Məhkəmə qərarları › İş №2-1(112)-1502/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1502/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1502/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Sarıyev Əjdər Hakim oğlunun iştirakı ilə iddiaçı Əmiraslanova Nurlanə Telman qızının cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Həmidova Ayan Mehman qızı və Məmmədova Lalə Əhməd qızı) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əmiraslanova Nurlanə Telman qızı cavabdehlər Bakı şəhəri Yasamal RPİ-yə və Həmidova Ayan Mehman qızına qarşı «mənzildən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, mübahisə olunan mənzil Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, mənzil 28 ünvanı 26 dekabr 2012-ci il tarixdən iddiaçı Əmiraslanova Nurlanə Telman qızının mülkiyyətindədir və müvafiq orqan tərəfindən bu barədə RX 0108224 nömrəli reyestrdən çıxarış verilmişdir. 2007-ci il təvəllüdlü Həmidova Ayan Mehman qızı iddiaçının mərhum qardaşının övladıdır. Ayan Həmidova hazırda anası Məmmədova Lalə Əhməd qızı ilə birlikdə başqa ünvanda yaşayır. Ayan Həmidovanın iddiaçının mülkiyyətində olan həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır, hətta bu qeydiyyat iddiaçının mülkiyyət hüquqlarını pozur və mülkiyyətində olan mənzillə bağlı sərbəst sərəncam vermək səlahiyyətinə maneə yaradır. Ona görə də Ayan Həmidova həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Ayan Həmidova 2007-ci ildə iddiaçının qardaşı vəfat etdikdən sonra doğulmuşdur, sonradan anası ilə birlikdə başqa yerə köçmüçlər və mənzildən istifadəı hüququnu itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndində göstərilir ki, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi yaşayış sahəsindən istifadə hüququ itirilmişdir. İddiaçı hazırkı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ona məxsus mənzildən Ayan Həmidovanın qeydiyyatdan çıxarılması xahişi ilə müraciət etmişdir. Lakin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 2 iyul 2021-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 61, 87-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 228-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 9-cu maddələrinə, İPM-in 14.3, 33-cü maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin imtinası əsassız hesab edilərək, 2007-ci il təvəllüdlü Həmidova Ayan Mehman qızının iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ev 18/7, mənzil 28 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh tərəfə təqdim olunmuşdur. Lakin cavabdehin iddiay qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə Məmmədova Lalə Əhməd qızı və cavabdeh kimi prosessual iştirakına xitam verilməklə Həmidova Ayan Mehman qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəıflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Sarıyev Əjdər Hakim oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 26 dekabr 2012-ci il qeydiyyat tarixli RX seriyalı 0108224 nömrəli “Hüquqların Dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18/7 saylı evin 28 saylı mənzili Əmiraslanova Nurlanə Telman qızının mülkiiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “ASAN 2” tərəfindən verilmiş 8 sentyabr 2020-ci il tarixli 3575600 nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Həmidova Ayan Mehman qızı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18/7 saylı evin 28 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən Əmiraslanova Nurlanə Telman qızına ünvanlanmış 2 iyul 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilmişdir: - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, mənzil 28 ünvanından Həmidova Ayan Mehman qızının qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət oluna bilər. İş materiallarında olan “Elektron Məhkəmə” sistemindən çıxarılmış “şəxsiyyət vəsiqəsi məlumatları”na əsasən Məmmədova Lalə Əhməd qızı Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 6, 108 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Politexnik” MTK-nın 25 yanvar 2022-ci il tarixli arayışında aşağıdakılar bildirilmişdir: - Əmiraslanova Nurlanə Telman qızının qardaşı qızı Həmidova Ayan Mehman qızı Bakı şəhəri, Mətbuat prospekti, 18/7, mənzil 28-də 2009-cu il tarixdən etibarən yaşamır. Qonşular Abasov Ağasi Adil oğlu, Xanəli Fizuli Səxavət oğlu, Bayramov Elvin Binnət oğlu imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respuiblikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Lakin hazırkı işin hallarından məlum olur ki, yetkinlik yaşına çatmayan Həmidova Ayan Mehman qızı hazırkı iddiaçı Əmiraslanova Nurlanə Telman qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, mənzil 28 ünvanında yerləşən yaşayış sahəsində yaşamır və qanuni nümayəndəsi qismində anası Məmmədova Lalə Əhməd qızı Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 6, mənzil 108 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bu isə, o qənaəti yaradır ki, Həmidova Ayan Mehman qızının iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18/7 saylı evn 28 saylı mənzilinə hər hansı hüququ mövcud deyil, eləcə də bunu təkzib edən xüsusatlar məhkəmə icraatında müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən aparılan inzibati icraatda iddiaçıya müvafiq yaşayış sahəsinin mülkiyyətçisi kimi qaldırılan məsələnin həllindən “qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmaması”nı bildirməklə imtina olunması formal xarakret daşıyır və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17-ci maddələri ilə ziddiyyət təşkil edir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı Əmiraslanova Nurlanə Telman qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18/7 saylı evin 28 saylı mənzilində üçüncü şəxs Həmidova Ayan Mehman qızı və onun qanuni nümayəndəsi Məmmədova Lalə Əhməd qızı hazırda yaşamadıqlarından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), evin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında Həmidova Ayan Mehman qızının sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı Əmiraslanova Nurlanə Telman qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18/7 saylı evin 28 saylı mənzilindən Həmidova Ayan Mehman qızının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilsin. İddiaçı Əmiraslanova Nurlanə Telman qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 18/7 saylı evin 28 saylı mənzilindən Həmidova Ayan Mehman qızının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar