Məhkəmə qərarları › İş №2-1(112)-15040/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15040/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15040/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “xüsusi cihazın məcburi qaydada quraşdırılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus “Künefe” restoranının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının yol verilən hədd normativləri daxilində atılmasının təmin edilməsi üçün xüsusi cihazın (qaz-toz tutucu) məcburi qaydada quraşdırılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Monitorinq İdarəsinin mütəxəssisləri və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 27 fevral 2025-ci il tarixdə ünvan 1 ünvanında cavabdeh tərəfindən fəaliyyət göstərən “Künefe” restoranında atmosfer havasında aparılan monitorinqlər (ölçmə analiz işləri) zamanı müəyyən olmuşdur ki, restoranın fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarı ətraf mühit üçün yol verilə bilən hədd normativlərindən artıqdır. Aşkar edilmiş faktla bağlı X2 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2025-ci il tarixli 002938 saylı, İdarənin əməkdaşları tərəfindən 13 mart 2025-ci il tarixli 189124 saylı akt tərtib olunaraq cavabdehə aşkar olunan ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə 19 mart 2025-ci il tarixli Ç-MG/2625-024 saylı icrası məcburi olan müddətli “Tələb” verilmişdir. İcrası məcburi “Tələb”ə (göstərişə) əsasən cavabdeh tərəfindən 29 aprel 2025-ci il tarixədək nöqsanlar aradan qaldırılmalı (Künefe ictimai iaşə obyektində qaz-toz təmizləyici qurğunu quraşdımalı) olduğu halda, lakin qanunvericiliyi pozmuş şəxs tərəfindən icrası məcburi olan “Tələb” icra edilməmişdir. Bununla əlaqədar olaraq cavabdeh barədə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 07 may 2025-ci il tarixli ******* nömrəli inzibati inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərara əsasən 3000 (üç min) manat şərti olaraq inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. Lakin şəxs tərəfindən göstərilən müddət ərzində hüquqpozma yenə də aradan qaldırılmamışdır. Göründüyü kimi cavabdeh Azərbycan Respublikasının Mülki qanunvericiliyi və ya digər normativ hüquqi aktlarla uyğun olaraq ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması və ətraf mühitə atılan tullantıların norma daxilində atılmasının təmin edilməsi istiqamətində hər hansı bir hərəkət etmir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı aparılan monitorinqlərin nəticəsində cavabdehə məxsus restoranda atmosferə atılan zərərli maddələrin nortmativlərdən artıq olduğunu müəyyən etmiş, cavabdeh barəsində akt tərtib edilmiş, icrası məcburi olan müddətli “tələb” verilmiş və cavabdeh inzibati qaydada cərimə edilmişdir. İddiaçı hazırda cavabdehə məxsus restoranda ekoloji sağlamlıq üçün xüsusi cihazın məcburi qaydada quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllədə ayrıca iddia növü olaraq inzibati orqanların vətəndaşlara qarşı iddia qaldırması nəzərdə tutulmamışdır. Bu tip iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda mümkün ola bilər. Bu isə həmin iddiaların hüququ təbiətindən, yəni həmin iddiaların məhz inzibati orqanın ümumi hüquq münasibətlərindən irəli gələn səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı olmasından asılıdır. Hazırda iddiaçının cavabdehə qarşı qaldırdığı iddia ayrıca qanunvericilik aktında nəzərdə tutulmuş inzibati qaydada baxılmalı olan iddialara aid deyildir. Yəni, həmin iddia inzibati orqanın inzibati xarakterli səlahiyyəti ilə bağlı olan iddia deyil. Odur ki, iddiaçının hazırkı tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “xüsusi cihazın məcburi qaydada quraşdırılması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar