Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1506/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnanın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi cəlb olunmaqla) «cavabdehin qərarlarının ləğv edilməsi və əlavə dəyər vergisi məbləğinin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovna cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi və vergi məbləğinin geri qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovna nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizələrlə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 20 fevral 2023-cü il tarixli müraciət etmişdir. Müraciətə cavab olaraq qəbul edilmiş 16 mart 2023-cü il tarixli qərarlarda qeyd edilmişdir ki, alıcı Bayramova (Kərimxanova) Leyla Rəhimovna tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən 20 fevral 2023-cü il tarixli ərizələr üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddiaçı bununla razılaşmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına 16 mart 2023-cü il tarixli **********434700 nömrəli və **********435400 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. Lakin 27 aprel 2023-cü il tarixli məktubla şikayətlərin təmin edilmədiyi bildirilmişdir. Məktub iddiaçıya 24 may 2023cü il tarixdə təqdim edilmişdir. İnzibati orqanın imtinası əsassız hesabdır. «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə əsasən nağdsız hesablaşma dedikdə birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Bayramova (Kərimxanova) Leyla Rəhimovna da yaşayış sahəsinin dəyərini satıcının bank hesabına ödəmişdir. Bu da yuxanda qeyd edilən normanın tələbinə uyğun olaraq nağdsız hesablaşma hesab olunur. Buna görə də vergi orqanının imtinası qanunsuz və əsassız sayılır. Göstərilənlərə və İPMin 2, 4.1, 8, 32.1, 33, 38, 70-ci maddələrinə əsaslanaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 mart 2023-cü il tarixli **********434700 nömrəli və **********435400 nömrəli qərarlarının ləğv edilməsi və iddiaçının 20 fevral 2023-cü il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilərək «cavabdehin 16 mart 2023-cü il tarixli **********434700 nömrəli və **********435400 nömrəli qərarlarının ləğv edilməsi və əlavə dəyər vergisinin məbləğinin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul edilmiş və "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 5.1.2-ci yarımbəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın 1.6-ci bəndinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. X3 nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı 20 fevraı 2023-cü il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 162 nömrəli müqavilə, maliyyə arayışı və bank mədaxil qəbzləri əlavə edilmişdir. «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 5.1.2-ci yarəmbəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. X3 tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı həmin Qaydalara zidd olaraq yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. X1 müraciəti ilə bağlı aparılmış araşdırmanın nəticəsi üzrə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 16 mart 2023-cü il tarixli **********435400 və **********434700 nömrəli qərarlar qəbul edilmişdir. Həmin qərarlar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş X2 göndərilmişdir. Göstərilənlərə əsaslanaraq, X1 iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmişlər, üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştiral edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda əlavə dəyər vergisinin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Həmin Məcəllənin 165.6-cı maddəsinə görə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»na görə: - (5.1) Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: - (5.1.1) yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; - (5.1.2) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1) ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2) ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3) ödənişin təyinatı. - (5.2) Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: - (5.2.1) elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; - (5.2.2) ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). - (5.4) Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur; - (5.6) Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın 1.6-cı bəndinə görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDVsiz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank və digər ödəniş hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İşin faktiki hallarından görünür ki, İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan "xxxx" MTK-dan nağdsız qaydada satın aldığı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinə münasibətdə ödədiyi ƏDV-nin qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi ilə bağlı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş, lakin cavabdeh iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV daxil olmaqla tam dəyərinin satıcı "xxxx" MTK-nın bank hesabına ödənildiyini əsas gətirərək, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasından imtina edilməsi haqqında” 16 mart 2023-cü il tarixli **********434700 və **********435400 nömrəli qərarlar qəbul etmiş və həmin qərarları ƏDV-nin qaytarılmasından imtina barədə bildirişlərlə birlikdə iddiaçıya göndərmişdir. İddiaçı hazırda cavabdehin ƏDV-nin qaytarılmasından imtina barədə qərarlarını mübahsələndirir və ƏDVnin qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdehin faktiki hərəkətləri, yəni əmlakın satın alınması üzrə ƏDV-nin qaytarılmasından imtina olunması ƏDV-ni ödəmiş şəxs kimi iddiaçının maraqlarına toxunan haldır, iddiaçının iddia qaldırmaqda subyektiv hüququ var, cavabdeh orqan düzgün seçilmişdir, İPM-lə bu qəbildən olan iddialara iddia müddəti müəyyən edilməmişdir, vergi qanunvericiliyin müddəaları ilə nəzərdə tutulan (3 ay) müddətlərə isə, iddiaçı tərəfindən riayət olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, müvafiq qanunvericilik normaları (Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı) bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada satın alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinə münasibətdə ödənilmiş ƏDV-nin qaytarılmasını həmin əmlakların tam dəyərinin (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə, iddiaçı aldığı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinə münasibətdə ƏDV-ni satıcı "xxxx" MTK-nin ƏDV depozit hesabına deyil, əmlakların tam dəyərini – ƏDV də daxil olmaqla satıcının bank hesabına ödəmişdir. Məhkəmə həmçinin diqqətə çəkir ki, ƏDV ödənişinin yuxarıda qeyd olunan formada aparılması texniki xarakterli səhv və ya formal xəta qismində də qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın 5.4-cü bəndində təqdim edilmiş sənədlərlə çatışmazlıqların dairəsi təsbit olunmuşdur. Lakin bu dairəyə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməməsi halı daxil edilməmişdr. Həmçinin qeyd olunmalıdır ki, ƏDV-nin məbləğinin ödənişinin düzgün aparılmamasının hətta ödəniş etmiş şəxs kimi iddiaçının iradəsindən asılı olmaması öz təsdiqini tapsa belə, bu hal vəziyyəti onun xeyrinə dəyişmir. Bundan başqa, yaşayış və qeyri-yaşayış sahələrinin alıcısı kimi iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovna ilə satıcısı "xxxx" MTK arasında bağlanmış müqavilədə həqiqətən də ƏDV-nin ayrıca ödənilməsi şərti və bunun üçün MTK-nın ƏDV depozit hesabının qeyd edilmədiyi, alıcıya satıcının ƏDV depozit hesabının hər hansı formada verilmədiyi və məbləğin ayrıca ƏDV depozit hesaba ödənilməli olmasının iddiaçıya izah olunmadığı halda, iddiaçı hesab edərsə ki, ona zərər dəymişdir, bu barədə "xxxx" MTK-ya qarşı müvafiq məhkəmədə iddia qaldırmaq hüququ ona izah olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnaya münasobətdə “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasından imtina edilməsi haqqında” 16 mart 2023-cü il tarixli **********434700 və **********435400 nömrəli qərarları qənul etməkdə haqlı olmuşdur və həmin qərarlar «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 15, 17, 24, 58.1-ci maddələrinin tələblərinə uyğundur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnanın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «cavabdehin qərarlarının ləğv edilməsi və əlavə dəyər vergisi məbləğinin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Bayramova (Kərimxanova) Leyla Rəhimovnanın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «cavabdehin qərarlarının ləğv edilməsi və əlavə dəyər vergisi məbləğinin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1506/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1506/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver