Məhkəmə qərarları › İş №2-1(112)-15010/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15010/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15010/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1, azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X6, anası xx.xx.1952-ci il təvəllüdlü İddiaçı2, bacısı xx.xx.1980ci il təvəllüdlü X2 və azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X8 ünvan 1 ünvanına daimi passport qeydiyyatına alınmağı vəzifəsinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və azyaşlı övladları əvvəllər Xətai rayonu General Şıxlinski 39 mənzil 17-də yerləşən evdə daimi passport qeydiyyatında olmuşdur. Həmin evi satdıqdan sonra sözügedən evin yeni mülkiyyətçisi məhkəmə qaydasında bizi passport qeydiyyatından çıxarmışdır. Onlar da yeni evinin mülkiyyət hüququnu təsdiq edən çıxarışı olmadığı üçün qeydiyyata düşə bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq Xətai Rayon Polis İdarəsinin inzibati binasına daimi passport qeydiyyatına alınmışdır. Məlum səbəblərdən isə Polis idarəsinin inzibati binasından da daimi passport qeydiyyatından çıxarılmışdır. Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 18, ev ünvanında yaşayırlar. Amma yuxarıda da qeyd etdiyi kimi onlar həmin ünvana daimi passport qeydiyyatına alına bilmirlər. Onlar bu barədə passport qeydiyyat şöbəsinə müraciət etsələr də səbəb olaraq evin mülkiyyət hüququnu təsdiq edən çıxarışının olmaması göstərir və məhkəməyə müraciət etməyi tövsiyyə edilir. Ən maraqlısı da ondan ibarətdir ki, digər ailə üzvü X3 və övladları sözügedən ünvanda daimi passport qeydiyyatındadırlar. Yeganə də öz növbəsində onların həmin ünvana passport qeydiyyatına alınmağımıza etiraz etmir. Sözügedən evin çıxarışı olmasa da ünvanı və ev kitabı vardır. AR Qanunvericiliyinin tələblərinə müvafiq olaraq o faktiki olaraq yaşadığı ünvana daimi passport qeydiyyatına alınmaq istəyir. Bu səbəbdən də Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Binəqədi RPİ tərəfindən ərizəsi təmin edilməmiş, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu hal isə təbii olaraq onun hüquqlarını pozur və ona bir sıra çətinliklər yaradır. Belə ki, o ailə başçısı olaraq işləmək məcburiyyətindədir. Lakin daimi passport qeydiyyatı olmaması səbəbindən şəxsiyyət vəsiqəsi hüquqi qüvvəsini itirmiş olduğu üçün işləməyi də qeyri-mümkün olmuşdur. Ona görə də faktiki olaraq yaşadığı ünvana daimi passport qeydiyyatına alınmağı zərurəti yaranmışdır. Övladları da eyni zamanda onunla yanaşı həyat yoldaşı və mülkiyyətində olan və faktiki olaraq yaşadığı mənzilə daimi passport qeydiyyatına alınmama səbəbindən müəyyən çətinliklərlə rastlaşırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışdan görünür ki, ünvan 1 ünvanında X3 xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır. -xx.xx.2025-ci il tarixli ərizəsində X10 bildirmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 1 ünvanına qeydiyyata alınmasına etiraz etmir. -Binəqədi Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli ünvan 1 ünvanında yaşaya vətəndaşın qeydiyyatı üçün X7 verilən Ev Kitabçasından görünür ki, 12 nəfər ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-44644/2025 nömrəli məktubunda göstərilmişdir ki, sorğuda qeyd olunan ünvanın qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-26449 nömrəli məktubu ilə təqdim edilən ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumatdan görünür ki, sözügedən ünvanda 12 nəfər şəxs qeydiyyatdadır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-13-46/2-M-31651/11/25 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı1 və İddiaçı2, X11, İddiaçı3, X9, X8 ünvan 6 ünvanına qeydiyyata alınmanızı xahiş etmisiniz. Məlumat üçün bildiririk ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətinizlə bağlı qeydiyyata alınmanız tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçıların məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, iddiaçılar İddiaçı1, X6, İddiaçı2, İddiaçı3, X9, ünvan 1 ünvanında faktiki yaşasalar da həmin ünvanda qeydiyyatda deyilllər. İddiaçıların yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin evin mülki dövriyyənin obyekti kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edildiyi istisna olunmur. Belə ki, həmin ünvana vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı məlumatları əks olunan ev kitabı X1 mövcuddur və sözügedən ünvanda 12 nəfər şəxs yaşayış yeri üzrə qeydiyyatdadır Eyni zamanda həmin ünvanda qeydiyyatda olanların iddiaçıların mübahisəli ünvana qeydiyyata düşmələrinə dair etirazları məhkəməyə daxil olmamışdır və X10 tərəfindən məhkəməyə təqdim edilən ərizəsində iddiaçıların sözügedən ünvana qeydiyyata alınmasına etiraz etmədiyini yazılı şəkildə bəyan etmişdir. Beləliklə, iddiaçılar qanunla yaşayış yeri hesab olunan ünvan üzrə qeydiyyata alınmalarını tələb etməkdə haqlıdırlar. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçıların həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin təqdim edə bilməməsi dəlilini hazırkı işin hallarına mübnasibətdə əsassız hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeyd edilməlidir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana iddiaçıların ailə üzvü olan X4, digər qohumları həmin ünvana qeydiyyata almış, iddiaçıların müraciətlərinə cavab olaraq isə evin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2022-ci il təvəllüdlü X6, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı3, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X8 ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1, xx.xx.2022-ci il təvəllüdlü X6, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı3, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X8 ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar