Məhkəmə qərarları › İş №2-1(112)-1501/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1501/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1501/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Təhməzaov Əli Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydində düzəliş olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Qeydiyyat Şöbəsində saxlanılan, 31 avqust 1970-ci il tarixli 385(81) saylı doğum qeydində düzəliş edilərək adının Zeynəb əvəzinə Səidə, doğum tarixinin 28 iyul 1970-ci il əvəzinə xx xxxx 1970-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 31 avqust 1970-ci il tarixli, 385 saylı doğum haqqında qeydində düzəliş edilərək adının “Zeynab” əvəzinə “Səidə”, doğum tarixinin “28 iyul 1970-ci il” əvəzinə “xx xxxx 1970-ci il” kimi qeyd edilməsi və düzəlişlə bağlı yeni doğum haqqında şəhadətnamə verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1970-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. Doğumu 31 avqust 1970-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 470 №-li ilə qeydə alınmışdır. X7 15 iyun 1994-cü il tarixdə vəfat etmiş və o 19 may 2016-cı il tarixdə X24 ilə nikaha girmişdir. Vərəsəlik işi ilə bağlı notariat ofisinə təqdim etmək üçün sənədləri hazırlayarkən ona məlum olmuşdur ki, Göyçay rayon Qeydiyyat Şöbəsində saxlanılan doğum akt qeydində adına səhvən Zeynəb, doğum tarixi isə 28 iyul 1970-ci il kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamədə akt qeydinin nömrəsi 470 olsa da şöbədə saxlanılan doğum qeydinin nömrəsi 385(81) kimi qeyd edilmişdir. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün həmin vaxt qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir, lakin məhkəmə 06 noyabr 2020-ci il tarixli qərardadla ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizəsi qəbulundan imtina etmişdir. Bundan sonra o, hazırda qeydiyyatda olduğu Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum akt qeydinə düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi 18 iyun 2021-ci il tarixli, 05/15-2083 saylı məktubla müraciətinə cavab verərək dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmaması səbəbindən ərizəsi icra edilməsindən imtina etmişdir. Hesab etmişdir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, onun doğum tarixinin və adının dəyişdirilməsinə kifayət qədər əsas var. Ona məxsus İT-İ ******* saylı əmək kitabçasında adı Səidə, doğum tarixi xx xxxx 1970-ci il, 30 avqust 1988-ci il tarixdə verilmiş tələbə biletində və İT 025968 saylı, 08 may 1991-ci il tarixli diplomunda adı Səidə kimi göstərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək inzibati işə mülki iş yükünün çoxluğu ilə əlaqədar nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Göyçay şəhəri VVAQ Şöbəsi tərəfindən verilmiş 31 avqust 1970-ci il tarixli, AZ ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X21, anası X11 olan İddiaçı xx.xx.1970-ci ildə Göyçay şəhərində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1970-ci ilin avqust ayının 31-də 470 № ilə lazımı qeyd edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə doğulmuşdur. - Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən verilmiş 08 №-li, 30.08.1988-ci il tarixli biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X29 Texnikumunun tələbəsidir. - X29 Texnikumu tərəfindən verilmiş İT 025968 №-li, 08.05.1991-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 1988-ci ildə X29 Texnikumuna daxil olmuş və həmin texnikumun “Elektron hesablayıcı maşınlar, cihazlar və quruluşlar” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 30 aprel 1991-ci il tarixli qərarı ilə ona texnik-elektrik ixtissı verilmişdir. - Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 099592 №-li, 19.05.2016-cı il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 ilə X8 arasında 19.05.2016-cı ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. - 10.09.1987-ci ildə doldurulmuş İT-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmək kitabçası xx.xx.1970-ci ildə doğulmuş Əliyeva – X2 məxsusdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05/2-6592/13 №-li, 30.07.2021-ci il tarixli məktubdan görünür ki, araşdırma nəticəsində Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən 30.07.1970-ci ildə tərtib edilmiş doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adın “Səidə” deyil, “Zeynəb" kimi qeyd edildiyi müəyyən olunmuşdur. - Həmin məktuba əlavə edilmiş 385(81) №-li, 30 iyul 1970-ci il tarixli doğum haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X21, anası X11 qeyd edilmiş X12 28 iyul 1970-ci ildə Göyçay rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05/2-10248/13 №-li, 04.11.2021-ci il tarixli məktubdan görünür ki, Göyçay rayon qeydiyyat şöbəsində 30.07.1970-ci il tarixli, 385 nömrəli doğum haqqında akt qeydi 28.07.1970-ci il təvəllüdlü X3, 19.02.1970-ci il tarixli, 81 nömrəli doğum haqqında akt qeydi isə X13 adına tərtib edilmişdir. Həmçinin bildirilmişdir ki, X21 05.06.1961-ci ildə Göyçay rayon qeydiyyat şöbəsində X9 ilə nikaha daxil olmuş və bu nikahdan doğulmuş 18.02.1962-ci il təvəllüdlü Neman Əliyevin, 21,12.1963-cü il təvəllüdlü Elsevər Əliyevin, 26.10.1966-cı təvəllüdlü Səbuhi Əliyevin və 28.07.1970-ci il təvəllüdlü Zeynab Əliyevanın doğumu adıçəkilən qeydiyyat şöbəsində qeydə alınmışdır. Sorğu ilə əlaqədar Zeynab Əliyevanın doğumu, İddiaçı Şahsevər Məmmədovla nikahı (sonuncu 15.06.1994-cü ildə vəfat etmişdir), habelə Elbrus Əliyevlə nikahı, İlkin və Əliəkbər adlı övladlarının doğumu haqqında akt qeydlərinin kserosurəti göndərilmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 64 №-li, 20.10.1990-cı il tarixli nikahın bağlanması haqqında akt qeydinə əsasən 13 iyun 1967-ci il təvəllüdlü X16 ilə xx xxxx 1970-ci il təvəllüdlü İddiaçı arasında nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova familyası verilmişdir. 60 №-li, 10.05.1991-ci il tarixli doğum haqqında akt qeydinə əsasən atası 13 iyun 1967-ci il təvəllüdlü X16, anası xx xxxx 1970-ci il təvəllüdlü X8 olan X14 27.04.1991-ci ildə doğulmuşdur. 130 №-li, 10.08.1992-ci il tarixli doğum haqqında akt qeydinə əsasən atası 13 iyun 1967-ci il təvəllüdlü X16, anası xx xxxx 1970-ci il təvəllüdlü X8 olan X4 28 iyun 1992-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 09/11-11 №-li, 11.01.2022-ci il tarixli məktubdan görünür ki, 31.08.1970-cı il tarixdə 470 saylı akt qeydi Göyçay rayon qeydiyyat şöbəsinin arxivində aşkar olunmadı. Lakin 09.09.1970-cı il tarixdə 470 (168) saylı doğum haqqında akt qeydi vətəndaş X5 məxsus olduğuna görə həmin doğum haqqında akt qeydinin təsdiq olunmuş surəti göndərilir. - Həmin məktuba əlavə edilmiş 470 (168) №-li, 09 sentyabr 1970-ci il tarixli doğum haqqında akt qeydinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X17, anası X6 qeyd edilmiş X27 qızı 15 avqust 1970-ci ildə Göyçay rayonunda doğulmuşdur. - Göyçay rayon ZAQS Bürosu tərəfindən verilmiş 06 mart 1962-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X21, anası X11 olan X22 18 fevral 1962-ci ildə Göyçay rayonunda doğulmuşdur. - Göyçay rayon ZAQS Bürosu tərəfindən verilmiş 24 noyabr 1966-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X21, anası X11 olan X18 26 oktyabr 1966-cı ildə Göyçay rayonunda doğulmuşdur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/15-2083 №-li, 18.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 31.08.1970-ci il tarixli, 470 saylı doğum haqqında akt qeydində adının “Zeynəb”dən “Səidə”-yə dəyişdirilməsi ilə bağlı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”-a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Ərizəsində göstərilən dəyişiklik edilməsi kifayət qədər əsasın olmaması səbəbindən akt qeylərində düzəliş edilməsi barəsində ərizənin şöbə tərəfindən icra edilməsi mümkün deyildir. . Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, atası X21, anası X11 olan İddiaçı xx.xx.1970-ci ildə Göyçay şəhərində doğulmuşdur. Ona Göyçay rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 31 avqust 1970-ci il tarixli, AZ ******* №-li doğum haqqında şəhadətnamə verilmiş, doğum haqqında şəhadətnamədə akt qeydinin 31.08.1970-ci ildə, 470 nömrə ilə qeydə alındığı göstərilmişdir. İddiaçı həmin doğum haqqında şəhadətnaməyə əsasən passport, şəxsiyyət vəsiqəsi, diplom, əmək kitabçası almış, nikahlara daxil olmuş, uşaqlarına doğum haqqında şəhadətnamələr verilmişdir. Göyçay rayon qeydiyyat şöbəsində 30.07.1970-ci il tarixli, 385 nömrəli doğum haqqında akt qeydi 28.07.1970-ci il təvəllüdlü X3, 19.02.1970-ci il tarixli, 81 nömrəli doğum haqqında akt qeydi X13, 09 sentyabr 1970-ci il tarixli, 470 nömrəli akt qeydi 15 avqust 1970-ci il təvəllüdlü X27 qızının adına tərtib edilmişdir. İddiaçı akt qeydində dəyişikliklər edilməsi barədə müraciəti cavabdeh tərəfindən əsaslı sənədləri olmamasını əsas gətirərək müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. - 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. -189-cu maddəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. - 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində VVADQ orqanları və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirdikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; qanunvericilikdə müəyyən edilən digər hallarda edilir. Məhkəmə qeyd edir ki, 30.07.1970-ci il tarixli, 385 nömrəli doğum haqqında akt qeydində uşağın adı “Zeynab”, doğum tarixli “28 iyul 1970-ci il” qeyd olunsa da həmin akt qeydi hazırki iş üzrə İddiaçı doğumu ilə bağlı aparılmış qeyd olmaqla məlumatlar səhv qeyd edilmişdir. Həmçinin İddiaçı verilmiş doğum haqqında şəhadətnamədəki akt qeydi barədə məlumat da faktiki qeydə uyğun olmamışdır. Bu hal iddiaçının iradəsindən asılı olmayan hal olmuşdur. Belə ki, iddiaçı ona verilmiş, lakin qeydləri səhv olan doğum haqqında şəhadətnamədən istifadə edərək hüquqmüəyyənedici sənədlər əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 30.07.1970-ci il tarixli, 385 nömrəli doğum haqqında akt qeydində müvafiq düzəliş edilməli və iddiaçıya həmin qeydə uyğun yeni doğum haqqında şəhadətnamə veriməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Göyçay rayon VVAQ Şöbəsi tərəfindən tərtib olunmuş 30 iyul 1970-ci il tarixli, 385 №-li doğum haqqında akt qeydində qeydə alınmış “Zeynab” adının “Səidə” adına, doğulduğu vaxt qrafasındakı “28 iyul 1970-ci il” sözlərinin isə “xx xxxx 1970ci il” kimi düzəliş edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Göyçay rayon VVAQ Şöbəsi tərəfindən tərtib olunmuş 30 iyul 1970-ci il tarixli, 385 №li doğum haqqında akt qeydində qeydə alınmış “Zeynab” adının “Səidə” adına, doğulduğu vaxt qrafasındakı “28 iyul 1970-ci il” sözlərinin isə “xx xxxx 1970-ci il” kimi düzəliş edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar