Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1495/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və təqaüdün bərpası” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya ödənilən müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünün dayandırılmasına və qanuni ödənilmiş vəsaitin geri qaytarılması üçün əsas olmuş 28 mart 2024-cü il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddiaçıya müharibə veteranı kimi ödənilən Prezident təqaüdünün bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-2007-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu, o cümlədən Respublika Hərbi Prokurorluq sistemində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Respublika Hərbi Prokurorluğunda işlədiyi 1992- 1993-cü illərdə 1-ci Qarabağ müharibəsi zamanı xidməti vəzifə ilə əlaqədar döyüş bölgələrinə dəfələrlə ezam olunmuşdur. Bu faktlar müvafiq əmrlərlə rəsmiləşdirilmiş və mübahisə predmeti deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə müharibə veteranı adı verilməsinin əsaslarından biri kimi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Hərbi prokurorluqda işləyərkən döyüş bölgələrində ezamiyyətdə olduğuna görə (1992- 1993-cü illərdə) Baş Prokurorluğun müvafiq komissiyasının rəyinə əsasən iddiaçıya 2002ci ildə müharibə veteranı vəsiqəsi vermişdir. Həmin komissiyanın rəyi tam əsaslı və qanunudur. Həmin vəsiqəyə əsasən cavabdeh DSMF iddiaçının müharibə veteranı hüquqlarını tanımış, 01 aprel 2019-cu il tarixli qərarı ilə ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünü təyin etmiş və 29 fevral 2024-cü il tarixədək ayda 80 manat təqaüd ödənilmişdir. X5 03 və 05 aprel 2024-cü il tarixli məktubları ilə bildirilmişdir ki, Filialın 28 mart 2024-cü il tarixli qərarına əsasən 2002-ci il tarixli Müharibə veteranı vəsiqəsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdü kimi ödənilmiş 4720 manat vəsait artıq ödəmə kimi qiymətləndirilmiş və həmin məbləğin geri qaytarılması tələb olunmuşdur. Təyin olunmuş təqaüdün dayandırılmasına əsas kimi göstərilmiş 28 mart 2024- cü il tarixli qərarın əldə edilməsi üçün 25 aprel tarixli məktubla Fonda müraciət etsə də ( qəbulda olsa da) Mərkəz Filialı həmin qərarın surətini iddiaçıya təqdim etməkdən imtina etmiş, barəsində olan və hüquqlarını kobud şəkildə pozan həmin qərarı “daxili qərar” hesab etmiş, 10 may 2024-cü il tarixli məktubla isə qərarın surətini təqdim etməkdən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında ona xx.xx.2019-cü ildən ödənilən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Buna əsas kimi göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı və müvafiq vəsiqəsi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məktublarda həmçinin göstərilmişdir ki, ona müharibə veteranı vəsiqəsi Müdafiə Nazirliyi tərəfindən verilməli olduğu halda Baş Prokurorluq tərəfindən verilmişdir. Məktublarda həmçinin göstərilmişdir ki, xx.xx.2019-cü il tarixindən xx.xx.2024-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan təqaüd üzrə artıq ödəmə müəyyən edilmişdir. Eyni zamanda cavabeh inzibati orqan 05 aprel 2024-cü il tarixli məktubla ona müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının xx.xx.2024-cü il tarixli qərarına əsasən, xx.xx.2019-cü il tarixindən xx.xx.2024-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüd üzrə (Yasamal rayon, iş N 998936) 4720,00 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Müraciətdə həmin vəsatin bərpa olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının hesabına ödənilməsi tələb olunmuşdur. Əks halda barəmdə qanunauyğun tədbirlər görüləcəyi bildirimişdir. O, cavabdeh inzibati orqana müraciət edərək ona ödənilən müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünün dayandırılmasına əsas olmuş xx.xx.2024-cü il tarixli qərarın surətini əldə etmək istəsə də cavabdeh həmin qərarın surətini ona verməkdən 10 may 2024-cü il tarixli məktubla imtina edilmişdir. İddiaçı olaraq hesab edir ki, cavabdehin ona ödənilən müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünün dayandırılmasına və qanuni ödənilmiş vəsaitin geri qaytarılması tələbinə əsas olmuş xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsasız olduğundan ləğv edilməli və ona müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünün ödənişi aşağıda qeyd edilənlərə əsasən bərpa olunmalıdır: X4 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarının tələblərinə əməl edilməyərək Baş Prokurorluğun müvafiq komissiyasının rəyini əsas götürərək Müdafiə Nazirliyi tərəfindən deyil. Baş Prokurorluq tərəfindən xx.xx.2002-ci ildə verilmiş müharibə veteranı adı və vəsiqəsinin tanınması və dövlət tərəfindən verilmiş imtiyazlardan istifadə etməyi üçün lazımı rəsmiləşdirmələr aparmaları mənim təqsirimdən deyil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təqsirindən olmuşdur, yəni həmin vaxtı cavabdeh inzibati orqan mənə verilmiş müharibə veteranı adı və vəsiqəsini tanımasa idi, Baş Prokurorluq tərəfindən müvafiq komissiyasının rəyi Müdafiə Nazirliyinə göndərilməli və bu hüququ qanunla müəyyən edilmiş qaydada tanınmalı idi. Qanunu əsaslarla bu hüququ əldə etməsi mümkün olduğu halda Baş Prokurorun Müdafiə Nazirliyinin səlahiyyətinə aid olan qərar qəbul etməsi onun müraciət etdiyi vaxtdan müharibə veteranı adı və vəsiqəsi almaq hüququnu və bu hüquqdan yaranan imtiyazlardan istifadə etmək hüququnu məhdudlaşdıra bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Baş Prokurorluq öz qərarını 2008-ci ildə ləğv eldikdən sonra (2007-ci ildən prokurorluq orqanlarından çıxmışdır) ona müharibə veteranı adı və vəsiqəsi verilməsi ilə əlaqədar komissiyanın rəyini Müdafiə Nazirliyinə göndərilməli olduğu halda (əsasnamənin tələbinə görə) bunu etməmişdirsə burada onun təqsiri yoxdur. Baş Prokurorluq ona müharibə veteranı adı və vəsiqəsi verilməsi ilə əlaqədar qərarını ləğv etməsi barədə 2008-ci ildən bu günə kimi ona rəsmi məlumat verməmişdir. Əgər bu vaxtadək həmin qərardan məlumatlı olsa idi barəsində olan müvafiq komissiyanın qərarının Müdafiə Nazirliyinə göndərilməsini tələb edərdi. Baş Prokurorluq öz qərarının ləğv edildiyi barədə məlumatı Dövlət Sosial Müdafiə Fonduna 14 ildən sonra və məhz sonuncunun sorğusuna əsasən vermişdirsə burada da onun təqsiri yoxdur. X1rın icrasını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yerinə yetirmirlərsə və bunun nəticəsində vətəndaşların Konstitusion hüquqları pozulursa buna görə məsuliyyət həmin orqanların üzərinə düşür. Ləğv olunduğunu bilmədiyim müharibə veteranı vəsiqəmin cavabdeh Dövlət Orqanının müvafiq xidmətinə təqdim etməkdə təqsiri nədən ibarətdir. Sosial Müdafiə Fondu “DOST” xidmətindən 2019-cu ildə daxil olmuş onunla əlaqədər sənədlərin yoxlanması ilə bağlı sorğunu Baş Prokurorluğa 2019- cu ildə göndərməli olduğu halda, bunu 2024-cü ildə etmişdirsə bunda da onun təqsiri yoxdur. Ümumiyyətlə iddiaçı olaraq ona 2002-ci ildə müharibə veteranı adı və vəsiqəsi verilməsi və 2019-cu ildən Prezident təqaüdü təyin edilməsində təqsirinin nədən ibarət olmasını bilmir. İnzibati orqan onun müharibə veteranı kimi vəsiqənin həqiqiliyini 2002-ci ildən tanımış və 22 il müddətində bu hüquqdan maneəsiz istifadə etmişdir. Həmin vaxtı müharibə veteranlarının bu hüquqları Azərbaycan Respublikasının “Pensiya haqqında Qanunu” ilə tənzimlənərək müavinət kimi ödənilirdisə, xx.xx.2019-cü ildən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə təqaüd adı ilə ödənilərkən də cavabdeh inzibati orqan bu hüququnun olmasına müsbət münasibət bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2002-ci il tarixli 051876 saylı vəsiqə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verildiyindən təqaüdün ödənişi dayandırılmış və nəticədə 4720.00 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. Qeyd olunan məsələ ilə bağlı iddiaçı xx.xx.2024-cü il tarixədək Mərkəzi Filiala dəvət edilərək yazılı mülahizələrinin təqdim etməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17- 1/2-165910/2024 nömrəli məktubu ilə İddiaçı (Yasamal, N998936) müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü sənədlərinin və inzibati icraat materiallarının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2002-ci il tarixdə İddiaçı M/V seriyalı 051876 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli 10689/**********0 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən etibarən müharibə veteranları üçün 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı məktubda bildirmişdir ki, Baş Prokurorluqda 2003-cü ildə “Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən "Müharibə veteran” adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 N-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteram, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə” xüsusi komissiya yaradılmışdır. Həmin komissiyada Azərbaycan Respublikası Müdafiə Nazirliyi İlə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış və Baş Prokurorluq üzrə xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə yuxarıda qeyd edilmiş Əsasnamənin tələblərinə zidd olaraq Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyası tərəfindən bir sıra prokurorluq işçilərinə “Müharibə veteranı” adı və vəsiqələri verilməsinə dair qərarları qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarda göstərilmişdir ki, təqaüdün təyinatı xx.xx.2024-cü il tarixdən dayandırlır. Qeyd hissəsinə əsasən Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə veteranlıq vəsiqəsi arasında uyğunsuzluq olduğuna görə vətəndaşın təqaüdü işi müvəqqəti dayandırılması, dayandırılma haqqında Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filiala və vətəndaşa rəsmi məlumat verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarda göstərilmişdir ki, veteranlıq vəsiqəsi ilə Əsasnamə arasında uyğunsuzluq olduğuna görə xx.xx.2019-xx.xx.2024-cü illərdə artıqvermə mövcuddur. Qeyd hissəsinə əsasən Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Vətəndaşın təqdim etdiyi xx.xx.2002-ci il tarixli N2051876 saylı vəsiqə AR Baş Prokurorluğu tərəfindən verildiyinə görə xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixədək artıqödəmə aşkar edilmişdir. Vətəndaşa rəsmi məlumat verilsin. İnzibati icraatın başlaması ilə əlaqədar vətəndaşın təqaüdü müvəqqəti dayandırılsın. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlan xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-100112/2024 nömrəli məktubunda bildirilmişdir ki, sizə xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına verilən Prezident təqaüdü təyin olunub və ödənişi xx.xx.2024-cü il tarixinədək davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra - Mərkəzi Filial) “Əsasnamə”sinə əsasən Mərkəzi Filial tərəfindən mütəmadi olaraq ümumi əsaslarla ödənişi həyata keçirilən sosial ödəniş işlərinin qanunvericiliyə uyğunluğu yoxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, təqaüd işinizdə olan xx.xx.2002-ci il tarixli 051876 nömrəli vəsiqə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verildiyi halda, sizə xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına verilən Prezident təqaüdü təyin edilmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək Prezident təqaüdü üzrə artıqödəmə müəyyən olunmuşdur. Bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Sözügedən Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qeyd olunanlara əsasən sizə vaxtilə təyin edilmiş Prezident təqaüdünün qanunauyğunluğuna baxılması məqsədilə “İnzibati icraatın başlanması haqqında” qərar qəbul edilərək sözügedən Prezident təqaüdünün ödənişi müvəqqəti olaraq dayandırılmışdır. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən təqaüd hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixinədək Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 143 ünvanında yerləşən Mərkəzi Filiala gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-100/2-156922/2024 nömrəli məktubunda bildirilmişdir ki, sabiq prokurorluq əməkdaşı İddiaçı verilmiş “Müharibə veteranı” adı və vəsiqəsi Baş Prokurorluq üzrə xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə ləğv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-100/2-187397/2024 nömrəli məktubunda bildirilmişdir ki, sabiq prokurorluq əməkdaşı İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun uzunmüddtəli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə "Müharibə veteranı" adı və 051876 vəsiqəsi verilmişdir. Həmçinin bildirilir ki, Baş Prokurorluqda 2003-cü ildə Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbavcan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 N-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə xüsusi komissiya yaradılmışdır. Həmin komissiyada Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış və Baş Prokurorluq üzrə xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyası tərəfindən bir sıra prokurorluq işçilərinə “Müharibə veteranı” adı və vəsiqələri verilməsinə dair qərarlar, qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. Bu səbəbdən Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiya tərəfindən İddiaçı oğuna “Müharibə veteranı” adı və vəsiqəsi verilən qərar ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bildiririk ki, xx.xx.2019-cu il tarixindən müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdü təyin edilmiş və ödənişi xx.xx.2024-ci tarixinədək ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, təqdim etdiyiniz xx.xx.2002-ci il tarixli 051876 saylı vəsiqə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verildiyindən sizə müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün bərpa edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulan təqaüd üzrə artıq ödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyəti üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2002-ci il tarixdə M/V seriyalı 051876 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli 10689/**********0 nömrəli qərarı ilə ona xx.xx.2019-cu il tarixdən etibarən müharibə veteranları üçün 80 manat məbləğində Prezident təqaüdü təyin edilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ilə təqaüdün verilməsi xx.xx.2024-cü il tarixdən etibarən dayandırılmışdır. Təqaüdün dayandırılmasının əsası iddiaçının müharibə veteranı vəsiqəsinin səlahiyyətli orqan tərəfindən verilməməsi, vəsiqənin verilməsi barədə qərarın ləğvi ilə bağlı olmuşdur. İddiaçı hazırkı tələbində təqadün ödəənilməsinin dayandırılması barədə qərarın ləğvini, eyni zamanda xx.xx.2019-cu il tarixdən təyin edilmiş müharibə veteranları üçün Prezident təqaüdünün bərpasını mübahisələndirir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 nöməli Fərmanının 2.2-ci bəndinə əsasən həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər: müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar — Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti; əmək veteranı adının verilməsi ilə əlaqədar — Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 8ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ... Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin 4-cü hissəsinə əsasən Veteran statusunu təsdiq edən sənədin “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Əsasnaməyə uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş orqan onun geri alınmasını təmin edir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -7.0.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. -9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən, 9.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Prezidentinin ““Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kimi hərbi prokurorluq orqanları sistemində xidmət edənlərə müharibə veteranı adı vəsiqəsi verilməsi Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyi təqdim edildikdən sonra Müdafiə Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası Baş Prokurorluğunun İddiaçı bilavasitə müharibə veteranı adı və vəsiqəsini vermək səlahiyyəti olmamışdır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə "Müharibə veteranı" adı və 051876 vəsiqəsi verilmiş, lakin xx.xx.2008-ci il tarixli 10/10 nömrəli əmrlə Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiya tərəfindən İddiaçı oğuna “Müharibə veteranı” adı və vəsiqəsi verilən qərar ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı barəsində qəbul edilmiş qanunsuz əlverişli inzibati akt bu aktı qəbul etmiş orqanın özü tərəfindən ləğv edilmiş və hazırda iddiaçının müharibə veteranı statusunu təsdiq edən, qüvvədə olan inzibati akt mövcud deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; -65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçıya təyin edilmiş prezident təqaüdünün əsasında duran hüquqmüəyyənedici sənəd səlahiyyətli olmayan orqan tərəfindən verilmiş və daha sonra həmin orqan tərəfindən ləğv edilmişdir, bu halda hüquqi qüvvəsi olmayan müharibə veteranı adı və vəsiqəsinə əsaslanaraq müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünün bərpa edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından tələb etməyə hüquqi əsaslar yoxdur. Məhkəmə iddiaçının vəsiqənin ləğv edilməsi ilə bağlı inzibati aktın bilavasitə təqdim edilmədiyi və eləcə də verilmiş vəsiqəyə etimad hüququnun olmasına istinadən həmin təqaüdün bərpasının təmin edilməli olması dəlilləri ilə razılaşmır və aşağıdakıları qeyd edir. Əvvəla, iddiaçıya müharibə veteranı vəsiqəsini verən qurumun vəsiqəni verərkən, eləcə də vəsiqəni ləğv edərkən hansı maddi və prosessual normalara istinad edibetməməsi, belə bir aktın iddiaçıya bilavasitə təqdim edilib-edilməməsi məsələsi hazırkı təqaüdü təyin edən və ödəyən cavabdeh orqana qarşı mübahisələndiriləcək məsələ deyildir. İddiaçının onun barəsində əlverişli inzbati aktın mövcud olması və ləğvi ilə bağlı mübahisə həmin aktı qəbul etmiş orqana qarşı olmaqla, hazırkı iddianın predmetini təşkil etmir. Digər tərəfdən etimad hüququna istinad etməklə qanunsuz əlverişli inzibati aktın icrasının davam etdirilməsi də qanunvericiiyin tələblərinə uyğun deyil. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun aşağıdakı maddələrinə əsasən: -13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İşdən müəyyən edilir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi qanunsuz əlverişli inzibati akt əsasında ona təyin edilmiş təqaüdün ödənilməsinin davam etdirilməsinə nail olmaqdır. Bu halda, iddiaçının etimad hüququna yalnız ona qarşı qanunsuz əliverişli inzibati akt əsasında ödənilmiş vəsaitin geri ödənilməsinin tələb edildiyi mübahisələr zamanı istinad edə bilər ki, hazırkı halda cavabdeh orqan tərəfindən iddiaçıya qarşı nə artıqödəmənin geri qaytarılmasını tələb edən inzibati akt qəbul edilmiş, nə artıq ödəmənin tutulması ilə bağlı məhkəmədə iddia qaldırılmış, nə də iddiaçıdan artıqödəmə kimi müəyyən edilmiş vəsaitin tutulması ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlər aparılmır. Başqa sözlə, iddiaçının qüvvədə olmayan müharibə veteranı vəsiqəsinə etimad edərək ona təqaüdün ödənilməsinin bərpasını tələb etməsi qanunvericiliyinn tələblərinə ziddir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və təqaüdün bərpası” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1495/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1495/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver