Məhkəmə qərarları › İş №2-1(112)-1500/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1500/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1500/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin nümayəndəsi X3 iştirаkları ilə, İddiаçı X5 cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: X2 cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, **********180812 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın və xx.xx.2019-cu il tarixli **********433200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1500/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə X1 cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı “inzibati şikayətin təmin edilməməsi barədə qərarın” ləğvi hissəsində iddia tələbi mümkün sayılmamışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması ilə iddiaçıya 2014-cü ildə “xxxxxxx” MMC vasitəsilə idxal etdiyi və dəmiryolu ilə gətirilmiş və hal-hazırda icarəyə götürdüyü anbarda satılmamış olaraq qalan 73550 manat məbləğində malın alışını təsdiq edən sənədlər olmadığına görə Bakı şəhəri X13 Departamenti tərəfindən qərəzli olaraq, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə istinad edilərək, iddiaçıya 7.355 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş və xx.xx.2019-cu il tarixli **********180812 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla iddiaçıya 7.355 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Bununla bağlı, qeyd olunmalıdır ki, iddiaçı həmin malları əldə edən vaxt, yəni, 2014-cü ildə qüvvədə olan Vergi Məcəlləsində, 58.8.2-ci maddə mövcud olmamışdır. Həmin maddə yeni redaksiyaya verilmiş və həmin qanun xx.xx.2017ci il tarixdən qanuni qüvvəyə minmişdir. Məhz 2014-cü ildə iddiaçı əldə etdiyi mala görə Vergi Məcəlləsinin 2017-ci ili yanvar ayının 1-dən qüvvəyə minmiş dəyişikliyə istinad edərək, iddiaçıya maliyyə sanksiyasının tətbiq olunması vergi orqanının iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirilməsinin bariz nümunəsidir. Göründüyü kimi, 2014-cü ildə malların alışını təsdiq edən sənədin olmamasına görə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmadığından, 2017-ci il yanvarın 1-dən edilmiş dəyişikliyə istinad edilərək, malların alışını təsdiq edən sənədin olmamasına görə maliyyə sanksiyasının tətbiq edilməsi birbaşa olaraq, konstitusion normanın pozulmasıdır. Bundan əlavə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə, Bakıduz ünvanında yerləşən 200 kv.m üstü açıq qeyri-yaşayış sahəsini xarakterizə edəcək heç bir əlaməti olmayan torpaq sahəsinə görə aylıq 300 manat ödədiyi halda, vergi orqan tərəfindən ekspert dəvət olunaraq, xx.xx.2015ci il tarixdən xx.xx.2016-cı il tarixədək aylıq icarə haqqı məbləğinin 1000 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək aylıq icarə haqqının 800 manat olması müəyyən edilmiş və xx.xx.2019-cu iı tarixli, **********180812 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla iddiaçıya əsassız olaraq, 2015-2017-ci illər üzrə 2.814 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmış və 756 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixli, **********180812 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət olunsa da, xx.xx.2019-cu il tarixli, **********433200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarla şikatəyi təmin olunmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdi. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsiAzərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, **********120869 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2019cu il tarixli **********120869 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya sənədlər təqdim edilmədiyi üçün yoxlama vergi orqanında olan uçot baza məlumatları aparılmışdır. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq qranit və metlax satışını həyata keçirmiş və sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bakıduz ünvanda yerləşən obyektdə quraşdırılmış nəzarət-kassa aparatından alınmış hesabatlara əsasən sadələşdirilmiş vergi dövriyyəsinin 2015-ci ilin 2-ci rübü üzrə 3052,7 manat, 2016-cı ilin 2-ci rübü üzrə 2000,0 manat azaldıldığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla vergi ödəyicisinə üzrə ümumilikdə 202,11 manat sadələşdirilmiş vergi hesablanmış və 40,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bakıduz ünvanda yerləşən ümumi sahəsi 300 kvadrat metr olan qeyri-yaşayış sahəsini xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək aylıq 300,0 manata, xx.xx.2016- cı il tarixdə obyektin qeydiyyat məlumatlarına dəyişiklik edilərək ümumi sahəsi 200 kvadrat metr olan qeyri-yaşayış sahəsini aylıq 300,0 manata icarəyə götürmüşdür. Vergi ödəyicisinin icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi üçün vergi orqanı tərəfindən “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmış və ekspert rəyi alınmışdır. Ekspert tərəfindən verilmiş rəydə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bakıduz ünvanda yerləşən qeyriyaşayış sahəsinin icarə haqqının bazar qiyməti xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək bir ay üçün 1000,0 manat, xx.xx.2016-cı il tarixdən sonra isə bir ay üçün 800,0 manat müəyyən edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin 2015-ci ildə 1302,0 manat, 2016-cı fldə 1092,0 manat, 2017-ci ildə isə 420,0 azaldılması müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla vergi ödəyicisinə ümumilikdə ödəmə mənbəyində 2814 manat vergi hesablanmış və 756,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə səyyar vergi yoxlaması zamanı inventarizasiyanın keçirilməsi haqqında 08.11,2017-ci il tarixli qərar çıxarılmış və xx.xx.2017- ci il tarixli inventarizasiya aktı tərtib edilmişdir. İnventarizasiya aktına əsasən obyektdə 60x60 sm ölçüdə 3300 kvadrat metr, 80x80 sm ölçüdə 500 kvadrat metr qranit daş, 30x30 sm ölçüdə 330 kvadrat metr metlax olduğu müəyyən edilmişdir. Aşkar edilmiş malların alış və satış qiymətlərinin müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmış və ekspert rəyi alınmışdır. Ekspert tərəfindən verilmiş rəyə əsasən vergi ödəyicisinin fəaliyyət göstərdiyi ərazidə 73550,0 manat dəyərində mal qalığı olduğu müəyyən edilmiş və bu mal qalığının alışını təsdiq edən hər hansı bir sənəd yoxlamaya təqdim edilməmişdir. Eyni zamanda, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2014, 2015 və 2016-cı illərin 4-cü rübləri üzrə Sadələşdirilmiş vergi bəyannamələrinin 1 nömrəli əlavələrində mal qalığı göstərilməmişdir. Qeyd edilənlər nəzərə alınmaqla vergi ödəyicisinə 7355,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması ilə sadələşdirilmiş verginin 202,11 manat, ödəmə mənbəyində tutulan verginin 2814,0 manat azaldılması, sahibliyində olan 73550,0 manat məbləğində malların alışını təsdiq edən sənədlərin olmaması aşkar edilmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı əsaslı və etibarlı hesab edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********180812 nömrəli qərarla vergi ödəyicisinə ümumilikdə 3016,11 manat əlavə vergi hesablanmış və 8151,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı öz ərizəsində bildirir ki, inzibati orqan ona qarşı qərəzli mövqe nümayiş etdirərək 2014-cü ildə idxal etdiyi alış sənədi olmayan mallarla bağlı 2017-ci ildə qanunvericiliyə edilmiş dəyişiklik əsasında maliyyə sanksiyası tətbiq etmişdir. səyyar vergi yoxlaması zamanı aşkar olunmuş alış sənədi olmayan mallarla əlaqədar Məcəllənin 58.8.2-ci maddəsinin tələblərinə uyğun olaraq belə hal il ərzində birinci dəfə baş verdiyinə görə malların dəyərinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təkidlə bu cür vergi hüquqpozması ilə bağlı ilk dəfə olaraq 2017-ci ildən sanksiya tətbiq olunmağa başlandığını bildirmək istəmiş və belə olan halda qanunun geriyə qüvvəsini “inzibati orqanın ona qarşı ədalətsizliyi” kimi qiymətləndirmişdir. Bundan əlavə, malları idxal etdiyi dövrdə Vergi Məcəlləsində 58.8-ci maddənin ümüumiyyətlə mövcud olmadığını bildirmişdir. Hansı ki, sözügedən məsələnin tənzimlənməsi ilə bağlı 2017-ci ilədək vergi orqanı tərəfindən hər hansı məsuliyyət nəzərdə tutulmaması, bucür geniş yayılmış vergidən yayınma halına inzibati orqan tərəfindən reaksiya verilməmiş olması əlbəttə mümkün deyildir. dəyişiklikdən öncə qüvvədə olan qanunvericilik də hal-hazırd qüvvədə olan qanunvericiliyin normaları kimi iddiaçı tərəfindən yol verilmiş hüquq pozuntusuna görə məsuliyyət nəzərdə tutmuşdur və hesab edirik ki, yoxlama keçirilən anda iddiaçının vurğuladığı məqam qüvvədə olan qanunvericilik üçün bu baxımdan yenilik sayılmamalıdır. İddia ərizəsinin eskpertiza ilə bağlı hissəsinə münasibətdə isə bildirmək istəyirik ki, Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda vergilər bazar qiyməti ilə hesablanır. Göründüyü kimi iddiaçı tərəfindən tətbiq olunan qiymətlərin müqavilə bağlanarkən bazar qiymətlərindən bir neçə dəfə aşağı olması səyyar vergi yoxlaması gedişində aparılmış ekspertiza nəticələrini özündə əks etdirən ekspert rəyinə əsasən sübuta yetirilmişdir. Ekspertiza ilə əlaqədar məhkəmənin nəzərinə çatdırırıq ki, cavabdeh tərəfindən eyni ərazidə (qeyd edilən ünvan üzrə) yerləşən digər daşınmaz əmlakların icarəyə verilməsi haqqında bağlanmış icarə müqavilələri barədə aparılmış əlavə araşdıma zamanı müəyyən edilmişdir ki, səyyar yoxlama zamanı istifadə olunmuş bazar qiyməti üçünçü şəxslər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş icarə haqqından əhəmiyyətli dərəcədə aşağıdır. Qeyd edilən halı təsdiqləyən icarə müqavilələrinin surətləri etiraza əlavə edilir. iddiaçı yoxlamanın sadələşdirilmiş vergi hesablaması ilə bağlı hissəsinə olan etirazını ümumiyyətlə heç bir dəlillə əsaslandırmağa çalışmamış və heç bir sübut təqdim etmədən səyyar vergi yoxlamasının nəticələrinin ləğvini tələb etmişdir. xx.xx.2019-cu il tarixli **********433200 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarla bağlı qeyd etmək istəyirik ki, iddiaçı araşdırma zamanı səyyar vergi yoxlamasından narazı olması ilə bağlı əsaslı sübut və dəlillər təqdim edə bilməmişdir. Bundan başqa aşkar olunmuş malların alışını təsdiq edən hər hansı sənəd təqdim edilmədiyindən vergi orqanı tərəfindən yuxarı qeyd olunan qərar qəbul edilmişdir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formada aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: - xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi baksol-1 ünvanında yerləşən 300 m2 qapalı sahəsi X8 tərəfindən X6 illik icarə haqqı 3.600 manat və hər ay üçün 300 (üç yüz) manat müəyyən edilməklə icarəyə verilmişdir. - xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə edilmiş xx.xx.2016-cı il tarixli əlavədən görünür ki, xx.xx.2014-cü il tarixində icarədar fərdi sahibkar X7 ilə icarəçi fərdi sahibkar İddiaçı arasında bağlanmış əmlakın icarə müqaviləsinin 1-ci maddəsinin 2-ci sətrində 300 kv.m sahə - 200 kv.m sahə ilə əvəz edilmişdir. - Vergilər Nazirliyi yanında Bakı şəhəri X13 Departamenti tərəfindən “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması” barədə **********404900 saylı Tələbnamədən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********180812 saylı qərar əsasında hesablanmış 3.016,11 manat ƏDV və 8.151 manat maliyyə sanksiyasının, ümumilikdə 11.167,11 manat məbləğində vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X13 Departamentinin İddiaçı ünvanladığı xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X13 Departamentinin xx xxxxxxx 2017-ci ilt arixli, **********20869 nömrəli qərarına əsasən fiziki şəxs İddiaçı x xxxx 2015-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbəti səyyar vergi yoxlaması aparılmış və xx xxxxxx 2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X13 Departamentinin xx xxxxxxx 2017-ci ilt arixli, **********20869 nömrəli qərarı ilə İddiaçı x xxxx 2015-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin növbəti səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. - Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, X9 fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlaması xx.xx.2017-ci il tarixdə başlamış və xx.xx.2017-ci il tarixdə sona çatmışdır. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X13 Departamentinin xx.xx.2017-ci il tarixli, **********463400 saylı bildirişdən görünür ki, səyyar vergi yoxlaması başlayanadək İddiaçı təqdim etmədiyi bəyannamələrin qeydiyyata olduğu vergi orqanına təqdim etməyi təklif olunmuşdur. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X13 Departamentinin xx.xx.2017-ci il tarixli, **********132928 saylı qərarı ilə İddiaçı üzrə keçirilən səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş obyektin icra haqqının bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməsi, ekspertizanın keçirilməsi isə Azərbaycan Respublikası Sənaye və Ticartə Palatasının “Azərekspertiza” Birliyinə həvalə edilməsi qərara alınmışdır. - İddiaçı tərəfindən yoxlanılan dövr üzrə idxal olunmuş kerame-qranit malların orta bazar alış qiymətlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx xxxx 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə idxal olunmuş Çin Xalq Respublikası istehsalı olan kerame-qranit malların orta bazar alış qiymətləri: kürame-qranit 80x80 sm – 1 ölçü 25 manat; kerame-qranit 60x60 sm – 1 ölçü 17 manat; metlax 30 x 30 sm – 1 ölçü 15 manat olmaqla müəyyən edilmişdir. -Obyektin icarə haqqının bazar qiymətinin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx xxxxxxx 2018-ci il tarixli və xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək fiziki şəxs İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bakıduz ünvanında yerləşən obyektin real icarə məbləğinin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəylərindən görünür ki, İddiaçı tərəfindən icarəyə götürülmüş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol-1 ünvanında yerləşən təqdim edilmiş xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən 300 kv.m qapalı anbar sahəsinin icarə qiyməti 01 ay üçün – 1000 manat, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əlavə və dəyişikliyə əsasən 200 kv.m qapalı anbar sahəsinin icarə qiyməti 1 ay üçün -800 manat müəyyən edilmişdir. - Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********173099 saylı qərarı ilə, xx.xx.2018-ci il tarixli, **********159446 nömrəli səyyar vergi yoxlaması aktın yenidən araşdırılması qərara alımışdır. - xx xxxxxx 2019-cu il tarixli, **********159446 saylı səyyar vergi yoxlaması aktından görünür ki, vergi ödəyicisi yoxlama ilə əhatə olunmuş dövrdə sadələşdirilmiş verginin ödəyicisi olmuş və bu barədə rüblük vergi bəyannamələrini vergi orqanına təqdim etmişdir. Təqdim edilmiş vergi bəyannamələrində 2015-ci ilin 1-ci rübü üzrə 3.750,50 manat, 2-ci rübü üzrə 2.200 manat, 3-cü rübü üzrə 1.540 manat, 4-cü rübü üzrə 985,70 manat, 2016cı ilin 1-ci rübü üzrə 2000 manat, 2-ci rübü üzrə 1.672 manat, 3-cü rübü üzrə 2.550 manat, 4-cü rübü üzrə 1.790 manat, 2017-ci ilin 1-ci rübü üzrə 2.850 manat, 2-ci rübü üzrə 2.400 manat sadələşdirilmiş dövriyyəsinin olduğu göstərilmişdir. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bakıduz ünvanında yerləşən obyektdə quraşdırılmış Orion-101F markalı ******* zavod nömrəli nəzarət kassa aparatından alınmış dövr fiskal hesabatlara əsasən 2015-ci ilin 2-ci rübü üzrə 5.252,7 manat, 2016-cı ilin 2-ci rübü üzrə 3.672 manat sadələşdirilmiş dövriyyə göstərilməli olduğu müəyyən edildi. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən 202\.11 manat sadələşdirilmiş verginin azaldıldığı müəyyən edildi. Yoxlanılan dövrdə fiziki şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Bakıduz ünvanında yerləşn ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək aylıq 300 manata, xx.xx.2016-cı il tarixdə obyektin qeydiyyat məlumatlarına dəyişiklik edilərək ümumi sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsini aylıq 300 manata icarəyə götürmüşdür. Verg ödəyicisi tərəfindən təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən icarəyə götürülmüş obyektlərə görə 14% dərəcə ilə 1.134 manat ÖMV hesablanmışdır. Vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələrinin icarə haqlarının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin olunmuşdur. Ekspert tərəfindən verilmiş rəy əsasında vergi ödəyicisi tərəfindən icarəyə götürülmüş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ ünvanında yerləşən obyekti xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 1 ay üçün 1000 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 1 ay üçün 800 manat icarə haqqı müəyyən edilmişdir. Beləliklə, fiziki şəxs tərəfindən icarəyə götürülmüş qeyriyaşayış sahəsinə görə 2015-ci ilin 1-ci rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat, 2015-ci ilin 2-ci rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat, 2015-ci ilin 3-cü rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat, 2015-ci ilin 4-cü rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat; 2016-cı ilin 1-ci rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat, 2016-cı ilin 2-ci rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat; 2016-cı ilin 3-cü rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat; 2016-cı ilin 4-cü rübü üçün ödənilməli olan icarə haqqı 2400 manat hesablanmalı olan ÖMV (2400 manat x 14%=336) 336 manat; 2017-cı ilin 1-ci rübü üçün ödənilməli olan icarə haqqı 2400 manat hesablanmalı olan ÖMV (2400 manat x 14%=336) 336 manat; 2017-cı ilin 2-ci rübü üçün ödənilməli olan icarə haqqı 2400 manat hesablanmalı olan ÖMV (2400 manat x 14%=336) 336 manat müəyyən edilmişdir. Yoxlanılan dövr ərzində ekspert tərəfindən verilmiş rəy əsasında vergi ödəyicisi tərəfindən ödənilməli olan icarə məbləği 28.200 manat, hesablanmalı olan ÖMV (28.200 manat x 14%) 3.948 manat müəyyən edilmişdir. Yoxlama nəticəsində ÖMV-nin 2.814 manat azaldılması müəyyən edildi. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********180812 saylı qərardan görünür ki, ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2.814 manat azaldılmasına görə 50% miqdarda, yəni 1.407 manat maliyyə sanksiyası, sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 202,11 manat azaldılmasına görə 50% miqdarda, yəni 101,05 manat maliyə sanksiyası, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 73.5550 manat xammalın, materialların, yarımfabrikatlarının, hazır məhsulların uçotunun gizlədilməsinə görə 7.355 manat , 1-ci rüb 2015-ci il ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təqdim edilməməsinə görə 40 manat maliyyə sanskiyası, ümumilikdə 3.016,11 manat verginin və ona tətbiq olunmuş 8.903,06 manat maliyyə sanksiyası hesablanmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********180812 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğvini tələb edir və bunu onunla əsaslandırır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin əvvəlki redaksiyasında malların alışını təsdiq edən sənədin olmamasına görə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmamış, həmçinin, hesablanmış 2814 manat məbləğində ödəmə mənbəyində tutulan vergi və ona hesablanmış 756 manat maliyyə sanksiyasının tətbiq edilməsində duran hal kimi ekspertizanın təyin edilməsi tam əsassızdır. Məhkəmə qeyd etmək istəyir ki, göründüyü kimi iddiaçı sözügedən qərarın tam ləğvini istəyir. Belə olan halda, hazırki iddia tələbi üç hissədən ibarətdir: Məhkəmə ilk öncə iddia tələbinin birinci hissəsinə münasibət bildirir. Belə ki, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********180812 saylı qərarında göstərilmiş 73.550 manat hissəsi, məhz İddiaçı anbarında müəyyən edilmiş malların alış sənədi olmadığına görə hesablanmışdır. Cavabdeh həmin borcun isə Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələblərinə riayət olunaraq hesablandığına istinad etmişdir. Belə ki, Vergi Məcəlləsinə edilmiş xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, 58.8-ci maddəsinə redaksiya verilmişdir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1-ci maddəsinə görə, pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.8.2-ci maddəsinə görə, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir. 58.8.3-cü maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 71.4-cü maddəsinə görə, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilər hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Məhkəmə iddiaçının mülahizələrini təkzib edərək, bildirir ki, iddiaçı həmin malların 2014cü ildə alınmasına və bunu təsdiq edən hal kimi, gömrük bəyannamələrini təqdim etsə də, malların məhz onlar olduğuna dair iddiaçı tərəfindən sənəd təqdim olunmamışdır. İddiaçı həmin dövrdə qranit və metlax satışı ilə məşqul olduğunu nəzərə alsaq, həmin malların gömrük bəyannaməsində göstərilən mallar olması ehtimalı mövcud deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən, bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 71-1.5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektronqaimə-faktura verilir. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1.1-ci maddəsinə topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş “qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilirləşdirlir. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. “Vergi hesab-fakturasının tətbiqi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, vergi hesabfakturası malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən 2 nüsxədə tərtib edilir. Tərtib edilmiş vergi hesab-fakturasının 1-ci nüsxəsi alıcıya verilir, 2-ci nüsxəsi isə malı (işi, xidməti) təqdim edən şəxsdə saxlanılır.Vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) vergi hesab-fakturasının 1-ci nüsxəsini mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün ərzində verməlidir. Ödənişlər malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əvvəl həyata keçirildikdə, vergi hesab-fakturası ödəmədən sonrakı 5 gün ərzində verilməlidir. Ödəmə qismən həyata keçirilmişdirsə, vergi hesab-fakturası hər ödəmə üçün ayrıca olaraq, ödəmə məbləği həcmində verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Şərh olunan Məcəllənin və normativ hüquqi aktların tələblərinə görə, malların mədaxilinin sənədləşdirilməsində də vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda bu malların alışına dair Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə -faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların alış aktı” ilə sənədləşdirilir. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda “Malların alış aktı” tərtib edilir. Aktda satıcınının və alıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, həmçinin “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası tərtib edilməklə həyata keçirilir. Göründüyü kimi, sübut qismində təqdim olunan gömrük bəyannamələrin məhz iddiaçının obyektində aşkar olunmuş mallara aid olması yalnız o halda sübuta yetirilə bilərdi ki, malların alış aktından savayi, mallara dair qaimə-fakturalar və ya vergi-hesab fakturalar mövcud olsun. Lakin, iddiaçı tərəfindən ümumiyyətlə malların alınması ilə bağlı hər hansı sənədlər təqdim olunmamışdır. Bu səbəbdən, cavabdeh səyyar vergi yoxlamasında inventerizasiyanın keçirilməsi zamanı, iddiaçının obyektində 60x60 sm ölçüdə 3.300 kv.m, 80x80 sm ölçüdə 500 kv.m qranit daşlarını, 30x30 sm ölçüdə isə 330 kv.m metlaxını aşkar etdiyi zaman, haqlı olaraq həmin dövrdə qüvvədə olmuş maddənin tələblərinə uyğun olaraq, malların alış aktını tələb etmişdir. Vergi ödəyicisi İddiaçı tərəfindən verginin hesablanması üçün zəruri olan hesabat məlumatları (qaimə, hesab-fakturalar, həmçnin malın alış aktı) vermədiyi üçün, vergi orqanı vergini əlaqəli məlumatlara əsasən hesablayaraq, yəni Vergi Məcəlləsinin 44-cü maddəsinin tələblərinə riayət edərək ekspertiza təyin etmiş, ekspert rəyi əsasında malların ümumi dəyəri müəyyən edilmiş və malların ümumi dəyərindən - 73.550 manat (3.300 kv.m x 17 = 56.100 manat; 500 kv.m x 25 =12.500 manat; 330 x 15= 4.950 manat) məbləğindəm 10% (birinci dəfə yol verildiyi üçün), yəni 7.355 manat maliyyə sanksiyası tətbiq etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Vergi Məcəlləsinin tələblərinə riayət edərək, İddiaçı obyektində aşkar olunmuş mallara dair “Malların alış aktı”nı tələb etmiş, malların alış aktı olmadığı üçün, müvafiq olaraq ekspertiza zamanı müəyyən olunmuş malların ümumi dəyərinə 10 %, yəni 7.355 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir Məhkəmə iddiaçının iddia tələbinin ikinci hissəsinə münasibət bildirir. Belə ki, iddia tələbinin həmin hissəsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi baksol-1 ünvanında yerləşən 300 m2 qapalı sahəsinin (sonradan dəyişərək 200 m2 açıq sahə) icarə haqqından ödəmə mənbəyindən tutulan vergidən yayılması halı durur. İddiaçının bununla bağlı mülahizələri odur ki, o, xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsinə və ona edilmiş xx.xx.2016-cı il tarixli əlavəyə uyğun olaraq icarə haqqı məbləğindən 14 % olmaqla vergi ödədiyi təqdirdə, cavabdeh tərəfindən əsassız olaraq ekspertiza təyin edilmişdir. Məhkəmə bununla bağlı Vergi Məcəlləsinin və İcarə haqqında Qanunun aşağdaki normalarını əsas gətirir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinə əsasən əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin birinci abzasına əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınar və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 14.3.5-cü maddəsinə əsasən, bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 124-cü, 125-ci və ya 126cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Göründüyü kimi, vergi ödəyicisi olan sahibkarlar və ya hüquqi şəxslər icarə haqqı qismində ödəmələr verdiyi halda, icarə haqqı kimi gəlirdən vergini 14% məbləğində tutmağa və büdcəyə köçürməyə borcludurlar. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən, vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Qeyd edilən maddənin tələbləri bazar qiymətinin hesablanması, qaydasını müəyyən etmişdir, halbuki həmin maddədən əvvəl Vergi Məcəlləsinin 14.2 və 14.3-cü maddələrinin aşağıdakı tələblərinin yoxlanılması zəruri olmuşdur. - 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədi üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət baza qiyməti kimi qəbul edilir; - 14.3-ci maddəsinə əsasən, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə (14.3.3). Maddələrin tələbləri onu nəzərdə tutur ki, vergitutma məsələləri həll edərkən tərəflərin müqavilədə müəyyən edilmiş qiymətlər o halda qəbul edilməlidir ki, əgər onun əksi sübuta yetirilmir. Məcəllənin 14.3-cü maddəsi isə bazar qiymətinin hesablanması üçün əsas verən halların dairəsini müəyyən etmişdir. Bazar qiymətinin tətbiq edilməsi o halda mümkün olmalıdır ki, əgər 30 gün ərzində vergi ödəyicilərinin eyni mahiyyətli mallara, işə, xidmətə tətbiq etdikləri qiymətlər 30 faiz daxilində dəyişmişdir. Əmlakın icarəyə verilməsindən olan gəlirlər yoxlanarkən daxil olmuş pul vəsaitlərinin müqavilədə nəzərdə tutulmuş icarə haqqına uyğun olub-olmamasına diqqət yetirmək lazımdır. Əgər daxil olmuş vəsait icarə müqaviləsindəki məbləğlə eynilik təşkil edərsə, onda gəlirin gizlədilməsi icarə haqqının hesablaşma hesabına (kassaya) vaxtlı-vaxtında ödənilib-ödənilməməsinin (ödəmə üzrə hesablaşmalar zamanı) və ya hesablanmamasınm (hesablaşmaların borcun yaranması üzrə aparılması zamanı) müəyyən edilməsi yolu ilə realizə edilir. Məhkəmə qeyd edir ki, cavabdeh səyyar vergi yoxlaması zamanı qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətinə uyğun olmadığını aşkar edərək, öz xidməti vəzifəsinə, həmçinin, Vergi Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə həvalə etmişdir. İddiaçı ilə icarədar arasında bağlanmış müqavilədə göstərilmiş icarə haqqı məbləği ekspertiza rəyində göstərilən məbləğlə müqaisədə nisbətən aşağıdır. İş materiallarında olan ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən icarəyə götürülmüş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol-1 ünvanında yerləşən təqdim edilmiş xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən 300 kv.m qapalı anbar sahəsinin icarə qiyməti 01 ay üçün – 1000 manat, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əlavə və dəyişikliyə əsasən 200 kv.m qapalı anbar sahəsinin icarə qiyməti 1 ay üçün -800 manat müəyyən edilmişdir. İddiaçı ekspert rəyində göstərilən icarə qiymətini ümumiyyətlə mübahisələndirməmiş və yalnız cavabdeh tərəfindən ekspertizanın təyin olunma halının əsassız olduğuna istinad etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh öz səlahiyyətləri çərçivəsində ekspertiza təyin etməsində və ekspert rəyində real bazar qiymətində göstərilən məbləğə uyğun olaraq, iddiaçı tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə görə 2015-ci ilin 1-ci rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat, 2015-ci ilin 2-ci rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat, 2015-ci ilin 3-cü rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat, 2015-ci ilin 4-cü rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat; 2016-cı ilin 1-ci rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat, 2016-cı ilin 2-ci rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat; 2016-cı ilin 3-cü rübü üçün ödənilməli olan icarə haqqı 3000 manat hesablanmalı olan ÖMV (3000 manat x 14%=420) 420 manat; 2016-cı ilin 4-cü rübü üçün ödənilməli olan icarə haqqı 2400 manat hesablanmalı olan ÖMV (2400 manat x 14%=336) 336 manat; 2017-cı ilin 1-ci rübü üçün ödənilməli olan icarə haqqı 2400 manat hesablanmalı olan ÖMV (2400 manat x 14%=336) 336 manat; 2017-cı ilin 2-ci rübü üçün ödənilməli olan icarə haqqı 2400 manat hesablanmalı olan ÖMV (2400 manat x 14%=336) 336 manat ümumilikdə, vergi ödəyicisi tərəfindən ödənilməli olan icarə məbləği 28.200 manat, hesablanmalı olan ÖMV (28.200 manat x 14%) 3.948 manat müəyyən edərək, ÖMV-nin 2.814 manat vergi borcu və ona 1.407 manat maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmə baxmayaraq ki, iddiaçı iddia tələbinin 3-cü hissəsini ərizəsində əsasdırmamışdır, sözügedən qərarın tam ləğvini tələb etdiyinə görə bu hissəsiyə münasibət bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, səyyar vergi yoxlama aktından görünür ki, vergi ödəyicisi olan İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bakıduz ünvanında yerləşən obyektdə quraşdırılmış Orion-101F markalı ******* zavod nömrəli nəzarət-kassa aparatından alınmış dövri fiskal hesabatlara əsasən 2015-ci ilin 2-ci rübü üçün 5.252,7 manat, 2016-cı ilin 2-ci rübü üzrə 3.672 manat sadələşdirilmiş dövriyyə göstərildiyi və 202,11 manat məbləğində sadələşdirilmiş verginin azaldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.24-cü maddəsinə əsasən, nəzarət-kassa aparatı-malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri. Məhkəmə qeyd edir ki, iddiaçıya hesablanmış 202,11 manat məbləğində sadələşdirilmiş vergi və ona tətbiq olunmuş 101,05 manat məbləğində maliyyə sanksiyası fiskal yaddaşa malik olan nəzarət-kassa aparatı zamanı müəyyən olunmuşdur. İddiaçı iddia tələbində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********180812 saylı qərarının ləğvini tələb etsə də, ümumiyyətlə nə iddia ərizəsində həmin borcu mübahisələndirməmişdir. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, X1 cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X1 cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar