Məhkəmə qərarları › İş №2-1(112)-1502/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1502/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1502/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin qərarının ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xx xxx 1951-ci il tarixdə doğulmuşdur. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, Yataqxana-2, 21A saylı mənzildə öz ailəsi ilə birlikdə yaşayır. O, 21 may 1971-ci il tarixdən 4 iyul 1973-cü il tarixədək Sovet Ordusunda xidmət etmiş, 19 sentyabr 1973-cü il tarixdən 14 may 1974-cü il tarixədək Estoniya Respublikası, Tallin şəhəri, “Silikaat” İB-də Yarvesk qum-əhəng kərpic sexində köməkçi işçi, 14 may 1974-cü il tarixdən 6 iyun 1974-cü il tarixədək Yarvesk qum-əhəng kərpic sexində avtoklav işçisi, 22 sentyabr 1975-ci il tarixdən 7 iyun 1976-cı il tarixədək Belorusiya Respublikasının Brest şəhərində X4 3-cü dərəcəli avtoçilingər (51K nömrəli 16 sentyabr 1975-ci il tarixli əmr), 7 iyun 1976-cı il tarixdən 4 sentyabr 1976-cı il tarixədək həmin X4 4-cü dərəcəli avtoçilingər (26K nömrəli 7 iyun 1976-cı il tarixli əmr), 20 yanvar 1977-ci ildən 15 aprel 1977-ci il tarixədək Ermənistanın Şorji Dəmiryol qovşağında 2-ci dərəcəli yol elektriki (7 nömrəli 20 yanvar 1977-ci il tarixli əmr), 15 aprel 1977-ci il tarixdən 4 sentyabr 1978-ci il tarixədək həmin müəssisədə 3-cü dərəcəli yol elektriki (3385 nömrəli 13 aprel 1977-ci il tarixli əmr), 6 dekabr 1978-ci il tarixdən 2 iyul 1979-cu il tarixədək Bakı Aqreqat Konstruksiya Zavodunda 3-cü dərəcəli təmirçi-çilingər (453/s nömrəli 4 dekabr 1978-ci il tarixli əmr), 2 iyul 1979-cu il tarixdən 2 noyabr 1979-cu il tarixədək həmin zavodda 4-cü dərəcəli təmirçi-çilingər (224 nömrəli 28 iyun 1979-cu il tarixli əmr), 2 noyabr 1979-cu il tarixdən 4 iyul 1980-ci il tarixədək həmin zavodun 33 nömrəli sexinə 4-cü dərəcəli yığıcı-çilingər (əmr 376s, 2 noyabr 1979-cu il), 4 iyul 1980-ci il tarixdən 4 sentyabr 1987-ci il tarixədək həmin zavodun 33 nömrəli sexində 5-ci dərəcəli yığıcı-çilingər (əmr-64 s, 9 iyul 1980-ci il), 14 sentyabr 1987-ci il tarixdən 16 yanvar 1989-cu il tarixədək Bakı şəhəri, “Ulduz” Zavodunda radio armatur və cihazlar üzrə yığıcı-çilingər (əmr-554/k, 11 sentyabr 1987-ci il), 16 yanvar 1989-cu il tarixdən 1 avqust 1989-cu il tarixədək həmin zavodda çilingər santexnik (əmr 42 к, 11 yanvar 1989-cu il), 1 avqust 1989-cu il tarixdən 15 noyabr 1990-cı il tarixədək həmin zavodda təmir və quraşdırma üzrə 4-cü dərəcəli çilingər santexnik (əmr 776-k, 1 avqust 1989-cu il), 16 noyabr 1990-cı il tarixdən 5 iyun 1991-ci il tarixədək “Ulduz” İB-nin nəznində “Günəş” kiçik müəssisində 4-cü dərəcəli çilingər (əmr 6 k, 16 noyabr 1990-cı il), 5 iyun 1991-ci il tarixdən 18 aprel 1994-cü il tarixədək “Günəş” KM-dən “Texnika” KM-yə keçirilməklə 5-ci dərəcəli yığıcı-çilingər (əmr- 30k, 5 iyun 1991-ci il) vəzifələrində işləmiş, 17 yanvar 2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr 03z, 17 yanvar 2005-ci il). Bundan sonra iddiaçı 24 yanvar 2005-ci il tarixdən 30 aprel 2007-ci il tarixədək Azərbaycan Heyvanların Mühafizəsi Cəmiyyətində zootexnik (əmr 7, 24 yanvar 2005-ci il), 1 may 2007-ci il tarixdən 1 sentyabr 2007-ci il tarixədək 1 saylı X1 3-cü Stasionar şöbəsinə sanitar (əmr 56, 30 aprel 2007-ci il), 17 sentyabr 2018-ci il tarixdən 2 dekabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət Dəmir Yolu Liseyində elektrik montyoru (əmr 75, 17 sentyabr 2018-ci il) vəzifələrində işləmişdir. Hal-hazırda iddiaçının 71 yaşı var. 19 may 2014-cü il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin hansısa səbəbdən 2021-ci avqust ayından onun əmək pensiyasından 52 manat pul vəsaiti kəsilmişdir. İddiaçı 2021-ci il may ayında DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona verilən yaşa görə pensiyasının bərpa olunmasını xahiş etmişdir. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 30 sentyabr 2021-ci il tarixli **********0 saylı artıq ödənilmiş pensiyasının məbləğinin tutulması haqqında məktubla məsələnin həllindən imtina edərək bildirmişdir ki, ona 19 may 2014-cü tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir, işdən çıxmağı ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır və 17 il 7 ay 23 gün sosial sığorta stajına uyğun olaraq onun əmək pensiyasının məbləği 265,92 manat müəyyən edilmişdir. Araşdırma ilə məlum olmuşdur ki, ilkin təyinat zamanı sosial sığorta stajı düzgün müəyyən olunmamışdır. Onun 5 iyun 1991-ci il tarixdən 17 yanvar 2005-ci il tarixədək işlədiyi “Ulduz” EİB tərəfindən arxiv sənədləri təqdim olunmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Nəticədə ona 19 may 2014-cü il tarixdən 30 noyabr 2020-ci il tarixədək 1.789,56 manat artıq ödəmə məbləği aşkar edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2 avqust 2021-ci il tarixli **********6 saylı qərarı ilə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş 1.789,56 manat məbləğin əmək pensiyasından tutulmasına razılıq olduğu halda, 10 gün müddətində Xətai rayon xidmət nümayəndəliyinə müraciət edilməsi və razılıq ərizəsi yazılması xahiş olunur. Əks təqdirdə, artıq ödənilmiş məbləğin tutulması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 28.1.2, 63, 64.1 və 82-ci maddələrinə uyğun olaraq həyata keçiriləcəkdir. Cavabdehin 2 avqust 2021-ci il tarixli **********6 saylı qərarı ləğv edilməlidir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 72.1 və 73cü maddələrinə, İPM-in 2.2.1, 3.1, 33, 35, 38, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçının işlədiyi illərin onun sosial sığorta stajına daxil olmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavələr ərizə təqdim etmiş və cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və iddianın dəyişdirilərək «cavabdehin 2 avqust 2021-ci il tarixli **********06 nömrəli qərarının ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuş və iddianın dəyişdirilməsini qəbul edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı 10 dekabr 2021-ci il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. Təqdim olunmuş sənədlərin araşdırılması zamanı iddiaçıya DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş pensiya məbləğinin tutulması haqqında” qərarına əsasən 19 may 2014-cü il tarixdən 30 noyabr 2020-ci il tarixədək 1.789,56 manat məbləğində artıq ödənilmiş pul vəsaiti aşkar olunmuşdur. Həmin məbləğin bölünərək iddiaçının əmək pensiyasından tutulub DSMF-nin hesabına bərpa olunması barədə məlumat verilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. DSMF hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı qərar qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 19 may 2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş hədddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Cavabdeh orqanın 4 fevral 2022-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki , iddiaçının 30 noyabr 2020-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar onun pensiyası 1 yanvar 2006-cı il tarixədək 17 il 7 ay 23 gün sığorta stajına və 1 yanvar 2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək 76,71 manat, pensiya təyin olunan tarixdən 30 noyabr 2020-ci il tarixədək 725,5 manat pensiya kapitalına əsəsən yenidən hesablanmış və həmin tarixdən 238,71 manat müəyyən edilmişdir. Cavabdeh orqan 4 fevral 2022-ci il tarixli **********9 nömrəli məktubunda iddiaçıya ilkin təyinat zamanı sığorta stajının 17 il 7 ay 23 gün hesablanmalı olduğu halda 29 il 3 ay 29 gün hesablanmasını qeyd etmişdir. Eyni zamanda, cavabdeh orqan həmin məktubunda iddiaçının 5 iyun 1991-ci il tarixdən 17 yanvar 2005-ci il tarixədək işlədiyini iddia etdiyi “Ulduz” X3 tərəfindən arxiv sənədləri təqdim olunmadığından həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını qeyd etmişdir. İddiaçının 5 iyun 1991-ci il tarixdən 17 yanvar 2005-ci il tarixədək işlədiyini iddia etdiyi “Ulduz” X3 ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə müvafiq sorğular ünvanlanmışdır. Qeyd olunan sorğuların müvafiq qurumlar tərəfindən cavablandırılması gözlənilir. Cavabdeh orqanın araşdırması nəticəsində iddiaçıya 19 may 2014-cü il tarixdən 30 noyabr 2020-ci il tarixədək 1.789,56 manat artıq ödəmə məbləği aşkar olunmuşdur. Bu səbəbdən 19 may 2014-cü il tarixdən 30 sentyabr 2021-ci il tarixədək artıq ödənilmiş 1.789,56 manat vəsait bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulmaqla DSMF-nin hesabına bərpa olunur. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, DSMF orqanı tərəfindən İddiaçı 19 may 2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və həmin təyinatda onun 29 il 3 ay 29 gün sığorta stajı hesablanmışdır. İddiaçının əmək pensiyası 30 noyabr 2020-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar cavabdeh tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci mddəsinə istinadən yenidən hesablanmış və bu hesablamada onun 1 yanvar 2006-cı il tarixədək sığorta stajının 17 il 7 ay 23 gün olması qənaətinə gəlinmişdir. Bu onunla bağlıdır ki, cavabdeh orqan iddiaçının “Ulduz” Elmi-İqtehsalat Birliyində 5 iyul 1991-ci il tarixdən 17 yanvar 2005-ci il tarixədək işlədiyi dövrü qurumun arxiv sənədlərinin təqdim olunmaması səbəbindən sığorta stajına daxil etməmişdir. Yenidən hesablanma ilə bağlı cavabdeh orqan tərəfindən 2 avqust 2021-ci il tarixli **********06 nömrəli qərar qəbul olunmuş və həmin qərarda iddiaçıya 19 may 2014-cü il tarixdən 30 noyabr 2020-ci il tarixədək 1.789,56 manat artıq ödəmə məbləği hesablanmışdır. Sözügedən qərar əsasında cavabdeh tərəfindən iddiaçının əmək pensiyasından müvafiq məbləğdə aylıq tutulmalar həyata keçirilir. İddiaçı hazırda cavbdehin 2 avqust 2021-ci il tarixli sözügedən qərarını mübahisələndirir və onun pensiyasından tutulmuş 1.789,56 manat pul vəsaitinin qaytarılmasını tələb edir. Məhkəmə mübahisə ilə əlaqədar aşağıdakı qanunvericilik normalarını diqqqətə çəkir: «Əmək pensiyaları haqqında» Qanununun 37.3.1-ci maddəsinə görə işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 2 avqust 2021ci il tarixli **********06 nömrəli qərarını mübahisələndirir və onun əmək pensiyasından tutulmuş 1.789,56 manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının işləməyəm əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar yenidən hesablanma zamanı 2 avqust 2021-ci il tarixli **********06 nömrəli qərarla ilkin pensiya təyintaı barədə qərar ləğv edilmədən əmək pensiyası aşağı məbləğdə hesablanmış və ona 1.789,56 manat artıq ödənilmiş pensiya məbləği müəyyən edilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən 2 avqust 2021-ci il tarixli **********06 nömrəli qərarın qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa belə, həmin məbləğ cavabdeh inzibati orqanın gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz. Halbuki, onun sığorta stajına 5 iyun 1991-ci il tarixdən 17 yanvar 2005-ci il tarixədək “Ulduz” X2 işlədiyi dövrün sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin dəlili əsaslı deyil və məhkəmə bu mövqe ilə razılaşmır. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxiv təşkilatına təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Nəzərə alınmalıdır ki, iddiaçının 5 iyun 1991-ci il tarixdən 17 yanvar 2005-ci il tarixədək “Ulduz” X2 işləməsi ona məxsus əmək kitabçasında, adıçəkilən qurumun həmin dövrdə ləğv edilməməsi, yəni mövcud olması aidiyyəti təşkilat kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən sorğuya cavab kimi alınmış 11 aprel 2023-cü il tarixli məktubunda təsdiqini tapır. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş 1991 – 2005-ci illər üzrə iş stajının sığorta stajına daxil edilməməsi qanuna ziddir. Hətta, iddiaçıya ilkin pensiya hesablanarkən artıq pensiya məbləği kimi verilmiş məbləğlər onun razılığı olmadığı halda, pensiyasından birbaşa tutula da bilməz, məhkəmə qaydasında alına bilər. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qəbul edildiyindən 2 avqust 2021-ci il tarixli **********06 nömrəli qərarın qəbulu, habelə bu qərar əsasında iddiaçının əmək pensiyasından məbləğlərin tutulması hərəkətləri qanunsuzdur və bunun nəticəsində iddiaçının sosial təminat hüququ pozulmuşdur. Odur ki, iddia əsaslı sayılır. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” 2 avqust 2021-ci il tarixli **********06 nömrəli qərarı əlverişsiz inzibati akt kimi ləğv olunduğu halda, qərarın icra olunması nəticəsində iddiaçının pensiyasından tutulmuş 1.789,56 manat pul vəsaiti də ona qaytarılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, qərar ləğv olunduqda, iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinə bu qərarda ifadə olunan mövqe nəzərə alınmaqla yenidən baxıla bilər. Məhkəmə iddia tələbində göstərilmədiyi üçün həmin məsələyə qiymət vermir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 2 avqust 2021-ci il tarixli **********06 nömrəli qərarı ləğv edilməli və İddiaçı pensiyasından həmin qərar əsasında tutulmuş 1.789,56 manat pul vəsaiti ona qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 2 avqust 2021-ci il tarixli **********06 nömrəli qərarı ləğv edilsin və İddiaçı pensiyasından həmin qərar əsasında tutulmuş 1.789,56 manat pul vəsaiti ona qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar