Məhkəmə qərarları › İş №2-1(112)-14978/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14978/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14978/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “20 il qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunma” tələbinə dair iddiası üzrə inzibati işə 8 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 1.07.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Müdafiə Nazirliyi AOBQR-nin xx.xx.2021-ci il tarixli 011gm əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı Tərtər Hərbi Məhkəməsinin 29 may 2019-cu il tarixli İş № 1(098)-167/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinərək dövlət nəfinə aylıq pul təminatından 10 (on) faiz məbləğdə pul tutmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. N nömrəli hərbi hissənin N iyul 2020-ci il tarixli 1273 nömrəli icra məktubundan görünür ki, Tərtər Hərbi Məhkəməsinin 29 may 2019-cu il tarixli İş № 1(098)-167/2019 nömrəli hökmü ilə İddiaçı təyin olunmuş aylıq pul təminatından 10 (on) faiz məbləğdə pul tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tam ödənilmişdir. Odur ki, Tərtər Hərbi Məhkəməsinin 29 may 2019-cu il tarixli İş № 1(098)-167/2019 nömrəli hökmü ilə təyin olunmuş cəzanın çəkilib qurtarmasından bir ildən artıq müddət keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən həmin hökm üzrə İddiaçı məhkumluğu ödənilmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, 20 (iyirmi) təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmasını xahiş etmişdir. Cavabdeh 1.02.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “... “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanının 3-2.3 bəndinə əsasən məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. Siz Tərtər Hərbi Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10 (on) faiz məbləğdə pul tutmaqla, 01 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmisiniz. Məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmədiyindən, Azərbaycan Ordusu sıralarında hərbi xidmət müddətiniz 20 (iyirmi) təqvim ildən az təşkil etdiyi üçün (xx.xx.2000-xx.xx.2001; xx.xx.2003-xx.xx.2021, 20 il 01 ay, 01 gün. Məhkumluq müddəti çıxıldıqda 19 il, 01 ay, 01 gün), Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı Sizə şamil olunmur. Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunuun 12-ci maddəsi ilə tənzimlənir. Odur ki, mənzil təminatı ilə bağlı qeydiyyatda olduğunuz rayon icra hakimiyyətinə və ya ərazi aiddiyəti üzrə yerli bələdiyyə orqanına müraciət etməyiniz məqsədəuyğundur”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan ordusu sıralarında 20 təqvim ili ərzində qüsursuz hərbi xidmət etmiş hərbi qulluqçu kimi dövlət hesabına mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin məktubu süründürməçilik xarakterlidir, onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmamağı üçün bəhanədir, tam əsassız və qanunsuz cavabdır. Belə ki, imtina məktubunda “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinni hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanının 3-2.3 bəndinə istinad edilmişdir. Lakin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli AR Qanunun 1.73-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsi nəzərə alınmamışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331-ci maddəsi 01 may 2020-ci il tarixdə ləğv edildiyindən bu maddə ona şamil edilə bilməz. İddiaçı 2019-cu il tarixdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.1-ci maddəsi həmin vaxt qüvvədə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.1-ci maddəsi isə 2020-ci il tarixdə ləğv edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında Bakı şəhər Nizami rayon İcra Hakimiyyətində mənzil növbəsinə alındığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən 1.02.2023-cü il tarixli məktubla imtina etmiş, lakin həmin məktubun iddiaçıya hansı tarixdə təqdim olunmasına dair hər hansı sübut yoxdur. Belə olan halda iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı 1.07.2000-ci il tarixdən xx.xx.2001ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2021-ci il tarixli 011gm əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Həmçinin iddiaçı hərbi xidmət dövründə törtədiyi cinayət əməlinə görə, Tərtər Hərbi Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10 (on) faiz məbləğdə pul tutmaqla, 01 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, cəzasını çəkmiş və məhkumluğu ödənilmişdir. İddiaçı Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28 dekabr 2011-ci il tarixli Fərmanına istinad edərək 20 (iyirmi) təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh iddiaçının məhkumluğunun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmədiyinə əsaslanaraq iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28 dekabr 2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilmələrinə qərara alınmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 1476 №li 15 noyabr 2021-ci il tarixli Fərmanının: Bənd 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Bənd 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: ... 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanına əsasən məhkumluq müddəti “qüsursuz xidmət”ə daxil edilməmişdir. Cavabdeh haqlı olaraq iddiaçının Tərtər Hərbi Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10 (on) faiz məbləğdə pul tutmaqla, 01 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edildiyi dövrü iddiaçının xidmət dövrünə daxil etməmişdir. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331-ci maddəsinin 01 may 2020-ci il tarixdə ləğv edildiyindən bu maddənin ona şamil edilmədiyini əsas gətirməsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. 50.3. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Cinayət Məcəllləsinin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, iddiaçı törədildiyi zaman cinayət hesab olunan əmələ görə (Cinayə Məcəlləsinin 331.2 maddəsi) təqsirli bilinərək dövlət nəfinə aylıq pul təminatından 10 (on) faiz məbləğdə pul tutmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Eyni zamanda Cinayət Məcəlləsində də məhkumluq dövrünün növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablanmadığı qeyd edilmişdir. Məhkəmə məhkumluğun götürülməsi (ödənilməsi) ilə bağlı qeyd edir ki, Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Şəxsin hərbi xidmət dövründə cinayət törətməsi və həmin cinayət əməlinə görə məhkum olunması, sonradan məhkumluğun ödənilməsi iddiaçının qüsursuz xidmət etməsi kimi qiymətləndirilə bilməz. Məhkumluğun ödənilməsi, məhkumluqla bağlı hüquqi nəticələri ləğv etsə də, həmin dövrün, yuxarıda istinad edilən Fərmanın 3-2.3.-ci bəndinə əsasən şəxsin qüsursuz hərbi xidmət dövrünə aid edilməməsi konkret olaraq tənzimlənmişdir. Buna görə də məhkəmə cavabdehin imtinasını əsaslı, iddiaçının tələbinin isə əsassız olması nəticəsinə gələrək hesab edir ki, iddia təmin olunmamalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar