Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15034/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1995-ci il tarixli, 443/8 saylı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə X5 (qətnamə ilə sərəncamın ona məxsus olması müəyyən edilmişdir) ayrılmış Buzovna qəsəbəsi 81 saylı sahədə (indiki ünvan Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 4) yerləşən 1200 m2 torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmə iclasının qərardadı ilə iddia tələbi “Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli, 443/8 saylı Sərəncamı ilə ünvan ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın tərtib olunaraq verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il tarixli 443/8 saylı Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə X2 (hazırda Xəzər rayon Məhkəməsinin qətnaməsi ilə bu sənədin X5 məxsus olması müəyyən edilib) Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış sahəsi tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İddiaçı Sərəncam verilən şəxsin övladı X15 ilə rəsmi nikahda olmuşdur, birgə nikahdan iki övladı vardır. X10 12 aprel 2024-cü ildə ölmüşdür. Bundan sonra qayınatası Yasəf Şahvələdov 08 dekabr 2024-ci ildə ölmüşdür. Daha sonra əri X15 12 fevral 2025-ci ildə ölmüşdür. Hazırda iddiaçı həmin torpaq sahəsini özəlləşdirilməklə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Lakin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı cizginin verilməsi üçün cavabdehə şifahi müraciətlərə, ən sonra isə rəsmi qaydada müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə olmamışdır. Rəsmi müraciətilə əlaqədar olaraq cavabdeh xx.xx.2025-ci il tarixli, 5/12/2-A- 54-091/2025 məktubunda qeyd etmişdir ki : “İstifadənizdə olan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentin işlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinə məxsus əraziyə düşdüyündən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır”. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddia tələbinə etiraz edilərək bildirilmişdir ki, torpaq sahəsi mərhum X5 Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 443/8 saylı sərəncamı ilə Buzovna qəsəbəsində 81 nömrəli sahədə 1200 kv.m ayrılmışdır. Belə ki, İddiaçı Cavabdehnə müraciəti əsasında Xəzər RİHB-nın Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə məxsus əraziyə düşdüyündən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘’Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’’də Cavabdeh əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. ‘’Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Bununla əlaqədar olaraq, hazırkı inzibati iş üzrə Cavabdeh inzibati orqan hesab oluna bilməz. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhər Cavabdeh xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və təmin edilməmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş keçmiş Əzizbəyov RİH-in (indiki Cavabdeh) xx.xx.1995-ci il tarixli, 443/8 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X3 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində 81 №-li sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama heç bir sənəd əlavə edilməmişdir. -AZ-İİ № 491651 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü ildə ölmüşdür. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2876/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş Buzovna qəsəbəsi 81 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılması barədə 26 iyul 1995-ci il tarixli, 443/8 X1 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. -Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş məktubda İddiaçı, X7, X9, X8 və X12 miras qoyanın X4 vərəsələri olması barədə məlumat verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna verilmiş cavab məktubundan görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.1585 ha təşkil edir. Torpaq sahəsi daş hasarla iki hissəyə bölünərək hər birinin üzərində bir mərtəbəli yaşayış evləri və köməkçi tikililər inşa edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisinə ayrılan yerlərdir (Buzovna Tərəvəzçilik-Südçülük sovxozu). Sözügedən torpaq sahəsinin ünvanı hüquqmüəyyənedici sənəddə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi qeyd edilsə də, sahə Qala qəsəbəsinin ərazisidir. Sahəyə dair cizgi təqdim edilmədiyindən sənədin göstərilən əraziyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Sahə Dövlət mülkiyyəti torpağıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının vərəsəsi olduğu X5 Xəzər RİHB-nin xx.xx.1995-ci il tarixli, 443/8 Sərəncamı ilə Buzovna qəsəbəsi, 81 №-li sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçının qeyd olunan torpaq sahəsinin cizgisinin tərtib edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmiş və bildirilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə məxsus əraziyə düşdüyündən, sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. İddiaçı hazırkı tələbi ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; .... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ..... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən, yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçının vərəsəsi olduğu Ulduzə Şahvələdovaya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, keçmiş Əzizbəyov (indiki Xəzər) RİHB-nin 1995-ci il tarixli sərəncamı ilə mərhum X5 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Belə ki, məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən sərəncama heç bir sənəd əlavə olunmamışdır. O cümlədən, müvafiq qurum tərəfindən əldən edilən sorğuya cavabdan müəyyən edilir ki, elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazi sərhədlərində yerləşir. Bundan başqa, həmin sərəncamın arxiv əsasının aşkar edildiyi və hazırda qüvvədə olduğu da nəzərə alınmalıdır. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, habelə, qeyd olunan sərəncamın və digər sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaqayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda cavabdeh iddiaçının dəlillərini təkzib edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehin imtina dəlilini əsaslı saymayaraq qeyd edir ki, mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə məxsus əraziyə düşməsi halı belə onun dövlət torpağı olmasını istisna etmədiyindən vəziyyəti iddiaçının ziyanına dəyişən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, analoji mübahisə üzrə Azərbaycan Respublikasının İnzibati Kollegiyasının 2-1(102)-2271/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Qərardadda göstərilmişdir ki, “15. ...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (V.S.Quliyevin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 27 dekabr 2022-ci il tarixli, 2-1(102)- 2246/2022 nömrəli; R.N.Nəcəfovun Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 18 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1755/2023 nömrəli; R.N.İsmayılovun Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 20 sentyabr 2023- cü il tarixli, 2-1(102)- 1595/2023 nömrəli; S.H.Abdulovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 26 iyul 2023-cü il tarixli, 2-1(102)-1396/2023 nömrəli; S.T.Rəhimovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 26 iyul 2023- cü il tarixli, 2-1(102)- 1601/2023 nömrəli; N.R.Əliyevin Cavabdehnə qarşı iş üzrə 05 iyul 2023-cü il tarixli, 2- 1(102)-1359/2023 nömrəli; N.M.Eyvazovun Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə 12 oktyabr 2023-cü il tarixli, 2-1(102)-2092/2023 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olubolmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir...16.Məhkəmə kollegiyası həmin şikayəti mümkün saymayarkən bu növ işlərlə bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğuna istinad etmiş, eyni zamanda cavabdeh tərəfindən öz mövqeyinin əsaslı olması ilə bağlı yeni dəlillər və məlumatlar təqdim etmədiyini əsas götürmüşdür.” Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995ci il tarixli, 443/8 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, 81 №-li sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın tərtib olunaraq İddiaçı verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-15034/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15034/2025
16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver