Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14962/2025 23.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, SOCAR “Geofizika və Geologiya İdarəsinin 18 fevral 2025-ci il tarixli 14-2- 4/2-R-xx-xx/2025 nömrəli arayışında xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Akademik Nalivkin" X1 motorçu, xx.xx.1990-xx.xx.1993cü il tarixləri arasındakı dövr ərzində “’’Professor Fedinskiy” X1 motorçu-elektrik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi “SOCAR “Geofizika və Geologiya İdarəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə (dəniz və çay donanması) aid deyil. Bundan başqa "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2025-ci il tarixli CGE-003/25 nömrəli arayışında xx.xx.1995-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə motorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, inzibati icraat çərçivəsində müvafiq sorğuya cavab olaraq, adıçəkilən müəssisənin fəaliyyətinin Azərbaycan Respublikasının ərazisində və onun xaricində Azərbaycan, xarici, fiziki və hüquqi şəxslərə seysmik məlumatların toplanması, işlənməsi, şərh edilməsi və satışı sahəsində geofiziki xidmətlərin göstərilməsi, seysmik- kəşfiyyat məlumatlarının işlənməsi üzrə mərkəzin yaradılması, onun üçün dünya standartlarına uyğun olaraq aparat və proqram təminatının alınması və istifadə edilməsi, həmçinin bu cür məlumatların işlənməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində, onun xaricində olan fiziki və hüquqi şəxslərlə müvafiq hökümət orqanları tərəfindən xüsusi icazə (lisenziya) alındıqdan sonra müqavilələrin bağlanması, seysmik kəşfiyyatın təşkili və strateji planlaşdırmasından ibarət olduğu bildirilmişdir. Göründüyü kimi, İddiaçı çalışdığı müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən nəqliyyat sahəsinə (dəniz və çay donanması) aid deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 2 ay 11 gün (xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Diplomun surətindən görünür ki, iddiaçının peşə təhsil müddəti xx.xx.1980xx.xx.1983-cü il tarixləri əhatə edir. Hərbi biletindən görünür ki, iddiaçı 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək motorçu vəzifəsində çalışmışdır. Onun işlədiyi vəzifə və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətçi-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. SOCAR Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı “Xəzərdənizneftgeofizkəşfiyyat” Trestinə (indiki Geofizika və geologiya İdarəsinin “Kəşfiyyatgefizika” İstehsalat Bölümü) xx.xx.1989cu il tarixli 61-k saylı əmrə əsasən “Akademik Nalivkin” adına X1 motorçu peşəsinə işə qəbul olunub. xx.xx.1990-cı il tarixli 180-k saylı əmrə əsasən “Professor Fedinskiy” adına elmi-tədqiqat gəmisində motorçu-elektrik, xx.xx.1993-cü il tarixli 83-k saylı əmrə əsasən “Akademik Nalivkin” adına elmi-tədqiqat gəmisində motorçu, xx.xx.1993-cü il tarixli 86-k saylı əmrə əsasən həmin gəmidə tokar-motorçu, xx.xx.1994-cü il tarixli 124-k sayl əmrə əsasən “Akademik Nalivkin” adına X1 motorçu peşəsinə keçirilmişdir. İddiaçı “Xəzərdənizneftgeofizkəşfiyyat” Trestində işlədiyi motorçu, motorçu-elektrik və tokarmotorçu peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ‘21.Nəqliyyat, 21.2. Dəniz və çay donanması: b) üzən heyətdə: bütün adlarda motorçular” bəndinə aiddir. “Akademik Nalivkin”, həmçinin “Professor Fedinskiy” adına elmi-tədqiqat gəmiləri vasitəsilə açıq akvatoriyada seysmik tədqiqat işləri yerinə yetirilmişdir və həmin gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid edilmirlər. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Cəmiyyətdə xx.xx.1995-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək çalışdığı “motorçu” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 hissəsinin (Dəniz və çay donanması) “b” bəndində (Üzən heyət) qeyd olunmuş "bütün adlarda motorçular" bölməsinə aiddir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir əsas gətirmişdir:
1. Güzəştli iş stajının az olması. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və o, yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə təyin olunmasını xahiş etmişdir. Lakin, iddiaçının güzəştli iş stajının az olması səbəbindən, ona yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə, məsələnin həlli ilə bağlı vurğulamağı zəruri hesab edir ki, iddiaçıya ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi müddətin nə qədər olduğunu dəqiq müəyyənləşdirmək lazımdır. Bu, həmin şəxsə güzəştli şərtlərlə pensiya təyin olunması hüququnun olub-olmamasını müəyyən etmək üçün əsas təşkil edir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının 60 yaşını tamamladığı vaxt nəzərə alınmaqla yuxarıda adıçəkilən Qanunun 9.1-ci maddəsinin məhz hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş və ümumi staj ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü olub, xx.xx.2025-ci il tarixdə 60 yaş həddinə çatmışdır. Bununla da, qüvvədə olan pensiya qanunvericiliyinin yaş meyarına dair tələbi iddiaçı tərəfindən tam şəkildə yerinə yetirilmişdir və bu hal tərəflər arasında mübahisə predmeti təşkil etmir. Ümumi iş stajına münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçının ilkin müraciətinə baxılarkən cavabdeh orqan tərəfindən 2022-ci ildə təqdim edilmiş imtina məktubunda həm güzəştli iş stajının, həm də ümumi iş stajının yetərli olmadığı əsas gətirilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçının sonuncu müraciəti artıq 60 yaşa çatması ilə əlaqədar olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə yönəlmişdir. Diqqətəlayiq hal ondan ibarətdir ki, cavabdeh orqan sonuncu imtina məktubunda, eləcə də iddia tələbinə təqdim etdiyi yazılı izahatda iddiaçının ümumi iş stajının yetərli olmamasına dair hər hansı etiraz və ya mübahisə irəli sürməmişdir. Bu isə faktiki olaraq ümumi iş stajının mövcudluğu və tərəflər arasında ümumi iş stajının 25 ildən çox olması kimi qiymətləndirilir ki, məhkəmə araşdırılması zamanı da bununla bağlı araşdırma aparılmış, hərbi, təhsil və iddiaçının əmək fəaliyyəti məşğul olduğu dövrlər nəzərə alınmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilmişdir. Tərəflər arasında mübahisə açan məsələ, iddiaçının güzəştli iş stajının az olması ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Beləliklə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən imtinanın əsasında duran güzəştli iş stajının mövcudluğu ilə əlaqədar mübahisənin həlli baxımından güzəştli iş stajına dair arayışın mövcudluğu zəruridir ki, iş materiallarından da göründüyü kimi məhkəməyə və inzibati orqana həmin arayışlar təqdim edilmişdir. Lakin, cavabdeh tərəf həmin arayışlarda qeyd edilən məlumatların mötəbərliyini qəbul etməmiş, iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olması barədə mövqe nümayiş etdirmişdir. Məhkəmə araşdırması zamanı isə güzəştli iş stajına dair arayışlarda qeyd edilənlərə münasibətdə əlavə araşdırmanın aparılması zəruri hesab edilmiş, müvafiq sorğu ilə müraciət edilərək iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi arayışlarda adıçəkilən bütün peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələr ilə eyniyyət təşkil edib-etməməsi, ümumiyyətlə həmin vəzifələr fərqlidirsə həmin vəzifələr arasında fərqli və oxşar cəhətlər ilə bağlı, eləcə də ümumilikdə iddiaçının faktiki işlədiyi əmək funksiyalarının nədən ibarət olması, motorçu və motorçuelektrik vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21nəqliyyat bölməsi- dəniz və çay donanması bəndinə (21.2) aid olub-olmaması, həmin sahə ilə əlaqəsinin olub-olmaması barədə məlumatın təqdim edilməsi tələb edilmişdir. Məhkəmə icraatı gedişində iddiaçının xx.xx.1989-xx.xx.1990 “Akademik Nalivkin” adına X1 motorçu, xx.xx.1990-xx.xx.1993 “Professor Fedinskiy” adına elmi-tədqiqat gəmisində motorçu-elektrik, xx.xx.1993-xx.xx.1993 “Akademik Nalivkin” adına elmitədqiqat gəmisində motorçu, xx.xx.1993-xx.xx.1994 həmin gəmidə tokar-motorçu, xx.xx.1994-xx.xx.1995 “Akademik Nalivkin” adına X1 motorçu kimi işlədiyi müddət ilə bağlı SOCAR Geofizika və geologiya İdarəsi tərəfindən sorğuya cavab məktubu təqdim olunmuş, həmin məktub ilə iddiaçının əmək fəaliyyəti dövründə işlədiyi motorçu, motorçuelektrik və tokar-motorçu peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ‘21.Nəqliyyat, 21.2. Dəniz və çay donanması: b) üzən heyətdə: bütün adlarda motorçular” bəndinə aid olması, “Akademik Nalivkin”, həmçinin “Professor Fedinskiy” adına elmi-tədqiqat gəmiləri vasitəsilə açıq akvatoriyada seysmik tədqiqat işləri yerinə yetirilmişdir və həmin gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid edilməmələri göstərilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək "xxxx" MMC-də nəqliyyat donanmasının üzən heyətinə aid gəmilərdə motorçu vəzifəsində çalışmışdır. Müəyyən edilmişdir ki, bu fəaliyyət də eyni Qərarla təsdiq olunmuş Siyahının 21.2-ci hissəsinin “b” bəndində göstərilən “bütün adlarda motorçular” bölməsinə uyğun gəlir. Həmçinin çalışdığı gəmilərin yükdaşıma funksiyalı nəqliyyat donanmasına aid olduğu, onların liman daxilində daimi xidmət göstərən, yaxud gəzinti-səyahət və şəhərdaxili marşrutlu gəmilər kateqoriyasına daxil edilmədiyi təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Beləliklə, yuxarıda göstərilən müddətlər ərzində iddiaçının işlədiyi gəmilər xidmət, şəhərətrafı və şəhərdaxili su nəqliyyatı vasitələri kateqoriyasına aid edilmədiyindən və bu hal müvafiq müəssisələr tərəfindən verilmiş cavab məktubları ilə təsdiq olunduğundan, iddiaçının qeyd olunan dövrlərdə icra etdiyi vəzifələr “üzən heyət”ə aid edilməli və Siyahının “bütün adlarda motorçular” bəndi üzrə güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajı 12 il 06 aydan (mübahisələndirilməyən müddət 1 il 2 ay 11 gün + xx.xx.1989-xx.xx.1995 + xx.xx.1995-xx.xx.2003 = 15 il 01 ay 22 gün) çox təşkil etdiyi müəyyən edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov