Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1500/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2021-ci ilin avqust ayından ona ödənilməli olan və ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ona ödənilməli olan və ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, qanunvericilik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pensiya hüququnu yalnız Azərbaycan Respublikasında daimi yaşama icazəsinin olması ilə şərtləndirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin məktubuna əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsi olaraq Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Həmçinin, iddiaçının vətəndaşlığa qəbulla bağlı xx.xx.2021-ci il tarixli müraciətinin rədd edildiyi bildirilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilmiş və iddiaçının Azərbaycan Respublikasında daimi və müvəqqəti yaşamaq üçün icazələri barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İddiaçıya xx.xx.2007-ci il tarixdən həm Azərbaycan Respublikasının vətəndaşı, həm də daimi yaşama hüququ olmadığı halda pensiya təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənişi davam etdirilmişdir. Sözügedən dövrlərdə iddiaçıya 59 592,82 manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək həmçinin bildirdi ki, o 1998ci ildən 2006-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. 2006-cı ildə dövlətə qarşı cinayət törətməkdə təqsirləndirildiyi üçün ehtiyata buraxılmışdır. Lakin, ona pensiya ödənişi 2021-ci ilə qədər davm etmişdir. Bu səbəbdən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. O, Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən baş leytenant İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Vasilovsk Ali Hərbi Aviasiya Texnikləri Məktəbində kursant, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 43-cü döyüşü tətbiqetmə mərkəzində müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş və xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli müvafiq əmrinə əsasən baş leytenant İddiaçı ehtiyatdan çağırılaraq N nömrəli hərbi hissədə müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2006-cı il tarixli müvafiq əmrinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün xx.xx.2006-cı il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyata alınması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, xx.xx.1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılaraq onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir və bu barədə şəxsə 10 yanvar 2019-cu il tarixli ******* nömrəli məktubla məlumat verilmişdir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı xx.xx.2021 -ci il tarixli vəsatətinə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab edilmədiyindən rədd edilmişdir. X3 Xidməti tərəfindən Rusiya Federasiyasının vətəndaşı İddiaçı barəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması haqqında Qərar qəbul edilmişdir. Cavabdehin 10 may 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində 2021-ci ilin avqust ayından ona ödənilməli olan və ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1. ). Hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir (1.0.3. ). Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular (9.5.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir (3.). Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunvericilik aktlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər (19). Dövlət və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə könüllü daxil olmaq istəyən digər dövlətin vətəndaşı arasında tərəflərin qarşılıqlı vəzifələri, məsuliyyəti və bağlaşmanın ləğv edilməsi əks olunan bağlaşma bağlanır (27). Hərbi qulluqçular (əsgər və matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum edildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, habelə Azərbaycan Respublikasının vətəndaşlığını itirdikləri halda onlara verilmiş hərbi rütbədən məhrum edilə və əsgər, matros rütbəsinə endirilə bilərlər (67.). Əsasnamənin qeyd edilən müddəalarından göründüyü kimi Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər yalnız Azərbaycan dövləti ilə bağlanmış xüsusi bağlaşma əsasına Azərbaycan ordusunda xidmət etmək hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Göründüyü kimi iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Vasilovsk Ali Hərbi Aviasiya Texnikləri Məktəbində kursant, xx.xx.1988-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 43-cü döyüşü tətbiqetmə mərkəzində müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş və xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli əmrinə əsasən iddiaçı ehtiyatdan çağırılaraq N nömrəli hərbi hissədə müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2006-cı il tarixli müvafiq əmrinə əsasən törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün xx.xx.2006-cı il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. O, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və həmin inzibati orqan tərəfindən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı müraciət etsə də, onun həmin tələbi də təmin edilməmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasında daimi əsaslarla deyil müvəqqəti yaşayır. Belə olan halda onun Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası hüququ yoxdur. İddiaçının ona 2021-ci ilə qədər pensiya ödənilməsi ilə bağlı dəillərini gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2.). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda (67.6.). Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir (67.7.). Göründüyü kimi iddiaçı barəsində qanunsuz əlverişli inzibati akt qəbul edilmiş və ona belə bir hüququ olmadan əmək pensiyası təyin edilmişdir. Lakin, sonradan inzibati orqan qeyd edilən halı aşkara çıxararaq iddiaçının hüququ olmadığı halda onun barəsində təyin edilmiş əmək pensiyasını ləğv etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə əlverişli nəticə yaradan inzibati aktın ləğv edilməsi, yaxud faktiki xarakterli əlverişli hərəkətlərin dayandırılması inzibati orqanın səlahiyyətinə aiddir və cavabdeh həmin səlahiyyətləri həyata keçirmək hüququndan məhrum edilə bilməz. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olmadığı üçün təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2021-ci ilin avqust ayından ona ödənilməli olan və ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1500/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1500/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver