Məhkəmə qərarları › İş №2-1(112)-15083/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15083/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15083/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvanda yerləşən “A” tikilisinə dair digər mülkiyyətçilərin adına olan dövlət qeydiyyatının ləğv edilməsi və “B” tikilisinə dair mərhum X1 hüquqi vərəsələrinin adına daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi və payçılara müvafiq çıxarışın verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanında yalnız “B” Tikilisinin mövcud olduğunu, digər tikililərin “A” tikilisinin məhv edildiyi nəzərə alınaraq həmin tikililərin dövlət qeydiyyatının ləğv edilməsi və “B” Tikilisinə dair mərhum X1 hüquqi varislərinin, onun və bacısı X3 adlarına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və payçılara müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 2 əsas qanuni tikililərdən “A” (111.5 kv.m) və “B” (118.4 kv.m) tikililərdən ibarət olmuşdur. “A” tikilisi yataq otaqlarından (79.8 kv.m) ibarət olmaqla 1901-ci ildə inşa edilmişdir. “B” tikilisi də, 4 yataq otaqlarından ibarət (64.4 kv.m) olmaqla, 1972-1984-cü illər ərzində inşa edilmiş, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 842 saylı xx.xx.1996-cı il tarixli sərəncamı ilə qanuniləşdirilmiş, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 57 saylı xx.xx.2016-cı il tarixli sərəncamı ilə ölçüsü dəqiqləşdirilmişdir - 118.4 kv.m. Hal-hazırda həmin ünvanda (Təbriz küçəsi 34) yalnız bir tikili “B” (118.4 kv.m) mövcuddur. Digər tikililər “A” (111.5 kv.m), “V” (13.2 kv.m) həyətyanı mətbəx tikilisi məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə əsasən məhv olmuş tikilinin dövlət qeydiyyatı məhkəmə qaydasında həll edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz (münasibət) təqdim edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi və ya mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında yerləşən ümumi sahəsi 229.90 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə “A” tikilisindən 38/256 hissədə X2, “A” tikilisindən 16/32 hissədə X7, “A” tikilisindən 5/256 hissədə açıq saxlanılmaqla X8, “A” tikilisindən 1/32 hissədə X6, “A” tikilisindən 8/32 hissədə X9, “A” tikilisindən 13/256 hissə və “B” tikilisi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı və X5r. Şəhadətnamə verilən miras, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfndən xx.xx.2023-cü il tarixdə verilmiş **********21-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında yerləşən ümumi sahəsi 229.90 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə mərhum – X4 məxsus olan (“A” tikilisindən 13/256 hissə və “B” tikilisi) paydan ibarətdir. Real vaxt rehimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********WR30105 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Göründüyü kimi, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında yerləşən ümumi sahəsi 229.90 kv.m olan fərdi yaşayış evinin “A” tikilisindən 13/256 hissə və “B” tikilisi üzrə paylı mülkiyyətçisi X1 vərəsələrindən biridir. Digər vərəsə isə iddiaçının bacısı X5r. İddiaçı hazırki tələbində mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikilisinin mövcud olmadığına istinad edərək “A” tikilisinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini tələb edir. Halbuki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən “A” tikilisi iddiaçının mərhum atasından başqa digər fiziki şəxslərin də, paylı mülkiyyətindədir. Belə olan təqdirdə, iddiaçının digər paylı mülkiyyətçilərə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqlarının qeydiyyatının ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələbi hüquqi cəhətdən əsaslandırılmış (subyektiv hüququn ikinci elementi olan tələb etmək hüququ) hesab edilə bilməz. Məhkəmə eləcə də, qeyd edir ki, qeyd edir ki, iddiaçı mübahisəli ünvanda yerləşən tikililərə dair təkcə öz hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını deyil, həmçinin bacısı X3 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir ki, iddiaçının belə bir tələb irəli sürməyə subyektiv hüququ (subyektiv hüququn ikinci elementi olan tələb etmək hüququ) mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar