Məhkəmə qərarları › İş №2-1(112)-1509/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1509/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1509/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı Cavabdeh, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair ilkin, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiya ödənişinin bərpa edilməsi” barədə qarşılıqlı iddiasına dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – Filial) xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 13784,73 manat pensiya məbləğinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Filial tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar nəzərdə tutulmuşdur. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1980xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1986-cı il və xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində “Azərsənayetikinti” 4 nömrəli Trestin 42 nömrəli Tikinti İdarəsində bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehin işlədiyi bənna peşəsi yuxarıda qeyd olunan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 8 ay 29 gün) təşkil edir. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona xx.xx.2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13784,73 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Filiala tapşırılmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə ilkin iddiaya etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, V.Əskərov xx.xx.1975-ci ildən başlayaraq Azərbaycan SSR “Sənayetikinti” Nazirliyinin 4 nömrəli trestinin 42 nömrəli Tikinti İdarəsində suvaqçı-rəngsaz, suvaqçı peşəsi üzrə əmək fəaliyyətini davam etdirmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduqdan sonra xx.xx.1980-ci ildən yenə də həmin idarədə fəaliyyətini davam etdirmiş, daha sonra 4 nömrəli trestinin 44 nömrəli Tikinti İdarəsində işləmişdir. xx.xx.1986-cı il tarixdən qısa fasilə ilə uzun müddət müxtəlif tikinti təşkilatlarında tikinti ustası və iş icraçısı vəzifələrində işləmiş, 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixədək ümumi əmək stajı 35 il 11 ay 29 gün, güzəştli iş sahəsində iş stajı isə 23 il 6 ay 5 gün təşkil etmiş, tam qanuni əsaslarla xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə pensiyaya çıxmışdır. 2020-ci ilin dekabr ayının 1-dən pensiya ödənişi dayandırılmışdır. İddia ərizəsində işin faktiki halları təhrif edilmişdir. Belə ki, Cavabdeh heç vaxt bənna işləməmiş, tikinti ustası və tikintidə iş icraçısı işlədiyi üçün güzəştli şərtlərlə pensiya təyin edilmişdir. N.Əskərv Filialın iddiasının əsassız və qeyri-qanuni olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 27 noyabr 2014-cü il tarixdən təyin edilmiş pensiyanın Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 01 dekabr 2020-ci il tarixdən dayandırılmasının qeyri-qanuni hesab edilməsi və pensiya ödənişinin həmin tarixdən bərpa edilərək davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Filialın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh 57 yaşının tamam olduğu 27 noyabr 2014-cü il tarixədək ümumi əmək stajı 35 il 11 ay 29 gün, güzəştli iş sahələrində əmək stajı isə 23 il 6 ay 5 gün təşkil etmişdir. Ona görə də ərizəsi və təqdim etdiyi sənədlər əsasında DSMF-nin Bakı şəhəri Nizami Rayon şöbəsi tərəfindən ona 57 yaşından, yəni 27 noyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmiş və ödənilmişdir. Onun işlədiyi tikinti ustası və tikintidə iş icraçısı vəzifələri bütün dövrlərdə qüvvədə olmuş pensiya qanunvericiliyi ilə güzəştli iş sahəsi və peşə hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Filialın nümayəndəsi ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etməyərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Nazim Vəzir oğluna qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddiası rədd edilməli, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” barədə iddiası isə təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Filialın “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddiası Cavabdeh Filiala qarşı pensiya ödənişinin dayandırılması barədə qərarın ləğvi və pensiya ödənişinin bərpası barədə iddia tələbinin nəticəsindən asılı olduğundan ilk növbədə həmin iddiaya qiymət verilməlidir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” barədə iddiası üzrə məhkəmənin qiymətləndirməsi İş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.1957-ci il tarixdə anadan olmuş, xx.xx.2014-cı il tarixdə 57 yaşı tamam olmuşdur. İşdə olan Cavabdeh məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1974-cü ilin sentyabr ayının 02-də Peşə təhsili mərkəzində təhsil almaqla əmək fəaliyyətinə başlamış, xx.xx.1975-ci ildən 4 nömrəli trestin 42 nömrəli Tikinti İdarəsində 3-cü dərəcəli suvaqçırəngsaz, xx.xx.1977-xx.xx.1978-ci illərdə 4-cü dərəcəli suvaqçı peşəsində işləmiş, xx.xx.1978-xx.xx.1980-ci illər hərbi xidmət keçmiş, xx.xx.1980-ci ildə 42 nömrəli Tikinti İdarəsində 4-cü dərəcəli suvaqçı, xx.xx.1983-cü il tarixdən 5-ci dərəcəli suvaqçı, xx.xx.1983-cü ildən briqadir peşəsində işləmiş, xx.xx.1984-cü ildən 4 nömrəli trestin 44 nömrəli Tikinti İdarəsinə 5-ci dərəcəli suvaqçı keçirilmişdir. İddiaçı xx.xx.1984-cü ildə suvaqçı briqadir, xx.xx.1986-19.051986-cı illərdə tikintidə ustası, xx.xx.1986-xx.xx.1986-cı illərdə mühəndis, xx.xx.1986-xx.xx.1987-ci illərdə 5-ci dərəcəli suvaqçı, xx.xx.1987xx.xx.1991-ci illərdə usta, xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək iş icraçısı peşəsində işləmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdə "xxxx" X6 Cəmiyyətində iş icraçısı peşəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2002–xx.xx.2005-ci il tarixlərində "xxxx" Şirkətində iş icraçısı, baş iş icraçısı, xx.xx.2005–xx.xx.2009-cu il tarixlərində "xxxx" MMC-də iş icraçısı, xx.xx.2012–xx.xx.2012ci il tarixlərində “İSHİ” X1, Emlak, Turizm, San. Və Tic. LTD” şirkətində iş icraçısı, xx.xx.2012–xx.xx.2014-cü il tarixlərində "xxxx" MMC-də iş icraçısı vəzifələrində işləmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə müraciət etmiş, Şöbənin 197 saylı qərarı ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2014-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Filial DSMF-nin Aparatının daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli xx.xx.2020-ci il tarixli məktubu əsas götürməklə Cavabdeh təyin edilmiş əmək pensiyasını xx.xx.2020-ci il tarixdə dayandırmış, xx.xx.2021-ci il tarixdə isə dayandırılma haqqında **********8 saylı qərar qəbul etmiş, qərarda Cavabdeh ödənilən sonuncu pensiya ödənişinin tarixinin xx.xx.2020-ci il olması göstərilmişdir. Bununla bağlı Cavabdeh Filiala ərizə ilə müraciət etmiş, Filial xx.xx.2021-ci il tarixli məktubla Cavabdeh bildirmişdir ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Departamenti tərəfindən araşdırılmışdır. ”Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ”Əmək pensiyaları haqqında“ Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar nəzərdə tutulmuşdur. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1980 – xx.xx.1983-cü il, xx.xx.1984 – xx.xx.1986-cı il və xx.xx.1986 – xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində “Azərsənayetikinti” 4 nömrəli trestin 42 nömrəli tikinti idarəsində bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi Cavabdeh işlədiyi bənna peşəsi yuxarıda qeyd olunan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (1 il 8 ay 29 gün) təşkil edir. Araşdırma zamanı göstərilən uyğunsuzluqlara baxmayaraq Cavabdeh xx.xx.2014-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13784,73 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması təklif edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdeh hazırda bu məktubla razılaşmayaraq Filialın əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********8 saylı qərarının ləğv edilməsini və pensiya ödənişinin bərpa olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, ƏPQ-nin 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Filial 2014-cü ildə Cavabdeh əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt Cavabdeh əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMF-nin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində Filial öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar qəbul etmədən və hər hansı inzibati akt qəbul etmədən xx.xx.2020-ci il tarixdə Cavabdeh təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə Filial yalnız 3 ay sonra, xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Məhkəmə yuxarıda istinad olunan normaları nəzərə alaraq hesab edir ki, Filial pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə Filial müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması isə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1798/2021 qərarı). Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-159/2022 qərarı). İş materiallarından görünür ki, Filial Cavabdeh təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, qüvvədə olan aktını ləğv etmədən, pensiya ödənişinin dayandırılması barədə əsaslandırılmış inzibati akt qəbul etmədən, əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə Cavabdeh hüquqlarının pozulmasına yol vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, Filialın Cavabdeh təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarı və pensiya ödənişinin verilməməsindən ibarət hərəkəti qanunsuzdur və buna görə də Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” barədə iddiası təmin edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddiası üzrə məhkəmənin qiymətləndirməsi Məhkəmə qeyd edir ki, yuxarıda qeyd göstərilənlərdən aydın olur ki, Filial Cavabdeh təyin edilmiş əmək pensiyasını dayandırarkən qanunvericiliyin maddi və prosessual hüquq normalarını pozmuş, onun bu hərəkətinin qanuni əsası olmamışdır. Belə olan halda, nə qədər ki, Cavabdeh əmək pensiyasının dayandırılması barədə qərar ləğv edilmiş və ona təyin edilən pensiya ödənişinin bərpa olunması qərara alınmışdır, Filialın Cavabdeh hazırkı dövrədək ödənilən pensiya məbləğinin geri qaytarılmasında ibarət iddiası əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə ilkin iddiası təmin edilməsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşılıqlı iddiası təmin edilsin. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar