Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14966/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Dövlət Tibbi Sosial-Ekspertiza və X1-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə ona təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Tibbi Sosial- Ekspertiza tərəfindən xx.xx.2025-ci il tarixdə ona təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik kimi göstərilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-1995-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir hərbi rütbəsi ilə həqiqi hərbi xidmət keçmişdir. Döyüş zonasında xidməti zamanı xəstələnmişdir. Ona “Funksional mədə pozğunluğu” diaqnozu təyin edilmiş və xəstəliyinin səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. Təyin edilmiş “sol gözün ambliopiyası görmə itiliyi 0,1 olmaqla, korreksiya etmir” diaqnozunun səbəb əlaqəsi isə “Xəstəlikdir, Hərbi Xidmət Dövrün alınmışdır” kimi göstərilmişdir. Xəstəliyinin fəsadlaşması nəticəsində səhhəti pozulmuş, dəfələrlə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. xx.xx.2018-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə ona 5 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi isə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik" ifadəsi ilə göstərilmişdir. xx.xx.2023-cü il tarixdə ona yenidən 2 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmiş lakin bu dəfə əlilliyin səbəbi “ümumi xəstəlik” ifadəsi ilə göstərilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2784/2024 №-li qərarı ilə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarına əsasən, sözügedən Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-ci il tarixdən xx.xx.2025ci il tarixədək olan müddət üçün İddiaçı əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” 2-ci dərəcə əlillik olaraq müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə əlillik müddəti bitdikdən sonra o, əlilliyin təyin edilməsi üçün yenidən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmiş. Ona xx.xx.2025-ci il tarixdə 2 illik müddətə – xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək olan müddət üçün 2-ci dərəcəli əlillik təyin edilmiş lakin onun əlilliyinin səbəbi “Ümumi xəstəlik” olaraq müəyyən edilmişdir. O, əlillik səbəbinin düzgün göstərilmədiyi və dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlillik olaraq göstərilməli olduğu qənaətindədir. O, xx.xx.2025-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, müraciəti cavabsız qalmışdır. O, müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirərək imtinanı əsassız və qanunsuz hesab edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etirazı) "Elektron Məhkəmə" sistemi vasitəsilə məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhər sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2017-ci il tarixli 3420003AAAW4 nömrəli göndəriş əsasında Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş, 5 il müddətinə Ümumi xəstəlik ilə əlaqədar ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2018-ci il tarixli 4110003AACXS nömrəli göndəriş əsasında qiymətləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə nəticəsində qiymətləndirilmiş və 2 (iki) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 70% pozulması barədə qərar qəbul edilmişdir. Daha sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 61 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Funksional mədə pozğunluğu” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sol gözün ambliopiyası görmə itiliyi 0.1 olmaqla, korreksiya etmir” diaqnozlu travmanın səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi zəiflikdən, halsızlıqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2017-ci ildən yoğun bağırsağın karsinomasından əziyyət çəkdiyini, 2017-ci ildə Moskva şəhərində çənbər bağırsağın dalaq əyriliyinin rezeksiyası cərrahi əməliyyatını keçirdiyini, ildə 1-2 dəfə kimyaterapiya və mütəmadi dərman müalicəsi qəbul etdiyini söyləmişdir. Müayinə zamanı çəkisi 83 kq, boyu 169 sm, BKİ 29,06 müəyyənləşdirilmişdir. Baxış zamanı orta-orta laparotomiyanın çapığı izlənilmişdir. X3 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli 495 nömrəli Tibbi rəyində diaqnoz “Hipermetropiya. Başlanğıc qocalıq kataraktası. Vis OU=0.2 k/e” kimi qeyd olunmuşdur. X4 xx.xx.2025-ci il tarixli EEQ müayinəsinin nəticəsi “EEQ müayinəsi oyaq vəziyyətində aparılmışdır. Baş-beyin bioelektrik aktivliyinin qeyri spesifik diffuz pozğunluğu qeyd olundu. Müayinə zamanı epileptiform tipli patoloji aktivlik qeyd olunmadı” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-zəif dərəcəli hipermetropiya, başlanğıc katarakta. VİS OD=0.2 k/i 0.8, VİS OS=0.05 k/i 0.15” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli Arayışında diaqnoz “Enən çənbər bağırsağın bədxassəli yenitörəməsi pT3N2bM0 mərhələ İİİB G 2. Enən çənbər bağırsağın karsinoması. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. PKT s/v. pT3N2bM0 İİİB mərhələ. Stabilizasiya. ” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Bildirilir ki, iddiaçının hərbi qərarında əksini tapmış, 1993-cü ildə müəyyənləşdirildiyi qeyd edilən “Funksional mədə pozğunluğu” diaqnozu heç bir anatomik dəyişiklik baş vermədən, ciddi bir xəstəlik aşkarlanmadan baş verən mədə narahatçılığıdır, orqanik zədələnmə olmadan yalnız funksional xarakterli müvəqqəti pozuntudur və qısa bir müddət ərzində aradan qaldırılır. Bu xəstəliyin 24 il sonra (2017) onkoloji prosesə səbəb olması mümkünsüz hesab edilmişdir. Xəstəlik aşkarlandıqdan sonra (xx.xx.2017) hərbi qərarı alması (xx.xx.2017) da bir qədər şübhə doğurmuşdur. Bütün qeyd edilənlərdən irəli gələrək əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqini tapmamış və müvafiq qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik səbəbilə 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi əlillik təyinatının aparılması barədə müvafiq qərarda qeyd edilmiş xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi əlillik təyinatının aparılması barədə yeni qərar qəbul edilməsidir. Qeyd edilən təyinat qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçı cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi (ləğv olunması) ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1923/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarından da göründüyü kimi kassasiya instansiya məhkəməsi analoji mövqedən çıxış etmiş və analoji qərarın inzibati akt olduğunu, həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddianın mübahisələndirmə haqqında iddia olduğu, bu iddialarda müddət ilə bağlı mümkünlük məsələsinə dair hüquqi mövqe nümayiş etdirmişdir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, qüvvədə olmuş qanunvericilik inzibati aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdhin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş müddətin bərpa olunması barədə iddiaçının ərizəsi təmin olunaraq, buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia mümkündür.
FAKTİKİ HALLAR VƏ SÜBUTLAR
İş materiallarında olan:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 61 №-li qərarından görünür ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və N saylı hərbi hissənin Qəbul-Diaqnostika bölməsində müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Funksional mədə pozğunluğu” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır və xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: "Sol gözün ambliopiyası görmə itiliyi 0,1 olmaqla, korreksiya etmir” (tibbi kitabçadan çıxarışlar, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) xəstəlikdir və hərbi xidmət dövründə alınmışdır. Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) və ç) yarımbəndləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2017-ci il tarixli, 53 saylı protokolu əsasında qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-4603/2025 №li qərarından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixində keçirilmiş müayinə nəticəsində Bakı şəhər sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2017-ci il tarixli 3420003AAAW4 nömrəli göndəriş əsasında Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş, 5 il müddətinə ümumi xəstəlik ilə əlaqədar ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2018-ci il tarixli 4110003AACXS nömrəli göndəriş əsasında qiymətləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə nəticəsində qiymətləndirilmiş və 2 (iki) il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 70% pozulması barədə qərar qəbul edilmişdir. Daha sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 61 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Funksional mədə pozğunluğu” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sol gözün ambliopiyası görmə itiliyi 0.1 olmaqla, korreksiya etmir” diaqnozlu travmanın səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi zəiflikdən, halsızlıqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2017-ci ildən yoğun bağırsağın karsinomasından əziyyət çəkdiyini, 2017-ci ildə Moskva şəhərində çənbər bağırsağın dalaq əyriliyinin rezeksiyası cərrahi əməliyyatını keçirdiyini, ildə 1-2 dəfə kimyaterapiya və mütəmadi dərman müalicəsi qəbul etdiyini söyləmişdir. Müayinə zamanı çəkisi 83 kq, boyu 169 sm, BKİ 29,06 müəyyənləşdirilmişdir. Baxış zamanı orta-orta laparotomiyanın çapığı izlənilmişdir. X3 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli 495 nömrəli Tibbi rəyində diaqnoz “Hipermetropiya. Başlanğıc qocalıq kataraktası. Vis OU=0.2 k/e” kimi qeyd olunmuşdur. X4 xx.xx.2025-ci il tarixli EEQ müayinəsinin nəticəsi “EEQ müayinəsi oyaq vəziyyətində aparılmışdır. Baş-beyin bioelektrik aktivliyinin qeyri spesifik diffuz pozğunluğu qeyd olundu. Müayinə zamanı epileptiform tipli patoloji aktivlik qeyd olunmadı” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-zəif dərəcəli hipermetropiya, başlanğıc katarakta. VİS OD=0.2 k/i 0.8, VİS OS=0.05 k/i 0.15” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli Arayışında diaqnoz “Enən çənbər bağırsağın bədxassəli yenitörəməsi pT3N2bM0 mərhələ İİİB G 2. Enən çənbər bağırsağın karsinoması. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. PKT s/v. pT3N2bM0 İİİB mərhələ. Stabilizasiya. ” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Bildiririk ki, vətəndaşın Hərbi Qərarında əksini tapmış, 1993-cü ildə müəyyənləşdirildiyi qeyd edilən “Funksional mədə pozğunluğu” diaqnozu heç bir anatomik dəyişiklik baş vermədən, ciddi bir xəstəlik aşkarlanmadan baş verən mədə narahatçılığıdır, orqanik zədələnmə olmadan yalnız funksional xarakterli müvəqqəti pozuntudur və qısa bir müddət ərzində aradan qaldırılır. Bu xəstəliyin 24 il sonra (2017) onkoloji prosesə səbəb olması mümkünsüz hesab edilmişdir. Əlavə olaraq xəstəlik aşkarlandıqdan sonra (xx.xx.2017) hərbi qərarı alması (xx.xx.2017) da bir qədər şübhə doğurmuşdur. Bütün qeyd edilənlərdən irəli gələrək əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqini tapmamış və müvafiq qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və ümumi xəstəlik səbəbilə 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Bənd 2.7. "Ümumi xəstəliklə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.7.1. şəxs xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; 2.7.2. şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; 2.7.3. şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas yoxdursa. Bənd 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı.
MƏHKƏMƏNİN MÖVQEYİ
İşin hallarına görə, iddiaçıya cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixdən 2 il müddətinə, ümumi xəstəlik səbəbindən orqanizmin fuknsiyalarının 80% pozuntusu ilə bağlı ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “ümumi xəstəlik” kimi deyil, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik kimi qeyd edilməsinə yönəlmişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" bir sıra hallarda, həmçinin şəxsin yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən alması halında müəyyən edilir. Şəxsə o zaman ümumi xəstəlik səbəbndən əlillik təyinatı aparılır ki, şəxsin xəstəliyi hərbi xidmətə çağırılana kimi yaransın, yaxud şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirsin və ya şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas olmasın. Məhkəmə qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən ümumi xəstəlik səbəbindən əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan xəstəliyə səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, iddiaçının əlilik təyinatına əsas verən onkoloji xəstəliyin hərbi xidmət dövrü zamanı alınmasına dair xəstəliklə səbəb əlaqəsi müəyyən edilmir. Baxılan işdə HHK komissiyasının qərarı olduğu halda, cavabdeh həmin sübutu nə üçün nəzərə almadığını əsasılandırmamışdır. İşdən görünür ki, HHK qərarında qərar verilərkən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Qaradağ rayon idarəsinin xx.xx.2017-ci il tarixli 9 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 254 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış epikrizi, MN Mərkəz: Hərbi Hospitalından verilmiş xx.xx.1994-cü il tarixli 2/994 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyinə istinad edilmişdir. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2784/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Qeyd olunan iş üzrə məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2355 № li ekspert rəyində qeyd edilmişdir ki, “vətəndaş İddiaçı TSEK-ə göndərilən Forma 088 göndərişində qeyd edilən “Enən çənbər bağırsağın bədxassəli yeni törəməsi, pT3N2b M0 mərhələ İİİB G2 (MOM xx.xx.2023), Çənbər bağırsağın bədxassəli yeni törəməsi, enən çənbər bağırsağın karsinoması, cərrahi əməliyyatdan sonrakı vəziyyət (2017 RF, Moskva). PKT(2017 MOM) pT3N2b M0 mərhələ İİİB mərhələ (xx.xx.2023 MOM), Hipermetropiya, (OU-başlanğıc katarakta, zəif dərəcəli hipermetropiya) Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə zədələnmələri” diaqnozdakı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Belə ki, həmin diaqnozlar ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. İddiaçı əlillik təyin edilməsinə əsas vermiş “Enən çənbər bağırsağın bədxassəsli yenitörəməsi, pT3N2b MO mərhələ İİİ B G2 Enən çənbər bağırsağın karsinoması. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. PKJİ2017 MOM, pT3N2b MO İİİ B mərhələ (xx.xx.2023 M OM). OU- Başlanğıc katarakta. Zəif dərəcəli hipermetropiya. Bel və digər fəqərəarası diaklərin radikulopatiya ilə zədələnmələri” diaqnozu ilə Hərbi-Həkim Komissiyasının qərarında qeyd edilmiş diaqnozlar yəni, Tibbi- Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə əlillik təyinatı aparılarkən göstərilmiş diaqnoz ilə ona xx.xx.2023-cü il tarixdə əlillik təyinatı aparılan zaman qoyulmuş diaqnozdakı əsas xəstəliklər və ağırlaşmaları eynilik təşkil edir. İddiaçı olmuş “Enən çənbər bağırsağın karsinomasnın yaranma səbəbləri müxtəlif olduğundan onun Hərbi- Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 61 №-li qərarında göstərilən “funksional mədə pozğunluğu”dan yaranması haqqında konkret fikir söylənməsi mümkün olmasa da, onu tam inkar etmək də olmaz”. Ekspert rəyindən göründüyü kimi, HHK komissiyasının qərarında qeyd edilən, həmçinin iddiaçıya ilkin olaraq 2018-ci ildə əlillik təyin edilərkən göstərilən əsas diqanoz və ağırlaşmalar, hazırda iddiaçıya əlillik təyinatı aparılan zaman diaqnozda göstərilən xəstəliklər eyni xəstəliklərdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və mübahisələndirilən inzibati aktı qəbul edən orqan həmin aktı qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2025ci il tarixdən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev