandığı bal : 0 6-cı sual : doğru cavab : 52064 Şagirdin cavabı : 62270 qazandığı bal : 0 7-ci sual : doğru cavab : 92876 Şagirdin cavabı : qazandığı bal : 0 8-ci sual : doğru cavab : 72 Şagirdin cavabı : 60 qazandığı bal : 0 9-cu sual : doğru cavab : 88531 Şagirdin cavabı : 88531 qazandığı bal : 1 10-cu sual : doğru cavab : 996857 Şagirdin cavabı : 987659 qazandığı bal : 0 Yekun bal:3 4.Əlavə qiymətləndirmə mərhələsində təqdim edilmiş suallardan ilk üçü əsas imtahan sualları ilə məzmun və struktur baxımından eyni və ya oxşar olan analoq suallar olmuşdur. Cavab formatı müəyyən qədər fərqli olsa da, təqdim edilmiş anoloq suallarda yalnız rəqəmlər və ya konkret məlumatlar dəyişdirilmiş, sualların məzmunu və struktur quruluşu əsas imtahan sualları ilə tam eyni saxlanılmışdır. Bu yanaşma şagirdlərin eyni bilik və bacarıqları eyni səviyyədə nümayiş etdirməsinə imkan vermək məqsədi daşıyır. Şagird imtahanda bu sualların hər birini doğru cavablandırmağına baxmayaraq, əlavə qiymətləndirmə zamanı anoloq suallardan yalnız birini doğru cavablandırmışdır. Cavabdeh tərəfindən iddiaçının iştirak etdiyi imtahanın sualları və əlavə qiymətləndirmə zamanı verilən suallar və iddiaçının həmin suallara verdiyi cavabları məhkəməyə göndərilmişdir. Göründüyü kimi, iddiaçı əlavə qiymətləndirmə mərhələsində təqdim olunmuş 10 sualdan yalnız 3 suala (5 sualdan az) doğru cavab verməklə lisey seçimi prosesinə buraxılmaq hüququ qazanmamışdır. Məhkəmə qeyd edilən materialları araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqan səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirmiş, mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yol verilməmişdir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.2. ümumi təhsil müəssisəsi – ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsi; 1.0.3. ümumi orta təhsil – ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; ... 1.0.5. ümumi təhsil pilləsinin səviyyələri – ümumi təhsil pilləsini təşkil edən və varislik əsasında hər biri üzrə müvafiq tədris proqramlarının həyata keçirildiyi ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”: 1.1. Bu Meyarlar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 12.15-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil müəssisələrinin növlərinə dair tələbləri müəyyən edir. 1.2. Ümumi təhsil müəssisəsinin Meyarları Qanunun 12.14-cü maddəsinə uyğun olaraq ümumi təhsil müəssisəsinin növünün müəyyən edilməsi və bir növdən digərinə keçirilməsi barədə qərar qəbul edilən zaman nəzərə alınan tələblərdir. 1.3. Bu Meyarlar əsasında ümumi təhsil müəssisələri qanunla müəyyən edilən aşağıdakı ümumi təhsil müəssisələrinin növlərinə aid edilir: 1.3.1. ibtidai ümumtəhsil məktəbi; 1.3.2. ümumi orta ümumtəhsil məktəbi; 1.3.3. tam orta ümumtəhsil məktəbi; 1.3.4. lisey; 1.3.5. gimnaziya; … 5.1. Lisey üzrə meyarlar aşağıdakılardır: 5.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi; 5.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili; 5.1.3. müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi; 5.1.4. istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi; 5.1.5. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların liseyə müsabiqədənkənar qəbul edilməsi; 5.1.6. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması; 5.1.7. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi; 5.1.8. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi. 6.1. Gimnaziya üzrə meyarlar aşağıdakılardır: 6.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi (incəsənət və idman-şahmat yönümlü gimnaziyalar istisna olmaqla); 6.1.2. incəsənət və idman-şahmat yönümlü gimnaziyalarda ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi; 6.1.3. tədrisin dövlət standartları və proqramları əsasında təşkili; 6.1.4. müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi; 6.1.5. əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək gimnaziyaya qəbul edilməsi; 6.1.6. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların gimnaziyaya müsabiqədənkənar qəbul edilməsi; 6.1.7. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması; 6.1.8. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi; 6.1.9. ştat sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, cavabdeh iddiaçıya münasibətdə mübahisələndirilən qərarı qəbul edərkən qanunauyğun davranış sərgiləmiş, iddiaçıya münasibətdə qanun pozuntusuna yol verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in: 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva