Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15097/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “qərarın ləğv edilməsi, xarici dövlətin ali təhsilə dair kvalifikasiyasının Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 2015-ci ildə G.V.Plexanov adına Rusiya İqtisad Universitetinə qəbul olub və 2020-ci ildə həmin universitetin “38.03.06 Ticarət işi” ixtisası üzrə qiyabi təhsil formasında “Bakalavr” proqramını mənimsəmiş, xx.xx.2020-ci il tarixli 133-OP qeydiyyat nömrəli 107718 ******* seriyalı Bakalavr Diplomu verilmişdir. İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) müraciət edib və cavabdeh onun müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli qərarla imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “...təhsilin bakalavriat səviyyəsi üzrə hər hansı bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmayıb”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin “Kvalifikasiyanın tanınmasından imtina etməsi barədə” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, G.V.Plexanov adına Rusiya İqtisad Universitetini tərəfindən həmin Universiteti “38.03.06 Ticarət işi” ixtisası üzrə bitirməyi barədə ona verilmiş xx.xx.2020-ci il tarixli, 133-OP qeydiyyat nömrəli, 107718 ******* seriyalı Bakalavr diplomuna əsasən Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın tələblərini pozmaqla əsassız olaraq imtina etmişdir. Çünki həmin Konvensiyada cavabdehin ərizənin təmin olunmasından imtinası ilə əlaqədar əsaslandığı tələblər mövcud deyildir. O, həmin Universitetə daxil olduqdan sonra ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinə uyğun təhsil aldığı ölkənin ərazisində olub. Belə ki, təhsil qiyabi formada olduğuna görə Universitet tərəfindən çağırıldığı bütün hallarda oraya gedib, çağırılmadığı hallarda isə özbaşına getməyib, 2020-ci ildə başlanan pandemiya vaxtı da iradəsindən asılı olmayaraq bu qeyri-mümkün olmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti üzrə inzibati icraat aparılaraq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2015/2016-cı tədris ili üzrə - 5 gün, 2016/2017-ci tədris ili üzrə - getməyib, 2017/2018-ci tədris ili üzrə -11 gün, 2018/2019-cu tədris ili üzrə -14 gün, 2019/2020-ci tədris ili üzrə - 5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) olmuşdur. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, xx.xx.2023-cü il tarixli imtina barədə aktı aldığı gündən 30 gün müddətində, yəni xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Baxılan işdə iddiaçı G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin “38.03.06 Ticarət işi” ixtisası, “Bakalavr” proqramı üzrə, qiyabi formada təhsil aldığı və həmin Universitet tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli Bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən az yarısı qədər həmin ölkədən olmadığına əsaslanmışdır. Məhkəmə cavabdehin dəlilini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir: Belə ki, Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları ilə müəyyən edilir. Hər iki Qaydalar eyni məzmunlu olmaqla Qaydaların 4.1-ci bəndində tanınmaya dair ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən Qaydaların 4.1.4-cü bəndinə istinad edir. Cavabdeh iddia tələbinə verilmiş etirazda qeyd etmişdir ki, aparılmış inzibati icraat zamanı müəyyən edilmişdir ki, iddiaçı 2015/2016-cı tədris ili üzrə - 5 gün, 2016/2017-ci tədris ili üzrə - getməyib, 2017/2018-ci tədris ili üzrə -11 gün, 2018/2019-cu tədris ili üzrə - 14 gün, 2019/2020-ci tədris ili üzrə - 5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən iddiaçının dövlət sərhəd hərəkətləri barədə “İAMAS” bazasından əldə edilmiş məlumatlar məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş sərhədkeçmə məlumatlarında müəyyən edilir ki, iddiaçı: xx.xx.2015-xx.xx.2015-ci ildə (16 gün), xx.xx.2016-xx.xx.2016-cı ildə (6 gün), xx.xx.2017-xx.xx.2017-ci ildə (6 gün), xx.xx.2018-xx.xx.2018–ci ildə (6 gün), xx.xx.2019xx.xx.2019-cu ildə (14 gün), xx.xx.2019-xx.xx.2019-cu ildə (5 gün) Rusiya Federasiyasında olmuşdur. Göründüyü kimi, cavabdehin istinad etdiyi müddətlərlə, məhkəməyə təqdim edilmiş məlumatlar arasında ziddiyət vardır. Bundan başqa, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən Qaydaların 4.1.4-cü bəndinə istinad edir. Həmin bəndə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması). Milli Kvalifikasiyalar Çərçivəsində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti nəzərdə tutulmadığından cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci və 8.7.2-ci yarımbəndlərinə istinad edir. Qeyd edilən qərarın: Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. 8.7.2. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Məhkəmə cavabdehin istinad etdiyi 8.7.1-ci bəndlə bağlı qeyd edir ki, həmin norma həftəlik maksimal tədris yükünü nəzərdə tutur və həftəlik auditoriya dərslərinin bakalavriat səviyyəsində 30 saatdan çox olmaması halını tənzimləyir. Yəni göstərilən norma həftəlik dərs saatının 30 saat olması barədə məcburi tələb müəyyən etmir, həftəlik tədrisin maksimal yükünü müəyyən edir. 8.7.2-ci bəndlə bağlı məhkəmə qeyd edir ki, iddiaçının göstərilən müddətlərdə xarici ölkədə olmaması işin mübahisə edilməyən halıdır. İddiaçı məhkəmədə verdiyi izahatında bildirmişdir ki, tədris dövrü ərzində Universitet tərəfindən tələb edilən müddət ərzində həmin ölkəyə getmiş, ölkədə olduğu müddətlər onun tədris yükünü mənimsəməsi üçün kifayət etmişdir. Nazirlər Kabinetinin istinad edilən 75 № li qərarının 8.9-cü bəndinə əsasən, əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir. Göründüyü kimi, qaydaların tələblərinə əsasən, təhsilin normativ müddətlərinə istisna hal kimi, əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilməsi imkanı nəzərdə tutulmuş, iddiaçı da həmin imkanlardan istifadə edərək qiyabi təhsil üzrə ali təhsil proramını mənimsəmiş və bu barədə ona həmin təhsil müəssisəsi tərəfindən təhsili başa vurmasına dair diplom verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının diplomunun tanınmasından imtina üçün istinad etdiyi dəlili əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Kvalifikasiyanın tanınmasından imtina etməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin “38.03.06 Ticarət işi” ixtisası üzrə bitirməyi barədə İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli 133-OP qeydiyyat nömrəli, 107718 ******* seriyalı, Bakalavr diplomuna əsasən Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-15097/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15097/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver