Məhkəmə qərarları › İş №2-1(112)-1508/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1508/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1508/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-1998-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə ona ödənilmiş pul məbləği, həmçinin hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, hər il prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım həmin müddətdə Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan bölgədə olduğu üçün üç qat, ödənilmiş mükafatlar isə ödənildiyi məbləğdə nəzərə alınmaqla onun Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi 3 il müddəti döyüş bölgəsində 9 il hesablanmaqla 14.08.2005-ci il tarixdə 25 il xidməti tamam olduğundan 14 avqust 2005-ci il tarixdən 1993-1998-ci illərə dair pensiyanın yenidən hesablanmasının və ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 1993-1998-ci illərə dair pensiya hesablanarkən ona ödənilmiş mükafatların, yəni 1993-cü ildən 1997-ci ilə kimi hər il ildə bir dəfə 200%, 1998-ci ildə isə iki dəfə 200%, vəzifə və rütbə maaşı həcmində, 1993-cü ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 100%, 1994-cü ilin may ayanda 50%, dekabr ayında 50%, 1995-ci ilin may ayında 50%, noyabr ayında 50%, 1996-cı ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 50%, 1997-ci ilin mart ayında 50%, aprel ayında 50%, noyabr ayında 50%, dekabr ayında 50% vəzifə maaşı həcmində mükafatların nəzərə alınmasını, bundan başqa 14.04.2011-ci ildən 12.04.2019-cu il tarixə kimi işlədiyi 8 il ərzində yığılan məbləğin qanunvericiliklə müəyyən olunan hissəsinin hesablanan pensiyanın üzərinə gəlinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 02.08.1986-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 14.08.1986-cı ildən 06.01.1993-cü ilə kimi Azərbaycan Respublikası ədliyyə orqanlarında Dövlət notariusu vəzifəsində işləmiş, 06.01.1993-cü ildən Hərbi Prokurorluqda işləməyə başlamış, yəni 06.01.1993-cü ildən 23.01.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi, 23.01.1996-cı ildən 14.03.2005-ci ilə kimi Lənkəran qarnizonu hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifəsində işləmiş, 14.03.2005-ci ildə isə Saatlı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuş, həmin vaxtdan Prokurorluqda müxtəlif vəzifələrdə işləmişdir. 25 il xidmət etdiyinə görə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.5-ci və 20.13-cü maddəsinə və «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddəsinə əsasən 14.08.2011-ci ildə ona 1993- 1998-ci illərə dair pensiya hesablanmış və həmin tarixdən işlədiyi müddətdə qanunvericiliklə müəyyən edilmiş məbləğdə pensiya almış, 60 yaşı tamam olduğundan Azərbaycan Respublikası Baş Prokurorunun 12.04.2019-cu il tarixli 11/147-k saylı əmri ilə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə prokurorluqda qulluq keçməsinə xitam verilmiş və 12.04.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən son 24 ay nəzərə alınmaqla 2017-2019-cu illərə dair ona pensiya hesablanmış və hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsindən pensiya alır. Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi müddətdə Ağdam rayonu ərazisində gedən döyüşlərdə iştirak etmiş və Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan döyüş bölgəsində yerləşdiyi üçün 06.01.1993-cü ildən 23.01.1996-cı ilə kimi üç qat əmək haqqı almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 №-li qərarının 2-ci maddəsinə əsasən pensiya təminatı zamanı güzəştlə döyüş əməliyyatları aparılan döyüş bölgəsində 1 ay xidmət dövrü 3 ay hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 27.03.2014-cü il tarixli qərarı ilə həmin müddəanı şərh etmişdir və həmin qərarda qərarın qətiliyi, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə bilməməsi və ya rəsmi təfsir edilə bilməməsi göstərilmişdir. Belə olan halda, yəni Qarabağ qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatları aparılan döyüş bölgəsində yerləşdiyi üçün onun 06.01.1993-cü ildən 23.01.1996-cı ilə kimi olan 3 il xidmət müddəti 9 il hesablanaraq əmək stajına daxil edilməlidir. Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi 3 il müddəti 9 il hesablanaraq əmək stajına daxil edildikdə 14.08.2005-ci ildə onun 25 il xidmət müddəti yarandığından həmin ildə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.5-ci və 20.13-cu maddəsinə və «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddəsinə əsasən ona pensiya təyin olunmalı idi, lakin ona həmin pensiya 14.08.2011-ci ildə təyin olunmuşdur. Beləliklə də ona 1993-1998-ci illərə dair pensiya 14 avqust 2005-ci il tarixdən yenidən hesablanaraq ödənilməlidir. O, 18.06.2020ci il tarixdə 1993-1998-cı illərə dair pensiyanın yenidən hesablanması və ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və həmin İdarənin 15.07.2020-ci il tarixli məktubu ilə pensiyanın yenidən hesablanmasından imtina olunmuşdur. Ona 14.08.2011-ci ildə 1993- 1998-ci illərə dair pensiya təyin edilərkən hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım məbləğləri, bundan başqa 1993-1997-ci illərdə ona ödənilmiş mükafatların bir qismi nəzərə alınsa da, 1993-cü ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 100%, 1994-cü ilin may ayında 50%, dekabr ayında 50%, 1995-cü ilin may ayında 50%, noyabr ayında 50%, 1996-cı ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 50%, 1997-cı ilin mart ayında 50%, aprel ayında 50%, noyabr ayında 50%, dekabr ayında 50% vəzifə maaşı həcmində mükafatlar nəzərə alınmamışdır. O, 1993-1998-ci illərdə qanunsuz olaraq ondan asılı olmayan səbəblərdən məzuniyyətə buraxılmamış və ona görə də ona 2015-ci ilin dekabr ayında istifadə olunmamış məzuniyyət illərinə görə 7970,38 manat pul ödənilmiş, lakin həmin məbləğ də pensiya hesablanarkən nəzərə alınmamışdır. Beləliklə də onun hüquqları kobud şəkildə pozulmuşdur. Ona 06.01.1993-06.01.1998-ci illərə dair pensiya hesablanarkən 1993-1998-ci illərdə ona ödənilmiş mükafatların, yəni 1993-cü ildən 1997ci ilə kimi hər il ildə 1 dəfə 200%, 1998-ci ildə isə 2 dəfə 200% vəzifə və rütbə maaşı həcmində, 1993-cü ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 100%, 1994cü ilin may ayında 50%, dekabr ayında 50%, 1995-cü ilin may ayında 50%, noyabr ayında 50%, 1996-cı ilin mart ayında 100%, may ayında 50%, dekabr ayında 50%, 1997-cı ilin mart ayında 50%, aprel ayında 50%, noyabr ayında 50%, dekabr ayında 50% vəzifə maaşı həcmində verilmiş mükafatların nəzərə alınmasını istəyir. Bundan başqa, o, 25 il xidmət etdiyinə görə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.5-ci və 20.13-cu maddəsinə və «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1-ci maddəsinə əsasən 14.08.2011-ci ildən işlədiyi müddətdə pensiyanın müəyyən məbləğini almış və 60 yaşı tamam olduğundan 12.04.2019-cu il tarixdə yaşa görə «Əmək pensiyaları haqqında» Qanunun 20.8-ci maddəsinə əsasən son 24 ay nəzərə alınmaqla 2017-2019-cu illərə dair tam pensiya alır. Yəni o, 14.08.2011-ci ildən 12.04.2019-cu ilə kimi 8 il işləyə-işləyə pensiyanın müəyyən məbləğini almışdır və 12.04.2019-cu il tarixdə isə tam pensiyaya çıxmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunub 6 ildən çox işləyən şəxslərə pensiyanın yenidən hesablanması və yığılan məbləğin alınan pensiyanın məbləğinin üzərinə gəlinməsi təmin edilməlidir. Yəni 1993- 1998-ci illərə dair onun pensiyası yenidən hesablanarkən yuxarıda göstərdiyi ona ödənilmiş mükafatlar və bundan başqa, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən 14.08.2011-ci ildən 12.04.2019- cu il tarixə kimi işlədiyi dövrdə yığılan məbləğin qanunvericiliklə müəyyən olunan hissəsi hesablanan pensiyanın üzərinə və ya hazırda aldığı pensiyanın üzərinə gəlinməlidir. Bununla bağlı, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalma müraciət etsə də, 25.09.2020-ci il və 02.10.2020-ci il tarixli məktublarla bundan imtina olunmuşdur. Qeyd etdiyi məsələlərlə əlaqədar məhkəmə qərarları da mövcuddur. Hesab edir ki, imtina əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 18.08.2011-ci il tarixdə DSMF-nin Masallı rayon şöbəsinə müraciət edərək “Əmək pensiyaları haqqında” qanunun 20.1.5 və 20.8-ci maddələrinə əsasən ona pensiya təyin edilməsini xahiş etmişdir. DSMF-nin Masallı rayon şöbəsinin 920 saylı, 07 oktyabr 2011-ci il tarixli qərarı ilə iddiaçıya 14.08.2011-ci il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin edilərkən onun seçimi əsasında 1993-1997-ci illərdə çalışdığı vəzifələrdə aldığı əmək haqları əsas götürülmüşdür. İddiaçı Hərbi prokurorluqdan aldığı 16.08.2011-ci il tarixli arayışı inzibati orqana təqdim etmişdir. Həmin arayışda iddiaçının 1993-2004-cü illərdə aldığı mükafatlar və maddi yardımlar öz əksini tapmışdır. İddiaçı 2011-ci ildə pensiyaya çıxsa da, prokurorluq orqanlarında qulluq keçməyə davam etmişdir. Baş prokurorun 12 aprel 2019cu il tarixli əmrinə əsasən prokurorluqda olmanın yaş həddinə çatmış iddiaçı 12 aprel 2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı, 12 aprel 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” qanunun 20.8-ci maddəsinə əsasən, 2017-2019-cu illərin (son 24 ayın) orta aylıq əmək haqqı əsas götürülməklə hesablanmış pensiyanı alır. İddianın əmək pensiyasının 14 avqust 2005-ci il tarixdən təyin edilməsi hissəsində qeyd edir ki, iddiaçı qismən məcburetmə, qismən də öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Pensiyanın təyin edilməsi haqqında qərarın inzibati akt olduğu şübhəsizdir. Əgər iddiaçı ona pensiya təyin edilməsi haqqında 07 oktyabr 2011-ci il tarixli qərarla razı deyildirsə, onda bu halı mübahisələndirə bilərdi. Həmin qərar qəbul edilən tarixdə İnzibati Prosessual Məcəllə artıq qüvvəyə minmişdi. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi mübahisələndirmə haqqında iddialar üçün 30 günlük müddət tanıyır. İddiaçının bu müddətdə iddia qaldırmadığında tərəddüd yoxdur. Göründüyü kimi, mübahisələndirilməmiş inzibati aktın 07.10.2011-ci il tarixli pensiya təyin edilməsi haqda qərarın mövcudluğuna baxmayaraq, inzibati orqanın üzərinə təkrarən yeni inzibati aktın qəbulu vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, iddiaçıya, pensiya təyin edilməsi haqqında 07.10.2011-ci il tarixli qərarı mübahisələndirmədən eyni məsələ ilə bağlı yeni qərarın qəbulunu tələb etmək (məcburetmə haqqında iddia qaldırmaq) imkanının tanınması yolverilməzdir, əks halda, hüquqdan sui-istifadə qapısı açılmış olar. İddia, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinin iddiaçıya şamil edilməsi hissəsində əsaslı deyildir. Belə ki, 2011-ci il tarixində pensiya təyin edilərkən iddiaçının öz arzusu ilə, 1993-1997-ci illərdə aldığı vəzifə maaşı, mükafatlar və maddi yardımlar nəzərə alınmış və orta aylıq əmək haqqı hesablanmışdır. Yəni qeyd edilən illərdə aldığı pul təminatları 60 aya bölünmüş və iddiaçıya pensiya təyin edilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanun 29 iyun 2001-ci il tarixdə qəbul edilmişdir. Lakin iddiaçının öz arzusu ilə 1993-1997-ci illərdə aldığı pul təminatları əsasında pensiyası hesablanmışdır. Həmin dövrdə isə, sözü gedən qanunun qüvvədə deyildi, yəni 20.8, 20.9 və 21.4-cü maddələrdəki pul təminatları iddiaçı tərəfindən alınmamışdır. Bu mənada, iddiaçı həm 1993-1997-ci illərdə aldığı orta aylıq əmək haqqının, həm də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 20.8, 20.9 və 21.4-cü maddələrindəki təminatların nəzərə alınmasını tələb edə bilməz. İddiaçı, 2017- 2019-cu illərdə aldığı əmək haqqı əsasında pensiyası yenidən hesablanmış və həmin məbləğin 80 faizi (2.684,68 manat) məbləğində pensiya alır. Cavabdeh Filialın iddiaçıya ünvanlandığı 25 sentyabr və 02 oktyabr 2020-ci il tarixli məktublarda da qeyd edilmişdir ki, iddiaçının pensiyasının 1993-1998-ci illərə aid dövr əsas götürülməklə yenidən hesablanması zamanı onun pensiya məbləği 2.327,5 manat, yəni hazırda aldığı məbləğdən daha az təşkil edəcəkdir. “Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsinə əsaslanmaqla pensiyanın yenidən hesablanması tələbi də əsassızdır. Belə ki, iddiaçıya görə, 8 il ərzində (14.08.2011-ci ildən 12.04.2019-cu il tarixinədək) işləyə-işləyə pensiya alımış bu müddətdə məcburi dövlət sosial sığorta haqları ödəmiş, buna görə də həmin məbləğ diqqətə alınmalıdır. “Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsinə görə, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı, “Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsinə istinad etməkdə haqlı deyildir. Ona görə ki, iddiaçıya pensiya “Əmək pensiyaları haqqında” qanunun 20.8.2-ci maddəsinə müvafiq olaraq təyin edilmişdir. Həmin maddəyə görə, prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Orta aylıq əmək haqqı isə, prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, hesablanır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” qanunun 20.8.2-ci maddəsi pensiyanın hesablanmasının fərqli prosedurunu müəyyən edir. Burada iddiaçının uzun illər ərzində ödədiyi məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmasındən söhbət gedə bilməz. Başqa sözlə, iddiaçıya pensiya təyin edilərkən 2017- 2019-cu illərdə aldığı orta aylıq əmək haqqı müəyyən edilmiş və iddiaçıya həmin məbləğin 80 faizi miqdarında (2.684,68 manat) pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” qanunun 20.8.2-ci maddəsi prokurorluq orqanlarında qulluq keçmiş şəxslərə orta aylıq əmək haqqının 80 faizindən artıq pensiya təyin edilməsinə imkan vermir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 15.07.2020-ci il tarixli **********9 saylı məktubda qeyd olunur: Sabiq prokurorluq işçilərinin əmək penisyalarının yenidən hesablanması barədə müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Son dövrlər ölkədə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsi, pensiya təyinatı prosesinin sadələşdirilməsi və s. istiqamətlərdə mühüm əhəmiyyətə malik tədbirlər həyata keçirilmiş, effektiv mexanizmlər formalaşdırılmışdır. Belə ki, 2019-cu il 1 yanvar tarixdən etibarən sığortaolunanlara əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış, təkcə 2019-cu ildə əmək pensiyalarının minimum məbləği ümumilikdə 72,4% artırılaraq 200 manata çatdırılmış, 2020-ci il 1 yanvar tarixdən isə əmək pensiyalarının sığorta hissəsi 16,6 faiz indeksləşdirilmiş və nəticədə pensiyaların orta aylıq məbləği 300 manata yüksəldilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5- 1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 18.06.2019-cu il tarixli 1268 nömrəli “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncamı prokurorluq orqanlarında çalışan şəxslərə şamil edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq bildiririk ki, prokurorluq əməkdaşlarının əmək haqqları artırıldığı təqdirdə, həmin orqanda işləmiş və prokurorluq işçisi kimi qulluq stajına görə əlavə alan şəxslərin də pensiyalarının yenidən hesablanıb ödənilməsi təmin ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 25.09.2020-ci il tarixli **********4 saylı və 02.10.2020-ci il tarixli **********7 saylı məktublarda qeyd olunur: Ərizənizə baxaraq bildiririk ki, əmək pensiyanız müraciətinizdə göstərdiyiniz 06.01.1993-05.01.1998-ci il tarixləri arasındakı dövr ərzində işlədiyiniz vəzifələrə uyğun hesablanacağı təqdirdə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınız 1660,00 manat, rütbə maaşına görə əlavəniz 286,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəniz - 875,70 manat və digər növ əlavələriniz 87,67 manat olmaqla orta aylıq əmək haqqınız 2909,37 manat təşkil edir. Belə olduğu halda əmək pensiyanızın məbləği "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinin tələblərinə uyğun qaydada hesablanmaqla orta aylıq əmək haqqınızın (2909,37 manat) 80 faizi - 2327,50 manat məbləğində təşkil edir. Göründüyü kimi, ərizənizdə qeyd etdiyiniz dövr əsas götürülməklə əmək pensiyanızın məbləği 2684,68 manatdan 2327,50 manata azalacaqdır. Eyni zamanda bildiririk ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 20.8-ci maddəsində isə qeyd olunub ki, prokurorluq orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Həmçinin Qanunun 21.4-cü maddəsində qeyd olunmuşdur ki, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Göründüyü kimi, prokurorluq orqanlarının pensiyaya çıxmış işçilərinə və onların ailə üzvlərinə yalnız pulsuz dövlət tibb xidməti göstərilməsi nəzərdə tutulub. Ərizənizdə qeyd etdiyiniz müavinətlərin verilməsi isə hazırda prokurorluq orqanlarında xidmət edən əməkdaşlar üçün nəzərdə tutulur. Sizin pensiya işinizə aid sənədlərdə işlədiyiniz dövrdə ərizənizdə qeyd etdiyiniz “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrində nəzərdə tutulmuş pul təminatlarının ödənildiyinə dair hər hansı məlumat mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, ərizənizdə göstərilən dövr üzrə əmək pensiyanız hesablanarkən sözügedən əlavələrin Sizə münasibətdə tətbiq edilməsi mümkün hesab olunmur. Əlavə olaraq bildiririk ki, qulluq keçdiyiniz son 24 ay üzrə əmək haqqı arayışınızı (həvalə olunmuş vəzifələrə görə ödənilən əlavələr ayrılıqda göstərilməklə) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim etdikdən sonra əmək pensiyanızın yenidən hesablanması məsələsinə baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İddiaçı ünvanlanmış 30.07.2020-ci il tarixli məktubunun surətindən görünür ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanunu 2001-ci ildə qəbul edilmişdir. 1993-1997-ci illərdə qeyd olunan müavinətlər ödənilməmişdir. Mükafatlar aşağıdakı kimi ödənilmişdir: 1993-cü il üzrə mart ayı 100% vəzifə maaşı həcmində mükafat; may ayı 50% vəzifə maaşı həcmində mükafat; dekabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1994-cü il üzrə may ayı 50% vəzifə maaşı həcmində mükafat; dekabr ayı 50% vəzifə maaşı həcmində mükafat; 1995-ci il üzrə may ayı 50% vəzifə maaşı həcmində mükafat; noyabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1996-cı il üzrə mart ayı 100% vəzifə maaşı həcmində mükafat; may ayı 50% vəzifə maaşı həcmində mükafat; dekabr ayı 50% vəzifə maaşı həcmində mükafat; 1997-ci il üzrə mart ayı 50% vəzifə maaşı həcmində mükafat; aprel ayı 50% vəzifə maaşı həcmində mükafat; noyabr ayı 50% vəzifə maaşı həcmində mükafat; dekabr ayı 50% vəzifə maaşı həcmində mükafat. Bundan əlavə istifadə etmədiyi məzuniyyətlərə görə 5070 (beş min yetmiş) manat pul kompensasiyası hesablanaraq ödənilmişdir, həmin vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ayırmalar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 07.07.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 01 yanvar 1993-cü il tarixdən 12 dekabr 1997-ci il tarixədək aylıq əmək haqqı həcmində və aylıq əmək haqqının 50%-i həcmində mükafatlar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 07.07.2020-ci il tarixli arayışın surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xidmət etdiyi 1993-cü il tarixindən 1997-ci il tarixədək və digər təqvim illərinə görə istifadə etmədiyi məzuniyyət illərinə dair pul kompensasiyası ona 2015-ci ilin dekabr ayında tərəflərindən tam şəkildə ödənilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun Azərbaycan Respublikasının 18 iyul 2001-ci il tarixli 534 nömrəli Fərmanı ilə qüvvəyə minmişdir) 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində pul müavinətinin verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 15.05.2019-cu il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.02.1992-ci tarixli 38 saylı və 09.09.1992-ci il tarixli 354 saylı əmrləri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun həmin əmrlərdə qeyd olunmuş rayonlarda yerləşən ərazi hərbi prokurorluqlarının əməkdaşlarına 3 qat əmək haqqı ödənilmişdir. 17.03.1994-cü il tarixdən 26.06.1998-ci il tarixədək Azərbaycan Respublikası Baş prokurorunun 17.04.1994-cü il tarixli 215-r saylı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” əmrinə əsasən (Füzuli, Qubadlı, Qarabağ, Qazax və Tərtər qarnizonu hərbi prokurorluqları) əmək haqqı üçqat məbləğdə, 26.06.1998-ci il tarixdən 31.10.2002-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 1998-ci il tarixli 067 saylı “Hərbi qulluqçuların pul təminatının və fəhlə və qulluqçuların əmək haqqlarının artırılması haqqında” əmrinə əsasən döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların əmək haqqısı ikiqat məbləğdə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 27.07.2011-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Qarabağ qarnizon Hərbi prokurorluğunda əmək haqqı döyüş şəraiti olduğu üçün 1992-ci ildən - 1998-ci ilə qədər 3 ( üç ) qat məbləğində ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 16.08.2011-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı kiçik ədliyyə müşaviri kimi əmək haqqına hər ay 130 manat və xidmət illərinə görə hər ay əmək haqqının 45% əlavə hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 16.08.2011-ci il tarixli arayışın surətindən görünür ki, Lənkəran hərbi prokurorluğunun böyük müstəntiqi vəzifəsində işləmiş İddiaçı 1993-cü ilin yanvar ayından 2004-cü ilin dekabr ayınadək illər üzrə mükafatlar və maddi yardım almışdır: 1993-cü il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1994-cü il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1995-ci il 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1996-cı il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1997-ci il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1998-ci il -2 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 1999-cu il -2 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 2000-ci il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində; 2001-ci il - 1 dəfə 500% vəzifə və rütbə maaşı həcmində; 2001-ci il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində maddi yardım; 2002-ci il - 1 dəfə 400% vəzifə və rütbə maaşı həcmində; 2002-ci il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində maddi yardım; 2003-cü il - 1 dəfə 400% vəzifə və rütbə maaşı həcmində; 2003-cü il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində maddi yardım; 2004-cü il - 1 dəfə 400% vəzifə və rütbə maaşı həcmində; 2004-cü il - 1 dəfə 200% vəzifə və rütbə maaşı həcmində maddi yardım. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/147-k saylı 12.04.2019-cu il tarixli əmrinə əsasən Yardımlı rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvalıq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 aprel 2019-cu il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus pensiya işində olan sənədlərə əsasən iddiaçıya 14.08.2011-ci il tarixdə xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya hesablanarkən onun seçimi əsasında 1993- 1997-ci illərdə çalışdığı vəzifələrdə aldığı əmək haqları, mükafatlar və maddi yardımlar əsas götürülmüşdür. İddiaçı 2011-ci ildə pensiyaya çıxsa da, prokurorluq orqanlarında xidmətini davam etmiş, Azərbaycan Respublikasının Baş Prokurorluğunun 11/147-k saylı 12.04.2019-cu il tarixli əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə müvalıq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 aprel 2019-cu il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş, hazırda iddiaçı 12 aprel 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” qanunun 20.8-ci maddəsinə əsasən, 2017-2019-cu illərin (son 24 ayın) orta aylıq əmək haqqı əsas götürülməklə hesablanmış pensiyanı alır. Həmin sənədlərdən də görünür ki, iddiaçıya 14.08.2011-ci il tarixdə pensiya hesablanarkən 1993-1997-ci illərdə aldığı əmək haqqı, mükafatlar və maddi yardımlar nəzərə alınmışdır. Hazırda isə iddiaçının seçiminə əsasən son 24 ayın - 2017-2019-cu illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanır və bu, hazırda qüvvədədir. Pensiyanın hesablanması üçün əsas götürülmüş dövr dəyişmişdir və ilkin təyinatdan 3 ildən artıq müddət keçmişdir. Pensiyanın hesablanması üçün əsas götürülmüş dövrə aid olmayan ödənişlərin pensiya hesablanarkən nəzərə alınmasının və pensiyanın yenidən hesablanmasının tələb edilməsi əsassızdır. Bundan başqa, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.06.2001-ci ildə qəbul edilmişdir. İddiaçı 2011-ci ildə pensiyaya çıxarkən öz arzusu ilə 1993-1997-ci illərdə aldığı pul təminatları əsasında pensiyası hesablanmışdır. İddiaçının tələb etdiyi hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda (20.8, 20.9 və 21.4-cü maddələr) nəzərdə tutulmuşdur və iddiaçıya pensiya hesablanan dövrdə həmin təminatlar qüvvədə deyildir və iddiaçı həmin dövrdə bu təminatları almamışdır. Bu səbəbdən də həmin təminatlar qeyd olunan dövr üçün pensiya hesablanarkən nəzərə alına bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçı ona pensiyanın 14.08.2005-ci ildən hesablanmalı olmasını qeyd etsə də, məhkəmə qeyd edir ki, iddiaçıya 14.08.2011-ci ildən xidmət illərinə görə pensiya təyin edilmişdir, bu günə qədər qeyd olunan hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir və o, 12.04.2019-cu il tarixdə prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə 12 aprel 2019-cu il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildikdən sonra yaşa görə pensiya təyin edilmiş, iddiaçının seçiminə əsasən son 24 ayın - 2017-2019-cu illərin orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanır və iddiaçı hazırda həmin pensiyanı alır. Həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, təyin edilmiş pensiya hər bir halda müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilir. İddiaçı isə artıq 2011-ci ildən pensiya alır, tələb edilən dövr isə müraciət edilən tarixdən əvvəlki üç ildən əvvəl olan dövrləri əhatə edir və hər bir halda pensiya məbləğinin yenidən hesablanmasına əsas yaratmır. İddiaçı həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 37.3.1-1-ci maddəsinə istinad edərək 14.04.2011-ci ildən 12.04.2019-cu il tarixə kimi işlədiyi 8 il ərzində yığılan məbləğin qanunvericiliklə müəyyən olunan hissəsinin hesablanan pensiyanın üzərinə gəlinməsini tələb edir. Lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Göründüyü kimi, prokurorluq işçilərinə pensiya prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, hesablanır. İddiaçıya da «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 20.8.2-ci maddəsinə əsasən pensiya təyin edilmiş və 2017-2019-cu illərdə aldığı orta aylıq əmək haqqı müəyyən edilmiş, iddiaçıya həmin məbləğin 80 faizi miqdarında pensiya təyin edilmişdir, pensiya məbləği əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 37.3.1-1-ci maddəsinin tələbləri tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar