Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-150/2024 29.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə) qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı «torpaq sahəsinə dair reyestdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli 251 nömrəli sərəncamla fərdi yaşayış evinin tikilməsi üçün 700 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əsasən alqı-satqı müqaviləsi bağlanmış, dövlət rüsumu ödənilmişdir. Həmin torpaq sahəsinə dair çıxarış alınması üçün cavabdehə müraciət olunmuş və cavabdeh 26 oktyabr 2021-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İddiaçı yenidən Buzovna Bələdiyyəsinə müraciət etmiş və Bələdiyyə 3 noyabr 2021-ci tarixli 02/316 saylı məktubla iddiaçının adına torpaq sahəsinin veirilməsini təsdiq etmişdir. Göstərilənlərə və MPM-in 4.1-ci maddəsinə, İPM-in 2.2, 2.2.2ci maddələrinə əsaslanaraq, Bakı şəhəri Buzovna Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmənin 3 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin (qurum Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında yaradılmışdır) 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 20 oktyabr 2021-ci il tarixdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyənin qərarı təqdim edilməmişdir və sözügedən torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamış, torpaq sahəsinə dair verilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının göstərdiyi torpaq sahəsinin faktiki ölçüsü 730 kv.m-dir və elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsindən 60.0 m məsafədə neft buruğu və yaxınlığında bağlı, fəaliyyət göstərməyən neft quyuları var və həmin torpaq sahəsinin sərhədinə yaxın 35.0 kv.m elektrik xətti keçir. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya 16 oktyabr 2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 68-ci maddələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 4.0.1, 6.5-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqında» Qanunun 11.1, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 8 iyul 2014-cü il tarixədək qüvvədə olmuş «Torpaqların alqı-satqısı Qaydaları»na əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 26 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tərəf sonradan məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən 30 dekabr 2005ci il tarixli sərəncamla fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 700 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı Buzovna bələdiyyəsi tərəfindən ona 30 dekabr 2005-ci il tarixli sərəncamla ayrılmış 700 kv.m torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilə bilməz. Belə ki, qeyd edilən torpaq sahəsi mübahisələndirilən ərazi mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi isitifadəsində olan, əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsnin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsində təyinatı üzrə istifadə oluna bilər. Həmçinin işdə olan mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin 60 metrliyində neft buruğu, eləcə də yaxınlığında fəaliyyətdə olmayan ləğv edilmiş neft-qaz quyuları yerləşir. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10, 22, 110-cu maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun, «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarının müddəalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarına əsaslanaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlməmiş, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşdiyindən, işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunamüvafiqdir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (hazırkı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi onun bazasında yaradılmışdır) tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmənin iş üzrə 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuş və ekspertizanın keçirilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - (1-ci sual) Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 251 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsinin məqsədli təyinatının müəyyən edilməsi; - (2-ci sual) Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 251 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsinin ayrılan dövrdə Xəzər rayonu Buzovna bələdiyyəsinin mülkiyyətində olan, habelə Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə adışəkilən bələdiyyəyə ayrılması nəzərdə tutulan ərazi hüdudlarında yerləşibyerləşməməsinin müəyyən edilməsi; - (3-cü sual) Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 251 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsinin tam və ya hər hansı hissədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi hüdudlarında yerləşibyerləşməməsinin, eləcə də başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşü-düşməməsinin müəyyən edilməsi; - (4-cü sual) Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 251 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsinin həmin ərazidən keçən 35 kVlıq elektrik xəttinin mühafizə zonasına düşüb-düşməməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 30 noyabr 2022-ci il tarixli məktubu ilə qurumun ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı təqdim olunmuşdur. Məlumatda bildirilir ki, məhkəmə ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq mütəxəssis rəyinin Mərkəzə təqdim olunması barədə məhkəməyə vəsatət göndərilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi bu günədək Mərkəzə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış 18 sentyabr 2023-cü il tarixli məktubla təqdim olunmuş mütəxsəssis rəyində məhkəmənin hazırkı iş üzrə 15 sentyabr 2022-ci il tarixli ekspertiza təyin edilməsi haqqında qərardadında qoyulmuş sualların cavabı kimi aşağıdakılar qeyd olunur: - (1-ci sual üzrə) Göstərilən torpaq sahəsi faktiki olaraq 730,0 kv.m təşkil edir (üzərində tikili yoxdur). Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 730,0 kv.m sahə dövlət mülkiyyətindədir. - (2-ci sual üzrə) Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətindədir. - (3-cü sual üzrə) Vahid elektron kadastr baza məlumatlarına əsasən sərəncamda qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsindən 60.0 m məsafədə neft buruğu və yaxınlığında bağlı, fəaliyyət göstərməyən neft quyuları var. Həmin torpaq sahəsinin sərhəddinə yaxın 35 kVt-lıq yüksək gərginlikli elektrik xətti keçir. - (4-cü sual üzrə) Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin 326,0 kv.m hissəsi yüksək gərginlikli (35 kVt) elektrik xəttinin mühafizəsinsı yerləşir. Sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3.1.25-ci bəndinə görə qurumun vəzifələri sırsaına dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq da daxildir. Hazırkı iş üzrə İddiaçı Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin ayrılan zaman bələdiyyə mülkiyyətində olub-olmaması barədə məhkəmə icraatında yalnız “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi daxil olsa da, işin bu xüsusatı ilə bağlı başqa mənbədən məlumat və ya əks arqument alınması mümkünsüzdür. Belə olan halda, təyin edilmiş ekspertizanın da müsbət nəticə vermədiyi (yenidən ekspertiza təyin edilməsi əlavə vaxt itkisinə səbəb ola bilərdi) nəzərə alınmaqla, iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətindəki ərazilərə aid olması barədə mütəxəssis rəyi fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri çərçivəsində verilmiş rəy olaraq mötəbər sübut qismində qiymətləbdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə icraatında iddiaçı tərəf torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 251 nömrəli sərəncamını təqdim etmişdir. Lakin işdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, həmin qərarla ayrılan torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaqlardandır. Bundan başqa, torpaq sahəsinin neft kəmərinin mühafizə zonasında yerləşməsi də təsdiqini tapır. Məhkəmə işin bu xüsusatı ilə bağlı mütəxəssis rəyinin əsassız olması barədə əlavə hal müəyyən edilmədiyindən, belə qənaətə gəlir ki, müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi sahə kimi Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən ayrıldığından, sözügedən hüquq müəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və onun əsasında torpaq sahəsinə hüququn qeydiyyatından «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq imtina olunmasında cavabdeh inzibati orqan haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, mütəxəssis rəyi ilə iddia olunan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olması ilə yanaşı neft kəmərinin mühafizə zonasında yerləşir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək həmçinin vurğulayır ki, hazırkı iddiaçıya Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Buzovna bələdiyyəsi tərəfindən müvafiq ərazidə fərdi ev tikmək məqsədilə 700 kv.m torpaq sahəsi ayrılan zaman keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin və Əzizbəyov RİH-in rəyləri alınmalı, bələdiyyə ilə iddiaçının arasında müqavilə bu barədə kollegial orqan kimi bələdiyyənin müvafiq qərarı qəbul olunduqdan sonra bağlanmalı idi. Məhkəmə diqqətə çəkir ki, İddiaçı ayrılan torpaq sahəsi ilə bağlı aidiyyəti qurumdan rəy alınmaması hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edirlər. Odur ki, məhkəmənin qənaətinə görə müvafiq “rəyin alınmaması” iddiaçının iradəsindən asılı olmyan hal kimi onun torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina əsası olaraq çıxış edə bilməz. Bundan başqa, Buzovna Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəinin ayrılması barədə qərar deyil, sərəncam qəbul olunmuşdur. Bu xüsusatda mahiyyətcə eyni məsələni əhatə etdiyindən formal xarakterli hal kimi qəbul olunmalıdır. Bununla belə məhkəmə hesab edir ki, İddiaçı iddia etdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ yaranmır və təqdim etdiyi sənədlər torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunması qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə) qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb edilməklə) qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-150/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-150/2024
29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver