Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1498/2023 14.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğin qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı xx.xx.2011-ci ildənxx.xx.2018-ci ilədək sadələşdirilmiş vergi ödəyicisi kimi “Avtomobillər üçün ehtiyat hissələrinin avadanlıqların və ləvazimatların Pərakəndə satışı” ilə məşğul olmuşdur. Bu müddət ərzində vergi bəyannamələrini vaxtı-vaxtında vergi orqanına təqdim etmiş və vergiləri vaxtında dövlət büdcəsinə ödəmişdir. Təxminən 2013-cü ilin noyabr ayının ortalarında vergi orqanının əməkdaşı iddiaçı ilə görüşmüş və büdcəyə ödəniş barədə iddiaçı ilə şifahi danışıqlar aparmışdır. Vergi proqnozunun yerinə yetirilməsi məqsədi ilə hər ay əvvəlcədən 650 manat məbləğində dövlət büdcəsinə ödəniş etməsini iddiaçıdan tələb etmişdir. İddiaçı da, hər ay bəzən tam, bəzən də hissə-hissə ödəniş etməklə hər ayın tamamında xx.xx.2018-ci ilədək 650,0 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Ardıcıl 12 ay müddətinə dövriyyəsi 200.000,0 manatdan artıq olduğuna görə vergi orqanı iddiaçını xx.xx.2019-cu il tarixindən ƏDV ödəyicisi kimi qeydiyyata almışdır. İddiaçı ƏDV ödəyicisi kimi fəaliyyət göstərə bilmədiyi üçün xx.xx.2019-xx.xx.2024-cü ilədək fəaliyyətini tam dayandırmışdır. xx.xx.2019-cu il tarixinə sadələşdirilmiş vergi üzrə 18618,08 manat məbləğində artıq ödəməsi olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5ci maddəsinə əsasən 3 (üç) il ərzində vergi ödəyicisindən düzgün tutulmamış vergilərin hesablanması aparıla bilər. 3(üç) il müddət buraxıldığı üçün mart 2019-cu il üzrə 262, 49 manat məbləğində dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin verilməsi mümkün olmadığı üçün, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin VM- nin 57-ci maddəsinə əsasən 2019-cu ilin mart, iyun, iyul, avqust və oktyabr ayları üzrə mal göndərən təşkilatlardan 6 ədəd e-qaimə mənim adına səhvən gəlmiş, e-qaiməyə əsasən səhvən təqdim edilmiş ƏDV-i bəyannaməsi üzrə 200,0 manat maliyyə sanksiyası məbləği, ƏDV-i 2019-cu il oktyabr dəqiqləşdirilmiş (KYB) 1102,19 qəpik və 2014-cü il üzrə artıq ödənilmiş, lakin 5 ildən artıq müddəti buraxılmış 4372,67 manat məbləğ çıxıldıqdan sonra 18618,08- (262.49 + 200,0 + 1102,19 + 4372, 67) xx.xx.2015- xx.xx.2019-cu il üzrə qaytarılası vergi məbləği 12680,73 manat təşkil edir. xx.xx.2019-cu ildən-xx.xx.2022-ci il tarixinədək qeydiyyatda olduğu vergi orqanına artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması məqsədi ilə 17 dəfə müraciət etməyinə baxmayaraq, vergi orqanı qanunvericiliyə əməl etməyərək qeyriqanuni olaraq iddiaçının müraciətini icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vergi ödəyicisi xx.xx.2013-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət etmiş və "Vergi partnyorluğu sazişi” bağlandıqdan sonra vergilərin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2022ci ildə artıq ödənilən verginin qaytarılması ilə bağlı vergi orqanına müraciət edilmiş, həmin müraciətə cavab məktubunda xx.xx.2013-cü il tarixdə vergi orqanı ilə vergi ödəyicisi arasında vergi partnyorluğu sazişinin bağlanılması bildirilmiş və vergi ödəyicisinə sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını “Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərməsi tövsiyyə olunmuşdur. "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaların 3.1. maddəsinə əsasən vergi ödəyicisi "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən "Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 190 saylı qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydalan"nın 5.1-ci bəndinə göstərilmişdir ki, sazişlə müəyyən edilmiş öhdəliklər vergi orqanı və ya vergi ödəyicisi tərəfindən vaxtında və tam yerinə yetirilmədikdə, sazişi ləğv etmək istəyən tərəf bu barədə 10 (on) gün müddətində digər tərəfə niyyətini və əsaslandırılmış səbəbləri əks etdirən yazılı məlumatı təqdim edir. Saziş ləğvetmə barədə məlumat təqdim edildiyi aydan sonrakı ayın 1-dən qüvvədən düşür. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsində qeyd olunmuşdur ki, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul ediməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqim edərək xx.xx.2019-cu il tarixinə xx.xx.2015-xx.xx.2018-ci il dövrlər üzrə, 5 (beş) il müddəti keçməmiş artıq ödənilən verginin 13782,92 manat məbləğinin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqim edərək 2016-cı il vergi dövrü üçün büdcəyə artıq ödədiyi 4407,96 (dörd min dörd yüz yeddi manat, 96 qəpik) manat, 2017-ci il vergi dövrü üçün artıq ödədiyi 4539,04 (dörd min beş yüz otuz doqquz manat, 04 qəpik) manat və 2018-ci il vergi dövü üçün artıq ödədiyi 1053,01 (bir min əlli üç manat,01 qəpik) cəmisi 10000,01 (on min manat,01 qəpik) manat büdcəyə artıq ödənilmiş pul vəsaitinin vergi ödəyicisi İddiaçı (VÖEN **********) qaytarılması barədə rəy veriməsi vəzifəsnin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9958/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqim edərək İddiaçı büdcəyə artıq ödədiyi 10282,28 manat pul məbləğinin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı VÖEN ********** üzrə uçota alınmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü ilədək fəaliyyətini dayandırmışdır. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixə tərtib edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəyə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək artıq ödənilmiş 12680,73 manat ödənilmiş məbləğin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ünvanlanmış artıq ödənilmiş məbləğin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli, **********490500 nömrəli məktubda bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qararı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydalara ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin bildiririk ki, tərəfinizdən xx.xx.2013-cü il tarixində vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edilmişdir. Sizinlə “Vergi partnyorluğu sazişi” bağlanıldıqdan sonra vergilərin ödənilməsi üzrə tərəfinizdən öhdəliklərinizin yerinə yetirilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənədlər Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlamas, yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyi yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Qeyd edilənlərə əsasən sahibkarlıq fəaliyyəti göstərdiyiniz dövr üzrə dövriyyə məlumatlarını “Vergi partnyorluğu sazişi”nə uyğun olaraq ödənilmiş vergi məbləği mütənasib göstərilməsi Sizə tövsiyyə olunur. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytı (wvyw.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılaraq vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2022-ci il tarixli ünvanlanmış artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciətə cavab məktubunda bildirilmişdir ki, Sizin bundan əvvəki xx.xx.2021-ci il tarixli **********483900 nömrəli eyni məzmunlu müraciətinizə Baş İdarənin xx.xx.2021-ci il tarxili **********313100 nörməli məktubu ilə rəsmi cavab verilmişdir. Çap tarixi xx.xx.2022-ci il tarixə olan iddiaçıya aid şəxsi hesab vərəqəsinə əsasən hesablanan məbləğ 32.966,35 manat, azaldılan məbləğ 5.876,39 manat, çap tarixinə saldo 18.155,59 manatdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********196600 nömrəli məktubunda bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixə 18155,59 manat artıq ödənilmiş vergi məbləğinin olduğu müəyyən olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********430900 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan İddiaçı (VÖEN: **********) xx.xx.2023-ci il tarixə şəxsi vərəqə üzrə 5 il tələb etmə müddəti keçməmiş 1130,38 manat artıq ödəməsi vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 9/2837 nömrəli məktubla ünvanlanmış ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsində aşağıdakılar göstərilmişdir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Tədqiqata təqdim olunmuş iş materiallarında çap olunma tarixi xx.xx.2022-ci il olan şəxsi hesab vərəqəsinin (bax 1-ci cild iş vərəqi 136 və s.) məlumatlarına əsasən vergi ödəyicisi İddiaçı xx.xx.2022-ci il tarixə, yəni sualda qeyd edilən tarixə 18.155,59 manat məbləğində artıq ödənişi olmuşdur. Həmçinin qeyd edilir ki, İş materiallarında olan şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisi olan İddiaçı xx.xx.2017-ci il tarixə 7.873,31 manat məbləğində vaxtı keçmiş borcu olmuşdur. Göstərilənlərə əsasən İddiaçı xx.xx.2022-ci il tarixə 5 il tələb etmə müddəti keçməmiş artıq ödənilmiş vergilərinin məbləği (18.155,59 - 7.873,31 = 10.282,28) 10.282,28 manat müəyyən olunur.Eyni zamanda qeyd edilir ki, şəxsi hesab vəqəsində artıq ödəmənin ödənilmə tarixləri və məbləği öz əksini tapmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. -24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. -85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. -87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: -3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. -4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. -52.5-ci maddəsinə görə inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. İş üzrə təqdim olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, çap tarixinə (xx.xx.2022-ci il) saldo 18.155,59 manat təşkil edir. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 18.155,59 manat artıq ödənilmiş məbləğ 2013-2019-cu il tarixədək həyata keçirilmiş ödənişlərdən ibarət olmaqla bir hissəsi Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçmiş artıq ödəmələrdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixə 7.873.31 manat məbləğində vaxtı ötmüş borcu olmuşdur. Ekspert rəyi ilə də müəyyən edilmişdir ki, iddiaçının cavabdehə ərizə ilə sonuncu dəfə müraciət etdiyi xx.xx.2022-ci il tarixə 5 illik tələbetmə müddəti keçməmiş 10.282,28 manat (18.155,59 manat- 7.873.31)artıq ödəməsi yaranmışdır. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Cavabdehin əsas imtina dəlili- vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsi hazırkı iddianın təmin edilməsinə mane olmur. Belə ki, xx.xx.2013-cü il tarixində vergi partnyorluğu sazişinin bağlanması vergi ödəyicisinə "Vergi partnyorluğu sazişi” bağlandıqdan sonra vergilərin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsinə kömək etmişdirsə, lakin eyni zamanda sazişin qüvvədə olduğu dövrdə onun dövlət büdcəsinə vergini artıq ödəməsi və bununla da şəxsi hesab vərəqəsində artıq ödəmənin yarandığı faktını da dəyişdirmir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 10.282,28 manat məbləğin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməli, ekspertiza xərci cavabdehə aid edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 10.282,28 manat məbləğin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Ekspert tədqiqatının dəyəri olan 150 manat xərc Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1498/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1498/2023
14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver