Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15012/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı "M.A.X.Sistemləri Plyus" Məhdud Məsulliyyətli Cəmiyyətinin cavabdeh Dənizkənarı Bulvar İdarəsinə qarşı "müraciətə cavab verilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "M.A.X.Sistemləri Plyus" Məhdud Məsulliyyətli Cəmiyyəti (bundan sonra - İddiaçı) cavabdeh Dənizkənarı Bulvar İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən müraciətə rəsmi cavab verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "M.A.X.Sistemləri Plyus" adlı şirkətə məxsus olan 6 ədəd elektroskuterlər xx.xx.2023-cü il tarixində oğurlanmışdır. Həmin skuterlərin kim tərəfindən oğurlanması və peyk koordinatlarına əsasən harada yerləşməsi barədə polisə ərizə verilmişdir. Araşdırma nəticəsində həmin skuterlərin Dənizkənarı Bulvar İdarəsi tərəfindən özbaşına götürülməsi məlum olmuşdur. Cavabdeh Dənizkənarı Bulvar İdarəsinə rəsmi pretenziya ilə xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Buna baxmayaraq qanunla müəyyən edilmiş vaxtda rəsmi cavab təqdim edilməmişdir. Şirkət hər gün orta hesabla 1728 manat məbləğində mənfəət etmək imkanını itirmişdir. Bu hərəkətsizlik şirkətə və ölkənin iqtisadiyyatına külli miqdarda zərər vurur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan "M.A.X.Sistemləri Plyus" Məhdud Məsulliyyətli Cəmiyyəti tərəfindən Dənizkənarı Bulvar İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, "M.A.X.Sistemləri Plyus" Məhdud Məsulliyyətli Cəmiyyəti qanuni fəaliyyət göstərir və aidiyyəti strukturlarda qeydiyyatdan keçmişdir. Bakı şəhərində elektrik samokatların icarəsi fəaliyyətini həyata keçirir. Şirkətə məxsus olan ümumi 9 ədəd (Segway Ninebot MAX G-30 - 2 ədəd və Broaden Q7-G - 4 ədəd) markalı (ərizəyə skuterlərin seriya nömrələri və İMEİ nömrələri olan siyahı qoşma sənədlərlə təqdim edilmişdir), ümumi qiyməti 9690 manat olan elektrik samokatı xx.xx.2023-cü il tarixdə Dənizkənarı Bulvar ərazisindən oğurlanmışdır. Bu hal Cinayət Məcəlləsinin 177-ci maddəsində qeyd edilmişdir. Həmin elektrik avadanlıqları izləyici GPS avadanlıqla təhciz edilmiş və bütün yerdəyişmələrin sübutu var. Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Cinayət Məcəlləsinin müvafiq maddələrini pozaraq şirkətə məxsus olan elektrik samokatlarını mənimsəmişlər. Bununla hər gün orta hesablama ilə şirkətə 1000-2000 manat məbləğində maddi ziyan vurulur. Bu qanunsuz əməllər təxribatdır və inkişaf edən ölkənin iqtisadiyyatına zərbə vurmaqdır, biznes aləminə neqativ təsir etmək əməlləridir. Hazırda Azərbaycan Respublikasının müvafiq dövlət strukturları tərəfindən əziyyətlə biznes inkişaf etdirilir və turizmin artımına külli miqdarda vəsait ayrılır. Şirkət bu prosesdə iştirak edərək öz investisiyalarını yatırır, mütəxəssilərin köməyi ilə Azərbaycan Respublikasının iqtisadiyyatında rol oynayır və turizmin inkişafında köməklik göstərir. Dənizkənarı Bulvar İdarəsi tərəfindən qanunsuz olaraq müsadirə edilən skuterlərə görə hər müsadirə gününə görə orta hesablama ilə 1700 manat könüllü olaraq şirkətə ödənilməsi cavabdehə təklif edilmişdir. İmtina cavabına əsasən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaşı hazırda bu müraciətinin cavablandırılmadığını bildirərək ona cavab verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci hissəsinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 3.1-ci maddəsinə əsasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni zamanda Azərbaycan Respublilkası İnzibati Prosessual Məcəlləsinin məqsədi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasını və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdir (İPM-in 1.1-ci maddəsi). İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ona məxsus elektrikli skuterlərin cavabdeh tərəfindən qanunsuz saxlanıldığını bildirir və bununla bağlı onun müraciətinə cavab verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi”nin 1.1.-ci bəndinə əsasən Dənizkənarı Bulvar İdarəsi (bundan sonra – Bulvar İdarəsi) Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın (bundan sonra – Milli Park), X1, X2 mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Bulvar İdarəsinin fəaliyyətinin məqsədi Bakı şəhərində yerləşən Milli Parkın, X1, X2 mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərməkdir. Nizamnamənin 2.2-ci bəndinə görə Bulvar İdarəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.2.2. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; 2.2.3. müvafiq sahədə nəzarəti həyata keçirmək; 2.2.4. müvafiq sahəyə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək. İstinad olunan normalardan görünür ki, Bulvar İdarəsi publik hüquqi şəxs olmaqla Milli Parkın, X1, X2 mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması sahəsində publik hüquqdan irəli gələn,ictimai maraqlara xidmət edən fəaliyyəti həyata keçirir. Lakin bu o demək deyildir ki, İdarənin bütün fəaliyyəti publik hüquq sahəsinə aid fəaliyyətdir. Belə ki, Nizamnaməyə əsasən İdarənin Milli Park ərazisində kommersiya və qeyrikommersiya fəaliyyətini həyata keçirmək üçün müraciət edən fiziki və hüquqi şəxslərlə müqavilələr bağlamaq, Milli Park ərazisində turizmi inkişaf etdirmək, turizm xidmətləri və ictimai-sosial xidmətlər göstərmək, turizm sahəsində hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq və qarşılıqlı faydalı əməkdaşlıq etmək kimi səlahiyyətləri mövcuddur və İdarənin bu sahədəki fəaliyyəti publik hüquq sahəsinə aid deyildir. İddiaçı hazırda ona məxsus əmlakın cavabdeh tərəfindən götürülməsini iddia edirsə, onunla cavabdeh arasında yaranmış bu münasibətlərin faktiki əsasını publik hüquq münasibətləri, İdarənin müvafiq sahədə dövlət siyasətini həyata keçirməsi zamanı yaranan münasibətlər təşkil etmir. Çünki İdarənin qanundan irəli gələn belə bir səlahiyyəti mövcud deyil. İddia ərizəsindən də görünür ki, iddiaçı bu halı oğurluq hesab edərək, aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlakın cavabdeh tərəfindən götürülməsi ilə bağlı hazırda iddiaçı və cavabdeh arasında yaranmış münasibətlər inzibati hüquq münasibətləri olmadığında iddiaçının məsələ ilə bağlı İdarəyə müraciətinə cavab verilməməsindən ibarət hərəkəsizliyindən müdafiəyə dair iddia tələbinə də inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-15012/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15012/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver