Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15071/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Rari oğluna məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələbinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edərək icrasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehin iddiaya etirazı təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 2005ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Nəqliyyat Departamentində mühəndis vəzifəsində işə qəbul olunduğunu, xx.xx.2006-cı il tarixində isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad olunduğunu, bununla da adıçəkilən idarədə işlədiyi 9 aylıq müddət ərzində Nəqliyyat Departamenti tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinə ödənilməli olan məcburi dövlət sosial sığorta ödənişlərinin hesabına köçürülmədiyini iddia edir. Eyni zamanda, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə həmin Departamentin Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə birləşdirildiyi, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 fevral tarixli 2669 nömrəli Sərəncamı ilə Nəqliyyat Nazirliyinin isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilərək Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) yaradıldığı üçün sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta ödənişlərinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ödənilməli olduğunu bildirmişdir. Hesab edirik ki, qeyd olunan tələb “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş şikayət vermə müddətləri ötürüldüyü, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərmiş Nəqliyyat Departamentinin hüquqi varisi olmadığı üçün təmin edilməməlidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1572 nömrəli Sərəncamı ilə ləğv edilərək onun səlahiyyətləri və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birgə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Bununla yanaşı, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 fevral tarixli 2669 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) yaradılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilən hüquqi aktlardan göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti hər hansı hüquqi varisliyə yol vermədən ləğv edilmiş, həmçinin ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adıçəkilən dövlət qurumlarının (o cümlədən nazirliklərin) hüquqi varisi olaraq da müəyyən edilməmişdir. Bu baxımdan, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı məcburi dövlət sosial sığorta haqqının ödənilməsi vəzifəsini daşımır. Eləcə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci və 71.2- ci maddələrinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də adıçəkilən Qanunun tələblərinə riayət etməklə şikayət verilə bilər. Həmin Qanunun 73.1-ci və 73.3-cü maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. İddia ərizəsində qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı oxşar tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-10095/2023 nömrəli qərardadı ilə təmin edilməmişdir (məcburi sosial sığorta haqqının ödənilməsinin işəgötürənin vəzifəsi olması səbəbindən). Həmçinin, iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3- 17.1/2-H-103178/2024 nömrəli məktubundan məlum olur ki, İddiaçı sosial sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona xx.xx.2023-cü il tarixindən ömürlük müavinət təyin edilmişdir. Qeyd edilən sənədlərdən göründüyü kimi İddiaçı ən azı 1 il öncədən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı müvafiq iddia tələbi üzrə məhkəməyə müraciət etmək imkanına malik olduğunu bildiyi halda şikayət vermə müddətini də ötürmüşdür. Yuxarıda qeyd olunanlara, habelə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı işə inzibati məhkəmə icraatı qaydasında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən Plenum Qərarındakı mövqeyə və inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə ilk növbədə iddianın mümkünlük əsaslarını yoxlamağı zəruri hesab etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində qoyduğu Elm və Təhsil Nazirliyi inzibati orqan olsa da həmin orqana qarşı hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, inzibati orqanın bilavasitə dövlət qulluqçusu və hərbi qulluqçularla xidməti münasibətləri publik hüquq xarakterlidir, həmin statusda olan şəxslərlə münasibətdə inzibati orqan inzibati fəaliyyəti həyata keçirdiyindən bu münasibətlərdən yaranan mübahisələr inzibati məhkəmə icraatında baxılır. Qeyd edilən tələb istər hakimiyyət-tabeçilik prinsipi əsasında təşkil edilən hüquq münasibətlərinin xarakteri, inzibati qanunvericiliyin mahiyyətindən, istərsə də İnzibati Prosessual Məcəllənin hakimlər, dövlət qulluqçuları və hərbi qulluqçuları nəzərdə tutan 8.1.3-cü maddəsindən irəli gəlir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 28.1-ci maddəsinə görə dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Həmin Qanunun 28.7-ci maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin sadalanan hallarından müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı oktyabr 2005ci il tarixdən Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentinə işə qəbul olmuş, avqust 2006-cı il tarixədək həmin vəzifədə işləmişdir. İddiaçı hazırkı iddiasında pensiya təyinatı üçün zəruri olan fərdi hesabına işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməsinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət qulluqçusu hesab olunmur, inzibati orqanla münasibəti dövlət qulluğu ilə bağlı deyildir, tərəflər arasındakı münasibət əmək müqaviləsi ilə tənzimlənir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzrə mübahisə bilavasitə işəgötürənlə əmək münasibətlərindən irəli gələn mülki hüquq xarakterlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı ilə mübahisə inzibati orqanla yaranmış publik hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-15071/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15071/2024
23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver