Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1508/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona səhhətinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ildə səhhətinə görə hərbi xidmətə yararsız sayılaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən ona aşağıdakı diaqnoz və xəsarətlər təyin edilmişdir: Xroniki persistəedici hepatit. Qaraciyərin funksiyanın mülayim dərəcədə pozulması. Qaraciyər fibroz F4. İnsulin tələbli şəkərli diabet tip-2, orta-ağır dərəcə, subkompensasiya mərhələsində. İ dərəcəli alimentar konstitusional piylənmə BÇİ-30,6. Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İ (birinci) funksional sinif. Hipertoniya xəstəliyi İ (birinci) mərhələ. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,0 D diabetik retinopatiyası, şüşəvari cismin destruksiyası nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Psixi sağlam. Anamnezində nevrotik reaksiya. İkincili hissəvi adentiya. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Sağ diz oynağının küt travması qamış sümüyünün medial kondilusunun qapalı oynaqdaxili kompression yerdəyişmiş sınığına görə aparılmış konservativ müalicəsindən sonrakı bitişmiş sınığı. Artroskopik meniskektomiyadan sonrakı bərkimiş dəri çapığı, ilkin mərhələ qonartrozu. Travmadır, hərbi xidmət dövründə alınmışdır. İddiaçı hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar əlilliyinin təyin olunması üçün qeydiyyat yeri üzrə Poliklinikaya müraciət etmiş və həmin X4 Komissiyasının qərarı ilə Tibbi Sosial Ekspert Komissiyasına müvafiq göndəriş verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirdiyi qiymətləndirmə ilə ona imtina cavabı verilmişdir. İmtina cavabı ona xx.xx.2024-cü il tarixdə sms-bildiriş vasitəsi ilə çatdırılmışdır. İmtina əsassız və qanunsuzdur. Cavabdeh iddiaçının diaqnozlarına uyğun düzgün qiymətləndirmə aparmamışdır. İmtina cavabında onun diaqnozlarının yalnız bir hissəsi (Qaraciyərin fibroz və sirrozla müşayiət olunan toksiki zədələnməsi, Qaraciyərin fibrozu və sirrozu) qiymətləndirilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 7425 nömrəli, xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı X10 Klubunun rəisinin xx.xx.2023-cü il tarixli 228 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamənin 12-ci bəndinə əsasən Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı aşağıdakı kimi olmuşdur: “Xroniki persistəedici hepatit. Qaraciyərin funksiyanın mülayim dərəcədə pozulması. Qaraciyər fibroz F4. İnsulin tələbli şəkərli diabet tip-2, orta-ağır dərəcə, subkompensasiya mərhələsində. İ dərəcəli alimentar konstitusional piylənmə BÇİ-30,6. Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İ (birinci) funksional sinif. Hipertoniya xəstəliyi İ (birinci) mərhələ. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,0 D diabetik retinopatiyası, şüşəvari cismin destruksiyası nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalınası, korreksiya ilə 1,0 olmaqla. Psixi sağlam. Anamnezində nevrotik reaksiya. İkincili hissəvi adentiya. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Sağ diz oynağının küt travması qamış sümüyünün medial kondilusunun qapalı oynaqdaxili kompression yerdəyişmiş sınığına görə aparılmış konservativ müalicəsindən sonrakı bitişmiş sınığı. Aıiroskopik meniskektomiyadan sonrakı bərkimiş dəri çapığı, ilkin mərhələ qonartrozu. Travmadır, hərbi xidmət dövründə alınmışdır.”. Nəticədə iddiaçı “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi şəhadətləndirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən iddiaçı barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) verilmiş, göndərişdə iddiaçının sağlamlıq vəziyyəti üzrə əsas diaqnoz K71.7- Qaraciyərin fibroz və sirrozla müşayiət olunan toksiki zədələnməsi, Qaraciyərin fibrozu və sirrozu, ağırlaşma – K72.1- Xroniki qaraciyər çatmamazlığı, Qaraciyər çatmamazlığı dekompensasiya mərhələsi, K76.6- Portal hipertenziya, Portal hipertenziya kimi müəyyən edilmişdir. İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17- 4/3-3-3704/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “Bakı şəhər sakini xx.xx.1981-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 7425 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Xroniki persistəedici hepatit. Qaraciyərin funksiyasının mülayim dərəcədə pozulması. Qaraciyər fibroz F4. insulin tələbli şəkərli diabet tip 2, orta-ağır dərəcə, subkompensasiya mərhələsində. İ dərəcəli alimentar konstitusiona! piylənmə BÇİ-30.06. Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İ (birinci) funksional sinif. Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1.0 D diabetik retinopatiyası, şüşəvari destruksiyası nəticəsində görmə itiliyinin 0.5-ə qədər azalması, korreksiya ilə 1.0 olmaqla. Psixi sağlam. Anamnezində nevrotik reaksiya. İkincili hissəvi adentiya.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “Sağ diz oynağının küt travması, qamış sümüyünün medial kondilusunun qapalı oynaqdaxili kompression yerdəyişmiş sınığına görə aparılmış konservativ müalicəsindən sonrakı bitişmiş sınığı. Artoskopik meniskektomiyadan sonrakı bərkimiş dəri çapığı, ilkin mərhələ gonartrozu” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına qoltuqaltı əsa ilə daxil olmuşdur. Sağ aşağı ətrafında hərəki məhdudluqdan, müəyyən məsafə qət etdikdən sonra dizlərində şişkinlikdən, avtomobil idarə etdiyi zaman aşağı ətraflarında yaranan ağrılardan, qaşınmadan şikayətlənmiş, qaraciyərində olan narahatlıqdan, şəkərli diabet xəstəliyindən, bulanıq görmədən, yaddaşsızlıqdan əziyyət çəkdiyini bildirmişdir. Müxtəlif ağrıkəsici inyeksiyalar istifadə etdiyini söyləmişdir. Palpasiyada qarnı yumşaq, ağrısız, dili təmiz olmuş, qaraciyər, dalaq əllənməmiş, flüktasiya qeyd edilməmişdir. Baxış zamanı sağ dizində artroskopik əməliyyət çapığı izlənmiş, 180-110 dərəcə arası hərəkət göstərmiş, daha sonra ağrılı olmuşdur. Hər 2 topuq və ayaqarxası nahiyədə periferik arteriyalar üzərində nəbz hiss edilmişdir. 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli 1/4630 nömrəli Tibbi rəyində diaqnoz “Nevrasteniya” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X8 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 8245 nömrəli Tibbi rəyində diaqnoz “VİS QU 0.5 k/ilə 0.8. OU-Sadə miopik astigmatizm. Em və M 1.0 kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Bakı Respublika Endokrinoloji Mərkəzin xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Şəkərli diabet, tip 2. insulin tələbli forma. Çoxsaylı ağırlaşmalarla. Qaraciyər fibrozu və sirrozu. Qaraciyər çatmamazlığı. Səthi qastrit. İshal. Assit. Portal hipertenziya xəstəliyi, İ mərhələ” kimi qeyd edilmişdir. X6 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Saq qamış sümüyü medial kondilusunun qeyri- düzgün bitişmiş köhnə qəlpəli sınığı, çirk ilə, osteoskleroz (medial bağın travmatik zədələnməsi), liqamentoz, oynaqların osteofitləri. Oynağın ikinci-üçüncü dərəcəli postravmatik osteoartrozu, bükücü kontraktura 100 dərəcə bükmə. Osteoparoz. Sinovit. Mensklərin ikinci dərəcəli deqenerasiya. Gəzərkən ağrılar və yerişin çətinləşməsi” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli X9 müayinəsinin nəticəsi “Hepatomeqaliya. Hepatosteatoz, grade İİ. V.portae=10 mm” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu. Bifazik axımlar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 4 nömrəli Biokimyəvi analizin nəticəsi “ALAT 111 U/l (norma 41), ASAT 56 U/l (norma 37).” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 4 nömrəli Qanın ümumi analizinin nəticəsi “WBC- Leykositlərin sayı 7.3 (norma 10.0), LYM-Limfositlər 27.6 (Norma 45), MON-Monosillər 12.5 (norma 11), GRA-Qranulositlər 59.9 (norma 75), RBC- Eritrositlərin sayı 4.79 (norma 4.5-5.8), HGB-Hemoglobin 148 g/l (norma 135-175 g/l), HCT-Hemotakrit 39.0% (norma 39-52%), MCV-Erit. Orta həcmi-81.4 fl (norma 98.0 fl), MCH-HGB. Erit. Orta tutumu 30.9 pg (Norma >27 pg)” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental, laborator və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” İddiaçı hazırda cavabdehin bu qərarı ilə razılaşmayaraq onun əlilliyinin müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşin materiallarını araşdıran məhkəmə hesab edir ki, göstərilən qiymətləndirmə meyarlarının iddiaçıda olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 3.5-ci bəndinə əsasən Qaraciyər xəstəlikləri: – 3.5.2.- qaraciyərin toksiki zədələnməsi- K71 3.5.2.1. qaraciyər sirrozu, kompensasiya olunan, aktivliyin mülayim əlamətləri ilə; 3.5.2.2. subkompensasiya olunan qaraciyər sirrozu, aktivliyin aşkar əlamətləri ilə, mülayim portal hipertenziya ilə; 3.5.2.3. dekompensasiya olunan qaraciyər sirrozu - assit, kəskin, nəzərəçarpan portal hipertenziya və qaraciyər ensefalopatiyası şəxsə əlillik təyin edilməsi üçün Meyarlara aiddir. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, Bakı Baş Səhiyyə İdarəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş Forma 88-də ona qaraciyər sirrozu diaqnozu qoyulmuşdur. Cavabdehin özünün keçirdiyi xx.xx.2024-cü il tarixli 4 nömrəli Biokimyəvi analizin nəticəsi kimi də müəyyən edilmişdir ki, iddiaçıda “ALAT 111 U/l (norma 41), ASAT 56 U/l (norma 37)”, “WBC- Leykositlərin sayı 7.3 (norma 10.0), LYM-Limfositlər 27.6 (Norma 45), MON-Monosillər 12.5 (norma 11), GRA-Qranulositlər 59.9 (norma 75), RBC- Eritrositlərin sayı 4.79 (norma 4.5-5.8), HGB-Hemoglobin 148 g/l (norma 135-175 g/l), HCT-Hemotakrit 39.0% (norma 39-52%), MCV-Erit. Orta həcmi-81.4 fl (norma 98.0 fl), MCH-HGB. Erit. Orta tutumu 30.9 pg (Norma >27 pg)” olmuşdur. Bu dəyərlər isə iddiaçıya qoyulmuş diaqnozun doğuruluğunu təsdiq edir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı tələbində haqlıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 xx.xx.2024-cü il tarixli rəyinə gəldikdə, məhkəmə hesab edir ki, həmin rəy mötəbər sayıla bilməz, çünki həmin rəy cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, göndərişdə qeyd olunan xəstəliklərin iddiaçıda olması öz təsdiqini tapdığından iddiaçının tələbi təmin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova