Məhkəmə qərarları › İş №2-1(112)-14973/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14973/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14973/2025 26.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid adının və şəhid ailəsi adının verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yoldaşı, sabiq baş leytenant X8 “şəhid adının və onun ailəsinə “şəhid ailəsi” adının verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 iyul 1984-cü il təvəllüdlü, baş leytenant X10 ilə 12 dekabr 2006-ci il tarixdə birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Azərbaycan Respublikasının Neftçala rayon VVADQ şöbəsi tərəfindən 598 nömrə ilə, 12 dekabr 2006-ci il tarixdə qeydiyyata alınmışdır. 17 iyul 1984-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycanlı, məhkum olunmamış, sabiq baş leytenant 2010-cu il tarixdən Silahlı Qüvvələrdə xidmətdə olan, Azərbaycan Respublikasının döyüş bölgəsində yerləşən və daim döyüş şəraitində olan N saylı hərbi hissədə 2-ci taborun 6-cı bölük komandiri vəzifəsində xidmət etmiş həyat yoldaşı 19 may 2012-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən, Goranboy rayonundan Tərtər istiqamətində avtomobildə sərnişin kimi hərəkət edərkən Tərtər rayonunun Cəmilli kəndi ərazisində avtomobil qəzasında dünyasını dəyişmişdir. Həyat yoldaşı vətənpərvər zabit olmaqla yanaşı nümunəvi zabit olmuşdur. Hələ 2010-cu tədris ilində qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində, döyüş hazırlığının yüksəldilməsində əldə etdiyi nailiyyətlərə .görə 051. saylı hərbi hissənin komandiri tərəfindən xx.xx.2010-cu il tarixli “FƏXRİ FƏRMAN”la təltif olunmuş, dəfələrlə xidməti vəzifələrini vicdanla yerinə yetirdiyinə görə komandirləri tərəfindən ona təşəkkürlər elan edilmişdir. Həmişə xidməti vəzifələrini gecə və gündüz vicdanla yerinə yetirmişdir. Həyat yoldaşının xidmət etdiyi N saylı hərbi hissə döyüş bölgəsində yerləşir. N saylı Hərbi Hissənin komandiri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 171 saylı arayışda qeyd olunur ki, X10 xx.xx.2012-ci il tarixdə baş vermiş avtomobil qəzası zamanı aldığı qapalı-kəllə beyin travması xəsarətindən həlak olmuşdur, ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Bu barədə dəfələrlə yoldaşı X8 “şəhid adının, onun ailəsinə “şəhid ailəsi” adının verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişik. Lakin qeyd olunan inzibati orqanlar bu günə qədər X8 “şəhid adının, onun ailəsinə “şəhid ailəsi” adının verilməsi üçün bizə hər hansı bir köməklik göstərməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-14/2-A-l2954-38/25 nömrəli məktubunda mərhum X4 19 may 2012-ci il tarixdə avtomobil qəzasında həlak olduğu qeyd olunsa da, ətraflı araşdırma aparılmamış, N saylı Hərbi Hissənin komandiri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 171 saylı arayışda mərhumun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olmasına baxmayaraq, X4 ölümünün xidməti vəzifəsinin icrası ilə bağlı olmadığı qeyd olunaraq, ona “şəhid adının, onun ailəsinə “şəhid ailəsi” adının verilməsindən imtina olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Qanunvericiliyin tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-cü il tarixli məktubla imtina etmiş, lakin həmin məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair işdə hər hansı sübut olmadığından və iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinə riayət edildiyi qənaətinə gəlir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İ № 296212 nikah haqqında Şəhadətnaməyə əsasən, X11 ilə iddiaçı xx.xx.2006cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İ № 519431 ölüm haqqında Şəhadətnaməyə əsasən, X11 xx.xx.2012-ci ildə ölmüşdür. Ölüm səbəbi – Avto qəza, qapalı kəllə-beyin travması. N saylı Hərbi Hİssə Komandirinin xx.xx.2012-ci il tarixli, 175 № li əmrindən çıxarışdan müəyyən edilir ki: Baş leytenant X11, 1572-ci motoatıcı taborun 6-cı motoatıcı bölüyünün komandiri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin167-ci maddəsinin “a” bəndinə (avtomobil qəzası nəticəsində həlak olduğuna görə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 iyun 2012-ci il tarixli 0181 nömrəli əmri ilə 19 may 2012-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin zabit heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Neftçala rayon Şöbəsinə göndərilsin. Baş leytenant S.A.Hüseynov 2012-ci il tarixli 220 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcimdə almağa layiqdir. Baş leytenant S.A.Hüseynov 2012-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2012-ci ilin məzuniyyət hesabından istifadə edib. 2012-ci il növbəti məzuniyyət hesabından 1 (bir) aylıq vəzifə maaşı məbləğindən pul təminatı ödənilsin. xx.xx.2012-ci il tarixdə Goranboy rayonundan Tərtər rayonu istiqamətində “Vaz 2107” markalı avtomobil ilə hərəkət edərkən Tərtər rayonu Cəmilli kəndi ərazisində qarşıdan gələn maşın yolun əks hərəkət zolağına çıxması səbəbindən baş verən avtomobil qəzası zamanı aldığı qapalı-kəllə beyin travması xəsarətindən həlak olmuşdur. Ölüm hərbi xidmət vəzifəsinin icrası ilə bağlıdır. xx.xx.2012-ci il tarixdə Neftçala Beşdəli kənd qəbirstanlığında dəfn edilmişdir. Həyat yoldaşı: İddiaçı-1987 il təvəllüdlü. Qızı: Hüseynova Şəbinə - 2010cu il təvəllüdlü. Ailəsinin ünvanı Neftçala Beşdəli kəndi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsinin xx.xx.2025ci il tarixli, 3-25-14/2-A-12954-38/25 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığınız ərizənizə (vətəndaş İddiaçı mərhum həyat yoldaşı baş leytenant X6 “Şəhid adının”, ailəsinə isə “Şəhid ailəsi” statusunun verilməsi barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün bildiririrli ki, mərhum S.A.Hüseynov xx.xx.2012-ci il tarixdə avtomobil qəzası nəticəsində aldığı xəsarətlərdən həlak olmuşdur. Mərhum S.A.Hüseynovun ölümü döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadığından, ona “şəhid” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” tələblərinə uyğun deyil. Mərhum S.A.Hüseynovun vaxtsız vəfatından kədərləndiyimizi və ağır dərdinizə şərik olduğumuzu bildirərək mərhuma Allahdan rəhmət diləyirik”. Beləliklə iş materiallarından müəyyən edilir ki, iddiaçının mərhum əri Baş leytenant X11 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş və xx.xx.2012ci il tarixdə Goranboy rayonundan Tərtər rayonu istiqamətində “Vaz 2107” markalı avtomobil ilə hərəkət edərkən Tərtər rayonu Cəmilli kəndi ərazisində qarşıdan gələn maşın yolun əks hərəkət zolağına çıxması səbəbindən baş verən avtomobil qəzası zamanı aldığı qapalı-kəllə beyin travması xəsarətindən həlak olmuşdur. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı mərhum həyat yoldaşına şəhid, ona isə şəhid ailəsi statusunun verilməsinə yönəlmişdir. Cavabdeh isə, iddiaçının müraciətini təmin etməkdən imtina edərkən bildirir ki, ididaçının mərhum həyat yoldaşının ölümü xidməti vəziflərin icrası ilə bağlı olsa da, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını və döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin imtinası isə əsaslıdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli qaydası Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Dövlət Mühafizə Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Mühafizə Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. İstinad edilən Qanunun və həmin Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli barədə Nazirlər Kabinetinin Qərar ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən, hansı şəxslərə şəhid statusunu verilməsi konkret olaraq qeyd edilmişdir. İddiaçı Qaydların 1.2.6-cı bəndinə istinad edərək bildirir ki, mərhum həyat yoldaşının ölümü xidməti vəziflərin icrası ilə əlaqədar olduğundan yoldaşına şəhid statusu verilməlidir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 519431 nömrəli ölüm haqqında şəhadətnamədən eləcə də, N nömrəli hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli 175 nömrəli əmrindən çıxarışda və N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 171 nömrəli arayışından görünür ki, mərhum X11 xx.xx.2012-ci il tarixdə avtomobil qəzası zamanı aldığı qapalı kəllə-beyin travması səbəbindən vəfat etmişdir. Göründüyü kimi, X7 ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı olmamışdır. Məhkəmə qeyd edir ki, mərhum X3 hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Belə olan halda, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum həyat yoldaşına münasibətdə müəyyən edilməmişdir. Hazırkı işdə mərhum X3 xx.xx.2012-ci il tarixdə vəfat edərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını və döyüş tapşırığını yerinə yetirməsi sübuta yetirilmədiyindən iddia tələbi rədd edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar