Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1508/2022 15.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (Laçın rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cаvаbdеh Cavabdeh qarşı “cavabdehə artıq ödənilmiş 6317,60 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq cavabdehə artıq ödənilmiş 6317,60 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdfaiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən cavabdehin vaxtilə işlədiyi “Heydər Əliyev adına X4”nun arxivində ona dair saxlanılan sənədlərinin yerində dəqiqləşdirilməsi zamanı 01.04.1996-07.01.2008-ci il tarixləri arasındakı dövr ərzində “Azərneftyağ” İstehsalat Birliyinin yağ istehsalı sexində qələvi hazırlayan və sistemə süzən əməliyyatçı, 07.01.2008-15.07.2008-ci il tarixləri arasındakı dövr ərzində qələvi və sabitləşdirmə üzrə operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi qələvi hazırlayan və sistemə süzən əməliyyatçı və qələvi və sabitləşdirmə üzrə operator vəzifələri yuxarıda qeyd olunan texnoloji qurğuların operatorları vəzifəsinə uyğun deyil. Bu səbəblərdəndə cavabdehin güzəştli stajı 10 ildən az (9 il 7 ay 27 gün) təşkil edir. Qeyd edilən faktlar “Heydər Əliyev adına X4”nun Arxiv işləri üzrə şöbəsi tərəfindən 05.08.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi, ona 21.10.2017-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd edilənlərə əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə 21.10.2017-30.11.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumillikdə 6317,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filiala tapşırılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, cavabdeh xx.xx.1965ci il təvəllüdlüdür. O, 26.09.1983-cü il tarixindən etibarən əmək fəaliyyəti ilə məşğul olur. Hazırda texnoloji qurğuların operatoru peşəsində çalışır. Əmək fəaliyyəti müddətinin əhəmiyyətli bir hissəsini insan sağlamlığı üçün olduqca zərərli olan peşələrdə çalışmışdır. 26.09.1983 – 26.04.1984-cü illərdə texnoloji qurğuların təmiri sexində çilingər peşəsində, 10.05.1984 – 12.05.1986-cı illərdə ümumsovet orduları sırasında müddətli həqiqi hərbi xidmətdə olmuş, 04.08.1986-cı ildən hazırkı vaxtadək, fasiləsiz olaraq hazırki “Heydər Əliyev adına X4”nda çalışır. Cavabdehin 01.01.2006-cı il tarixinədək 22 (iyitmi iki) il əmək stajı vardır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “qələvi hazırlayan və sistemə süzən əməliyyatçı və qələvi və sabitləşdirmə bloku üzrə operator” peşələri “texnoloji qurğuların operatoru” peşəsinə uyğun deyildir. Bu səbəbdən hesab edilir ki, cavabdehin 01.01.2006-cı ilədək xüsusi (zərərli) stajı 10 (on) ildən az, yəni təxminən 9 (doqquz) il 8 (səkkiz) ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsində 2130301a-16081 kodu ilə təsdiq olunmuş “texnoloji qurğuların operatoru” peşəsi “Heydər Əliyev adına X4”nda mövcud ştat cədvəlində olan “texnoloji qurğu əməliyyatçısı, qələvi hazırlayan və sistemə süzən əməliyyatçı, qələvi və sabitləşdirmə bloku üzrə operator” peşələri ilə eynilik təşkil edir. Oxşar ifadələr “zərərli iş haqqında arayış”ın sonunda da qeyd edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;) inzibati icraat qaydasında baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə iş materiallarında olan sənədlərə, o cümlədən cavabdehə aid pensiya işinə müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır, cavabdehə qələvi və sabitləşdirmə üzrə operator işləməsi nəzərə alınaraq 52 yaşdan – 21.10.2017-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilərək ödənilmişdir, iddiaçı cavabdehin güzəştli iş stajının az olmasını, 52 yaşdan güzəştli şərtlərlə pensiyanın qanunvericiliyə zidd olaraq təyin edilməsini əsas götürərək 21.10.2017-ci ildən 30.11.2020-ci ilə qədər olan dövrdə iddiaçıya 6317,60 manat artıq pul vəsaitinin ödənildiyini hesab edərək həmin məbləğin qaytarılması barədə 17.02.2021-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin müraciət təmin edilmədiyi üçün həmin məbləğin cavabdeh tərəfindən iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçının iddiası ilə razılaşmır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İşin faktiki hallarına əsasən iddiaçı tərəfindən cavabdehə ömürlük güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, bu barədə iddiaçı tərəfindən inzibati akt (03.01.2019-cu il tarixli, 1079 nömrəli qərar) qəbul edilmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Lakin iddiaçı qeyd edilən halların olması barədə məhkəməyə sübutları təqdim etməmiş, belə sübutların olması barədə məlumat verməmişdir. Odur ki, cavabdehə 52 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin cavabdehə pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə iddiaçı məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı cavabdehə artıq ödənilmiş 6317,60 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı cavabdehə artıq ödənilmiş 6317,60 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1508/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1508/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver