Məhkəmə qərarları › İş №2-1(112)-1496/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1496/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1496/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı «dissertasiya işinə yenidən baxılması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı «dissertasiya işinə yenidən baxılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 noyabr 2019-cu il tarixli 48-04-484/16 saylı məktubu ilə Ali Attestasiya Komissiyası Kollegiyasının 9 fevral 2011-ci il tarixli (protokol 05-K) və 3 oktyabr 2012-ci il tarixli (protokol 28-K) qərarları ilə "Kənd təsərrüfatının dövlət tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri" mövzusunda təqdim etdiyi dissertasiya işi əsasında iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən iki dəfə imtina edildiyi barədə məlumat verilmişdir. Halbuki qeyd olunan imtinaların heç biri ona təqdim edilməmiş və bu barədə xəbərdar olunmamışdır. Komissiyanın məktubunda qeyd edildiyindən fərqli olaraq təkrar müdəfiə ümumiyyətlə keçirilməmişdir. AR Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 5.60-cı maddəsinə əsasən Dissertasiya şurasının dissertasiyanın müdafiəsinin nəticələri haqqında qərarı mənfi olduqda, sənədlərin iddiaçıya qaytarılma qaydası və Komissiyaya göndərilən sənədlərin siyahısı Komissiyanın təsdiq etdiyi dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə təlimatla müəyyən edilir. Həmin Təlimatın 4.33-cü maddəsinə əsasən dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdən sonra iki ay müddətində aşağıdakı sənədləri iddiaçıya qaytarır: Dissertasiya mövzusunun və ixtisasın müəyyən edilməsi və elmi rəhbərin və ya elmi məsləhətçinin təsdiq olunması haqqında elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi (elmi-texniki) şurasının iclasının protokolundan çıxarışı, dissertasiya mövzusunun və ixtisasın AR X1 Şurasının elmi istiqamətlər üzrə elmi şurasında təsdiq edilməsi haqqında protokoldan çıxarışı, fəlsəfə doktoru imtahanları üzrə onların nəticəsini özündə əks etdirən müvafiq sənədləri (şəhadətnamə və ya ona bərabər tutulan vəsiqələri), dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində dissertasiya işinin ilkin müzakirəsinin nəticəsində verilən geniş protokol və rəy, dissertasiya işinin ilkin müzakirəsi üçün verilmiş rəylər (o cümlədən elektron daşıyıcıda), dissertasiya işinin ilkin müzakirəsinin gedişinin videoçəkilişini. Halbuki, siyahıda sadalanan sənəd və materialların heç biri iddiaçıya təqdim edilməmiş, ümumiyyətlə o, müdəfiənin nəticəsi barədə məlumatsız olmuşdur. Həmçinin «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 5.61-ci maddəsinə əsasən dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdə, dissertasiya işi yenidən işlənmək üçün həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərtilə ilkin müzakirədən keçirilərək təkrar müdafiəyə təqdim edilə bilər. Həmin Əsasnaməmin 5.62-ci maddəsinə əsasən dissertasiya şurası müdafiənin nəticəsi haqqında mənfi qərar qəbul etdikdə, dissertasiya işi yenidən işlənmək üçün həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərtilə ilkin müzakirədən keçirilərək təkrar müdafiəyə təqdim edilə bilər. Komissiya tərəfindən yuxanda göstərilən müddəaların tələblərinə riayət olunmamış, təkrar müdafiənin təşkili ümumiyyətlə həyata keçirilməmişdir. Göstərilənlərə və İPM-in 8.1.4, 14.1-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 71.1, 67.1, 67.2, 73.2 maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının "Kənd təsərrüfatının dövlət tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri" mövzusunda təqdim etdiyi dissertasiya işinə yenidən baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından məhkəməyə ünvanlanmış 15 sentyabr 2020-ci il tarixli məktubda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçıya “Kənd təsərrüfatının dövlət tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işi əsasında Komissiyanın Kollegiyasının 9 fevral 2011-ci il və 3 oktyabr 2012-ci il tarixli qərarları ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən iki dəfə imtina edilmişdir. İddiaçı iddia ərizəsində ona elmi dərəcənin verilməsindən imtina edilməsi barədə məlumatsız olduğunu bildirmişdir. Bu iddia əsassız hesab edilir. Belə ki, iddiaçı Kollegiyanın 9 fevral 2011-ci il tarixli imtina barədə qərarından sonra işinə yenidən baxılması barədə Komissiyaya 26 aprel 2012-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında işə yenindən baxılmış və 3 oktyabr 2012-ci il tarixli qərarla iddiaçıya elmi dərəcənin verilməsindən imtina edilmişdir. İddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin və X3 2019-cu il 29 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş «Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin təşkili barədə Təlimat»ın müddəalarına istinad etmişdir. Qeyd edilən müddəalar Komissiyanın Kollegiyası tərəfindən imtina qərarı verildiyi hallara deyil, dissertasiya şurasında müdafiə nəticəsində mənfi qərarın verildiyi hallara şamil edilir. İddiaçının Azərbaycan X2 İqtisadiyyatı və Təşkili İnstitutunun nəzdində fəaliyyət göstərmiş dissertasiya şurasında 2010-cu il 28 yanvar tarixdə baş tutan müdafiəsinin nəticəsində ona verilməsi tövsiyə edilmişdir. Yəni adıçəkilən Əsasnamənin 5.60 – 5.62-ci və Təlimatın 4.33-cü bəndləri iddiaçıya Komissiyanın Kollegiyası tərəfindən elmi dərəcənin verilməsindən imtina edilməsi barədə qərara şamil edilmir. İddiaçı Komissiyanın qeyd edilən müddəalara riayət etməməsi və təkrar müdafiənin keçirilməməsi (Komissiya tərəfindən imtina qərarı qəbul edildiyi halda ümumiyyətlə təkrar müdafiə keçirilməsi canunvericiliklə nəzərdə tutulmur) ilə bağlı iddiaları əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 728 nömrəli 11 iyu 2019cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 10.3 və 10.4-cü bəndlərinə müvafiq olaraq, şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından məhkəməyə 4 noyabr 2020-ci il tarixli növbəti məktub ünvanlanmış və həmin məktubda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçıya “Kənd təsərrüfatının dövlət tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işi əsasında Komissiyanın Kollegiyasının 9 fevral 2011-ci il və 3 oktyabr 2012-ci il tarixli qərarları ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən iki dəfə imtina edilmişdir. Kollegiyanın birinci imtinasının səbəbi iddiaçının Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (Əsasnamə qüvvədən düşmüşdür) 14-cü bəndinin tələbinin pozulması olmuşdur. Belə ki, həmin bəndə əsasən iddiaçıların fəlsəfə doktoru dissertasiyalarının nəticələrinə dair xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir məqaləsi dərc edilməli olduğu müəyyən edilmişdir (Hazırda qüvvədə olan «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 2.17-ci bəndinə əsasən fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməlidir). İddiaçı iddia ərizəsində ona elmi dərəcənin verilməsindən imtina edilməsi barədə məlumatsız olduğunu bildirmişdir. Bu iddia əsassız hesab edilir. Belə ki, iddiaçı Kollegiyanın 9 fevral 2011-ci il tarixli imtina barədə qərarından sonra işinə yenidən baxılması barədə Komissiyaya 26 aprel 2012-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında işə yenindən baxılmış və 3 oktyabr 2012-ci il tarixli qərarla iqtisadiyyat elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq, iddiaçıya elmi dərəcənin verilməsindən imtina edilmişdir. «Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin 4.7.3-cü yarımbəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında vəsatətlərə Komissiyanın Kollegiyası baxır və qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (Əsasnamə qüvvədən düşmüşdür) 37-ci bəndində Komissiyanın rəyasət heyətinə və kollegiyasına tövsiyələr vermək üçün Komissiyanın nəzdində ekspert şuralarının yaradılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 6.3-cü bəndinə müvafiq olaraq Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. Qeyd edilən müddəalardan da göründüyü kimi, iddiaçıya elmi dərəcənin verilməsindən qanunvericiliyin tələbləri gözlənilməklə Komissiyanın Kollegiyasının qərarları əsasında imtina edilmişdir. Hazırda qüvvədən düşmüş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin 37-ci bəndinin dördüncü abzası ilə Komissiyanın ekspert şurasının qərarının surəti iddiaçının xahişi ilə bir ay müddətində ona verilməsi müəyyən edilmişdi. Lakin qeyd edilən sənədin qüvvədə olduğu müddətdə iddiaçının bu cür müraciəti Komissiyaya daxil olmamışdır. Hazırda Komissiyada baxılan işlərə dair obyektivliyi təmin etmək və ekspertlərin işlərinə dolayı yolla təsir mkanlarıni aradan qaldırmaq məqsədilə onların adlarının açıqlanmaması üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş /ə hazırda qüvvədə olan «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 6.12-ci oəndi ilə yalnız X3 və Kollegiyasının qərarlarının surətinin iddiaçının müraciəti ilə bir ay müddətində ona verildiyi təsbit edilmişdir. Ümumiyyətlə, iddia ərizəsində İddiaçı tərəfindən tətbiqi ona şamil edilməyən müddəalara istinad edilməsi (15 sentyabr 2020-ci il tarixli etirazda əsaslandırılmışdır), o cümlədən işin hazırlıq icraatı üzrə məhkəmə iclasında iddiaçının vəkilinin çıxışlarından qarşı tərəfin elmi dərəcələrin verilməsi qaydası və şərtləri barədə məlumatlı olmadıqlarını iddia etməyə əsas verir. Komissiyanın iddiaçının attestasiya sənədləri ilə bağlı verdiyi qərarlar və görülən tədbirlər bu sahədə mövcud qanunvericilik müddəaları çərçivəsində həyata keçirilmişdir. İddiaçıya elmi dərəcənin verilməsi məqsədilə “təqdim etdiyi dissertasiya işinin fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinə qoyulmuş tələblərə cavab verib-verməməsinin müəyyən edilməsi cavabdeh orqanın (Komissiyanın) diskresion səlahiyyətlərinə aid” olduğundan (Apellyasiya Məhkəməsinin 2-1(103)-164/2020 nömrəli 14 yanvar 2020-ci il tarixli qərarından), habelə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 10.3 və 10.4-cü bəndləri rəhbər tutulmaqla İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2003-cü il tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (Əsasnamə hazırda qüvvədən düşmüşdür) 14-cü bəndinə görə iddiaçıların fəlsəfə doktoru dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici ölkələrdə nəşr olunan təsir gücünə (impakt faktoruna) malik olan jurnallarda bir, elmlər doktoru dissertasiyalarının nəticələrinə dair isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunan təsir gücünə (impakt faktoruna) malik olan jurnallarda humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir. Həmin Əsasnamənin 37-ci bəndinə görə dissertasiya şuralarının işinə və dissertasiyaların bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin və attestasiyaların həyata keçirilməsi ilə bağlı Komissiyanın rəyasət heyətinə və kollegiyasına təklif və tövsiyələr vermək üçün Komissiyanın nəzdində ekspert şuraları yaradılır. X3, kollegiyasının və ya rəhbərinin qərarına əsasən ekspert şurasının iclaslarına iddiaçılar, dissertasiya şuralarının sədrləri, opponentlər, elmi rəhbərlər və elmi məsləhətçilər, həmçinin apancı təşkilatın nümayəndələri dəvət edilə bilərlər. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2003-cü il tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin 4.7.3-cü bəndinə görə Komissiyanın Kollegiyası fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı verilməsi haqqında vəsatətlərə, xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası və xarici ölkələrdə fəlsəfə doktoru elmi dərəcəsi və (və ya) dosent elmi adı verilmiş şəxslərin təkrar attestasiyası məsələlərinə baxır və qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 2.17-ci bəndnə görə fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının ikisi həmmüəllifsiz olmaqla beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir, dəqiq və təbiət elmləri üzrə azı iki məqaləsi dərc edilməlidir. Həmin Əsasnamənin 6-cı bədinə görə Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. X3 və Kollegiyasının qərarlarının surəti iddiaçının müraciəti ilə bir ay müddətində ona verilir. Həmin Əsasnamənin 10-cu bəndinə görə şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. Məhkəmənin gəldiyi qənaət belədir ki, iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının apardığı inzibati icraatda “iddiaçının təqdim etdiyi dissertasiya işinə baxılması” üzrə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəısində qəbul olunmuşdur. Belə olan halda, İPM-in 73, 74-cü maddələrinin tələblərinə görə həmin qurumun qərarı mübahisələndirilərkən, məhkəmə onun imtinasının diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı iş üzrə isə, cavabdeh inzibati orqanın imtina qərarı qəbul edərkən aparılan inzibati icraaatda qanunla müəyyən olunmuş müvafiq hədlərə əməl etməməsi, eləcə də diskresion hüququnun həmin səlahiyyətin məqsədinə uyğunsuzluğu ilə bağlı xüsusatlar müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının imtinası qanuna zidd qiymətləndirilməməlidir. Odur ki, İddiaçı iddiası əsaslı sayılmır. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı «dissertasiya işinə yenidən baxılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 73, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı «dissertasiya işinə yenidən baxılması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar