Məhkəmə qərarları › İş №2-1(112)-15/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə aid texniki pasportun tərtib edilməsi və onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən və faktiki sahəsi 1770 kv. metr olan 1108 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının aparılması, torpaq sahəsinə dair plan ölçünün və çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 14 iyul 1994-cü il tarixli “Bağın icarəyə verilməsi” haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi 10 il müddətinə onun icarəsinə verilmişdir. Müqavilənin müddəti bitdikdən sonra onunla Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında 06 avqust 2004cü il tarixdə Şüvalan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsinə dair yeni müqavilə bağlanmış və həmin bağ sahəsi daha 10 il müddətinə onun istifadəsinə verilmişdir. Ümumiyyətlə bağ sahəsi 1947-ci ildən onların ailəsinin istifadə və sahibliyindədir. Həmin bağ sahəsinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsi məqsədi ilə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və bağ sahəsinə aid texniki pasportun tərtib edilməsi və Dövlət Reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. Müraciətinə cavab olaraq cavabdeh 24 iyun 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, bağ sahəsinin ölçüsü sənəddə 1900 kv. metr olmasında baxmayaraq, hal-hazırda faktiki 1770 kv. metrdir. Arxiv cizgisinə və sxematik xəritəyə əsasən sözügedən bağ sahəsinin yola çıxışı göstərilməmişdir. Məhz bu səbəblərdən ona məxsus bağ sahəsinin özəlləşdirilməsindən cavabdeh orqan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamami ilə qanunsuzdur. Belə ki, cavabdehin məktubunda yazılanlar həqiqəti əks etdirirsə, cavabdeh bağ sahəsinin hansı şəbbədən ölçülərinin azaldığını və bağ sahəsinə yolun sxematik xəritəyə əsasən haradan olduğunu müəyyən etməli idi. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X3 iddianı qəbul etməyərək və İdarə tərəfindən verilmiş yazılı imtinaya uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha torpaq sahəsi olan 1108 nömrəli bağ sahəsinin arxiv əsaslarının təsdiq olunmuş surətlərindən müəyyən olunur ki: - Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı tresti ilə X1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha torpaq sahəsi olan 1108 nömrəli bağ sahəsinin xx.xx.1982-ci ildən 31 dekabr 1992-ci il tarixədək icarəyə verilməsinə dair 18 mart 1983-cü il tarixli müqavilə bağlanmışdır. - X1 tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı trestinə ünvanlanmış xx.xx.1994-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1108 nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. - Bakı şəhər İcra Hakmiyyətinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha torpaq sahəsi olan 1108 nömrəli bağ sahəsinin xx.xx.1994-cü ildən 14 iyul 2004-cü il tarixədək icarəyə verilməsinə dair 14 iyul 1994-cü il tarixli müqavilə bağlanmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 06 avqust 2004-cü il tarixli “Bağın icarəyə verilməsi” haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,19 ha sahədən ibarət 1108 saylı bağ sahəsi 10 il müddətinə 14 iyul 2004-cü il tarixdən 14 iyul 2014-cü il tarixədək sonuncunun icarəsinə verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********62 №-li, xx.xx.2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 1108 saylı bağ sahəsinə aid texniki pasportun tərtib edilməsinə və dövlət reyestrindən çıxarışın verilməsinə dair ********** nömrəli. xx.xx.2019-cu il tarixli poçt vasitəsilə daxil olmuş olmuş ərizəsinə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüləri 1900 kv. metr təşkil edir, faktiki isə 1770 kv. metrdir. Arxiv cizgisinə və sxematik xəritəyə əsasən sözügedən bağ sahəsinin yola çıxışı göstərilməmişdir. Həmçinin bağ sahəs ilə bağlı 2 saylı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1480/2019 saylı inzibati iş üzrə məhkəmə mübahisəsi davam edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1362 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıda qeyd olunan nəticəyə gəlmişdir: - Sözügedən bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə aid Şüvəlan bağlar massivi ərazisində yerləşir. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğundur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ...

139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İPM. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin halları üzrə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən və faktiki sahəsi 1770 kv. metr olan 1108 saylı bağ torpaq sahəsinin iddiaçıya məxsus, yəni 1994-cü ildən qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Belə ki, həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı ilə bağlanmış 14 iyul 1994-cü il tarixli müqavilə ilə iddiaçının istifadəsinə verilmişdir. Həmin müqavilə müvafiq olaraq səlahiyyətli dövlət orqanı bağlanılmış və hal-hazıradək qüvvədədir. Həmin müqavilənin ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin müqavilə iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Anoloji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni ərizəyə əlavə olunmuş sənədlərin surət olması, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçülərinin 1900 kv. metr təşkil etdiyi halda, faktiki ölçüsünün 1770 kv. metr təşkil etməsi, arxiv cizgisinə və sxematik xəritəyə əsasən sözügedən bağ sahəsinin yola çıxışının göstərilməməsi əsassız olmaqla yanaşı, işin yuxarıda qeyd olunan halları və qanunvericiliyin tələblərinə əsasən hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin (müqavilə və onun bağlanmasına əsas olan sənədlər) arxiv nüsxələri keçmiş Bağlar idarəsinin arxiv saxlayıcısı kimi, cavabdeh inzibati orqanın arxivində mövcuddur. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini dəqiqləşdirərək, istifadəsində olan mübahisəli torpaq sahəsinin məhz faktiki ölçüdə (1770 kv. metr) mülkiyyət hüquqlarının qeydə alınmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Mübahisəli bağ sahəsinin yola çıxışının olmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, qeyd olunan halın həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsində aşağıda qeyd olunan müvafiq müddəalar mövcuddur. Maddə 255. Servitut anlayışı 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın konkret əsasları göstərilmişdir. Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli Bağ Torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdehdən 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən və faktiki sahəsi 1770 kv. metr olan 1108 saylı bağ torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar