Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1508/2023 17.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə iddiaçının hüquqlarının reyestrdə qeydiyyata alınması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə iddiaçının hüquqlarının reyestrdə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, 26 dekabr 2011-ci il tarixdə İddiaçı "xxxx" MMC ilə 465 saylı müqavilə imzalayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəllə, Yeni yaşayış binasının B korpusunun 15-ci mərtəbəsində 3 otaqdan ibarət sahəsi 183 kv.m olan 45 saylı mənzili almış və həmin gün mənzilin tam dəyərini ödəmişdir. Bu halı "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı təsdiq edir. Həmin mənzil iddiaçıya təhvil verilmiş, lakin həmin mənzili özəlləşdirmək istədikdə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçıya 24 aprel 2022-ci il tarixli **********97 saylı və 31 may 2022-ci il tarixli **********47 saylı imtina məktubları vermişdir. Hal-hazırda mənzil iddiaçının istifadəsindədir. Bütün sənədlərin tam və qanuni olmasına baxmayaraq, cavabdeh təşkilat cavablarında iddiaçının müraciətinə əsassız olaraq, rədd cavabı vermişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası tam əsassızdır. Göstərilənlərə və İPM-in 2.2.2, 33-cü maddələrinə əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “B” korpusu, 15-cı mərtəbə, 3 otaqdan ibarət sahəsi 183 kv.m olan 45 saylı mənzil üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq qaydada dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə ünvanlanmış 01 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin müraciətə əlavə edilən sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. Bundan əlavə mənzilin sənəd üzrə sahəsi 183 kv.m olsa da, faktiki ölçüsü 163.7 kv.m təşkil edir. Bu səbəblərdən müraciətin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktub ünvanlanmışdır. Eyni zamanda qeyd olunur ki, Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.3, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1, 109.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “B” korpusu, 15-cı mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 163.7 kv.m olan 43 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş yaşayış binasında “B” korpusunun 15-cı mərtəbəsində yerləşən 3 otaqdan ibarət 43 nömrəli mənzilin (maliyyə arayışına əsasən) əldə edilməsi ilə bağlı 26 dekabr 2011-ci il tarixli 465 saylı müqavilə imzalanmışdır. İddiaçı "xxxx" MMC-yə həmin mənzilin dəyərini tam şəkildə ödəmişdir. İddiaçı həmin mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 01 aprel 2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh ərizənin icrasından imtina etmişdir. Məhkəmə icraatında imtina belə əsaslandırılır ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin ünvanda inşa edilmiş yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı 19 mart 2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) kimi "xxxx" MMC göstərildiyi bildirilmişdir. Yaşayış binasının "xxxx" MMC-nin mülkiyyəti kimi qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq olunmuş müqavilə əsasında həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər, binanın yerləşdiyi torpaq sahəsi üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmuşdur. Mənzilin nömrəsi barədə məlumat qeyd edilməmişdir, mənzilin sənəd üzrə sahəsi 183 kv.m, faktiki sahəsi isə 163,7 kv.m-dir. İddiaçı hazırda həmin imtina mübahisələndirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, iddiaçı mənzilə pay haqqını həmin mənzil olan müvafiq binanın məxsus olduğu quruma ("xxxx" MMC-yə) tam ödəməklə mənzilə mülkiyyət hüququnu iddiaçı əldə etmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə münasibətdə qeyd olunmalıdır ki, bununla bağlı imtina üçün əsaslar hazırkı iş üzrə mövcud deyil. Çünki, iddiaçı pay haqqını ödədiyindən və üzvlüyə qəbul edildiyindən, onun mənzilə hüququnun qeydiyyata alınması üçün əsas mövcuddur. Cavabdehin imtinasında göstərilən dəlilə gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, mənzilə iddiaçının mülkiyyət hüququ yarandığından və qanunvericiliyin normaları da bu hüququn qeydiyyata alınmasını məhdudlaşdırmadığından, imtinadakı dəlillər əsaslı deyil. Çünki, bina inşa edən qurum kimi "xxxx" MMC-nin təşkilati-hüquqi formasının MTK və ya MMC olması pay haqqı ödəmiş iddiaçıya münasibətdə fərq yaratmamalıdır. Eləcə də, iddiaçı mənzilin sahibi kimi həmin əmlaka mülkiyyət hüququnun qeydiyyatını tələb etdiyindən, mənzil olan binanın altındakı torpaq sahəsinin müqəddaratı həll olunmur və həmin torpaq sahəsinin üzərinə həbs olması bu qeydiyyata təsirsizdir. Cavabdehin imtinasında qeyd olunan digər dəlillər ilə bağlı məhkəmə vurğulayır ki, "xxxx" MMC-dən alınmış 26 dekabr 2011-ci il tarixli maliyyə arayışında mənzilin nömrəsinin 45 olduğu qeyd olunsa da, məhkəmə icraatı zamanı təqdim olunmuş Binəqədi- 21 Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətindən alınmış 27 dekabr 2022-ci il tarixli arayışda mənzilin nömrəsinin ilkin maliyyə arayışında səhv göstərildiyi, əslində iddiaçının faktiki olaraq 43 saylı mənzildə yaşadığı qeyd olunmuşdur. Cavabdehin irəli sürdüyü digər imtina əsası ilə bağlı Məhkəmə bildirir ki, cavabdeh etiraz ərizəsində mənzilin ölçülərinin 163,7 kv.m, sənədlərdə isə 183 kv.m olduğunu qeyd etsə də, sonradak iddia dəyişdirildiyindən bu hal aradan qalxmış olur. Cavabdehin irəli sürdüyü bu əsas iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını məhdudlaşdıra bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna ziddir və iddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “B” korpusu, 15-cı mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 163.7 kv.m 43 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “B” korpusu, 15-cı mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 163.7 kv.m olan 43 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1508/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1508/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver