Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14971/2025 23.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı (3-cü şəxs: X4) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadları ilə hazırki iş üzrə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Çapçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olmuş, üzvü olduğu dövrdə ona bağ sahəsi ayrılmış, bunu təsdiq edən müvafiq protokoldan çıxarış və order verilmişdir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İdarənin arxiv qovluğunda saxlanılan bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı aşkar olunmamış, bağçılıqyoldaşlıq təsərrüfatının bölgü sxemi arxiv əsaslarında aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən faktiki sahəyə eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində 159 nömrəli sahə kimi digər fiziki şəxs - X2 müraciəti daxil olmuşdur. İdarənin mütəxəssisləri tərəfiundən keçirilən texniki baxış zamanı torpaq sahəsinin sərhədlərinin şərti olduğu müəyyən edilmişdir. Həmçinin sahə daxilindən qaz xəttinin mövcud olması barədə bazada məlumat mövcuddur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1998-ci il tarixli protokoldan çıxarışdan görünür ki, Dübəndi qəsəbəsi, 9-cu Cənub küçəsi 159 ünvanında yerləşən bağ sahəsi iddiaçıya ayrılmışdır. Orderdən görünür ki, iddiaçıya adıçəkilən bağ sahəsinin ayrılması həyata keçirilmişdir. “Çapçı” bağçılıq-yoldaşlığı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri X1 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 №-li qərarına əsasən 1 №-li mətbəəyə Dübəndi kəndində ayrılmış bağçılıq-yoldaşlığının sahəsində 9-cu Cənub küçəsi 159 №-li bağ yeri İddiaçı verilmişdir. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və yazılı etirazda göstərilən məzmunda onun müraciətinin təminindən imtina etmişdir. Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, sorğuya surəti əlavə edilmiş sənədlər haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində 159 nömrəli torpaq sahəsinə dair İdarəyə digər şəxsin (X2) müraciəti daxil olmuşdur, lakin sənəd 2018-ci il tarixinə aid olduğu üçün və həmin müraciətin saxlanılma müddəti bitdiyinə görə müvafiq şöbənin arxivində saxlanılmamışdır. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən “Çapcı” bağçılıq yoldaşlığı birliyinin arxiv qovluğunda mövcud olan sənədlərin, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən bağ sahəsinin qonşuluğunda yerləşən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, "Çapçı" b/ynın 9-cu Cənub küçəsi, 157 və 155 saylı bağ sahələrinin dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş müvafiq sənədlərin təsdiq edilmiş surəti, müayinə aktı və ortofoto görüntü təqdim edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsinin ərazisində yerləşən 159 nömrəli torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın cavabdeh tərəfindən verilməsinə nail olmaq istəyir. İddiaçı göstərilən tələblə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən iddiaçının bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının olmaması, həmin əraziyə dair digər şəxsin müraciətinin olması, bölgü sxeminin təqdim olunmaması əsası ilə imtina etmişdir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halın əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Bağ sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Bakı şəhər İcra hakimiyyəti başçısının birinci müavini tərəfindən təsdiq edilmiş (xx.xx.1997-ci il tarixdə) “Bakı şəhərində icarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin 2-ci maddəsinə əsasən Bakı şəhərində bağ sahələrinin verilməsi hazırki Əsasnamə üzvü həyata keçirilir. Vətəndaşlara bağ sahələri ya icarəyə, ya da bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində ayrılır. Dövlət imtiyazlı vətəndaşlar bağ sahələri ilə təmin edilmələrində müəyyən üstünlüklərə malikdirlər. Sadalanan normaların birgə təhlilindən görünür ki, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlar və tətbiq edilən qanunvericiliyin müddəaları əsasında belə qənaətə gəlir ki, iddiaçının mübahisə predmetini təşkil edən bağ sahəsi üzərində mülkiyyət hüququnu təsbit edən əsaslar mövcuddur. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfin əsas istinad etdiyi dəlil ondan ibarətdir ki, İdarənin arxivində saxlanılan bağçılıq-yoldaşlığının üzvlərinin siyahısında iddiaçının adı yer almamışdır. Məhkəmə bu arqumenti təhlil edərkən qeyd edir ki, İdarənin arxivində saxlanılan siyahıda iddiaçının adı qeyd olunmasa da, bu hal hüquqi baxımdan həlledici xarakter daşımır. Belə ki, adıçəkilən siyahının, yəni “Çapçı” bağçılıq yoldaşlığına dair arxivdə saxlanılan ilkin siyahıların tərtib edildiyi tarix iddiaçının bu yoldaşlığa üzvlüyünə qəbul edilməsindən əvvəlki dövrə təsadüf edir. Deməli, həmin siyahıların iddiaçının hüquqi statusunu inkar edən əsas kimi təqdim olunması hüquqi baxımdan məntiqi baxımdan natamam yanaşmadır. Digər tərəfdən, bağçılıq-yoldaşlığına üzvlüyə qəbul edilmədən sonra üzvlərin yenilənmiş siyahısının İdarəyə təqdim olunmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və bu halın hüquqi nəticəsi yalnız həmin siyahını təqdim etməyə borclu olan hüquqi subyektin məsuliyyət dairəsində dəyərləndirilə bilər. İddiaçının bu səbəbdən hüquqdan məhrum edilməsi isə formal yanaşma kimi qiymətləndirilir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən protokoldan çıxarış, order, həmçinin İdarənin arxivində saxlanılmasa da, “Çapçı” bağçılıq yoldaşlığının yenilənmiş üzvlərinin siyahısı mövcuddur ki, bu sənədlər Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokol və üzvlük kitabçası hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin sənədlər iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir. Cavabdehin imtinasının digər əsası ondan ibarətdir ki, həmin sahəyə dair başqa bir şəxs tərəfindən müraciət edilmişdir. Bu məsələ ilə bağlı məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdehin bəhs etdiyi şəxs – X3r. Adıçəkilən şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmə iclasında iştirak edərək 159 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair etirazının olmadığını bildirmişdir ki, onun bu davranışı faktiki olaraq bu hissədə əlavə araşdırmanın aparılmasına dair zəruriliyi aradan qaldırır və iddianın təmini üçün əsas yaradır. Cavabdehin digər imtinası əsası – bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxeminin aşkar olunmaması ilə bağlıdır ki, məhkəmə bu hissədə də imtinanın əsassız olduğunu hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İşin faktiki hallarından da göründüyü kimi inzibati orqan tərəfindən iddia olunan torpaq sahəsinin ətrafında və qonşuluğunda yerləşən 155 və 157 nömrəli bağ sahələri üzərində xx.xx.1998-ci il tarixli protokoldan çıxarış əsasında mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almışdır. Məhkəmə hesab edir ki, eyni mühüm faktiki hallara münasibətdə fərqli rəftarın tətbiqi baxımından cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Qeyd edilir ki, etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.” Məhkəmə qeyd olunan tələbləri əsas götürməklə hesab edir ki, iddiaçıya münasibətdə bərabər rəftar müəyyən edilməməkdədir, eyni ərazidə yerləşən digər əmlaklara münasibətdə mülkiyyət hüquqları bağçılıq-yoldaşlığının eyni tarixli protokolu əsasında qeydiyyata alındığı halda iddiaçıya münasibətdə göstərilən imtina dəlilinə istinadı məhkəmə konstitision hüquqların pozuntusu kimi qiymətləndirməkdədir. Torpaq sahəsinin daxilindən qaz xəttinin mövcud olması da, iddiaçının mülkiyyət hüququnun qeydiyyatına maneə yaratmır. Mülkiyyət hüququnun qeydiyyatı üçün tələb olunan şərtlər, yalnız qanuni əsaslarla təsdiqlənmiş məlumatlara dayanmalıdır. Nəticə etibarilə, cavabdeh tərəfindən təqdim olunan sübutlar, iddiaçının hüquqlarının qeydiyyatına maneə yarada biləcək heç bir əsaslı arqument təşkil etmir və mülkiyyət hüququnun qeydiyyatına alınmasından imtina edilməsinə əsas vermir. Ali Məhkəmənin digər bir 2-1(102)-2016/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edildiyi kimi təqdim edilmiş sənəd üzrə torpaq sahəsinin ölçüsünün 500 kv.m. olsa da, faktiki olaraq 495.0 kv.m təşkil etməsi və torpaq sahəsinin 80 kv.m. hissəsinin qaz xəttinin mühafizə zolağına düşməsi barədə kassasiya şikayətinin dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla cavabdehə həmin halları təsdiq edən sübutlar təqdim etməmişdir. Digər tərəfdən, qeyd edilən halların mövcudluğu iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə təşkil edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən sahəsi 500 kv.m torpaq (bağ) sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov