Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15001/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı qərarın qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin 23 sentyabr 2022-ci il tarixli qiymətləndirmə haqqında qərarının, həmin qərar əsasında əsasında "xxxx" MMC tərəfindən verilmiş Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən torpaq sahəsinin qiymətləndirilməsinə dair 5 noyabr 2022-ci il tarixli ekspert rəyinin və “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ının qanunsuz hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, e-2(004)-227/2021 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 12 nömrəli mənzilə görə ödənilmiş aylıq vəsaitlərin 1/2 hissəsi - 19575 (on doqquz min beş yüz yetmiş beş manat) manat cavabdeh X2 tutularaq İddiaçı ödənilməsinə, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 12 nömrəli mənzilin təmirinə çəkilmiş xərcin 1/2 hissəsi - 22514,50 manatın (iyirmi iki min beş yüz on dörd manat əlli qəpik) cavabdeh X2 tutularaq ona ödənilməsinə, cavabdeh X4nun 31 dekabr 2019-cu il tarixə Azərbaycan Beynəlxalq Bankında olan manat və xarici valyuta hesablarında olan vəsaitlərin (******************** saylı GBP hesabında qalıq 1210,15 İngiltərə funt sterlinqinin, ******************** saylı AZN hesabında qalıq 645,26 manatın, ******************** saylı EUR hesabında qalıq 54,8 Avro) 1/2 hissəsi - 605,08 GBP-nin (altı yuz beş İngiltərə funt sterlinqi, səkkiz sent), 322,63 manatın (üç yüz iyirmi iki manat altmış üç qəpik), 27,40 Avronun (iyirmi yeddi Avro qırx sent) tutularaq ona ödənilməsinə, 605,08 GBP və 27,40 Avro məbləğlərin qətnamənin icra olunduğu tarixə Mərkəzi Bankın həmin valyutaların Azərbaycan manatı ilə müəyyən olunmuş məzənnəsinə uyğun olaraq manatla tutulmasına qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(103)-10129/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, e- 2(004)-227/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il, 2(102)-2003/2022 nörməli qərarı ilə cavabdeh X4 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10129/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 1 iyul 2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 13 avqust 2021-ci il tarixli, e-2(004)-227/2021 nömrəli qətnamənin icra olunması üçün elektron qaydada Yasamal Rayon İcra Şöbəsinə icra vərəqəsi göndərilmişdir (işin icra nömrəsi: e141529/2022-53-0). Borclu tərəfindən könüllü icra müddətində qətnamə icra olunmamışdır. Borclu tərəfindən qətnamə könüllü şəkildə icra olunmadığı üçün borclunun mülkiyyətində olan Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən torpaq sahəsinin üzərinə həbs qoyulmuş, daha sonra Bakı şəhəri, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən torpağın qiymətləndirilməsi üçün "xxxx" MMC-ə müraciət edilmiş, MMC tərəfindən torpağın bazar dəyəri 13080 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən müəyyən edilmiş qiymətlə razılaşmağı mümkün deyildir. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş, “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ın 12-ci bəndində istifadə edilmiş informasiya mənbələri olaraq tap.az, unvan.az, homdom.az, lalafo.az, Birja qəzeti, Market qəzeti göstərilmişdir. Halbu ki, həmin informasiya mənbələrinin bəzilərində ümumiyyətlə Biləsuvar rayonunda topraq satışı ilə əlaqədar elan mövcud deyildir. Tap.az internet səhifəsində elan olunmuş torpaq qiymətləri ilə MMC tərəfindən müəyyən edilmiş qiymət arasında kəskin ziddiyətlər mövcuddur. (https://tap.az/elanlar/dasinmaz-emlak/torpaasahesi/35426313https://tap.az/elanlar/dasinmaz-emlak/torpaa-sahesi/********). Ayrıca Biləsuvar rayonu Bağbağlar kənd bələdiyyəsinin sədri X1 (*** *** ** **) telefon vasitə ilə əldə edilmiş şifahi sorğudan ona məlum olmuşdur ki, Biləsuvar rayonu Bağbağlar kənd ərazisində bələdiyyə tərəfindən torpağın satış qiyməti 0,1 ha. üzrə 157 azn müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmetini Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-227/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı hərəkətlər təşkil edir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göründüyü kimi icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Yuxarıda şərh olunanların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hallar Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-227/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırki iddia tələbi həmin mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə, yəni Bakı şəhəri, Yasamal rayon məhkəməsində mübahisələndirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-nin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün hazırki iş üzrə iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarının 9-cu bəndi ilə müəyyən olunmuşdur ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-15001/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15001/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver