Məhkəmə qərarları › İş №2-1(112)-1506/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1506/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1506/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı cavabdeh Binəqədi RİH-nin Biləcəri qəsəbə nümayəndəsinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 31.000 manat maddi, 10.000 manat mənəvi ziyana görə kompensasiyanın alınıb iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Binəqədi rayon Xocasən Bələdiyyəsi və Binəqədi Rayon Polis İdarəsi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Binəqədi rayon Xocasən Bələdiyyəsi və Binəqədi Rayon Polis İdarəsinin hazırkı iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İHB-nın 1-ci müavinin imzaladığı xx.xx.1992-ci il tarixli 678 saylı “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamı iddiaçıya zeytun ağaclarını əkmək məqsədi ilə 2 ha torpaq sahəsi ayrılmışdır. 1993-cü ildə torpaq sahəsinə su verilməsi dayandırıldığından 2 ha torpaq sahəsinin 7 sot hissəsini nəvələrinə ev tikmək üçün çəpərləmişdir. 2021-ci ilin yanvar ayından 2 mərtəbəli ev tikmişdir. xx.xx.2021-ci ildə evin şiferi vuruldu. Evin üst örtüyü vurulan zaman Binəqədi rayon İH-nin və Bələdiyyənin nümayəndələri çox böyük zəhmət və külli miqdarda pul xərcləyərək tikdiyi fərdi yaşayış evini traktorla sökərək tikinti materiallarını naməlum istiqamətə aparmışlar. Binəqədi rayon İH-nın əməkdaşları tərəfindən 2 mərtəbə evinin qanunsuz sökülməsi nəticəsində ona ümumilikdə 31.000 manat maddi, 10.000 manat mənəvi ziyan vurulmuşdur. Ona məxsus olan 2 mərtəbəli fərdi yaşayış evinin sökülməsini və maddi zərərin vurulmasını hadisəni özündə əks etdirən video disk, şahidlər təsdiq edə bilərlər. Bakı Şəhər İHB-nın 1-ci müavinin imzaladığı xx.xx.1992-ci il tarixli 678 saylı “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamı ilə ona torpaq sahəsi ayrıldığı müəyyən edilmşdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı Şəhər İcra Hakimiyyətinin 678 nömrəli xx.xx.1992-ci il tarixli Sərəncamının surəti. - Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 7-321/17 nömrəli xx.xx.2022-ci il tarixli məktubu. - Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçının müraciətini təmin etməkdən imtina barədə 04/09-11-11/Z-8/9-150/5-t/3 nömrəli imtina məktubu. - "xxxx" MMC-nin 01//22-388 nömrəli xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 7-321/17 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin 678 nömrəli xx.xx.1992-ci il tarixli Sərəncamından çıxarış məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 678 nömrəli xx.xx.1992-ci il tarixli Sərəncamına əsasən vətəndaş İddiaçı Binəqədi rayonun Sulu-Təpə qəsəbəsindən cənub-qərbə hissəsində torpaq sahəsi ayrılmışdır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmin evin tikintisi başa çatdıqdan sonra cavabdeh inzibati orqan tərəfindən həmin tikili sökülmüşdür. Həmçinin, tikilinin sökülməsinə dair müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarının olmasına dair müvafiq sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı hazırda həmin tikilinin sökülməsinə görə 31.000 manat maddi və 10.000 manat mənəvi kompensasiyanın ona ödənilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin 01//22-388 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 678 nömrəli Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsində aparılmış tikinti işlərinə çəkilən tikintinin xx.xx.2022-ci il tarixə: Tikinti-təmir işlərinin həcmi: 27 000 (iyirmi yeddi min) manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsində aparılmış tikintinin cavabdeh inzibati orqan tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmaqa sökülməsi, İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X2rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddia tələbi iddiaçıya ayrılmış torpaq sahəsində aparılmış tikintinin cavabdeh inzibati orqan tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmaqa sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi kompensasiya məbləği, "xxxx" (Konsaltinq xidmətləri) MMC-nin 01//22-388 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli və İddiaçı 27.000 (iyirmi yeddi min) manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində təmin, qalan hissədə iddia təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin 10.000 manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, mənəvi ziyanın dəyməsi iş materialları ilə sübut olunmadığından, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi 27.000 (iyirmi yeddi min) manat maddi zərər kimi kompensasiyanın cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasi hissəsində təmin, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş 27.000 (iyirmi yeddi min) manat maddi zərər kimi kompensasiyanın cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar