Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1506/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin evin yerləşdiyi torpaq sahəsinin qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İmtinanın əsasları ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmış əmlakın yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim edilmiş texniki pasport barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin torpaq sahəsi və ev iddiaçının istifadəsindədir. Heç bir şəxsin həmin torpaq sahəsinə iddiası və tələbi yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 30 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Gənclər prospekti küçəsindəki 73 nömrəli mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin plan və ölçüsü sənədində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Gənclər prospekti küçəsindəki 73 nömrəli yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1089 kv.metr göstərilmişdir. Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhər İHBA Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ünvan 1 ünvanında yerləşən mənzilin X1 mülkiyyətinə keçməsinə əsas olmuş alqı-satqı müqaviləsinin, habelə ləğv edilmiş DTXK tərəfindən verilmiş AN 074754 nömrəli, xx.xx.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Cavabdehin xx.xx.202024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, torpaq sahəsinin üzərində ümumi sahəsi 53,5 kv.metr (3 otaq yaşayış sahəsi 33,8 kv.m) olan yaşayış evi mövcuddur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzil bir mərtəbəli yaşayış binasının bir hissəsidir. Mənzilin yerləşdiyi tikintialtı və mənzil ətrafı torpaq sahəsi 1117 kv.metr təşkil edir. Mənzilə bitişik və həyətyanı sahədə köməkçi tikililər inşa olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmış əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Daşınmaz əmlaka dair təqdim edilmiş texniki pasport barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Bundan əlavə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçı X1 adına verilmiş kadastr planının məlumatı mövcuddur (kadastr planı xx.xx.1995-ci il tarixli 30/2713 saylı Qeydiyyat Vəsiqəsi əsasında tərtib edilmişdir). Cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda iddia ərizəsinə yazılı etirazda göstərilmiş əsaslara istinad olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Həmin Qanunun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı öz əksini tapmışdır. Həmin siyahıya əsasən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan sənədlər aşağıdakılardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.); 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.); 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr (8.0.12.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. İddiaçı onun yaşadığı yaşayış sahəsinin həyətyanı torpaq sahəsi üzərində mükiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş edir. O, həmin tələblə cavabdehə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, iddiaçı həmin torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd təqdim etməmişdir. İş materialları ilə müəyyən edilir ki, ünvan 3 əslində daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Belə ki, iddiaçı ilə X3 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, küçəsində yerləşən və xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqsinə əsasən X2 məxsus olan 73 nömrəli mənzil iddiaçıya satılmışdır. Yəni, ilkin sənədlərdə də həmin yaşayış sahəsi mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin yerləşdiyi torpaq sahəsi ilə bağlı isə ilkin sənədlərdə hər hansı məlumat mövcud deyildir. Həmin mənzillə bağlı torpaq sahəsinin planı və ölçüsü isə xx.xx.2008-ci il tarixində tərtib edilmişdir ki, həmin sənəd torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Göründüyü kimi iddiaçı torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən nə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda, nə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda göstərilən hər hansı sənədə istinad etməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində göstərilmişdir ki, Yaşayış sahələri mənzil hüququnun obyektidir (12.1.). Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür (12.2.). Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (12.3.). Yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq; bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri (13.1.). Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir (13.2.). Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir (13.3.). Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının ünvan 3 ünvanında mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 3 ünvanında yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1506/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1506/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver