Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15090/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin geri ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı cavabdeh tərəfindən qanunsuz olaraq pensiyasından tutulmaların aparılmasının dayandırılması, əvəzləşdirmə yolu ilə pensiyasından tutulan cəmi 1297.88 manat (1126.60+171.76 manat) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən 20 avqust 2007-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi iddiaçıya pensiya təyin edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra Mərkəzi Filalı) tərəfindən 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayında aparılan yenidən hesablama zamanı 01 yanvar 2023-cü il tarixindən ona aylıq pensiya ödənişi 4221.47 manat məbləğində müəyyən edilmişdir. Lakin 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar aylarında təyin edilən pensiya tam məbləğdə ödənilməmişdir. Nəticədə həmin aylar üzrə ümumilikdə 1126.60 manat əskik pul vəsaiti ödənilmişdir. Ona görə də əskik ödəmənin səbəbinin bildirilməsi üçün, o, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzində həm dəfələrlə qəbulda olmuş, həm də yazılı ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş cavabda tələb etdiyi məsələlər əhatə olunmadığından təkrarən ora müraciət etmək məcburiyyətində qalmış və bundan sonra xx.xx.2023-cü il tarixdə cavab verilmiş və yenə də cavab əsassız olmaqla yanaşı eyni zamanda əsassız tutulmuş pulun ödənilməsi təmin edilməmişdir. “Mərkəzi Filial” tərəfindən 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar aylarında pensiyaya olan 1126.60 manat artım, ona heç bir məlumat verilmədən əsassız olaraq büdcəyə bərpa edilmişdir. Beləliklə də “Mərkəzi Filial” tərəfindən 2022-ci il dekabr, 2023-cü ilin yanvar-mart aylarında ödənilən pensiyalardan cəmi 1297.88 manat (1126.60+171.28 manat) pul tutulmuşdur. Bundan əlavə iddiaçıya 171.28 manat aylıq maddi yardım ödənilməsi qənaətinə gəlinərək həmin məbləğ də əsassız olaraq onun razılığı olmadan tutulmuşdur.
4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş artıq ödənilmiş pensiya məbləği haqqında xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “pensiya işinizə dair sənədlərdə sizə Fondun Yasamal rayon şöbəsi tərəfindən 20 avqust 2007-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya işiniz araşdırılaraq aylıq ödənişiniz yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 1155.00 manat, qulluq illərinizə gorə əlavəniz 519,75 manat, rutbəyə gorə əlavəniz 134,00 manat, digər növ əlavələriniz 1447,38 manat olmaqla orta aylıq əmək haqqınız 3256,13 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız "Əmək pensiyaları haqqında Qanunun 20.8.2-cı maddəsinə əsasən 30 il 10 ay 5 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (3256,13 manat) 80 faizi-2604,90 manat məbləğində hesablanmalı olduğu halda, 2809,38 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabınıza köçürülüb. Buna görə də sizə həmin dövr üzrə ümumilikdə 7361,28 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 1520,00 manat, qulluq illərinizə görə əlavəniz 684,00 manat, rütbəyə görə əlavəniz 134,00 manat, digər növ əlavələriniz 1844,32 manat olmaqla orta aylıq əmək haqqınız 4182,32 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 30 il 10 ay 5 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (4182,32 manat) 80 faizi-3345,86 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında müvafiq kart hesabınıza 2809,38 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə sizə ödənilməli olan 536,48 manat pul vəsaiti hesablanıb. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyanız 4221,47 manat məbləğində hesablanmalı olduğu halda, 2023-cü ilin yanvar ayında müvafiq kart hesabınıza 3631,35 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə sizə ödənilməli olan 590,12 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, sizə xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6234,68 (7361,28- 536,48-590,12) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, sizə maddi yardım üzrə 2022-ci il üçün 171,28 manat artıq maddi yardım ödənilib. Həmin pul vəsaiti cari ilin fevral ayında əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib.”
5. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işini araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1155,00 manat, qulluq illərinə görə əlavə 519,75 manat, rütbəyə görə əlavə 134,00 manat, digər növ əlavələr 1447,38 manat olmaqla orta aylıq əmək haqqı 3256,13 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 30 il 10 ay 5 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (3256,13 manat) 80 faizi-2604,90 manat məbləğində hesablanmalı olduğu halda, 2809,38 manat müəyyən edilməklə xx.xx.2019xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də iddiaçıya həmin dövr üzrə ümumilikdə 7361,28 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən iddiaçıya vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1520,00 manat, qulluq illərinə görə əlavə 684,00 manat, rütbəyə görə əlavə 134,00 manat, digər növ əlavələr 1844,32 manat olmaqla orta aylıq əmək haqqı 4182,32 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 30 il 10 ay 5 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (4182,32 manat) 80 faizi-3345,86 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında müvafiq kart hesabına 2809,38 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə iddiaçıya ödənilməli olan 536,48 manat pul vəsaiti hesablanıb. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 4221,47 manat məbləğində hesablanmalı olduğu halda, 2023-cü ilin yanvar ayında müvafiq kart hesabına 3631,35 manat ödənilib. Bu səbəbdən də həmin ay üzrə iddiaçıya ödənilməli olan 590,12 manat pul vəsaiti hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2019 - xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6234,68 (7361,28-536.48-590,12) manat artıq pul vəsaiti ödənilib. İddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 171,28 manat artıq maddi yardım ödənilib. Həmin pul vəsaiti cari ilin fevral ayında iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər.
7. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
12. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Hazırkı iş üzrə iddiaçının tələbi əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş vəsaitin geri ödənilməsidir.
15. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra isə pensiyasından tutulmalar aparılmışdır.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: - 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
18. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
19. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də əmək pensiyasından tutulmalar dayandırılmalı və tutulmuş pul vəsaitinin geri ödənilməsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Məhkəmə nəzərə alır ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, xx.xx.2007-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir, əmək pensiyasından tutulmalar nəticəsində iddiaçı bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən pensiyasının itirilməsi ilə üzləşmişdir və məhkəmə iddiaçının həmin dəyişikliyə uyğunlaşmağının perspektivlərinin zəif olduğunu hesab edir. Pensiya təyin olunarkən iddiaçının təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, pensiyanın dayandırılması ilə bağlı inzibati orqan hər hansı qərar qəbul edilmədən faktiki olaraq pensiya ödənişinindən tutulmalar aparmışdır. İş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasına iddiaçının razılığı ifadə olunmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil.
23. İş materiallarına, həmçinin məhkəmənin sorğusuna pensiyadan tutulmalar aparılmasından öncə cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qəbul edilmiş qərar, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən etməyə imkan verən sənədlər əlavə edilməmişdir. Həmçinin, aparılan inzibati icraatın nəticəsində inzibati aktın qəbul edilməsi - konkret olaraq pensiyadan tutulmaların aparılması barədə qərarın qəbul edilməsi müəyyən olunmur. Bu isə cavabdehin iddiaçı barəsində apardığı inzibati icraatın və onun nəticəsinin qanuniliyinə qiymət verilməsini mümkünsüz edir.
24. Məhkəmə bu qərarda ifadə edilmiş yanaşmanı nəzərə alaraq hesab edir ki, işin konkret hallarına əsasən pensiyadan tutmaların aparılması nəticəsində cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmiş və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.
25. Məhkəmə qeyd edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan tərəfindən birtərəfli qaydada pensiyadan tutulmalar aparılmışdır.
26. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının fərdi vəziyyətinə uyğun olaraq əmək pensiyasından tutmaların aparılması iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutulmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva