Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1504/2021 16.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin 0082/Ş nömrəli, xx.xx.2020-ci il tarixli inzibati aktının ləğv edilməsi və onun hərbi hissədə əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2016-cı il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 0521/Ş nömrəli əmri ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsinə gizir rütbəsi ilə mütəxəssis-xilasedici vəzifəsinə təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində hərbi hissənin həyətində olarkən Xidmətin Bakıda yerləşən idarəsindən gələn polkovnik kapitan rütbəsi daşıyan Mustafa adlı şəxs və həkim şəxsi heyyətə yaxınlaşmış, Mustafa müəllim şəxsi heyyəti sorğu sual etməyə başlamış və bir neçə şəxsi, həmçinin onu da sıranın önünə çıxartmış və tibbi yoxlamadan keçmə əmri vermişdir. Hərbi hissədə ondan sidik analizi götürülmüş və orqanizmində narkotik maddə olan morfi aşkar edildiyi bildirilmişdir. O, etiraz edərək bildirmişdir ki, o nəinki narkotik vasitə, heç siqaret də qəbul etmir. Qrijası olduğu üçün hərdən ağrı hiss etdiyi zaman apteklərdə xüsusi icazə tələb edilmədən satılan ağrıkəsici dərmanlar qəbul etdiyini bildirmişdir. Sonra o, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Narkoloji Dispanserə aparılmışdır. Orada yenidən sidik analizi götürülmüş və cavabında orqanizmdə narkotik vasitə olan morfi aşkarlandığı bildirilmişdir. O, analizin cavablarında yalnışlıq olduğunu israrla bildirərək tələb etmişdir ki, aşkar olunan morfi maddəsinin tərkibindəki elementlərin adları və miqdarı barədə məlumat verilsin və onun qəbul etdiyi ağrıkəsici dərmanların tərkibindəki elementlərlə eyni olub-olmaması aydınlaşdırılsın. Lakin hərbi hissədə ona hədə-qorxu gəlinərək bildirilmişdir ki, öz arzusu ilə hərbi xidmətdən azad edilmə barədə ərizə yazmalıdır, əks halda narkotik vasitə qəbul etdiyi üçün sənədlər prokurorluq orqanlarına göndəriləcək və barəsində cinayət işi başlanılacaq. Çıxılmaz vəziyyətdə qalan hədə qorxu altında qalaraq öz iradəsinə zidd olaraq ərizə yazmışdır. İki gün sonra o, Gəncə şəhər Narkoloji Dispanserə gedərək yenidən analiz vermiş və orqanizmdə narkotik maddə aşkarlanmamışdır. Daha sonra Bakı şəhərində yerləşən Narkoloji Dispanserdə verdiyi analizin nəticəsində də orqanizmində narkotik maddə aşkarlanmamışdır. Onun israrlarının əsaslı oluğuna əmin olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə xx.xx.2020-ci il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, o narkotik vasitə qəbul etmədiyi halda ona hədə qorxu gəlinərək öz arzusu ilə xidmətdən buraxılması haqqında ərizə yazdırılmışdır. Həmin ərizənin etibarsız sayılmasını, əvvəlki vəzifəsinə bərpa olunmasını xahiş etmişdir. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, o, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin xx.xx.2020- ci il tarixli, 0082/Ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluq) hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xx.xx.2020ci il tarixli, 0082/Ş nömrəli əmri ilə (inzibati akt) razı deyildir. Hesab edir ki, inzibati akt çıxarılarkən qanunvericiliyin tələbləri və onun hüquqları pozulmuşdur. Aşağıdakı əsaslara görə mübahisəli əmr ləğv olunmalıdır. Cavabdeh inzibati orqan onun fikrini dəyərləndirməli və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları tam və obyektiv araşdırmalı olduğu halda ona hədə-qorxu gələrək iradə ifadəsinə zidd olaraq ərizə yazdırmış, daha sonra xidməti uyğunsuzluğa görə hərbi ehtiyyata buraxılması haqqında qərar qəbul etmişdir. Onun bir gün sonra Gəncə şəhər Narkoloji Disponserə gedərək verdiyi analizin nəticəsində narkotik maddə aşkarlanmadığı üçün hərbi hissə komandanlığı ilə həkimin birləşərək onun barəsində yalan rəy verməsi şübhəsi yaranır. Bu şübhə bir halda aradan qalxa bilər ki, həkimin rəyinin düz olduğu sübut olunsun və iki ardıcıl gündə verilmiş eyni şəxsdən götürülən analizin nəticəsinin fərqli olmasının səbəbi göstərilsin. Onun cinayət törətməsi ilə bağlı rəsmi qərar olmadığı üçün və hərbi hissə komandanlığı tərəfindən əvvəlcədən onun barəsində görülmüş hər hansı bir intizam tədbiri mövcud olmadığından hərbi xidmətdən birbaşa ehtiyyata buraxıla bilməzdi. Həmçinin onun orqanizmində aşkar olunmuş narkotik maddənin miqdarı müəyyənləşdirilməyib. Yəni şəxsin qəbul etdiyi narkotik maddənin miqdarını müəyyənləşdirmədən onu məsuliyyətə cəlb etmək qanuna ziddir. Onun nümayəndəsi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə əmrin və əmək kitabçasının alınması üçün şifahi müraciət edərkən, onun əmək kitabçası xx.xx.2020-ci il tarixdə ona təqdim edilmiş, lakin əmrin surəti bugünədək təqdim olunmayıb. Göründüyü kimi inzibati orqanın aktı mübahisəlidir, işin halları tam araşdırılmayıb həmçinin ona qarşı qərəzli münasibətlər var. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya öz hərbi bileti xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən Goranboy Hərbi Komissarlığı vasitəsi ilə təqdim edilmişdir. Bu fakt onun hərbi biletində Goranboy Hərbi Komissarlığı tərəfindən aparılmış qeydlə təsdiq olunur. Belə ki, hərbi biletdə Goranboy Hərbi Komissarlığında xx.xx.2020-ci il tarixli qeyd var. Həmin tarixdən bir həftə sonra iddiaçıya sənəd təqdim olunmuşdur. Həmin dövrdə dünyada yayılan koronavirus pandemiyasının ölkəmizə təsiri nəticəsində, ciddi karantin rejimi elan olunduğundan iddiaçı hüquqi yardım almaqda çətinlik çəkmiş və nəhayət vəkil məsləhəti ilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə inzibati şikayət göndərmişdir. Həmin şikayətə bugünə kimi münasibət bildirilməmişdir. İddiaçı xeyli müddət gözlədikdən sonra inzibati şikayətə cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göründüyü kimi iddiaçı şikayət instansiyasına şikayət etmə müddətini üzürlü səbəblərə götə ötürmüşdür. Lakin məhkəmə müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Çünki inzibati orqanın inzibati şikayət üzrə qərar qəbul etməsini gözləmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddiaçı tərəfindən verilmiş iddia isə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçı məxsus AO ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı ildə N nömrəli hərbi hissəyə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - İddiaçı məxsus ******* №-li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-ci il tarixli, 0521/Ş №-li əmrə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli, 0082/Ş №-li əmrə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində həqiqi hərbi xidmətdən azad edilmişdir. - Azərbaycan Respublikası Cavabdeh rəisi Şahmar Paşayev tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 0082/Ş nömrəli əmrdən çıxarışın surətindən görünür ki, tibbi müayinə zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə taborunun Mexanikləşdirilmiş qəza xilasetmə bölüyünün Qəza xilasetmə taqımının mütəxəssis-xilasedicisi gizir İddiaçı tərəfindən narkotik maddələrdən istifadə edilməsi aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 7.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi və Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin xx xxxxxx 2011-ci il tarixli, 004 nömrəli əmrinin 1.2-ci bəndi rəhbər tutaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (N saylı hərbi hissə) Xüsusi riskli xilasetmə taborunun Mexanikləşdirilmiş qəza xilasetmə bölüyünün Qəza xilasetmə taqımının mütəxəssisxilasedicisi gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. - Qeyd olunan əmrin surətindən həmçinin görünür ki, gizir İddiaçı xx.xx.2020-ci il tarixdə əmrlə tanış olmuş və imza etmişdir. - N saylı hərbi hissənin komandiri tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 046 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, gizir İddiaçı Xüsusi riskli xilasetmə və mühafizə alayının Xüsusi riskli xilasetmə taborunun Mexanikləşdirilmiş qəza xilasetmə bölüyünün Qəza xilasetmə taqımının mütəxəssis-xilasedicisi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin xx xxxxxx 2020-ci il tarixli, 0082/ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığı üçün xx xxxxxx 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilmişdir. Gizir İddiaçı 2020-ci ilin yanvar ayındakı xidmətinə görə nəzərdə tutulmuş birdəfəlik pul mükafatına layiq deyil, 2020-ci ilin növbəti məzuniyyətindən istifadə etməyib. 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış inzibati şikayətin surətindən (imzalanma tarixi yoxdur) və poçt qəbzinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh 0082/Ş nömrəli, xx.xx.2020-ci il tarixli inzibati aktının ləğv edilməsini və hərbi hissədə əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin şikayət xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 48.3-ci maddəsinə əsasən müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. - 48.4-ci maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. - 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. - 72.2-ci maddəsinin tələbinə görə inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. - 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. - 73.1-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinə əsasən hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilmir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hərbi qulluqçu olan İddiaçı cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, 0082/Ş nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmış və iddiaçı həmin əmrlə xx.xx.2020-ci il tarixdə imza etməklə tanış edilmişdir. İddiaçı hərbi biletini xx.xx.2020-ci il tarixdə, əmək kitabçasını isə xx.xx.2020-ci il tarixdə aldığını ərizələrində qeyd etmişdir. İddiaçı qeyd olunan əmri (inzibati aktı) mübahisələndirərək xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsini və xüsusi ilə hüquqi müəyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən hallar buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilə bilməz. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1504/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1504/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver