Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1507/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Əliyeva Sənəm Bəbir qızının (Bakı şəhərində qeydiyyatdadır, peşəsi toxucu, işləmir),cavabdehin nümayəndəsi Quluzadə Mətanət Müzəffər qızının (Kəlbəcər rayonunda qeydiyyatdadır, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Əliyeva Sənəm Bəbir qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Əliyeva Sənəm Bəbir qızı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya yaşa görə (62 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə doğulmuşdur, 01.09.1977-ci ildən 21.07.1978-ci ilə qədər orta ixtisas təhsili almışdır, 17.07.1978-ci ildən 11.10.2006-cı ilə qədər əmək fəaliyyəti göstərmişdir.Ümumilikdə 26 ildən çox sığorta stajı vardır.İddiaçı cavabdehə müraciət edərək həmin əsasla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.Lakin cavabdeh onun əmək stajının 25 ildən az olmasını əsas gətirərək yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir.İddiaçı cavabdehin imtinasını əsassız hesab edir.İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı 08.04.1999-cu ildən 11.01.2006cı ilədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin illər qeyd olunan səbəbdən cavabdeh tərəfindən mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı Əliyeva Sənəm Bəbir qızı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi M.Quluzadə iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərə alaraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin 04.05.2021-ci il tarixli imtina məktubuna əsasən təqdim olunmuş əmək kitabçasına və “H.Z.Tağıyev adına X3 Kombinatı” ASC-nin aktına əsasən iddiaçının 01.01.2006-cı ilədək sığorta stajı 18 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az olmuşdur. Eyni zamanda 01.01.2006-cı ildən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya bildirilmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı 17.07.1978-ci ildən 06.06.1980-cı ilə qədər toxuculuq fabrikində, 09.06.1980-cı ildən 08.09.1982-cı ilə qədər, 15.09.1982-ci ildən 10.10.1983-cü ilə qədər kolxoz və sovxozda, 14.12.1983-cü ildən 01.06.1984-cü ilə qədər “Azelektrikişıq” müəssisəsində, 27.07.1984-cü ildən 22.10.1984cü ilə qədər Yeni Bakı broyler quşçuluq fabrikində, 01.10.1985-ci ildən 23.05.1986-cı ilə qədər Bakı karton qablar fabrikində, 15.07.1986-cı ildən 11.10.2006-cı ilə qədər Lenin adına Toxuculuq Kombinatında müxtəlif peşələrdə işləmişdir. Texniki peşə məktəbinin 2482 nömrəli attestatına əsasən iddiaçı 01.09.1977-ci ildən 17.07.1978-ci ilə qədər 26 nömrəli şəhər texniki peşə məktəbində toxuculuq peşəsi üzrə tam kursu bitirmişdir. "xxxx" ASC-nin cavabdehin sorğusuna və məhkəmənin sorğusuna əsasən təqdim etdiyi 30.08.2021-ci il tarixli arxiv arayşına əsasən iddiaçı İddiaçı 15.07.1986-cı ildən 11.10.2006-cı ilə qədər əvvəllər Lenin adına Toxuculuq kombinatı adlandırılan müəssisədə keyfiyyət nəzarətçisi işləmişdir. "xxxx" ASC-nin məhkəmənin sorğusuna əsasən təqdim etdiyi 38 nömrəli, 22.10.2021-ci il tarixli arayışına əsasən iddiaçı 1994-1998-ci illərin bütün aylarında, 1999cu ilin isə yanvar ayında əmək haqqı almışdır. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının şəxsi kartına əsasən iddiaçı 2005-2006-cı illərdə öz hesabına məzuniyyətdə olmuşdur. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 09.04.2021-ci il tarixli akta əsasən İddiaçı Bəbir qızının 1986-2006-cı illərdə H.Z.Tağıyev adına "xxxx" ASC-də (keçmiş Lenin adına toxuculuq kombinatında) işləməsinin faktiki yerində qarşılıqlı araşdırılması aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 16.07.1986-cı ildə həmin müəssisəyə işə qəbul olunmuş, 11.10.2006-cı ildə işdən azad edilmişdir, əmək haqqı cədvəllərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçıya həmin müəssisədə 08.04.1999-cu ilə qədər əmək haqqı hesablanmış, 08.04.1999-cu ildən 11.10.2006-cı ilə qədər iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur. Məhkəmə təqdim edilmiş sənədləri tədqiq etdikdən sonra müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cu il təvəllüdlüdür, cavabdehə müraciət edərək 25 ildən artıq sığorta stajının olması və qanunvericilikdə nəzərdə tutulmuş yaşa çatması əsası ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edildiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2.yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;21.2.5.işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7.zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla); “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati işin materiallarından görünür ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq iddiaçının təqdim etdiyi əmək kitabçası ilə kifayətlənməyərək iddiaçının əmək stajı və sığorta kapitalı ilə bağlı araşdırma aparmış, sorğular göndərmiş və həmin sorğulara cavablar almışdır. Qeyd edilən cavablar və araşdırmalar əsasında iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il əmək stajına və ya tələb olunan sığorta kapitalına malik olmaması nəticəsinə gəlmişdir. Məhkəmə iddiaçının "xxxx" ASC-də (keçmiş Lenin adına Toxuculuq Kombinatında) 08.04.1999-cu ildən 11.10.2006-cı ilədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müddətin sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə cavabdehin mövqeyini əsaslı hesab edir. Belə ki, iddiaçının həmin illərdə işləməsi əmək kitabçasında göstərilsə də "xxxx" ASC-nin iddiaçının əmək haqqı barədə təqdim etdiyi arxiv arayışında iddiaçının 1999-cu ilin yanvar ayından sonra əmək haqqı almaması təsdiq olunmuşdur, həm də cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 09.04.2021-ci il tarixli akta əsasən İddiaçı Bəbir qızının 1986-2006-cı illərdə H.Z.Tağıyev adına "xxxx" ASC-də işləməsinin faktiki yerində qarşılıqlı araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı 16.07.1986-cı ildə həmin müəssisəyə işə qəbul olunmuş, iddiaçıya həmin müəssisədə 08.04.1999-cu ilə qədər əmək haqqı hesablanmış, 08.04.1999-cu ildən 11.10.2006-cı ilə qədər iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur. Belə olan halda cavabdeh düzgün olaraq iddiaçının 01.01.2006-cı ilə qədər olan dövrdə sosial sığorta stajının 25 ildən az olması nəticəsinə gəlmişdir. Belə ki, iddiaçının 1999-cu ilin aprel ayından 01.10.2006-cı ilə qədər əmək haqqı almağı, müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları ödəməyi təsdiqlənmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamənin 3-cü bəndinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 853/2020 nömrəli inzibati iş üzrə qəbul etdiyi 09.06.2020-cı il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən də qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun Beləliklə, iş materialları məcmu şəklində qiymətləndirildikdən sonra məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının sığorta stajı yalnız texniki peşə təhsili aldığı 01.09.1977-ci ildən 17.07.1978-ci ilə qədər olan dövrdən, əmək kitabçasına əsasən işlədiyi 17.07.1978ci ildən 06.06.1980-cı ilə qədər (toxuculuq fabrikində), 09.06.1980-cı ildən 08.09.1982-cı ilə qədər, 15.09.1982-ci ildən 10.10.1983-cü ilə qədər (kolxoz və sovxozda), 14.12.1983cü ildən 01.06.1984-cü ilə qədər (“Azelektrikişıq” müəssisəsində), 27.07.1984-cü ildən 22.10.1984-cü ilə qədər (Yeni Bakı broyler quşçuluq fabrikində), 01.10.1985-ci ildən 23.05.1986-cı ilə qədər (Bakı karton qablar fabrikində), 15.07.1986-cı ildən 08.04.1999-cu ilə qədər (hazırda "xxxx" ASC adlanan) olan müddətlərdən ibarətdir ki, həmin müddət də 25 ildən az bir dövrü əhatə etdiyinə görə, habelə iddiaçının pensiya təminatı hüququ verən pensiya kapitalı olmadığına görə onun yaşa görə əmək pensiya hüququ yaranmamışdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Əliyeva Sənəm Bəbir qızının cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya yaşa görə (62 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əliyeva Sənəm Bəbir qızının cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya yaşa görə (62 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1507/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1507/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver