Məhkəmə qərarları › İş №2-1(112)-1507/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1507/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1507/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2014-cü il tarixdə 1 il müddətinə sağlamlıq imkanı məhdud uşaq olması səbəbi ilə əlillik təyin edilmişdir. X1: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri => K55-K63- Bağırsağın digər xəstəlikləri => K59- Bağırsağın digər funksional pozğunluqları => K59.8 – Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunlu...Diaqnozun mətni: Hirşprung xəstəliyi. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Entero-enteral fistul, bağırsaq keçməməzliyi qeyd edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdə 3 il müddətinə sağlamlıq imkanı məhdud uşaq olması səbəbi ilə əlillik təyin edilmişdir. X1: Xİ Sinif – Həzm sisteminin xəstəlikləri => K55- K63- Bağırsağın digər xəstəlikləri => K59- Bağırsağın digər funksional pozğunluqları => K59.3 – Başqa rubrikalarda təsnif edilməyən meqakolon, Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilməyən meqakolon. Hirşprunq xəstəliyi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hissəvi bağırsaq keçməməzliyi qeyd edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdə 3 il müddətinə sağlamlıq imkanı məhdud uşaq olması səbəbi ilə əlillik təyin edilmişdir. X1: XVİİ Sinif – Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q38-Q45- Həzm orqanlarının digər anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q42- Yoğun b... Diaqnozun mətni: Hirşprunq xəstəliyi, əməliyyatdan sonrakı vəziyyət. Anal sfinkterin çatmamazlığı qeyd edilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə 3 il müddətinə sağlamlıq imkanı məhdud uşaq olması səbəbi ilə əlillik təyin edilmişdir. X1: XVİİ Sinif – Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q38-Q45- Həzm orqanlarının digər anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q42- Yoğun b... Diaqnozun mətni: Hirşprunq xəstəliyi, Total kolektomiya, Laparatomiya bitişmələrin ayrılması, keçməməzlik və fistulaların ləğvi, iiie rektoanastomozun qoyulması c/ə sonrakı vəziyyət Anal dəliyinin anadangəlmə olmaması, atreziyası və fistul ilə stenozu qeyd edilmişdir. İddiaçı 18 yaşına çatdıqdan sonra onun əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli İ00111403TER saylı göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Subtotal kolektomiya, İleorektoanastomozun qoyulması, QBDE (2012), Relaporotomiya, bitişmələrin ayrılması, fistulların ləğvi, uc-uca ileorektoanastomozun qoyulması, QBDE (2013), cərrahi əməliyyatlarından sonrakı vəziyyət Ağırlaşma Q42.2 Anal dəliyinin anadangəlmə olmaması, atreziyası və fistul ilə stenozu, Anal sfinkterin çatmamazlığı Ağırlaşma K58.0 Qıcıqlanmış bağırsaq sindromu, ishal ilə, Qıcıqlanmış bağırsaq sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli göstəriciləri, BKİ göstərilməyib, ixtisaslı tibb müəssisəsində ətraflı müayinə və müalicə edilib qeyd edilsin” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli E00174661JBR saylı göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Q43.1 Hirşprunq xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilsin” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani (instrumental) müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmə qərardadına əsasən İ.Rüstəmobv əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixli göndəriş əsasında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 12 iyun 2005-ci il tarixdə Bakı şəhərində anadangəlmə qüsurlu doğulmuşdur. İlkin doğuşdan sonra müntəzəm şəkildə ambulator və stasionar həkim nəzarətində olmuşdur. Müalicə dövründə sağlamlığı bərpa edilə bilməmiş və bu səbəbdən anadangəlmə “xroniki kişburun” diaqnozu ilə əlillik təyin olunmuşdur. İddiaçının əlilliyi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 028416 saylı əlillik vəsiqəsi verilmiş və əlillik təqaüdü almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza və X4 05 oktyabr 2012-ci il tarixli histopotoloji müayinəsi zamanı xəstəliyin ömürlük olması və xroniki olması sübuta yetirilmişdir. 27 sentyabr 2015ci il tarixdən 3 dəfə təkrar olaraq Oksigen klinikasında tibbi əməliyyat olmuş və daxili orqanların bir qismi tibbi əməliyyat yolu ilə kəsilib götürülmüş və hazırda bağırsaq sistemi tam amputasiya olunmuşdur. Hazırda fiziki fəaliyyəti tam qüsurludur və xüsusi nəzarət altındadır. Lakin 2023-cü ilin iyul ayında heç bir səbəb göstərilmədən iddiaçı barəsində təyin olunmuş əlillik ləğv olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə “Hirşprung xəstəliyi. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Entero-enteral fistul, bağırsaq keçməməzliyi” diaqnozu ilə əlillik təyinatı aparılmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdə 3 il müddətinə “Başqa rubrikalarda təsnif edilməyən meqakolon. Hirşprunq xəstəliyi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Hissəvi bağırsaq keçməməzliyi” diaqnozu ilə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə 3 il müddətinə “Hirşprunq xəstəliyi, əməliyyatdan sonrakı vəziyyət. Anal sfinkterin çatmamazlığı” diaqnozu ilə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 3 il müddətinə “Hirşprunq xəstəliyi, Total kolektomiya, Laparatomiya bitişmələrin ayrılması, keçməməzlik və fistulaların ləğvi, iiie rektoanastomozun qoyulması c/ə sonrakı vəziyyət Anal dəliyinin anadangəlmə olmaması, atreziyası və fistul ilə stenozu” diaqnozu ilə əlillik təyin edilmişdir. İddiaçı 18 yaşına çatdığına görə, iddiaçının əlilliyi dayanırılmışdır. xx.xx.2023-cü ildə göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi göndərişin natamam doldurulması -“Xəstəliyin ekspertiza üçün əhəmiyyətli göstəriciləri, BKİ göstərilməyib, ixtisaslı tibb müəssisəsində ətraflı müayinə və müalicə edilib qeyd edilsin” göstərilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi göndərişin natamam doldurulması “Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilsin” göstərilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı məhkəməyə hazırkı iddianı vermişdir. İddiaçının əyani müayinəsinin nəticəsində, diaqnozun öz təsdiqini tapmaması əsası ilə əlillik təyinatı aparılmamışdır. İddiaçı hazırda cavabdehin əyani müayinənin nəticəsinə dair xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirir və son göndəriş, yəni xx.xx.2024-cü il tarixli göndəriş əsasında ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının son göndərişdə olan diaqnozu ilə ona sağlamlıq imkanları məhdud uşaq kimi müəyyən edilmiş diaqnozlar eyni diaqnozdur (hişprunq xəstəliyi) və iddiaçıya sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 3 il müddətinə (xx.xx.2025-ci ilədək) sağlamlıq imkanları məhdud uşaq müəyyən edilmiş, lakin iddiaçı 18 yaşına çatdığına görə əlilliyi ləğv edilmişdir. Oxşar işlşər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz sayaraq qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə cavabdehin imtinası, yəni göndərişin natamam doldurulması və əyani müayinənin nəticəsində göndərişdə qeyd edilən diaqnozun öz təsdiqini tapmaması ilə bağlı qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən xx.xx.2024-cü il tarixli göndəriş əsasında baxılmış və “Hişpurnq xəstəliyi XBT kodu Q43.1” diaqnozu qoyulmuşdur. Cavabdeh ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklərin dəqiqləşməsini əsas gətirərək göndərişin natamam doldurulmasını bildirərərək iddiaçıya imtina vermişdir. İddiaçının əyani müayinəsi nəticəsində cavabdeh qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarını belə əsaslandırmışdır ki, iddiaçının əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının “Hirşprung xəstəliyi. Cərrahi əməliyyatdan sonraki vəziyyət. Entero-enteral fistul, bağırsağ keçməməzliyi” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2014-cü il tarixindən 08.01,2015-ci il tarixinədək 1 (bir) il müddətinə “təkrar” SİMU; xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək 3 (üç) il müddətinə “təkrar” SİMU; xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 3 (üç) il müddətinə “təkrar” SİMU; xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3 (üç) il müddətinə “təkrar” SİMU təyin edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında Bakı Xəzər Tibb Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli İ00111403TER nömrəli və xx.xx.2024-cü il tarixli E00174661JBR nömrəli göndərişlər rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən şəxsin iştirakı olmadan qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması (Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişiklər dəqiqləşdirilsin.) səbəbindən əlillik təyinatı aparılmamış, tibb müəssisələrinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri qarnında tutmaşəkilli ağrılardan, ishaldan, diurez və defekasiya aktının 7-8 dəfə (bəzən daha çox) qeyri-iradi olmasından, ürəkbulanmadan, halsızlıqdan, ümumi halsızlıq və zəiflikdən, əsəbilikdən, yaddaşın zəifləməsindən olmuş, anamnestik olaraq anadangəlmə xəstə olduğunu hesab etmiş, qida qəbulundan yarım saat sonra defekasiya aktının izlənildiyini, əksər hallarda bunu hiss etmədiyini, bəzən isə anladığını qeyd etmiş, dəfələrlə ambulator və stasionar müalicələr alsa da səhhətində müsbət dinamikanın izlənilmədiyini, ona cərrahi əməliyyatın icra edildiyini bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Akademik M.A.Topçubaşov adına X6 xx.xx.2023xx.xx.2023-cü il tarixli ********* nömrəli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktında diaqnoz “Hirşprunq xəstəliyinə görə total kolektomiya, İleorektoanastomozun qoyulması (2012), bitişmə mənşəlibağırsaq keçməməzliyinə görə relaporotomiya, bitişmələrin ayrılması, nazik bağırsağın rezeksiyası, keçməməzliyin ləğvi, ileo-rektoanastomoz qoyulması əməliyyatından sonrakı vəziyyət, qısaldılmış bağırsaq sindromu, ishal.” kimi qeyd edilmiş, X8 xx.xx.2024-cü il tarixli 39719 nömrəli epikrizinə əsasən diaqnoz “Hirşprunq xəstəliyi. Total kolektomiya. Laporotomiya bitişmələrinin ayrılması, keçməməzlik və fistulanın ləğvi ileorektoanastomozun qoyulması cərrahi əməliyyatından sonrakı vəziyyət. Anal sfinkterin çatmamazlığı.” şəklində göstərilmiş, xx.xx.2012-ci il tarixində “Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya” X5 Bürosunda aparılmış histopatoloji müayinə nəticəsi “Hirşprunq xəstəliyi. Meqadolixokolon, koprostaz (aqanqlioz).” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), boy 160 sm, çəki 67 kq, BKİ (bədən kütlə indeksi) = 26, dili nəm, ərpli, qarnı gərgin, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, əlillik təyinatına əsas verən bədən kütlə defisiti və heç bir patofunksional pozuntu müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa aparılmış qanın ümumi analizinin nəticələrinə əsasən qanda “Hemoqlobin” miqdarı 154 (yüz əlli dörd) kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən anemiya aşkarlanmamışdır. Əyani müayinə zamanı, İddiaçı rektal manometriya müayinəsinin aparılması üçün həkim-ekspertlər tərəfindən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Anal kanalın çatışmazlığı. İll dərəcə.” şəklində göstərilsə də, xx.xx.2024-cü il tarixində DTSERA-da həkim-cərrahın manual (rektal) müayinəsinin nəticəsinə əsasən atreziya aşkarlanmamış, anus ətrafı nahiyə adi rəngdə olmuş, anal sfinkterin barmağı sıxma təzyiqi saxlanılmış, xəstə bezdən istifadə etməmiş, əlillik təyinatına əsas verən ağırlaşmalar aparılmış müayinələr nəticəsində təsdiqini tapmamışdır. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli E00174661JBR nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Əyani müayinənin nəticələrindən görünüyü kimi, iddiaçı müftəlif tibb müəssisələrində müayinə və müalicələrdə olunmuş və Forma 88 arayışında göstərilən diaqnozun iddiaçıda olması öz təsdiqini tapmışdır. Belə ki, 1) Akademik M.A.Topçubaşov adına X6 xx.xx.2023-xx.xx.2023-cü il tarixli ********* nömrəli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktında, 2) X8 xx.xx.2024-cü il tarixli 39719 nömrəli epikrizində, 3) “Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya” X5 Bürosunda aparılmış histopatoloji müayinə nəticəsində iddiaçıda “Hirşprunq xəstəliyi. Total kolektomiya. Laporotomiya bitişmələrinin ayrılması, keçməməzlik və fistulanın ləğvi ileorektoanastomozun qoyulması cərrahi əməliyyatından sonrakı vəziyyət. Anal sfinkterin çatmamazlığı” diaqnozları olması təsdiqini tapmışdır. Həmçinin əyani müayinə zamanı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Anal kanalın çatışmazlığı. İll dərəcə.” Kimi qeyd edilmişdir. Lakin cavabdeh həmin sənədləri nəzərə almamasını əsaslandırmamışdır. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görürən selikli qişaların rəngi solğun olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), boy 160 sm, çəki 67 kq, BKİ (bədən kütlə indeksi) = 26, dili nəm, ərpli, qarnı gərgin, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, əlillik təyinatına əsas verən bədən kütlə defisiti və heç bir patofunksional pozuntu müşahidə edilməmişdir”. Məhkəmə qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıda olan xəstəlik anadangəlmə olmuş, iddiaçıya ilk dəfə 2014-cü il tarixdə əlillik təyin edilmiş, 2023-cü il tarixə qədər eyni diqanozla əlillik təyinatı davam etdirilmişdir. İş materiallarında olan tibbi sənədlərə əsasən iddiaçıda olan xəstəliklərin hazırda da mövcud olması müəyyən edilir. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinənin nəticələrinə əsaslanan (bezdən istifadə etməməsi, anus ətrafı nahiyənin rəngi və s.) iddiaçıda olan diaqnozun əlillik təyinatı əsas verməməsi barədə dəlili əsassızıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:

3. Həzm sistemi orqanlarının xəstəlikləri; 3.4. Bağırsağın digər xəstəlikləri; 3.4.1.5. Anal sfinkterin çatışmazlığı, lll dərəcə. Orqanizmin funksiyalarının pozulma faizi – 80%, müddət 2 il. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2012-ci il tarixdən 2023-cü ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Oxşar işlşər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1940/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz sayaraq qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1038/2023 nömrəli, 2-1(102)-437/2024 nömrəli, 2-1(102)-73/2024 nömrəli, 2-1(102)-234/2024 nömrəli, 2-1(102)-589/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Həmçinin qeyd olunmuşdur ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh, eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər”. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli göndəriş əsasında orqanizmin funksiyalarının 80% pozulması ilə bağlı 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar