Məhkəmə qərarları › İş №2-1(112)-1509/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1509/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1509/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 04 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sabiq hakim kimi əmək pensiyasının ədliyyə orqanlarında uzun müddətli xidmət illərinə görə təyin edilməsi, əmək pensiyasına Azərbaycan Respublikasının Prokurorluq orqanlarında işlədiyi 7 il 10 ay 27 gün (cəbhəyanı ərazidə xidmət - Naxçıvan Muxtar Respublikasının Ordubad, Babək və Naxçıvan şəhəri - təqvim ilə 2 il 10 ay 25 gün - güzəştlə 8 il 6 ay 27 gün); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işlədiyi 13 il 5 ay 9 gün xidmət müddətinin sığorta hissəsinin və güzəştli xidmət illərinin daxil edilərək hesablanması, əmək pensiyasında indeksləşmə aparılması, eləcə də əmək pensiyasının yenidən hesablanaraq yüksək məbləğdə pensiya təyin edilməsi (ədliyyə, prokurorluq və məhkəmə orqanlarında) və yeni hesablamadan sonra arada yaranmış fərq məbləğinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 43 il 27 gün (ədliyyə orqanlarında təqvimlə 28 il 9 ay + 8 il 6 ay 27 gün + qeyri-ədliyyə orqanlarında 6 il 6 ay) işlədiyi xidmət illəri rəhbər tutulub, ona Bakı şəhəri Bınəqədi Rayon Məhkəməsinin sədri və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində 13 il 5 ay 9 gün işləməyi və pensiya yaşına çatdığına görə hakimlik fəaliyyətinə xitam verilməsi nəzərə alınaraq, 11 fevral 2012-ci il tarixdən 11 fevral 2014-cü il tarixədək aldığı vəzifə maaşına uyğun olaraq, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla sabiq hakim kimi əmək pensiyasının hesablanması, habelə, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 06 avqust 1982-ci il tarixdən 7 (yeddi) il 4 (dörd) ay 20 (iyirmi) gün ərzində Rusiya Federasiyası Perm şəhəri Dzerjinsk rayon xalq məhkəməsində məhkəmə katibi, məhkəmə icraçısı, xalq iclasçısı olmaqla hakim əvəzi vəzifələrində işləmişdir. 07 oktyabr 1992-ci il tarixdən Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbul edilərək 7 (yeddi) il 10 (on) ay 27 (iyirmi yeddi) gün ərzində Naxçıvan Muxtar Respublikasının Ordubad və Babək rayon prokurorlarının köməkçisi, Naxçıvan şəhər prokurorunun müavini, Bakı şəhəri Nizami rayon prokurorluğunun böyük müstəntiqi vəzifələrində işləmiş və 02 sentyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin edildikdən sonra prokurorluq orqanlarında xidmətdən azad edilmişdir. 02 sentyabr 2000-ci il tarixdən 11 fevral 2014-cü il tarixədək 13 (on üç) il 5 (beş) ay 9 (doqquz) gün ərzində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləmişdir. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 24 mart 1982-ci il tarixdən 06 avqust 1982-ci il tarixə qədər Rusiya Federasiyasının Perm şəhərindəki “Perm-2” adlanan lokomotiv depoda çilingər işləmişdir. 02 yanvar 1991-ci il tarixdən 07 oktyabr 1992-ci il tarixədək Bakı Ali Partiya Məktəbində, Azərbaycan Respublikasının Yerli Sənaye Nazirliyində və Korlar Cəmiyyətində hüquqşünas vəzifəsində işləmişdir. Hesab edir ki, həqiqi hərbi xidmətdə olduğu dövr, təhsil dövrü və qeyri-ədliyyə sahəsində xidmət illəri (7 (yeddi) ildən çox müddət) ədliyyə işçisi kimi əmək stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 1993-cü il tarixli Qərarına əsasən cəbhə ərazilərdə xidmət keçən ədliyyə, daxili işlər nazirliyi, müdafiə və digər nazirlik və komitələrin əməkdaşlarının 1 xidmət günü 3 gün, bir xidmət ayı 3 ay, 1 xidmət ili 3 il hesablanır və güzəştli xidmət ili kimi əmək stajına daxil edilir. O, Naxçıvan Muxtar Respublikasında prokurorluq orqanlarında 07 oktyabr 1992-ci il tarixdən 1995-ci ilin avqust ayinədək 2 (iki) il 10 (on) ay 29 (iyirmi doqquz) gün xidmətdə olmuşdur və 05 iyul 2001-ci il tarixdə ona müharibə veteranı olmağı barədə 062737 saylı Vəsiqə verilmişdir. Deməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 1993-cü il tarixli Qərarı ona şamil edilir və Naxçıvan Muxtar Respublikasında prokurorluq orqanlarında 07 oktyabr 1992-ci il tarixdən 1995-ci ilin avqust ayınadək 2 (iki) il 10 (on) ay 29 (iyirmi doqquz) gün xidmətdə olduğu müddət güzəştlə 8 (səkkiz) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün təşkil edir. Xidmət illəri belədir: Həqiqi hərbi xidmət - 2 (iki) il; əyani təhsil dövrü - 2 (iki) il; Perm şəhərində depoda çilingər - 6 (altı) ay; Ali Partiya Məktəbi, Yerli Sənaye Nazirliyi və Korlar Cəmiyyəti - cəmi 2 (iki) il; Perm şəhər məhkəmə orqanları - 7 (yeddi) il 4 (dörd) ay 20 (iyirmi) gün; Azərbaycan Respublikasının Prokurorluq orqanları - 7 (yeddi) il 10 (on) ay 27 (iyirmi yeddi) gün (cəbhəyanı ərazidə xidmət - Naxçıvan Muxtar Respublikasının Ordubad, Babək və Naxçıvan şəhəri - təqvim ilə ilə 2 (iki) il 10 (on) ay 25 (iyirmi beş) gün - güzəştlə 8 (səkkiz) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, Bakı Ağır Cinayətlər Məhkəməsi - 13 (on üç) il 5 (beş) ay 9 (doqquz) gün. Beləliklə, qeyri-ədliyyə orqanlarında 6 (altı) il 6 (altı) ay, ədliyyə orqanlarında 28 (iyirmi səkkiz) il 9 (doqquz) ay, güzəştli şərtlərlə 8 (səkkiz) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün əmək stajı vardır. Ümumilikdə ədliyyə orqanlarında təqvimlə 28 (iyirmi səkkiz) il 9 (doqquz) ay + 8 (səkkiz) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün + qeyri-ədliyyə orqanlarında 6 (altı) il 6 (altı) ay hesablandıqda - cəmi 43 (qırx üç) il 27 (iyirmi yeddi) gün əmək stajı vardır. Bu isə, əmək pensiyasının maksimum həddə hesablanması üçün əsasdır. Qeyd etdiyi kimi, 02 sentyabr 2000-ci il tarixdən 11 fevral 2014-cü il tarixədək hakim vəzifəsində işləmişdir və 11 aprel 2024-cü il tarixdən ona sabiq hakim kimi yaşa görə 3370,14 (üç min üç yüz yetmiş, on dörd) manat məbləğində əmək pensiyası təyin edilmişdir. Lakin DSMF-dən 22 aprel 2024-cü il tarixdə telefonuna göndərilmiş SMSdə ona 3370,14 (üç min üç yüz yetmiş, on dörd) manat dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi bildirilmişdir. Əmək pensiyasının sabiq hakim kimi deyil, dövlət qulluqçusu kimi hesablanması məsələsində yanlışlığa yol verildiyini zənn edərək 23 aprel 2024-cü il tarixdə Ərizə ilə 4 saylı DOST mərkəzinə müraciət edərək pensiyanın təkrar hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3-17-1/2-Ə- 106009/2024 saylı 6 may 2024-cü il tarixli məktubla həmin ərizəyə cavab verərək əmək pensiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 13 (on üç) il 5 (beş) ay 9 (doqquz) gün sabiq hakim kimi iş stajıma uyğun olaraq orta aylıq əmək haqqımın (4212,67 manat) 80 faizi - 3370,14 (üç min üç yüz yetmiş, on dörd) manat məbləğində müəyyən edilməsi izah edilmişdir. Onun 01 iyul 2017-ci il tarixədək artıq 13 (on üç) il 5 (beş) ay 9 (doqquz) gün sabiq hakim kimi iş stajı mövcud olmuşdur və bu hal da onu təsdiq edir ki, onun hakim kimi pensiya almaq hüququna dair mülki münasibətlər 02 sentyabr 2005-ci ildə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olduğu dövrdə yaranmışdır. Digər tərəfdən, o, hakim vəzifəsinə təyin olunan zaman da yuxarıda adı çəkilən Qanun qüvvədə olmuş və onunla dövlətimiz arasında əmək pensiyalarına dair münasibətlər həmin vaxt yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən (01 iyul 2017-ci il tarixdən sonrakı redaksiyada) bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Cavabdehin ona sabiq hakim kimi pensiyanın təkrar hesablanmasından imtinasının əsası kimi istinad olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilmiş 20.7.1 və 20.7.2-ci maddələri 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixdən qüvvədə olan 20.7-ci maddəsinə əsasən yalnız 15 il və daha çox hakim vəzifəsində işləmiş sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunda edilmiş bu dəyişikliklər vəziyyətini ağırlaşdırmış, onunla eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və 01 iyul 2017-ci il tarixədək hakim kimi əmək pensiyası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salınmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər qəbul olunan zaman artıq 13 (on üç) il 5 (beş) ay 9 (doqquz) gün hakimlik stajı var idi və 5 il hakimlik stajı olduğuna görə artıq onun 2005-ci ildə hakim kimi əmək pensiyası almağa dair hüquqları (hakim kimi əmək pensiya münasibətləri) yaranmışdır ki, bu əsas da ona hakim vəzifəsində olmanın son yaş həddinə çatdıqda və pensiyaya çıxdıqda əmək pensiyama sabiq hakim kimi qulluq stajına görə əlavə ödənilməsi hüququ verirdi. Həmin vaxt hakim vəzifəsində olmanın son yaş həddinə, 65 yaşa çatmamışdım və hakim vəzifəsində işləməkdə davam edirdi. Qqeyd olunanlara əsasən hesab edir ki, ona hakim kimi pensiya təyin olunmasına dair münasibətlər 02 sentyabr 2005-ci ildə yarandığından həmin münasibətlər 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları ilə deyil, 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarına uyğun həll olunmalıdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı daha əvvəl ona hakim kimi əmək pensiyasının yenidən hesablanması üçün üçün ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı nömrəli iddiaçıya ünvanlanmış cavab məktubuyla onun hakim kimi iş stajının əmək pensiyasının hesablanma qaydası barədə məlumat vermişdir. Bundan narazı qalan İddiaçı Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi qeyd olunanlara əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydala'i və əmək pensiyası təminatı sistemi həmin qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz. 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 106-cı maddəsininin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni hscmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. Əlavə olaraq bildirilir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orcanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında" Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzaıiar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə "hakim vəzifəsində aldıqları" vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı prokurorluq orqanlarındakı xidmət illərininin hakim kimi iş stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmçinin, iddiaçıya 11 aprel 2024-cü il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2272,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1022,40 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavəsi 369,20 manat və digər növ əlavəsi 549,07 manat olmaqla orta aylıq əmək haqqı 4212,67 manat təşkil edib. Bununla əlaqədar onun əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikas Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 13 il 5 ay 9 gün sabiq hakim kimi iş stajına uyğun olaraq, onun orta aylıq əmək haqqısının (4212,67 manat) 80 faizi-3370,13 manat məbləğində müəyyən edilib. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən sabiq hakimi kimi əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyası “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 13 il 5 ay 9 gün sabiq hakim kimi iş stajına uyğun olaraq, orta aylıq əmək haqqının (4212,67) 80 faizi – 3370,13 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1 və 20.7.2-ci maddələrinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasının tətbiq edilməsini və 43 il 27 gün (ədliyyə orqanlarında təqvimlə 28 il 9 ay + 8 il 6 ay 27 gün + qeyri-ədliyyə orqanlarında 6 il 6 ay) işlədiyi xidmət illəri rəhbər tutulub, ona Bakı şəhəri Bınəqədi Rayon Məhkəməsinin sədri və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində 13 il 5 ay 9 gün işləməyi və pensiya yaşına çatdığına görə hakimlik fəaliyyətinə xitam verilməsi nəzərə alınaraq, 11 fevral 2012-ci il tarixdən 11 fevral 2014-cü il tarixədək aldığı orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 109. Hakimlərin sosial müdafiəsi Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1.15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. İddiaçının prokurorluq orqanlarında xidmət illərinin hakimlik stajına daxil edilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Qərarda həmçinin qeyd edilmişdir ki, “...hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsiplərindən biridir, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatıdır. Hakimlərin sosial müdafiə təminatı isə hakimlərin müstəqilliyinin ayrılmaz mühüm bir elementi kimi çıxış edir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. Konstitusiya Məhkəməsi əvvəllər qəbul etdiyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106 və 109-cu maddələrinin müvafiq müddəalarının şərh edilməsinə dair 23 yanvar 2001-ci və 27 iyun 2001-ci il tarixli qərarlarında da hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşəkarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Qanunvericilikdə digər şəxslərlə müqayisədə hakimə daha yüksək pensiya təminatı müəyyənləşdirməklə dövlət və cəmiyyət nəticə etibarilə hakimin əməyini xüsusi dəyərləndirməklə, məhkəmə hakimiyyətinin rolunu, müstəsna əhəmiyyətini və nüfuzunu etiraf edir. Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddisosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır”. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Göründüyü kimi, hakimlərin maddi təminatı onların müstəqilliyinin əsas elementlərindən biridir və pensiya təminatı da bura daxildir. Çünki hakim faaliyyət göstərdiyi dövrdə təminatının yüksək olması onun müstəqilliyinin göstəricisi olmaqla, eyni zamanda gələcəkdə yüksək pensiya təminatına da əmin olmaqla maddi rifahı barədə gələcəklə bağlı tərəddütü olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir. xx.xx.2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddədə “əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İşin hallarına görə, iddiaçının 13 il 5 ay 9 gün hakim kimi iş stajı vardır. Belə olan halda 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, onun artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, sabiq hakim kimi pensiya hüququ yaranmışdır. Məhkəmə həmin vaxt qüvvədə olan qanunun normalarını və Konsitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərardakı hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, hakimin pensiya hüququ ilə bağlı sonradan qəbul edilən və hakimə pensiya hüququ verən şərtləri ağırlaşdıran normaların iddiaçıya tətbiq edilməsi yolverilməzdir. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən onun 15 ildən az hakim stajına malik olmasını göstərmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, Qanunun 15 il hakim stajı tələb edən norması 10 mart 2017-ci il tarixli, 543-VQD №li qanunla qəbul edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Digər tərəfdən iddiaçı hazırkı tələbləri irəli sürərkən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 32.5-ci maddəsinə istinad edərək onun prokurorluq orqanlarındakı xidmət illərinin hakimlik fəaliyyətin dövrünə əlavə edilməli olmasına istinad etmişdir. Cavabdeh hesab etmişdir ki, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır. Məhkəmə bu hissədə də iddia tələbini əsaslı hesab edir. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Odur ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Məhkəmə cavabdehin bu barədə etirazının dəlillərini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan normada məhz prokurorluq işçilərinin prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasının Prokurorluğunun yeri (maddə 133), Konstitusiyanın “Məhkəmə Hakimiyyəti” adlanan Vİİ fəslində təsbit edilmişdir. Məhz bu səbəbdən də, prokurorluq işçisi hakim təyin edilərkən onun prokurorluq orqanlarındakı xidmət illəri hakimlik fəlaliyyəti zamanı nəzərə alınır və xidmət illərinə daxil edilir. İddiaçının prokurorluq orqanlarında xidmət illəri hakimlik stajına daxil edilməklə hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı (11 fevral 2012-ci il tarixdən 11 fevral 2014-cü il tarixədək) aldığı orta əmək aylıq əməkhaqqının 80 faizi miqdarında əlavə hesablanmalıdır. İddia ərizəsində göstərilən digər dövlərin hakimlik stajına hesablanması qanunvericilikdə nəzərdə tutulmadığından həmin hissədə iddia əsassızdır və təmin edilməməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia qismən təmin edilməli, İddiaçı prokurorluq orqanlarında xidmət illəri hakimlik stajına daxil edilməklə 11 fevral 2012-ci il tarixdən 11 fevral 2014-cü il tarixədək aldığı orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı prokurorluq orqanlarında xidmət illəri hakimlik stajına daxil edilməklə 11 fevral 2012-ci il tarixdən 11 fevral 2014-cü il tarixədək aldığı orta əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar