Məhkəmə qərarları › İş №2-1(112)-1507/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1507/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1507/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 1989-1992-ci illərdə torpağımızın bütövlüyü uğrunda Sədərək rayonu ərazisində könüllü dəstənin tərkibində erməni mill ordusuna qarşı gedən döyüşlərdə fəal iştirak edib. Bu hal Sədərək rayonu X2 Rəyasət Heyəti tərəfindən verilmiş İİ/341 saylı xx.xx.1994-cü il tarixli arayış, Sədərək rayon icra hakimiyyəti başçısı tərəfindən verilmiş 303 saylı xx.xx.2000-ci il tarixli arayış, Sədərək rayonu hərbi komissarlığı tərəfinədn verilmiş 4/15 saylı xx.xx.1997-ci il tarixli arayış, Naxçıvan MR Naxçıvan şəhər icra hakimiyyəti tərəfindən verilmiş 210/10Q saylı xx.xx.2001-ci il tarixli arayışlarla öz əksini tapmışdır. Eyni zamanda bildirir ki, Sədərək rayonu ərazisində konüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı gedən döyüşlərdə iştirakını Naxçıvan ASSR-i tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli BE-043900 saylı hərbi biletin 11-ci paraqrafından da görünür ki, 1990-1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə könüllü dəstə tərkibində iştirak edib. Azərbaycan Vətən müharibəsi veteranlar bilriyi tərəfindən ona 0056 saylı vəsiqə verilmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dəfələrlə müraciət etsə də, təqdim etdiyi sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqənin verilməsi üzrə Komissiya” barəsində müsbət qərar qəbul etməmiş, inzibati qaydada və ya məhkəmə qaydaasında şikayət etməli olduğu bildirilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda təkrar bildirilmişdir ki, ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komıssiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və 824 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir.

4. Azərbaycan Vətən müharibəsi veteranlar birliyi Naxçıvan təşkilatı tərəfindən İddiaçı vəsiqə verilmişdir.

5. Müdafiə Nazirliyi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Əlahiddə Ümumqoşun ordusunun xx.xx.2022-ci il tarixli 5931 nömrəli məktubundan görünür ki (məktub etiraza əlavə edilmişdir), X4 Komitəsinin Arxivində saxlanılan 1991-1992-ci illərin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumatın olmadığı qeyd edilmişdir. Bildirilir ki, İddiaçı hərbi xidməti, döyüş əməliyyatlarında iştirakı və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə müvafiq arxiv arayışında arxiv məlumatları qeyd edilməmişdir.

6. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Müdafiə Nazirliyi əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunmuşdur.

7. İddiaçının müraciətinə cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına təqdim edilmiş sənədlər “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmışdır. Bildirilmişdir ki, İddiaçı tərəfindən təqdim edilən sənədlər əsas vermədiyi üçün (döyüşlərdə iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil.

8. Məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli ƏN/3772№-li telefonoqrama əsasən xx.xx.1964-cü il təvəllüdlü, istefada olan leytenant İddiaçı şəxsi işi xx.xx.2022-ci il tarixdə məxfi poçtla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə göndərilmiş, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair arxiv sənədləri mövcud deyil və müharibə veteranı kimi qeydiyyatda durmur.

9. İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən təqdim olunmuş şəxsi işində 1986-cı ildən sonrakı dövrə aid məlumatlar yoxdur.

10. İddiaçı tələbini müdafiə edir.

11. Cavabdeh məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

12. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

13. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

15. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İddia tələbi Müdafiə Nazirliyinə qarşı irəli sürülsə də, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən göstərilmiş hüquqi yardıma əsasən iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və əsl cavabdeh kimi həmin qurumu əvəz etmiş və sonuncu tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir.

17. İddia mümkündür.

III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

18. Naxçıvan MR Naxçıvan şəhər icra hakimiyyəti tərəfindən Naxçıvan MR Hərbi Komissarlığına təqdim etmək üçün verilmiş arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Sədərək rayonu ərazisində 1988-1991-ci illərdə könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir (əsas: Sədərək rayon icra hakimiyyətinin 21 dekabr 2000-ci il tarixli 303 nömrəli arayışı).

19. Sədərək rayon hərbi komissarı tərəfindən təsdiq edilmiş arayışa əsasən 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən 1990-1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir (əsas: hərbi bilet BE№043900).

20. Sədərək rayon icra hakimiyyətinin başçısı tərəfindən verilmiş arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Sədərək rayonu ərazisində 1988-1991-ci illərdə könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı gedən döyüşlərdə iştirak etmişdir (Əsas: Sədərək rayon hərbi komissarlığının 275 nömrəli xx.xx.2000-ci il tarixli arayışı).

21. Sədərək rayon X3 Rəyasət Heyəti tərəfindən verilmiş arayışa əsasən İddiaçı həqiqətən 1989-1992-ci illərdə torpağımızın bütövlüyü uğrunda Sədərək döyüşlərində fəal iştirak etmişdir.

22. İddiaçı aid hərbi biletdə Sədərək rayon hərbi komissarı tərəfindən təsdiq edilmiş qeydə əsasən, o, 1990-1992-ci illərdə Sədərək kəndi uğrunda gedən döyüşlərdə könüllülər dəstəsində fəal iştirak etmişdir.

23. Məhkəmənin məhkumluqla bağlı tələbnaməsi Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilərək bildirilmişdir ki, İddiaçı dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

IV. Məhkəmənin mövqeyi

24. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

25. Əsasnamənin 1-ci hissəsinə əsasən, ...Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur... ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir...

26. İddiaçı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak etdiyi üçün iddiaya cavab verməli olan şəxs məhz Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. İddiaçı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak etdiyi üçün 1991-1992-ci illərin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumatın olmaması qəbulediləndir.

27. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir:

28. Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. Belə ki, X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun xx.xx.2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi hesab etmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. 1-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirakı faktı yerli icra hakimiyyəti orqanı, hərbi komissarlıq və o zaman mövcud olmuş qanunverici orqan tərəfindən təqdim edilmiş arayışlarla və hərbi biletdəki qeydlərlə təsdiq olunur (bax İİİ.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar). 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlir. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir. “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair” Təlimatın 1.3-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotların aparılmasının məqsədi - cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, inzibati qaydada həbs edilmiş şəxslərə dair təqdim edilmiş fərdi məlumatlara əsasən formalaşması, şəxsin məhkumluğunun olub-olmaması, barəsində cinayət təqibinə başlanması (və ya xitam verilməsi), reabilitə edilməsi, cəzaçəkmə vaxtı və yeri, inzibati qaydada həbs olunması barədə sorğuların cavablandırılması, axtarışı elan olunmuş təqsirləndirilən, mülki-hüquqi öhdəliklərin icrasından yayınan və itkin düşmüş şəxslərin aşkar edilməsi, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsidir. Təlimatın 1.4-cü bəndinə əsasən, mərkəzləşdirilmiş uçotlarda toplanan məlumatlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat (istintaq) orqanlarında, korrupsiya ilə bağlı cinayətlər üzrə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanında, hakimlər, fərdi məlumatları əldə etmək hüququ qanunvericiliklə müəyyən olunmuş digər dövlət orqanlarının kadr aparatlarının xidməti fəaliyyətində istifadə edilir. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yetərlidir.

29. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirakı təqdim edilmiş arayışlarla və hərbi biletlə sübut edilir.

30. İddiaçı hərbi xidmət yerini (döyüş əməliyyatlarını) özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

32. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya oğluna “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

36. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar